4 MİLYARDLIQ OĞURLUQ İDDİASI-Fazil Məmmədov və onun komandası-TƏFƏRRÜAT
Böyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır
Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması
gündəmin əsas müzakirə mövzusuna çevrilib. Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin
kollektivinə təqdimatı ortada ciddi mətləblərin olmasından xəbər verir.
Gələn məlumatlara görə, yaxın zamanlarda iri vergi məmurlarının, xüsusən də
Fazil Məmmədovla yaxın qohumluq əlaqələrində olanların həbsi gerçəkləşə bilər.
Çünki Prezident Administrasiyası rəhbərinin dilindən Fazil Məmmədovun fəaliyyətinin
tənqid olunması sıradan bir hadisə deyil. Ramiz Mehdiyevin şəxsən Vergilər
Nazirliyinə gedərək orada sabiq nazirlə bağlı tənqidi çıxış etməsi proseslərin
çox ciddi bir axarla davam edəcəyini söyləməyə əsas verir. Məlumatlara görə,
artıq proses başlayıb. Fazil Məmmədovun fəaliyyətini ucqarlardan - onun qeyri-rəsmi
qubernatorluğuna daxil olan Şəmkir və Gədəbəydə araşdırmağa başlayıblar.
Müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda
5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat
silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az
olub. Bundan başqa məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə
açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci
ildə özününküləşdirlib. Sovet dövründə inşa olunan, 2010-cu ildə əsaslı təmir
olunmuş stadion bir gecənin içində rayon sakinlərinin üzünə qapadılıb. Sonrakı
müddətdə isə Fazil Məmmədovun kadrı olan rayonun icra başçısı Ramiz Yediyarovun
rəhbərliyi ilə stadionun meydançası darmadağın edilib. Stadiona 2010-cu ildə
dövlət büdcəsindən ayrılan milyonlar da hədər gedib.
İddia olunur ki, Şəmkirdə və Gədəbəydə müəyyən olunanlar Fazil Məmmədovun işdən
qovulma səbəbinin yanında çox kiçik faktlardır. Əsas səbəb Fazil Məmmədovun 18
illik nazirliyi dövründə vergi şəkilində yığılan və büdcədən yayındırılan böyük
məbləğlərdir. İddia olunur ki, böyük pul kütlələrinin büdcədən yayındırılaraq
ofşorlara yönləndirilməsində sabiq nazirin yaxın qohumu olan Binəqədi Rayon
İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da adı keçir. Söhbətin 4
milyarda yaxın manatdan getdiyi vurğulanır.
Bun fakt məlum olandan dərhal sonra Fazil Məmmədovun işdən qovulması qərarı
verilib. Sabiq nazirin həmin məbləğin yarısını qaytardığı haqda da bilgilər
var. Deyilir ki, məhz buna görə Fazil Məmmədov və yaxın ətrafına daxil olan şəxslərə
qarşı əməliyyatın başlanmasına göstəriş verilməyib.
Yaxın müddət ərzində vergi şəklində yığılaraq müxtəlif gizli hesablara yönləndirilən
pullar geri qaytarılmasa, Fazil Məmmədovun qudası, vergilər nazirinin müavini
postunu tutan Namiq Əliyev də sorğu-suala tutula bilər. Yeri gəlmişkən, qeyd edək
ki, Fazil Məmmədovun qudası artıq işə çıxmır. Məlumatlara görə, Fazil Məmmədovun
müşaviri olan Firuz Həsənov da artıq istefa ərizəsini yazıb. Vergilər nazirinin
digər müşaviri, nazirə xüsusi yaxınlığı ilə seçilən Riyad Hüseynov işdən
ayrılmaqla bağlı könüllü olaraq oxşar addım atıb. Yaxın günlərdə onların işdən
ayrılması rəsmi təsdiqini tapacaq.
Fazil Məmmədov işdən çıxarılandan sonra hər gün "Yeni Həyat” yaşayış
kompleksində yerləşən ofisində olur. Orada başına toplaşanlar isə yazıda adı
keçən qohum-tanışları olan vəzifə sahibləridir. Sabiq nazirin və ətrafının,
xüsusən Xaləddin İsgəndərovun psixoloji durumunun da son dərəcə gərgin olduğu
deyilir.
Yada salaq ki, Fazil Məmmədovun 5 gün əvvəl prezident İlham Əliyev tərəfindən vəzifəsindən
azad olunması ətrafında müzakirələr davam edir və çox güman ki, ən azı bu ayın
sonunadək də davam edəcək. Əksəriyyət Fazil Məmmədovun səhhəti ilə əlaqədar işdən
çıxarılmasına inanmır, onun istefaya göndərilməsində başqa səbəblərin olduğunu
dilə gətirirlər. Fazil Məmmədov özü də açıqlamasında konkret fikir söyləməkdən
yayınıb deyə müzakirələr bir qədər də qızışıb. Uzun illərdir vergilər naziri postunu
tutan, bu müddət ərzində Azərbaycanın ən qüdrətli oliqarxlarından birinə çevrilən,
var-dövləti milyardlarla ölçülən, səs-sədası hətta ofşorlardan belə gələn Fazil
Məmmədovun "vurulması”nın sıradan bir hal olmadığı yəqinləşməkdədir. Hazırda
Fazil Məmmədov "vurulmuş” nazir statusundadır, amma mümkündür ki, yaxınlarda
onun statusu bir daha dəyişsin...
/musavat.com/