Terror düşərgələrindən geri dönən İŞİD üzvləri dünyanı təhdid edir

 

İŞİD Suriya və İraqda ardıcıl şəkildə məğlub olaraq ələ keçirdiyi əraziləri itirir. 2014-cü ildə İraq və Suriyanın az qala yarısını ələ keçirən İŞİD-in nəzarətində olan bölgələrdə 12 milyon insan yaşayırdı. Ancaq hazırda Mosul, Raqqa kimi "paytaxtlarını” itirən qruplaşmanın nəzarətində 10 faizə qədər ərazi qalıb və günü-gündən kiçilməkdə davam edir.

Və indi ən aktual sual İŞİD-də döyüşən əcnəbilərin gələcək taleyidir. Çünki İŞİD-in kifayət qədər çox sayda üzvü olub. Bəzi mənbələrə görə, müxtəlif vaxtlarda İŞİD-in 80-120 min arası üzvünün olduğu haqda məlumatlar mediaya yayılıb. Bunların əsas hissəsi yerli əhali olub. Suriyada 50 min, İraqda isə 30-50 min arası İŞİD silahlısının olması haqda məlumatlara rast gəlinib. Suriya və kürd mənbələri isə Səddam Hüseyn ordusunun keçmiş əsgər və zabitlərinin hesabına İŞİD-in üzvlərinin daha çox olduğunu iddia edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2015-ci ildəki araşdırmasına əsasən İŞİD sıralarında 32 min nəfərə yaxın əcnəbi olub. Bunların 5-6 mini Tunis, 2 mini Səudiyyə Ərəbistanı, 2400-2700 nəfər arası Rusiya, 2 min İordaniya, 1800 Fransa, 1500 Mərakeş, 1400 Türkiyə, 900 Livan, 700 Almaniya, 600 İngiltərə, 600 Liviya, 600 Misir, 600-ə qədər Şimali İraq kürdləri, 514 İndoneziya, 500 Pakistan, 500 Özbəkistan, 440 Belçika, 400 Tacikistan, 360 Türkmənistan, 350 Serbiya, 330 Bosniya, 300 Çin vətəndaşıdır. Azərbaycan hökumətinin məlumatına görə, 900 nəfər Azərbaycan vətəndaşı İŞİD və digər qeyri-qanuni silahlı birləşmələrə qoşulub.

İndi isə müharibə başa çatır və İŞİD silahlılarının bir qismi geri qayıdır. BBC-nin məqaləsində deyilir ki, ABŞ-da yerləşən "The Soufan Centre” beyin mərkəzinin hazırladığı hesabatda son aylarda 5600 İŞİD üzvünün ölkələrinə dönməsi ilə bağlı məlumat var. Araşdırmada artıq 33 ölkədə geri dönüş haqqında qeyd olunur.

Mərkəzin eksperti doktor Lorenzo Vidino onların qaçdıqları ölkələrdə nə dərəcədə təhlükəli olacaqlarına diqqəti çəkib. Keçmiş İŞİD üzvlərinin geri qayıtdıqdan və ya başqa ölkəyə köçdükdən sonra qisas əməliyyatları keçirməsi, terror törətmələri təhlükəsi var. Üstəlik, söhbət 30 min nəfərlik bir qrupdan gedir. Baxmayaraq ki, onların bir qismi öldürülüb.

Böyük Britaniya təhlükəsizlik xidməti MI5-in rəhbəri bu həftə bildirib ki, İŞİD-ə qoşulan 800 britaniyalıdan çox azı geri qayıdıb və onlardan ən az 130 nəfəri döyüşlərdə ölüb."Qalan xarici döyüşçülər çox güman ki, İŞİD-in təxminən 10 il əvvəl yarandığı ilk günlərdəki kimi qrup şəklində mübarizəyə davam edəcəklər: terror hücumlarından vətəndaş müharibəsinə qədər müxtəlif ölümcül hadisələrə səbəb olan qüvvə şəklində”- deyə BBC-nin analizində qeyd olunur.

Doğrudur, İraqda və Suriyada ələ keçən İŞİD üzvləri edam edilirlər. İraqda Mosul və Telafer əməliyyatından sonra xeyli sayda İŞİD üzvü sağ ələ keçirilib. Onların İraq qanunları ilə mühakimə olunacağı və edam ediləcəkləri gözlənilir. Ancaq analitiklərə görə, ələ keçməyən minlərlə qruplaşma üzvü gizli yollarla Türkiyə, Livan və İordaniya üzərindən qaça bilirlər.

Image result for İSİS

BBC Türkiyə ərazisində İŞİD-in dəstək şəbəkəsinin hələ də güclü olduğunu və Suriyadan xarici döyüşçülərin çıxarılmasında əsas rolu məhz bu şəbəkənin oynadığını yazıb. Üstəlik, son üç il ərzində ölkə boyunca baş verən qanlı hücumlara nəzər salsaq, Türkiyə hakimiyyəti bu axından haqlı narahatlıq keçirir.

