İbrətamiz əhvalat
 
Bir neçə il qabaq rayonlardan birində (müəyyən səbəblərdən yerin adını yazmıram) qədim bir pirin tarixi ilə bağlı araşdırma aparırdım (həmin pirdə dəfn olunan Allah dostu barədə "DOĞRULAN ÜMİDLƏR” kitabımda geniş bəhs etmişəm). Orada mənə maraqlı və ibrətamiz bir hadisə danışdılar. Həmin hadisəni sizinlə paylaşmaq istəyirəm.

Deməli, həmin kənddə gənc və əsəbləri pozuq olan bir qız yaşayırmış (elə indi də yaşayır). Qız həmişə cırıq-cındır geyimdə, saçları pirtlaşıq halda küçədə o yan-bu yana gedərmiş... Həmin kənddə yaşayan və ağızdan "pədravay" bir oğlan həmişə buna söz atıb, gülərmiş... Ona çox tapşırsalar da, nəsihət etsələr də qıza söz atmağından qalmazmış...
Bir gün həmin qız pirin mücövürçüsünün evinə gəlir ki, gəl mənimlə həmin (tədqiq etdiyim) övliyanın qəbrini ziyarətə gedək. Mücövürçü razılaşır və bir neçə nəfərlə birlikdə kəndin kənarındakı qəbiristanlığa ziyarətə gedirlər. 
Qızı günbəzə salıb, digər gələnlər bayırda otururlar. Görürlər ki, qız qəbrin kənarında uzanıb və yuxuya gedib. Nəhayət oyanır və üstünün səliqəsizliyinə, saçlarının pərişanlığına görə oradakı adamlardan utanmağa başlayır (hansı ki, gələndə cırıq libasına görə utanmırdı). Qız yüyürərək, özünü evlərinə çatdırır. O gündən onun küçədə gəzdiyini görən olmur...

Aradan bir müddət keçəndən sonra kənddə toy olur və həmin qız da başqa qızlar kimi, qəşəng geyimdə, müasir saç düzümündə, makiyajlı - falanlı toyda oturur. Bir vaxtlar ona söz atan oğlan da toyda imiş. Oğlan bu qızı görcək, gözəlliyinə hayıl-mayıl olur və gerçəkdən vurulur qıza. Nə qədər çalışsa da qızı unuda bilmir. Fikrini ailəsinə deyəndə razı olmurlar ki, bir vaxtlar sən ona küçədə söz atırdın və bunun üstündə qızın qohumları ilə söz-söhbətimiz olurdu; indi biz necə ona elçi gedə bilərik? Lakin oğlanın uzun müddət israr etdiyini və başqasıyla evlənməyəcəyini görüb, razılaşırlar və elçi gedib, qızı alırlar. İndi onlar xoşbəxt ailədirlər.

Bu əhvalat yadıma Mövlanə ilə Tavusi Gənci adlı bir qadının əhvalatını saldı. Onu da yazaq ki, fikrimiz tamamlansın:

Mövlanə Cəlaləddin Rumi vəzir Ziyaəddinin karvansarasına gəlmişdi. Həmin karvansarada Tavusi Gənci adlı bir qadın da yaşayırdı. Qadın əxlaqi cəhətdən nalayiq ad çıxartmışdı və bu səbəbdən də karvansarada yaşayırdı. Mövlanə bu qadının otağının qarşısında oturdu. 
Qadın Mövlanəni otağının qarşısında görəndə inanmadı. Dərhal gəlib Mövlanəni öz otağına dəvət etdi. Mövlanə böyük hörmətlə dəvəti qəbul edib, Tavusi Gəncinin otağına girdi. Orada namaz qılmaq və dua etməklə məşğul oldu. Bu qadın üçün də dua etdi. Çıxıb gedərkən də sarığının ucundan bir parça kəsib ona verdi. 

Həmin gün Əmir Şərafəddin də o karvansaraya gəldi. Tavusi Gəncini görən kimi ona aşiq oldu. Halbuki Əmir bu qadını əvvəllər də tanıyırdı. Amma ilk dəfə onu gözəl görüb sevdi və ona evlənməyi təklif etdi.

Evləndikləri gecə Əmir Şərafəddin Tavusi Gəncidən soruşdu:

-Səni zamanın Rəbiəsi (VII əsrdə yaşamış qadın övliya) kimi görməyimin səbəbi nədir?
Tavusi Gənci başındakı sarıq parçasını göstərərək belə dedi:
-Məni daxilim və xaricimlə dəyişdirən Mövlanənin kərəm əlidir.

Biri-birini tamamlayan bu iki əhvalatda çox böyük ibrətlər vardır. Bundan ancaq ağıl sahibləri faydalanarlar...

Paşa Yaqub

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300