"BİZİM ÜÇÜN QARABAĞ QƏDƏR, TÜRKMƏN DAĞI, O CÜMLƏDƏN BAYIRBUCAQ ELİ DƏ DƏYƏRLİ VƏ QUTSALDIR”
Bu günlərdə (16 noyabr 2017-ci il) Türkiyənin Hatay
rayonunun Yayladağı qəsəbəsində Suriyanın
Bayırbucaq bölgəsindən zorla çıxarılan Bayırbucaq Türkmənləri bir araya gələrək
Bayırbucaq Yüksək Kurulu elan edib və Husam Can Sahyuni Turanı özlərinə başqan
seçiblər. Bayırbucaq Türkmənlərinin əsas məqsədi vətənlərinə qayıtmaq və öz
müstəqil idarəçilikləri şəkilində yaşamaqdır.
Bu məsələ ilə bağlı mətbuata açıqlama verən Bütöv
Azərbaycan Ocaqları (BAO) Başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini,
dosent Faiq Ələkbərli bildirib ki, gec-tez Bayırbucaq Türkmənlərinin Türkmən
dağına və bütövlükdə Bayırbucak bölgəsinə qayıdacağına şübhə etmir. Onun sözlərinə
görə, Bayırbucaq Türkmənlərinin bir araya gələrək Bayırbucaq Yüksək Kurulu
yaratmaları da bu istəyin bariz örnəyidir: "Mən öz adımdan, eləcə də təmsil
olunduğum Bütöv Azərbaycan Ocaqları adından bildirirəm ki, biz daima Bayırbucaq
Türkmənləri soydaşlarımızın yanlarında olacağız. Bizim üçün Qarabağ qədər,
Türkmən dağı, o cümlədən Bayırbucaq eli də dəyərli və qutsaldır”.
Faiq Ələkbərli onu da bildirdi ki, Türklər
imperialist qüvvələrin əliylə işğal altında olan bir qarış da olsun, Türk
torpaqlarından vaz keçməyəcəklər: "20-25 il bundan öncə Azərbaycan türklərinin
Qarabağ torpaqlarını işğal edən antitürk qüvvələr, bu yaxınlarda eyni ssenarini
Bayırbucaqda da həyata keçirmişlər. Bizim kimi Bayırbucak, ümumiyyətlə bütün
Suriya Türkmənlərinin də öz torpaqları uğrunda savaş apararaq sonunda
qazanacağna şübhə etmirəm. Sadəcə, biz Türklər düşmənlərimizə qarşı
ayrı-ayrılıqda savaşdığımız üçün çox zəif düşmüşük. Bunun nəticəsidir ki, son
dövrlərdə İraqda, Suriyada, Azərbaycanda və digər Türk ellərində ən çox
yurd-yuvasından didərgin düşən Türklərdir. Hesab edirəm ki, buna son vermək
üçün birləşməyin, vahid Türk ordusu yaratmağçn zamanıdır. Bütün Türk torpaqları
hər bir Türk üçün eyni dərəcədə doğma və qutsal olmalıdır”.
Faiq Ələkbərli bildirdi ki, bu anlamda Bayırbucaq
Yüksək Kurulu başqanı Husam bəylə telefonla görüşərək onlara dəstəyini də ifadə
edib: "Mən Husam bəyə də bildirdim ki, bizim üçün bütün Türk torpaqları, Turan
elləri birdir. Sizin bayrağnız, bizim də bayrağımızdır! Biz Türklər bütün
torpaqlarımızın işğaldan azad olunması üçün birgə fəaliyyət göstərməli, daima
birlik içində olmalıyıq. Bu anlamda Azərbaycan türkləri Bayırbucaq Türkmənlərinin
daima yanında olacaq, onların öz yurd-yuvalarına qayıdıb azad şəkildə
yaşamaları üçün əlindən gələni əsirgəməyəcəkdir”.
Uluyol.az