Tacikistanda milli geyim artıq məcburidir. Bu haqda ölkənin prezidenti Emmoməli Rəhmon qərar verib. Belə ki, prezident ənənə və ayinlərin təkmilləşdirilməsi haqqında qanuna düzəliş edib, həmin düzəlişlərə əsasən ölkə vətəndaşlarının milli geyim geyməsi məcburi olacaq. Qanunda qeyd edilir ki, fiziki və hüquqi şəxslər milli mədəniyyətin rəmzlərinə riayət etməlidirlər – dövlət dilini bilməli, milli geyim geyinməlidirlər. Qanunun pozulması halında cəzalar nəzərdə tutulub.

Maraqlıdır, bəs Azərbaycanda da milli geyimə keçid olsa, biz nə geyinəcəyik? Ümumiyyətlə milli geyimimiz əslində necədir?

Bu bir faktdır ki, milli geyimlərimiz artıq gündəlik geyimlərimizdə, dolablarımızda rast gəlinmir, onları indi ya kino və teatrlarda, ya da ki, hansısa dövlət tədbirlərində və konsertlərdə görə bilirik. Bu da təbiidir, zamanlar dəbə uyğunlaşmaq, müasirləşmək milli geyimlərimizi keçmişdə qoyub.
Mütəxəssislər qeyd edir ki, bəzən milli geyimlərimiz kimi təqdim olunan geyimlər əsl milli geyimlərimiz deyil, sadəcə bənzəridir.
Tarixən isə Azərbaycanda 15 növ geyim dəbi olub. Sonradan geyim tərzləri bölgələrə görə ayrılıb.

Etnoqraf alim, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru Solmaz Məhərrəmova milli geyimlərimiz haqda "Yeni Müsavat”a maraqlı açıqlamalar verib:

"Milli geyimlərimizdə üst köynək olub. Üst köynəklər əsasən enli qollu olurdu ki, buna da "nilufər qollu” deyərdilər. Düymələnməsi isə ya boğazın altından, ya da arxa hissədən olurdu. Qadınlar arxalıq geyərdilər, onun da qolları dirsəyə qədər olardı. Ümumilikdə isə qadınların gündəlik və bayramlıq, toy geyimləri var idi. Gündəlik geyimlər çitdən, sadə parçalardan hazırlanırdı. Bayramlıq paltarlar isə "gecə-gündüz”, "darayi”, "bu küçə mənə dar gəlir” adlı parçalardan tikilirdi. Arxalığın da iki növü var idi. Onlardan biri ya yaxası kvadrat, ya da yaxası yuvarlaq açılımlı olandır. Yaxası yuvarlaq açılım olana "Qarabağ tikilimi” deyirdilər.

Kişilərdə də bu cür arxalıq olurdu və ona "Qarabağ tipli arxalıq” deyirdilər. Kişilərin arxalığının ətəyi ya büzməli, ya da kiçik qatlarla tikilirdi.
Qadınların geyimi əsasən tuman, üst köynəyi, arxalıq idi. Qış mövsümündə isə üstdən ya kürk, ya da nimtənə geyinilirdi. Onların parçaları çox bahalı olurdu və əsasən də xarici ölkələrdən gətirilirdi. Tuman isə büzməli, qatlamalı idi. Ümumiyyətlə isə geyimlərin hamısı insanların sosial vəziyyətləri haqqında xəbər verirdi. Yəni, geyimə baxaraq şəxsin dünya görüşü, sosial vəziyyəti, cəmiyyətdə tutduğu mövqeni ayırd etmək olurdu. Yüksək zümrənin qadınları daha bahalı, gen-bol paltarlar geyinərdi. Paltar nə qədər geniş olurdusa, bir o qədər həmin qadının sosial vəziyyətinin yüksək olduğu bilinirdi.
Bəzi bölgələrimizdə paltarların üstündən döşlük adlanan geyim növündən də istifadə olunurdu. Bu geyim bir növ qadınların həya, ismət rəmzi hesab olunurdu, həm də geyim kompleksini tamamlayan bir atribut olurdu. Çünki gənc qadınlar adətən böyük-kiçik yanında hamiləliyini gizlətməyə çalışırdı, bu baxımdan bu geyim növündən çox istifadə olunurdu”.

Etnoqraf alimin sözlərinə görə geyimlər adətən yaş qrupuna görə hazırlanırdı:

"Məsələn, yaşlı qadınlar üçün tikilən paltarlar daha çox tünd rəngli, gənc qadınlar üçün daha rəngli, allı-güllü, al-əlvan parçalardan hazırlanırdı.
Geyim kompleksinin tamamlayıcı geyimi baş yaylıqları olurdu. Baş yaylıqları əsasən kəlağayıdan ibarət olurdu. Kəlağayını bəzən "Şamaxı” da adlandırırdılar. Çünki Şamaxının Basqal kəndi kəlağayı toxunuşu üzrə məşhur idi. Orada toxunan kəlağayılar nəinki Azərbaycanda, hətta xaricdə də məşhur idi. Yenə də yaşlı qadınlar tünd rəngli, gənc qadınlar isə əlvan rəngli kəlağayılardan istifadə edirdi. Bundan əlavə darayi adlanan baş örtüyü var idi. Bu baş örtüsü bahalı olduğu üçün hər adam onu ala bilmirdi. Həmçinin çalmadan da istifadə edilirdi”.

