Pərvin Səfərov "O səs Türkiyədə”ki hekayəsini danışdı: "Yıldız Tilbeyə ona görə cavab vermədim ki... " – Video, fotolar

 

Ötən gün ifası ilə "O səs Türkiyə” musiqi yarışmasında 4 münsifdən 3-nün təqdirini qazanan azərbaycanlı ifaçı Pərvin Səfərov musavat.com-a maraqlı müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Necə oldu ki, "O səs Türkiyə " yarışmasında iştirakı etməyə qərar verdiz?

- Bu, mənim xəyalım idi. Sadəcə, yol xərclərinə görə gedə bilmirdim. Bildiyiniz kimi, mənim də o qədər imkanım yoxdur. Yarışmanın şərtlərinə görə ilkin mərhələnin xərcini iştirakçı özü çəkir. Yəqin ki, xatırlayırsız, bu yaxınlarda Türkiyə mediası ifalarım, özüm haqda kiçik süjetlər hazırladı. Hətta yazılı mətbuatda da müxtəlif məqalələr dərc olundu. Bundan sonra Türkiyədən mənə çoxlu sayda təkliflər gəldi, tövsiyə edildi ki, mütləq bu yarışmada iştirak edim. Həmin ərəfədə "Acun media”sı da mənə mesaj yazıb, daha sonra zəng edərək yarışmaya dəvət etdilər. Bildirdilər ki, məni "O səs Türkiyə” yarışmasında görmək istəyirlər. Təbii ki, mən də bu təklifi dəyərləndirdim . Ondan əvvəl isə müxtəlif televiziya proqramları, layihələrinə dəvətlər almışdım. Lakin "O səs Türkiyə”də iştirak etmək mənim xəyalım olduğu üçün məhz bu yarışmanı seçdim. Düşünürəm ki, seçimim çox doğrudur.

- Səhnədə çox həyəcanlı idiniz, səsinizin əsl gözəlliyini tam ifadə edə bilmirdiz. Hətta jüri üzvləri də sizin əvvəlki video ifanızı müqayisə edərək səsinizin əslində daha yaxşı olduğunu vurğuladılar.

- Təbii ki, çox böyük həyəcan var idi. O səhnə heç də kiçik bir səhnə deyil. Auditoriyada 800-ə yaxın tamaşaçı var. Səhnədə boğazımda elə bir ağrı var idi ki, sanki boğazımı kimsə tutub sıxırdı. Özümü güclə toplayıb, idarə edirdim.

- Hamısı həyəcandan irəli gəlirdi, ya səhhətinizdə problem var idi?


- Səhhətimdə də problem var idi, soyuqlamışdım. Bilmirəm həyəcandan idi, ya yox, gecələr gec yatıb, səhər tezdən oyanıb studiyaya, məşqlərə gedirdim. Bir də axşam saat 11-12-də geri qayıdırdım. Yuxusuzluq, soyuqdəymə hamısı səsimə təsir etmişdi.

- Bundan əvvəl ölkəmizdə də yarışmalarda iştirak etmisiz. Aradakı fərqi necə müqayisə edərdiz?

- Bizim yarışmalarda iştirakçıya çox da qayğı göstərilmir. Yəni iştirakçını öz öhdəsinə buraxırlar. Amma "O səs Türkiyə” yarışmasında əvvəldən axıra kimi iştirakçının qayğısına qalır, həyəcandan azad etməyə çalışırlar. Hətta bildirirdilər ki, "əgər çox həyəcanlısızsa, iştirak zamanınızı dəyişdirək”. İştirakçılarla çox ciddi məşğul olur, ağır məşqlər aparırlar. Qane olmadıqda məşq yenidən aparılır. Həmçinin vurğulayırlar ki, "biz istəyirik ki, siz səhnədə özünüzü tam göstərə biləsiz”. Yəni, arada fərq çoxdur.

- Bəzən yarışmadan çıxarılan azərbaycanlı iştirakçılar gileylənirlər ki, yarışmanın təşkilatçıları tərəfindən soyuqqanlıqla qarşılanır və ya ayrı-seçkilik olur, ifaları qısqanclıqla qarşılanır və sairə. Bəs siz orada özünüzə qarşı necə münasibət gördüz?

- Mən gördüyümü deyəcəm. Bu deyilənlərin heç birinə haqq vermirəm. Özümə qarşı nəsə soyuqluq, ayrı-seçkilik görmədim. Bütün iştirakçılar münasibət eynidir. Onların arasında rus, alman, türk də var. Yəni fərq etmir, hər kəs eyni münasibət görür. Hətta yarışmadan keçməyən iştirakçılar mən səhnədən qayıdanda boynuma sarılıb məni təbrik edirdilər. Jüri üzvləri də gördüyünüz kimi məni çox gözəl qarşıladılar. Hər biri onun komandasında yarışı davam etməyimi istəyirdilər.

- Jüri məsələsinə gəldikdə, Yıldız Tilbenin sizə qarşı münasibəti heç də birmənalı qarşılanmadı. Sənətçinin sizin şivənizi bəyənmədiyini bəhanə etməsi, qoyunu təqlid edirmiş kimi səslər çıxarması Türkiyənin özündə də ciddi tənqid olundu. Onun davranışı bəs sizə necə təsir etdi?

