Rus rəssam "insanlıq naminə” Fransa bankını yandırdı

 

Dostları səbəbi açıqladı, bank onun həbsini tələb etdi və...

Məşhur rus rəssamı (performans sənətçisi) Pyotr Pavlenski aksiya məqsədilə oktyabrın 16-da Fransanın Mərkəzi Bankını (Banque de France) yandırıb. Pavlenskinin yandırdığı bankın qarşısında çəkdirdiyi şəkillər sosial mediada paylaşılıb.

Açıqlamaya görə, Pavlenski bu aksiyası ilə "Dünya inqilabının atəşini yandırdı” mesajını verib. Bundan başqa, Pavlenski bankı yandırması ilə Böyük Fransa İnqilabı və azadlıq mübarizəsini fransızlara, eləcə də bütün dünyaya xatırlatmaq istədiyini açıqlayıb.

Fransa Bankı isə bildirib ki, Pavlenskiyə qarşı iddia qaldırılacaq. Qalmaqallı addımları ilə tanınan Pavlenski daha öncə də Rusiyada hakimiyyəti tənqid etmək üçün özünü Qızıl Meydanda mismarlamış, bir başqa vaxt isə qulağını kəsərək aksiya keçirmişdi.

Bundan başqa, Pavlenski 2012-ci ildə "Pussy Riot” qrupunun həbsinə etiraz edərək, Sankt Peterburqda dodaqlarını iynə ilə tikmiş, 2013-cü ilin may ayında isə insanların müdafiəsiz olduğunu göstərmək məqsədilə bədənini tikanlı məftillərlə örtmüşdü.

Image result for Pyotr Pavlenski

İndi isə son etiraz aksiyasının detallarına diqqət edək. Qara paltarla bankın qabağında dayanan rusiyalı fotoqrafın məlum fotosunu öz twitter hesabında fotoqraf Kaputsin Anri yayımlayıb. Bu xanım toy şəkilləri və portretləri üzrə ixtisaslaşıb. O deyib ki, aksiyanın ancaq şahidi və fotoqrafı olub. Ukraynadakı Femen hərəkatının fəallarından olan Sara Konstanten də baş verənlərin şahidi olub. O da deyib ki, Pavlenski əslində "ümumdünya inqilab yanğını” yaratmağa çalışıb.

Rəssamın saxlanması ilə fotolar Fransanın fotobankı olan "Divergence Images”də də yayımlanıb. Videoçəkilişlərdən görünür ki, əvvəlcə Pavlenski yanğının fonunda şəkil çəkdirir, daha sonra polislər rəssamı yerə uzadır, qollarına qandal vurur - bundan sonra isə onu maşına mindirirlər.

Related image

Ardınca isə "Frans-press” agentliyi Pavlenskinin saxlandığını təsdiqləyir. Agentliyin məlumatına görə, Pavlenski "mülkiyyətə qəsdən zərər vermək” iddiası ilə həbs olunub. Rəssamla birlikdə onun həyat yoldaşı Oksana Şalqina da saxlanıb. Yerli mətbuat daha sonra Şalqina ilə sosial şəbəkə vasitəsilə əlaqə yaratmağa çalışıb. Amma onun telefonlarına zəng çatmayıb. Pavlenskiyə də həmçinin.

Femen İnna Şevçenko da twitterdə yazıb ki, Pavlenski Fransa bankını yandırmaqla dünyanı aydınlığa çıxarmaq mesajı verib. Halbuki yerli hakimiyyət bunu unutmağa vadar edir.

"Rəssam eyni zamanda xatırladıb ki, bu gün Fransa bankının yerləşdiyi Bastiliya zamanında xalq tərəfindən tutulub və bu hakimiyyətin, despotizmin simvolu olub. Fransa bankı Bastiliyanın yerini tutub. Bankirlər isə monarxların yerini fəth edib. Böyük Fransa İnqilabı Fransanı azadlıq simvoluna çevirib. Bunun nəticəsi olaraq 1917-ci ildə Rusiya da azadlığa doğru can atdı. Amma aradan 100 il keçəndən sonra tiranlıq yenidən dünyanı idarə etməyə başladı. İnqilabi Fransanın yetişməsi dünyəvi inqilab yanğını üçün də zəmin olacaq. Bu odda Rusiya öz azadlığına başlayacaq” - bu sözləri də Pavlenski deyib və onu Şevçenko yayıb...

