Tarix dərsliklərimizdə "erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…

 

"Həmin dövrdə Ermənistan var idimi ki, bölünsün, ərazisi Osmanlılara, yaxud Səfəvilərə qalsın?”

Faiq Ələkbər: "Bu məsələnin qarşısının alınmasının yeganə yolu ya Təhsil Nazirliyinin, ya da Akademiyanın nəzdində əlavə bir şura yaradılmasından keçir”

 

"Azərbaycan tarixi” dərsliklərinin hazırlanmasında ciddi nöqsanlara yol verildiyi açıq-aşkar göz önündədir. Necə deyərlər, görünən dağa nə bələdçi... Bəzi müəlliflər Azərbaycançılıq məfkurəsinə uyğun tarix dərslikləri yaratmaq əvəzinə, dərsliklərə dövlət maraqlarımıza, tarixi ərazilərimizə zidd olan mətnlər, məlumatlar daxil edirlər. "Azərbaycan tarixi” kimi birbaşa ideoloji siyasət, dövlətçilik maraqları ilə əlaqədar olan bir dərsliyə "erməni barmağı”nın yol açması həqiqətən də dəhşətli bir haldır.

Orta məktəblərdə tədris edilən "Azərbaycan tarixi” dərsliklərinin yazılmasının təsadüfi adamlara tapşırılmasının acı nəticələrini bu gün aydın şəkildə görürük. Təbii, bu halın qarşısı alınmasa, gələcəkdə də olduqca ağrıdıcı faktlarla qarşılaşacağıq. Rus bölmələrinin X sinif "Vseobşaya istoriya” ("Ümumi tarix”) dərsliyi ilə bağlı yaşanan xəritə qalmaqalı səngiməmiş, ortaya yeni bir problem çıxıb. Bu problem də orta ümumtəhsil məktəblərinin tarix kitabında aşkarlanan ciddi qüsurla bağlıdır. Məlumdur ki, X sinif "Vseobşaya istoriya” ("Ümumi tarix”) dərsliyi ilə bağlı məsələni əlaqədar qurumlar, daha dəqiq desək, Təhsil Nazirliyi "texniki qüsur” adlandırdı və səhvin aradan qaldırıldığını bəyan etdi. Amma heç kəs cəzalandırılmadı. Həm Təhsil Nazirliyi, həm də AMEA-nın Tarix İnstitutu növbətçi bəyanatlar yaymaqla işlərini bitmiş hesab etdilər. Halbuki, "erməni dəyirmanına su tökən” bu fakta daha sərt yanaşılmalı idi ki, başqaları bilərəkdən və ya bilməyərəkdən belə səhvlərə yol verməsinlər.

Qayıdaq mövzuya. 8-ci sinif "Azərbaycan tarixi” dərsliyində elə bir qüsur aşkarlanıb ki, adamın nitqi tutulur. Orta ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində tədris edilən bu vəsaitdə nəzərə çarpan mətnlə sizi də tanış edək: "...Azərbaycanı işğal etmək cəhdinin boşa çıxdığını görən Sultan Süleyman Səfəvilərlə danışığa başlamağı lazım bildi. 1555-ci il mayın 29-da Amasiyada Səfəvi-Osmanlı müharibələrinin birinci mərhələsini başa çatdıran sülh müqaviləsi imzalandı. Bu sülhə görə, Qərbi Gürcüstan (İmeretiya, Meqreliya və Quriya), Ermənistanın qərbi Osmanlıların, Gürcüstanın şərq vilayətləri - Mesxetiya, Kartli, Kaxetiya və Ermənistanın şərqi Səfəvilərin ixtiyarına keçdi...”.

Bu kimi ciddi nöqsanları "Azərbaycan tarixi” dərsliklərində müşahidə etmək olduqca ağırdır və təəssüf doğuran haldır. "Azərbaycan tarixi” dərsliyinə nəzarətsizlik görün hansı həddədir ki, dərsliklərimizdə açıq-aşkar erməni başlılar meydan sulayır. Belə çıxır ki, erməni təəssübkeşləri Təhsil Nazirliyi və Tarix İnstitutundan daha güclü və nüfuzludurlar ki, bu kimi hallarla rastlaşırıq. Təhsil Nazirliyi dəfələrlə bəyan edib ki, dərsliklərə nəzarət etmək səlahiyyəti yoxdur. Ekspertlər də təklif irəli sürüblər ki, nazirlik dərsliklərlə bağlı səlahiyyətlər əldə etmək üçün hökumətə müraciət etməlidir.

