Bakı Qızlar Universitetində yeni "cəza” növü:tələbə
təhsildən 6 aylığa uzaqlaşdırılıb
Fəridə İsmayılova: "Rektor mənə deyir ki, məsələni ictimailəşdirməklə özünü çətinə salmısan”
Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin 3-cü kurs tələbəsi Fəridə
İsmayılovanın təhsil aldığı müəssisədə təzyiqlə üzləşməsi haqda məlumat
vermişdik. Xatırladaq ki, F.İsmayılova bir neçə gün əvvəl mətbuata müraciət edərək
bildirib ki, qaib limiti bitmədiyi halda universitetə getmədiyi üçün rektor
Sevinc Rəhimova tərəfindən dərsdən çıxarılması tələb edilib: "5 qaibim var
və limiti aşmamışam. Birinci dərsin yarısında dekanlığa çağırıldım. Dekan mən və
digər qrup yoldaşımdan dərsdən çıxmağımızı tələb etdi. Biz isə dərsdə iştirak
etmək istədiyimizi deyib sinfə geri döndük. Bir neçə dəqiqə sonra rektor sinif
otağına daxil olaraq bizi məcburi formada çölə çıxarmaq istədi. Müəllimə də
tapşırdı ki, qaib yazsın. Hətta qrup yoldaşımın halı pisləşdi. Əvvəlcə yalandan
etdiyini deyib bizə icazə vermədi ki, qıza kömək edək. Daha sonra qrup
yoldaşımın halı pisləşdiyi üçün təcili yardım gəldi.
Sevinc xanımın atası Ağarəhim Rəhimov (sabiq rektor) gəldi və bizə qarşı
hamının içində alçaldıcı ifadələr işlətdi. Limiti aşmadığım təqdirdə dərsə necə
gəlib-getdiyimin heç kimə aidiyyəti yoxdur. Özü də Baloniya sistemində təhsil
alırıqsa, ümumiyyətlə, bir söz deyə bilməzlər. Mən də artıq emosiyalarıma sahib
çıxa bilmədim. Odur ki, universitetdə avtoritar sistem olduğunu dedim. İndi bizə
şər atırlar, universitetdə başqa bir cənublu qızla dövlət əleyhinə hansısa bir
təşkilata üzv olduğumuzu və separatçılıq etdiyimizi iddia edirlər. DTX ilə
qorxudurlar. Saxta şahidlər tutaraq etmədiyim bir şeyi boynuma qoymaq istəyirlər.
Atamı universitetə çağırıb yanımda təhqir ediblər. "Qızın 6 ay
universitetdən uzaq qalsın, ağlı başına gəlsin” deyiblər”.
Qeyd edək ki, məsələ ictimailəşdikdən sonra müxtəlif reaksiyalar oldu. İnsanlar
gənclərə qarşı ali təhsil müəssisəsində baş verən haqsızlıqdan hiddət ifadə
etdilər. AFN olaraq biz də məsələni dərindən araşdırmaq, F.İsmayılovanın özünü,
atasını, tələbə yoldaşlarını bir daha dinləmək qərarına gəldik. Gənc tələbənin
atası İldırım İsmayılovun sözlərinə görə, ona universitetdə bildiriblər ki,
guya qızı hansısa təşkilatın üzvüdür, ona görə 6 aylığa uzaqlaşdırılır: "Mən
Ağarəhim Rəhimovun yanına gedəndə ayağını stulun üstünə qaldırıb oturmuşdu, iki
dəfə qapını döydüm ki, müəllim, olar gəlim? Axırda qayıtdı ki, gəl da, daha gəlmisən.
Qapıdan uşaq da girəndə adam ixtiyarsız olaraq tərpənir, özünü qaydasına salır,
o isə heç vecinə də almadı ki, valideyn girib otağa, özü də yaşlı adamdır. Neçə
dəfə getdim yanına, eyni sözü dedi mənə. Hadisə təzə olanda mən qızımı tənbeh
etdim ki, get üzr istə, ağsaqqal adamdır, qızı təhqir etmişdi, üstəlik, mənim də
barəmdə təhqiramiz ifadə işlədim qızımın yanında”.
F.İsmayılova bildirdi ki, artıq bir neçə dəfə təhsil aldığı universitetə getsə
də, onu dərsə buraxmayıblar: "Dedilər ki, guya məni başqa qrupa keçiriblər,
amma universitetdə başqa qrup deyə bir şey yoxdur. Heç məni universitetə də
buraxmırlar, deyirlər, get 6 aydan sonra gələrsən. Bu, hansı qanunda yazılıb,
hansı əsaslarla bunlar məni "cəzalandırırlar”, bilmirəm. Ağarəhim müəllim atama
deyib ki, qızın ruhi xəstədir. Halbuki mən psixologiya oxuyuram, gələcəkdə kiməsə
diaqnoz qoyacam. Gələcəyin mütəxəssisinə belə şər atmaq cinayətdir”.