 

Qeyd edək ki, sahə ekspertlərinin fikrincə, İŞİD-in İraq və Suriyada məğlubiyyətdən sonra iki yolu qalır. Birincisi, savaşı yeni bölgələrə daşımaq. Məlum olduğu kimi, Afrikada, Ərəbistan yarımadasında, Asiyada İŞİD-in nəzarət etdiyi bölgələr var. Artıq bəzi məlumatlara görə, İraq və Suriyadan çıxarılan İŞİD-çilərin bir qismi Yəmən, Sinay yarımadası, Şimali Qafqaz və Şərqi Asiyada İŞİD-in yaratdığı "vilayətlərə” qoşulub. Ötən il ABŞ-da aparılan hesablamalara əsasən Liviyada 6500 və Əfqanıstanda isə yüzlərlə İŞİD terrorçusu var. ABŞ ötən il Əfqanıstandakı tunellərdə hücum vaxtı 94 döyüşçünün öldürüldüyünü deyirlər. Eyni zamanda yeni terror və müharibə bölgələrinin yaranması və mövcud olanlarında döyüşlərin şiddətlənməsi təhlükəsi var.

Daha bir variant isə İŞİD-in daha əvvəl "əl-Qaidə”nin etdiyi kimi, "yer altına” çəkilib terror törətməkdir. İŞİD-in son zamanlar əsasən Avropa ölkələrini hədəfə alması bu taktikanın da işlədildiyini göstərir. Bu isə geri qayıdanlarla bağlı narahatlığı daha da artırır.

Araşdırmada qeyd olunur ki, İŞİD üzvlərinin bir çoxu ölkələrinə qayıtmağa çalışır ki, bu da həmin ölkələri narahat edir. Çünki qayıdıb gələnlərin yenidən silahlı hücumlarda iştirak etməsi, terror törətməsi riski var. Bu risk qarşısında ən həssas olan region isə Şimali Afrika ölkələridir. Onlardan biri Tunisdir ki, 6 min vətəndaşı İŞİD-ə üzv olub. Adambaşına İŞİD-ə qoşulanların sayına görə Tunis dünya lideridir. Bundan başqa, körfəzin ərəb ölkələri, həmçinin Rusiya, Qafqaz və bir neçə Mərkəzi Asiya ölkələrinin də təsirə düşmək şansı böyükdür. Çünki İŞİD-in "hərbi naziri” də daxil olmaqla, əsas zərbə qüvvəsi aparıcı döyüşçüləri məhz bu regionlardan olanlardır.

Avropa üçün də ciddi təhdid hələ qalır. Avropadan 6 min nəfərin İŞİD-ə qoşulması və indi onların böyük hissəsinin geri qayıtması ciddi narahatlıq doğurur. Hazırda məlumatlara görə, 1000 nəfərə qədər İŞİD üzvü Avropaya qayıdıb.

 

Qeyd edək ki, hələ iki il əvvəl Avropa Birliyi ölkələri, o cümlədən Türkiyə, ABŞ kimi ölkələr İŞİD və digər terror qruplaşmalarına qoşulanlar haqda məlumat bankı hazırlayıb. Buna əsasən artıq geri dönən terrorçuları müəyyən edib sərhəddə yaxalamaq mümkündür.

Britaniya Daxili İşlər Nazirliyi keçən il Suriya və İraqdan qayıdan 400 britaniyalı arasında 54 nəfərin həbs edildiyini açıqlayıb. Analoji vəziyyət digər ölkələrdə də mövcuddur. Azərbaycan hüquq-mühafizə orqanları geri qayıdan İŞİD üzvlərini həbs edir. Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini İlqar Musayev bir qədər əvvəl bildirib ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Bundan başqa, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdükləri üçün son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib.

Image result for İSİS

 

Qeyd edək ki, bir sıra ölkələr, o cümlədən Azərbaycan xaricdə silahlı birləşmələrdə döyüşənlərlə bağlı cəzaları sərtləşdirib. 2014-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsində müvafiq dəyişiklik aparılıb. Hazırda Cinayət Məcəlləsinin 279-cu maddəsi "Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma”ya görə cəzaları nəzərdə tutur.

Bu maddəyə əsasən Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatik silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etmə və bu birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə 20 ilədək həbs cəzası ilə cəzalandırılır.

Image result for İSİS

Qeyd edək ki, bir qədər əvvəl BBC yeniyetmə yaşlarında olan İŞİD üzvlərini Avropada aşkar edib. Bu gənclərin bir çoxu gənc yaşlarına rəğmən radikalizmdən əziyyət çəkir. Bu səbəbdən də Avropa ölkələri geri qayıdan xarici döyüşçülərin deradikalizasiya proqramlarına yatırımlar edirlər. Danimarkanın Aarhus şəhərində reabilitasiya və cəmiyyətə inteqrasiya xidmətləri təklif edir. Fransanın 12 deradikalizasiya mərkəzi planı isə təxirə salınıb. Ancaq bütün bunlara baxmayaraq Fransada, daha sonra Belçika və Britaniyada törədilən terror aktları geri qayıdanlar təhlükəsinin ciddi olduğunu ortaya qoydu. Çünki İŞİD-in "virtual xilafəti” adlanan güclü virtual mövcudluğu müəyyən bir şəkildə davamlılıq göstərəcək və dünyanın hər tərəfindən tərəfdar toplayaraq daha çox terror hücumları təşkil edəcək. Bu isə təhdid riskini güclü edir.

Kənan RÖVŞƏNOĞLU, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300