8-ci sinif "Azərbaycan tarixi” dərsliyində aşkarlanan ciddi nöqsanı tənqid edən tarixçi-alim Faiq Ələkbər bizimlə söhbətində son günlər ard-arda yaşanan problemlərdən təəssüfləndiyini bildirdi: "Son illər hazırlanan "Azərbaycan tarixi” dərsliklərini araşdırsaq görərik ki, onlarda da bu kimi ciddi problemlər var. Sizin qaldırdığınız problemlə tanışam. Osmanlılar və Səfəvilər arasında bağlanan Amasiya sülh müqaviləsi ilə bağlı Ermənistanın, eyni zamanda da Gürcüstanın adının çəkilməsi dərsliyi hazırlayanların qeyri-peşəkarlığından, naşılığından da irəli gələ bilər. Məsələ burasındadır ki, bunlar "Azərbaycan tarixi” dərsliyində həmin dövrlə əlaqədar olaraq Ermənistan və Gürcüstanın adını çəkməklə şagirdlərin şüurunda dolaşıqlıqlar yaradırlar. Bilirsiniz, istər şagirdlər, istərsə də tələbələr olsun, onlar bilirlər ki, ermənilər bizim ərazilərə "Gülüstan” və "Türkmənçay” müqavilələrindən sonra köçürülməyə başlayıb. Yəni istər Naxçıvana, istər İrəvana, istərsə də digər torpaqlarımıza ermənilər sonradan köçürülüb. Bu böyük çaşqınlıq yaradır. Təkcə bu deyil. Eyni zamanda da Ermənistanın Albaniya ilə müharibə aparması fikrinə də rast gəlirik. Amasiya sülh müqaviləsi ilə bağlı mətndə Ermənistanın adının hallanması doğrudan da qəbuledilməz bir haldır. Söhbət hansı Ermənistandan gedir? Həmin dövrdə Ermənistan var idimi ki, bölünsün, ərazisi Osmanlılara, yaxud Səfəvilərə qalsın? Belə bir hal olmayıb. Bunların coğrafi anlamda Ərməniyyəni Ermənistanla eyniləşdirməsi, birmənalı olaraq, kökündən yanlışdır. Ərməniyyə və Ermənistan bir-birindən fərqlidir və onları qarışdırmaq olmaz. Biz Ərməniyyə adına tarixi mənbələrdə rast gəlirik. Onun necə meydana çıxması, onu hansı sülalələrin idarə etməsi, onun əhalisi məlumdur. "Azəbaycan tarixi” dərsliyini yazanlardan böyük diqqət tələb edilir. Onlar ya qeyri-peşəkarlıqdan bu nöqsanlara yol verirlər, ya da onların arasında bilərəkdən ermənilərin xeyrinə işləyınlər də ola bilər. Bu, təxribat da ola bilər. Biz Sovetlərin mahiyyətini, ideologiyasını qəbul etməsək də, həmin dövrdə bütün dərsliklərə ideoloji nəzarət vardı”.

F.Ələkbər təklif edir ki, ya Təhsil Nazirliyinin, ya da AMEA-nın nəzdində tarix dərsliklərinə nəzarət şurası yaradılsın. Tarixçi hesab edir ki, bu şura yaradılmasa, gələcək tarix dərsliklərində bizi daha böyük problemlər gözləyir: "Bizdə indi ideoloji baxımdan dərsliklərə nəzarət yoxdur. Orta və ali məktəblər üçün yazılan tarix dərslikləri ciddi nəzarətdən keçdikdən sonra tədris edilməlidir. Mənə elə gəlir ki, tarix dərsliklərinə bəzi qurumlar barmaqarası baxırlar. Əslində, bu dərsliklər əlaqədar instituta rəyə göndərilməlidir. Hesab edirəm ki, bu sahədə boşluq var və bundan da Azərbaycan-türk düşmənləri istifadə edirlər. Həmişə içimizdə adımızı və soyadımızı daşıyan, lakin düşmənə işləyən adamlar olub. İndi onları aşkarlayıb tapmaq bəlkə bir qədər çətindir. İçəridə yerləşdirilən antitürk və anti-Azərbaycan məqsədli adamlar imkan düşən kimi dərslik və digər məsələlərə barmaq uzadırlar. Onların qarşısı vaxtında alınmasa və bu işə ciddi nəzarət olunmasa, biz gələcəkdə də bu cür problemlə rastlaşacağıq. Bu məsələnin qarşısının alınmasının yeganə yolu ya Təhsil Nazirliyinin, ya da Akademiyanın nəzdində əlavə bir şura yaradılmasından keçir. Azərbaycan tarixinə, ədəbiyyatına, dilinə və s. aid bütün dərsliklər həmin şuradan keçdikdən sonra şagird və tələbələrin ixtiyarına verilməlidir. Mill maraqlarımızla, ideologiyamızla, dövlətçiliyimizlə bağlı olan bütün dərsliklərə ciddi nəzarət olmalıdır. Belə bir şura yaradılmasa və bu işə nəzarət gücləndirilməsə, biz yenə də bu problemlə üzləşə bilərik. Yenidən tarix kitabları təftiş olunmalı, nöqsanlar aradan qaldırılmalıdır. Tarixi mənbələr, xəritələr və s. məsələlər var ki, onların hamısı ciddi təftiş edilməlidir. Bu şuranın üzvləri də elə adamlar olmalıdırlar ki, onlar bu işə ideoloji mənada ciddi yanaşsınlar. Yoxsa bizə düşmən olan bir adamı gətirib bu işin başına qoysalar, nəticəsi pis olar. Odur ki, bu məsələ ciddi nəzarətdə saxlanmalıdır”.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300