Qeyd edək ki, F.İsmayılova ilə eyni qrupda oxuyan ondan çox tələbə saytımıza tələbə
yoldaşları ilə bağlı danışıblar. Təzyiqlərdən ehtiyac edən tələbələr adlarının
çəkilməməsi şərtilə F.İsmayılovanın universitetdəki davranışı, oxuması haqda
fikir bildirdilər. Ümumi rəy olduqca müsbətdir. Tələbələr birmənalı olaraq
yoldaşlarının haqsızlıqla üzləşdiyini deyirlər. Eyni zamanda onun heç bir təşkilata,
quruma üzv olmadığını, F.İsmayılova haqda hər hansı bir şübhəyə düşmədiklərini
bildirirlər. Söhbət zamanı o da məlum oldu ki, bütün müəllim və tələbə heyəti
ilə F.İsmayılovanın münasibəti yüksək səviyyədə olub, hər zaman dərslərini yaxşı
oxuyub: "Biz anlamırıq ki, təşkilat söhbəti nə məsələdir ki, ortaya atırlar. Fəridəyə
qarşı bu haqsızlığa etiraz edirik”.
Tələbələrlə söhbətdən o da məlum oldu ki, S.Rəhimova bu ildən dekan olub: "Bu
ilədək Nərminə xanım idi, o çıxarılandan sonra Sevinc xanım rektor ola-ola
dekan qoyuldu, indi o, həm dekandır, həm də rektor”.
Hadisə baş verən gün auditoriyada olan tələbələrin hadisə haqda
danışdırlaqından aydın olur ki, dekan 1-ci saatda keçirilən gender
psixologiyası dərsinə girərək Bahar müəllimdən dərsdə ola-ola iki tələbəyə -
F.İsmayılova və Sevinc adlı digər tələbəyə qaib yazılmasını, özlərinin isə dərsdən
çıxarılmasını tələb edib. Lakin müəllim buna etiraz edib, tələbə dərsdə ola-ola
qaib yaza bilməyəcəyini deyib. Hadisələrin gedişində Sevincin halı pisləşib, Fəridənin
yardım etməsinə isə dekan icazə verməyib. Sonra o gedib və atası A.Rəhimovla
birlikdə qayıdıb. A.Rəhimov öncə Bahar müəllimi qovub, sonra isə F.İsmayılovanı
təhqir edərək sinifdən qovmağa çalışıb. Tələbələrin sözlərinə görə, digər tələbənin
halı pisləşsə də, rektor və atası onun artistlik etdiyini deyib gediblər: "Biz
təcili yardım çağırdıq və ona tibbi yardım göstərildi”.
F.İsmayılova deyir ki, bütün aidiyyatı rəsmi qurumlara üzünü tutaraq ona atılan
böhtanın araşdırılmasını istəyir: "Onlar deyirlər ki, ola bilsin mən hansısa təşkilatın
üzvüyəm, ölkə rəhbərliyinə, DTX-ya, hüquq-mühafizə orqanlarına üzümü tuturam,
bu iddianı araşdırsınlar, mənə vurulan ləkəni təmizləsinlər”.
Qeyd edək ki, F.İsmayılova bu gün də universitetə gedərək S.Rəhimova ilə söhbət
edib. Rektor ona bildirib ki, məsələni ictimailəşdirməklə işini çətinə
salıb(?). Eyni zamanda tələbə hansısa təşkilata üzv olması barədə ona böhtan
atılması məsələsini önə çəkərkən S.Rəhimova "nə isə deməliydik da” deyərək özünə
haqq qazandırmağa çalışıb. Rektor tələbənin 6 ay müddətinə universitetdən
uzaqlaşdırılması qərarına da şərh verə bilməyib və "mənlik deyil” deməklə
canını qurtarıb.
Təhsil eksperti Almaz Həsrətməsələyə münasibət bildirərkən dedi ki, 6 ay
müddətinə təhsildən uzaqlaşdırılmaq kimi bir cəza növünə hələ rast gəlməyib: "Bəlkə
də təhsil qanunvericiliyinə nə isə yenilik ediblər, yaxud ali təhsil müəssisəsinin
daxili qaydalarında bu əksini tapıb. Amma bu zaman da tələbəyə yazılı formada təqdim
olunmalıdır ki, filan qanuna, filan qaydaya əsasən, filan hərəkətə görə 6 ay
müddətinə təhsildən kənarlaşdırılma ilə cəzalandırılır. Əks halda, baş verənlər
tam bir hüquq pozuntusu, haqsızlıqdır”.
Qeyd edilənlərlə bağlı Sevinc Rəhimovanın mövqeyini almaq istəsək də, xanım
rektoru yerində tapa bilmədik. Rəhbəri olduğu dekanlığın 012-596-20-39 saylı
telefona zəng etdiyimiz zamanı cavab verən xanım S.Rəhimovanın yerində
olmadığını deyib bizdən əlaqə nömrəsi götürsə də, sonradan nə əlaqə saxlandı, nə
də həmin nömrəyə edilən zənglər cavablandırıldı. Hər bir halda qarşı tərəfin
mövqeyini verməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.//AFN.az