Nazirlik Tərtərə komissiya göndərdi, 40 minlik korrupsiya ifşa oldu
Bu günlərdə Tərtər rayonunda böyük korrupsiya faktının
üstü açılıb
Rayon İcra Hakimiyyətində müavin vəzifəsində
işləmiş və işindən qovulmuş qalmaqallı məmur Vidadi Bəylərov ifşa olunub.
Onun dövlət vəsaitini talan etmə və mənimsəmə faktı bu dəfə Tərtər rayon
Telekommunikasiya Qovşağında qeydə alınıb.
Bir müddət əvvəl Tərtər ATS-in xanım əməkdaşlarından biri Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək qovşaq rəisi Vidadi Bəylərovun
əməllərindən yazıb.
RİH-də başçı müavini vəzifəsindən kənarlaşdırılandan sonra ATS rəisi təyin
olunan V.Bəylərovun qanunsuz fəaliyyəti haqda nazirliyə gedən məktub təftişə səbəb
olub.
Nazirlikdən Tərtərə gedən komissiyanın yoxlaması qovşağın xanım əməkdaşının
yazdıqlarını təsbit edib. Nəticədə V.Bəylərovun 40 min manatlıq dövlət vəsaitini
mənimsəməsi faş olub.
Məlumatda deyilir ki, V.Bəylərov yaxın çevrəsində olan adamların adlarına pul
yazaraq maliyyəni mənimsəməyə nail olub.
Komissiyanın araşdırmasından sonra işin üstünün açılması V.Bəylərovu çıxılmaz vəziyyətə
qoyub.
Lakin Gəncənin icra başçısı Elmar Vəliyevin himayədarlıq etdiyi V.Bəylərov ATS
rəisi postundan çıxarılmaq və barəsində cinayət işi başlanması təhlükəsindən
müvəqqəti xilas olub.
Nazirliyin təlimatı əsasında onun dövlətə vurduğu zərərin 2000 manatını ödənilməsi
qərara alınıb. Halbuki, böyük biznes və maliyyə resursları olan V.Bəylərov üçün
vurduğu 40 min manatlıq ziyanı ödəmək çətin deyildi.
E.Vəliyevin hamilik etməsi nəticəsində qurtulan V.Bəylərovun həbsinə hazırlıq
getməsə də, yaxın vaxtlarda işindən çıxarılması gözlənilir.
Gəncə merinin çətiri altında olan ATS rəisinin korrupsiya əməliyyatının 2000
manatla ört-basdır edilməsi qanunun aliliyini ayaqlar altına atmaqdır.
Bu həmin məmurdur ki, Tərtər RİH-də işlədiyi dövrdə oğlu avtoxuliqanlıq edərək
bir ailənin yeganə oğlunu öldürmüşdü. Ardınca prezident məmurlara sərt xəbərdarlıq
eləmişdi, məmur balalarının qudurğanlığından danışmışdı.
Ölkə başçısının çıxışından sonra V.Bəylərov RİH-dəki işini itirdi və vəzifədən
qovuldu. Ancaq E.Vəliyevin qoruduğu məmur ATS-də özünə yer tapdı. Bu da nəticəsi...
Palitika.Az-a verilən xəbərə görə, V.Bəylərovin xahişini yuxarılardan E.Vəliyev
edib. Əks halda nazirliyin regiondakı qovşaq rəisi çoxdan məsuliyyətə cəlb
olunacaqdı.
Bu ayrı məsələdir ki, ölkədə süpürgəçi kimdənsə 5 manat rüşvət alanda həbs
olunur, dövlətin 40 min manatını talan edən şəxsə isə 2000 manat cərimə kəsilir.
Fakt ondan ibarətdir ki, V.Bəylərov növbəti dəfə xoşagəlməz əməli ilə gündəmdədir.
Ümumiyyətlə, Bəylərovlar mətbuatda tanış adlardır.
Onun qardaşı Zaur Bəylərov da Bərdə RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov insanları yaşamağa
qoymur.
Yerli icra nümayəndələri və bələdiyyələr Z.Bəylərovun əlindən təngə gəliblər.
Z.Bəylərov hər dəfə pul yığımından yuxarıların adından sui-istifadə edir. Məmurlar
isə qorxusundan səsini çıxara bilmir.
Çünki şöbə müdiri onları təhdid edir, işdən azad etməklə hədələyir. Bu gedişlə
bələdiyyə və icra nümayəndələrinin özlərinin kütləvi şəkildə istefa verəcəyi
gözlənilir.
İcra nümayəndələri hər ay məcbur qalıb tələb olunan pulu vaxtında çatdırırlar,
bəziləri isə işindən imtina etmək istəyəndə Z.Bəylərov onları ilişdirməklə,
prokurorluğa dosye göndərməklə təhdid edir.
Yada salaq ki, Z.Bəylərov Novruz bayramında icra nümayəndələrinin başına oyun
açmışdı. Onların hər biri 5 hinduşka, 50 yumurta, 10 toyuq, 5 kilo mal əti və 5
qaz-ördək Z.Bəylərovun təsərrüfatına göndərmişdi.
Guya bu ərzaq tədarükü Prezident Administrasiyasındakı rəsmilərə çatır. Zaur Bəylərov
əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər rayon şöbəsində
müdir müavini vəzifəsində çalışmışdır.
Yazıda adları çəkilənlərin mövqeyini öyrənməyə hazırıq//palitika.az