Psixologiyada isə rəssamın etdiyi intiharın konkret adı var. Bu, alturistik intihardır. Bu hal öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir. Yəni insanlar şəxsi problemlərinə görə yox, cəmiyyətdəki sosial ədalətsizliyə, problemlərə, eləcə də ümumi sistemə etiraz üçün özlərini fəda edirlər. Tibb elmi isə sübut edir ki, özünü yandıraraq intihar etmək ən ağır fəsadlarla nəticələnən haldır. İntihar edənin sağ qalıb-qalmaması yanığın dərəcəsindən asılı olaraq dəyişir.

Image result for Pyotr Pavlenski

 

İnsanlar etiraz üçün özünü yandırır - biri kasıblığa, o biri işsizliyə...

Dünya bu günə qədər yanğınla, özünü və ya hansısa məkanı yandırmaqla etiraz edənlərin hekayəsini çox görüb, çox oxuyub. Məsələn, 2013-cü ildə Bolqarıstanda yoxsulluğa etiraz məqsədilə özünü yandıranların sayı 16-ya çatıb. Onlardan biri də 53 yaşlı Dmitar Dimitrov olub ki, onun da məqsədi, sadəcə, ölmək yox, canını ölkəsinə fəda etmək idi. Həmin il martın 13-də D.Dmitrov Sofiyadakı evindən çıxaraq şəhərin mərkəzindəki prezident iqamətgahına gedib və elə orada üstünə benzin tökərək özünü yandırıb. O, bununla təkcə özünün yox, ölkədə əksər insanların məvaciblərinin azalmasına və yanacaq qiymətlərinin artırılmasına etiraz edərək dəfələrlə etiraz aksiyaları keçirən bolqarlara dəstək vermişdi. Aksiyaçı eyni zamanda bütün dünyanın diqqətini yoxsul ölkə olan Bolqarıstana cəlb etmək istəyib.

2012-ci il 20 iyulda isə İsrailin Təl-Əviv şəhərində sosial bərabərsizlik və bahalılığa etiraz məqsədilə "İsrail dövləti məni soydu” deyərək, 57 yaşlı Moşe Silman özünü yandırıb. Bədəninin 94 faizi yanan etirazçı hadisədən bir gün sonra dünyasını dəyişib. Maraqlıdır ki, M.Silman özünü yandırandan sonra dərhal dondurma yeyib və onun bu fotosu uzun müddət yaddaşlarda qalmışdı. Onun intihar məktubunda isə aşağıdakılar yazılmışdı: "İsrail dövlətini və baş nazir Netanyahu ilə maliyyə naziri Yuval Steyntzi, bu bicləri, İsrail dövlətinin gücsüzləşmiş vətəndaşlarına hər gün çəkdirdikləri əziyyətə görə suçlayıram. Kasıbdan alıb, varlıya verirlər”.

Qonşu Türkiyə də özünü yandıran etirazçılara tez-tez şahidlik edib. Ərindən xəyanət görən, iş yerindən qovulan insanların zaman-zaman bu aksiyaya əl atdığı faktdır. Bunlardan birini, sosial xarakterli aksiyanı 30 yaşlı Mehmet Oğuz edib. Bu adam Adanadakı bazarda piştaxtaları əlindən getməsin deyə üstünə benzin tökərək özünü yandırıb. Çünki onun alver etdiyi yerdə Adana bələdiyyəsi yeni bazar qurmağa hazırlaşırdı.

Image result for Pyotr Pavlenski

Çində özünü yandırsan, həbs olunacaqsan...

Hindistanın paytaxtı Yeni Dehlidə də 2012-ci ilin 28 martında fərqli yandırma aksiyası baş verib. Çin prezidentinin ölkəyə səfərinə etiraz məqsədilə özünü yandıran tibetli dünyasını dəyişib. 27 yaşlı Camya Yeşi elə xəstəxanada gözünü yumub. Parlament binasının yaxınlığında 600-dən artıq etirazçının iştirak etdiyi aksiyada özünü yandırmaq qərarını isə hindli Camya bir neçə gün öncədən veribmiş.

Amma maraqlıdır ki, Çin hakimiyyəti də tibetlilərin özünü yandırmasını sərt cəzalarla əngəlləməyə çalışır. Bir rahibin edama məhkum edilməsindən sonra 6 tibetli də bəzi insanları özünü yandırmağa təhrik etdiyi üçün müxtəlif həbs cəzalarına məhkum edilib.

2009-cu ildən bu vaxta qədər Çin hakimiyyətinə etiraz məqsədilə 100 tibetli özünü yandırıb.

Alturistik intihar - ən "inqilabi” intihar sayılır

Amerikada isə bir kişi məhkəmənin onun həyat yoldaşından ayrılması ilə bağlı prosesi uzatdığı və ədalətsizliyə yol verdiyi üçün üzərinə benzin tökərək özünü yandırıb.

Sevinc TELMANQIZI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300