- Çox da önəm vermədim, ciddiyə almadım. Cavab da vermədim ki, qalmaqal yaranmasın. O da onun davranışıdır. Məndən öncəki iştirakçıların da çıxışlarına diqqət etdim, eyni sözü təkrarlayırdı, onların şivəsini bəyənmədiyini, elə hey "türk axtarıram” deyirdi. Yəni, onun davranışına görə pərt olmadım. İstədim vurğulayam ki, mahnı Azərbaycan mahnısıdır və təbii ki, də Azərbaycan şivəsi olmalıdır. Lakin qeyd etdiyim kimi, özüm bir söz demədim ki, nəsə qalmaqal yaranmasın.

- Bəs sənətçinin qoyun səsini təqlid etməsi necə, sizə toxunmadı?

- Yox, çünki bunun mənimlə heç bir əlaqəsi yoxdur. Qoyun səsini mən yox, o təqlid edir.

- Jüri üzvlərinin sizə tərəf dönəcəyini gözləyirdizmi?

- Hardasa düşünürdüm, ümid edirdim. Hətta son ana qədər Yıldız Tilbenin də dönəcəyini fikirləşirdim. Lakin içimdə qorxu da var idi ki, birdən dönməzlər. Çünki oradakı performansım istədiyim kimi olmadı. Qeyd etdiyim ki, içimdə çox böyük həyəcan var idi.

- Çıxışınızdan dərhal sonra Türkiyə mətbuatı barənizdə yazdı, hekayənizi anlatdı...

- Sözün düzü, onlardan xəbərim yoxdur. Çünki hazırda kəndimizdəyəm və burada internet problemi var, gecədən internet kəsilib. Amma imkan tapan kimi internet resuslarına girib bütün xəbərlərlə yaxından tanış olmağa çalışacam. Sosial şəbəkələrdə, xüsusən də "İnstagram” səhifəmdə izləyicilərimin mənə qarşı olan sevgisi, şərhləri, mesajları məni çox duyğulandırdı, sevindirdi. Hətta bir neçə səhifədə türk soydaşlarımızın Yılıdz Tilbeni tənqid etdiyini oxudum. Bildirilirdi ki, "Pərvin bizim qardaşımızdır, ona qarşı bu cür davranmamalıydın” və sairə.

- Niyə məhz Murad Bozun komandasını seçdiz?

- Murad Bozun ifalarını izləmişdim. Onun vokal təhsili var. Mən də vokalı çox sevdiyim üçün onu özümə yaxın bildim. Buna görə də məhz onun komandasını seçdim. İnanıram ki, onunla uğurlu yola çıxa biləcəm.

- Repertuarınızda yenilik olacaq?

- Təbii ki, yarışma davam edir. Onlar məni vokalçı kimi görür, amma mən türk arabeski oxumaq istəyirəm. Bunu bacarıram, imkanlarım var.

- Hazırda öz diyarınızda, Qaçakkənddəsiz. Kənd sizi necə qarşıladı?

- Səhər tezdən yola çıxmışdım. Çoxu telefon vasitəsi ilə məni təbrik edir, bəziləri isə gəlib görüşür. Çox maraqlı qarşıladılar. Onların arasında verilişi izləyənlər də, izləməyənlər də var. Lakin hamısı mənə öz təşəkkürünü, sevincini çatdırır.

- Qarşıdakı mərhələyə necə hazırlaşırsız?

- Çox ciddi hazırlaşıram, çünki qarşıdakı mərhələ daha çətin olacaq. Kənddə bir-iki gün dincəlib, daha sonra Bakıya gəlmək istəyirəm. Planlarım var ki, ifalarımı çalğıçıların müşayiəti ilə məşq edim. Çünki buna qədər mən həmişə evdə öz-özümə, musiqisiz məşğul olurdum.

- Azərbaycanda təhsil almaq şansınız olmadı. Bəs Türkiyədə necə, təhsil almağı düşünürsüzmü?

- Bəlkə də. Əgər dəstək olarsa təhsil almaq istəyərəm. Türkiyədəki bir neçə dostum təklif etdi ki, sənədlərimi oradakı universitetlərdən birinə verim. Mənim əsas məqsədim təhsil almaq, peşəni dərindən öyrənməkdir. Səsimin üzərində ciddi çalışmaq istəyirəm.

- Bəs birdəfəlik Türkiyəyə köçməyi necə, düşünürsüzmü?

- Əgər şərait olsa, yaradıcılığma dəstək verilsə, orada da yaşayaram. Azərbaycanda qalıb, sənətin dərinliklərini öyrənmək isə daha yaxşı olar.

- Toylara yenə də gedəcəksizmi?

- Yarışmada olduğum üçün hələ ki, toylara getməyi düşünmürəm. Lakin sonra zamanla yenidən toylara gedəcəm. Dolanışıq üçün bu lazımdır...

 

Xalidə Gəray, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300