İcra başçısı özünə zirehli maşın alıb - 500 min dollara!

 

Elmar Vəliyevin LEXUS-nun xüsusi sifarişlə yığıldığı iddia olunur; hökumət qənaət rejiminə keçdiyi vaxt icra başçısı nədən israfçılıq edir? 

 

Neftin qiymətinin kəskin düşməsi ilə manatın iki dəfə devalvasiyası Azərbaycanda faktiki iqtisadi böhran yaradıb. Ağır iqtisadi şərtlər xüsusilə əyalətlərdə etiraz aksiyaları ilə müşahidə olundu ki, bu səbəbdən də hökumət bir sıra addımlar atdı - unun qiyməti endirildi, məvacib, təqaüd və sosial müavinətlərdə 10 faizlik artıma qərar verildi. 

Neftin qiymətinin dövlət büdcəsində 80 dollardan 25 dollara endirilməsi, bəzi idarə və komitələrin ləğvinə başlanılması iqtidarın qənaət rejiminə keçdiyini göstərir. Prezident son müşavirələrdə dövlət büdcəsindən ayrılmış vəsaitin israfçılıqla xərclənməsinə toxunaraq, xüsusilə rayonlarda bu işə ciddi nəzarət ediləcəyini deyib. Prezident tapşırıb ki, icra başçıları indi hər 3 aydan bir görülən işlər və xərclərlə bağlı hökumətə hesabat verməlidir. Həmçinin dotasiyaya göz dikmiş rayon icra başçılarının da vəziyyəti nəzərə almalarını, əvvəlki tək arxayın olmamalarını deyib. 

Statistika da göstərdi ki, sosial tələblərlə aksiya keçirilən rayonlara illərlə milyonlarla pul ayrılsa da, nə iş yerləri açılıb, nə də xalqın güzəranının yaxşılaşması üçün lazımi addımlar atılıb. Xalq kasıbladıqca isə icra başçıları daha da varlanıb, özlərinə dəyəri milyonlarla ölçülən mal-mülk alıblar. Aksiyalardan yayılmış videomateriallarda da icra başçılarının harınlaması haqda deyilənlər buna sübutdur.


Belə bir durumda isə Gəncə əhalisini hiddətləndirən bir fakt ortaya çıxıb. Məlum olub ki, Gəncənin icra başçısı Elmar Vəliyev özünə zirehli maşın alıb. Xəbəri verən mənbə deyib ki, icra başçısının Yaponiyada xüsusi sifarişlə yığdırdığı deyilən JEEP-LEXUS 500 min dollar dəyərindədir. 20 AA 001 dövlət seriyalı avtomobili icra başçısının hansı vəsaitlə aldığı məlum deyil. Əvvəl Yevlaxda, sonra isə Gəncədə icra başçısı işləyən Elmar Vəliyev üçün 500 min dollar elə də böyük xərc deyil və bunu şəxsi büdcəsindən də ödəyə bilər. Yeri gəlmişkən, ilk devalvasiyadan - 21 fevraldan bir neçə gün öncə icra başçısının banklardan birindən 2 milyon dollar aldığı barədə xəbərlər yayılmışdı.  


Əlbəttə, hər kəs, o cümlədən icra başçıları da öz vəsaitləri ilə istədikləri avtomobili ala bilərlər. Amma indiki həssas məqamda icra başçısının zirehli maşına minməsi diqqət çəkir. Əvvəla, prezident tapşırıb ki, icra başçıları özlərini xalqdan üstün tutmasınlar, onların arasında olsunlar, dərd-sərlərinin dinləsinlər. İkincisi, hətta şəxsi vəsaitlə belə prezidentin rayondakı nümayəndəsinin krizis dövründə çox dəbdəbəli avtomobilə minməsi istər-istəməz diqqət çəkir, əhalidə qıcıq doğurur. Neft böhranının vurduğu Rusiyada artıq bir müddətdir ki, yerli qubernatorlar nəinki dəbdəbəli istirahət edə, heç bahalı xidməti maşına belə minə bilmirlər. Azərbaycanda isə, görünür hələ ki, hər şey əksinədir: icra başçıları xalqın çətin durumunda belə xarici ölkələrdə istirahətlərindən qalmırlar, dəbdəbəli həyatlarını davam etdirirlər...
E.Vəliyev dəbdəbəli həyata meyilli məmurlardandır. Təxminən 1 il öncə mətbuatda onun oğlunun Bakıda və Gəncədə kartejlə gəzdiyinə dair məlumatlar yayılmışdı. Xəbərdə bildirilirdi ki, Elmir Vəliyev güclədirilmiş mühafizə altında və kortejdə gəzir. Kortejdəki maşınların bir neçə yüz min dollar olduğu iddia olunurdu. Başçı oğlunun LEXUS, "Galendevagen”, BMW və s. bu kimi bahalı markalardan olanda maşınlarda gəzdiyi yazılırdı. 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300