Günayın ağlatdığı iştirakçı:
 
ATV-də yayımlanan "Bu stil mənim” verilişi yenidən tənqidlərə məruz qalıb. Belə ki, Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva iştirakçı Günel Məmmədovanı tənqid edib və onu digər iştirakçıları alçatmağa çalışmaqda günahlandırıb. Modelin tənqidlərini qəbul etməyən G.Məmmədova göz yaşlarını saxlaya bilməyib. 

Musavat.com proqramda yaşanan hadisə ilə bağlı Günel Məmmədova ilə əlaqə saxlayıb.  

İştirakçı layihədə ona qarşı haqsızlıq olduğunu bildirib: "Mən  heç kimə deməmişəm ki, münsiflər məni dəstəkləyir və sizdən üstünəm. Proqramda mənə qarşı haqsızlıq oldu. Mən demədiyim sözlərə görə tənqid olundum. Haqsız sözlər qarşısında dözə bilməyib, ağladım. Bu cür halla qarşılaşacağımı bilmirdim. Düzünü deyim ki, haqsız yerə günahlandırılacağımı gözləmirdim. Sosial şəbəkədə hamı bu hadisədən danışır, istər-istəməz pis oluram. Mənə dəstək olanlara təşəkkür edirəm”.

- Demədiyiniz sözə görə tənqid olunmağınızın səbəbi nədir?

- Hələ də yaşananların səbəbini bilmirəm. Layihə rəhbərləri düşündülər ki, bu addımları uğurlu olacaq. Amma alınmadı. Bu mübahisə reytinq gətirmədi. 

- Verilişdən sonra baş verən hadisəyə aydınlıq gətirməyə çalışmadınız? 

- Əlbəttə, layihə rəhbərlərinə yaxınlaşdım. Mənə dedilər ki, bu cür olmasını istəmirdilər. Bütün bunları reytinq qazanmaq məqsədi ilə ediblər. Millətin diqqətini çəkmək istəyiblər. Bir gündə üç veriliş çəkdik. Bu həftə çəkilən verilişə məni güclə saldılar. Tam hazırlaşmamışdım. Amma artıq o layihədə qalmaq istəmirəm, o insanların qarşısına çıxmayacağam.  

- Müsabiqədən öz istəyinizlə uzaqlaşmısınız? 

- Əlbəttə. Müsabiqəyə çıxmaq istəmirəm. Yarışmadan uzaqlaşdım. Gələn həftə yayımlanacaq veriliş çəkilib. Tamaşaçılar məni gələn həftə verilişdə görə biləcək. Ondan sonra proqramda olmayacağam.

- Layihədə iştirakınıza görə, sizinlə müqavilə bağlanmayıb? Müqavilə şərtlərinə görə, iştirakçı istəyinə görə proqramdan uzaqlaşa bilməz.

- Layihə rəhbərləri ilə müqavilə bağlamışıq. Amma o müqavilə əsassızdır. Yalan müqaviləni əlimizə veriblər. Müqavilə müsabiqədən uzaqlaşmağıma problem yaratmaz.

- Valideynləriniz verilişdə başınıza gələnlərə necə münasibət bildirdi?

- Valideynlərim məni verilişdə izləyirdilər, dəstək olurdular. Valideynlərimi də əsassız tənqidlər əsəbləşdirib. Onlar bununla bağlı tədbir görəcəklərini dedilər.  Valideynlərim mənim bir göz yaşım üçün dünyanı dağıdarlar. Mən də bir ata-ananın övladıyam. Məni niyə ağlatmalıdırlar? Mənim arxamda böyük ailəm dayanır. 

- Qızların verilişdə yersiz dava etmələri tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Hətta, məhəllə xarakterli söhbətlər etdiyiniz bildirilir. Bu ittihamlarla razısınızmı? 

- Bu ittihamlarla razı deyiləm. Bizə verilişdə məcburən deyilirdi ki, dalaşın, mübahisə edin. Onların dediklərini etməyəndə bizi yarışmadan çıxardacaqlarını deyirdilər. Biz də müsabiqə üçün çoxlu pul xərcləmişik. Pulumuzun batmasını istəmirdik. Verilişdə dalaşsaq da, kənarda mehribanıq. Efir xətrinə mübahisə edirdik.

- Yarışmaya çoxlu pul xərclədiyinizi dediniz. İştirakçı olmaq üçün pul ödəmisiniz?  
- İştirakçı olmaq üçün pul ödəməmişik. Yol pulumuzu, Türkiyədə qalmaq pulumuzu özümüz ödəyirik. Geyimlərimizə, hazırlığımıza da çox pul xərcləyirik.  Hər şeyi özümüz edirik. Bu günə kimi 15 min manat pul xərcləmişəm. Tez-tez çəkiliş gününün vaxtını dəyişirdilər. Biletlərimiz batırdı. Onun cəriməsini də ödəyirdik.

- Münsif Günay Musayeva illərdir ki, Türkiyədə fəaliyyət göstərdiyi üçün proqramda Türkiyə türkcəsi ilə  danışır. İştirakçılar da onunla Türkiyə türkcəsində söhbət edirlər. O iştirakçılardan biri də sizsiniz... 

- Bəli, Türkiyə türkcəsində danışırıq. Münsiflər rus dilində və Türkiyə türkcəsində kəlmələr işlədirlər. Biz də çaşırıq. Qarşımızdakı insan başqa dildə danışanda avtomatik biz də o dildə cavab veririk. Buna görə bizi qınamalarını istəmirik. Ötən verilişdə Günay xanım məni haqsız yerə ittiham edirdi. Mən də özümü itirdim və çaşıb, Türkiyə türkcəsində cavab verdim. 

Könül İbrahim,
Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300