Solmaz Məhərrəmova milli ayaq geyimlərindən də söz açıb:

"Ayaq geyimlərində isə naxışlı, naxışsız corablar olurdu. Onlardan bəzisi dizə qədər, bəzisi isə dizdən aşağı olurdu. Bəzən corablar ipəkdən, yundan toxunulurdu.

Ayaqqabı kimi isə əsasən dəridən tikilmiş çarıqlardan istifadə olunurdu. Şəhər camaatı isə bir çox hallarda dikdaban başmaqlara üstünlük verirdi. Bunlar da ustalar tərəfindən tikilirdi.

19-cu əsrin sonlarında artıq müşküdən hazırlana ayaq geyimləri dəb halını almağa başlamışdı. Soyuq havalarda isə qaloşlardan istifadə edilirdi.
Kişi geyimləri isə əsasən şalvardan, üst geyimindən, arxalıqdan istifadə edilirdi. Alt və üst köynəklər trapesiya şəklində tikilirdi. Bunlar da əsasən kətandan olurdu. Gənc oğlanlar daha çox ipəkdən, bahalı parçalardan, yaşlılar isə tünd parçalardan olan geyimlərə üstünlük verirdi. Nifəli şalvarlarını iki tərəfli geyinmək olurdu. Yəni, bu şalvarların arxası ilə qabağı eyni idi. Qadınların tumanlarının, kişilərin də şalvarlarının ortasından bağ keçirilirdi. Hətta gəlin köçməyə hazırlaşan qızlarımız tuman, şalvar bağı toxuyardılar.

Sonradan 19-cu əsrin sonlarında Azərbaycanda kapitalizm yaranmağa başlayarkən şəhər tipli geyim nümunələri geniş yayıldı. Arxalıqlar, çərkəzilər də yenə də var idi. Əvvəllər çərkəzilər hərbi geyim kimi istifadə edilirdi. Onun yaxasında patrondaş olurdu. Adətən kişilər həmişə üzərlərində silahlar gəzdirərdi və bu da geyimi tamamlayırdı.

Həmçinin digər atributlardan biri də kəmər idi. Həm qadınlar, həm də kişilər mütləq kəmərlərdən istifadə edirdi.

Etnoqraf alim Azərbaycanın milli geyimlərinin ümum Qafqaz səviyyəli olduğunu vurğulayıb:

"Yəni bu bölgədə olan geyimlər eyni olub, bəzi kiçik, lokal fərqlər olub. Məsələn, Zaqatala, Şəki zonasının geyim nümunələri Qarabağ geyimlərindən bir qədər fərqlənib. Amma ümumilikdə eynilik təşkil edib.


Tarix boyu Azərbaycan geyimləri həmişə müasirliyə qarşı mühafizəkar olub. Hazırda da bəzi bölgələrimizdə yaşlı qadınların geyimlərinə diqqət edəndə görürük ki, həmin mühafizəkarlıq var, milli geyimlərə aid olan elementlər qorunub saxlanılır.

Hətta indi bəzi modelyerlərin geyimlərinə diqqət edəndə görürük ki, orda milli geyimlərin elementlərindən istifadə olunur. Məsələn qollar büzməli, ətəklərin aşağısı valanlı olur”.

Qeyd edək ki, 2015-ci ildə Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Milli Geyim Gününün təsis edilməsi təklifini irəli sürmüşdü. Bir neçə ay öncə onun bu barədə Mədəniyyət və Turizm Nazirliyinə ünvanlandığı məktubuna artıq cavab verilərək bildirilib ki, təklif qəbul oluna bilər.

"Yeni Müsavat”a danışan Gülnarə Xəlilovanın sözlərinə görə milli geyimləri təkcə bayram və tədbirlərdə deyil, həm də gündəlik həyatda da geyinmək mümkündür:

"Azərbaycan milli geyimi uzunmüddətli və çox mürəkkəb inkişaf yolu keçmiş mənəvi, mədəni və tarixi irsin ayrılmaz hissəsidir. Hazırda bu ənənələri qorumaq lazımdır, eyni zamanda hər modelyerin ona öz xüsusiyyətlərini verməsi alqışlanır, yəni stilizasiya milli geyimimizin gözəlliyini daha parlaq göstərir. Belə geyimi təkcə bayramlarda deyil, həm də gündəlik həyatda geyinmək olar. O demək deyil ki, milli geyimləri olduğu kimi geyinib, daşınmalıdır. Hər bir xalqın tarix boyu formalaşan milli geyim nümunələri var. Bu günümüzə gəlib çıxan daha rahat geyim formaları əlbəttə ki, daha çox istifadə olunacaq. Üzərində milli geyimlərin elementləri, naxışları olan geyimlərdən istifadə etməyin özü də bu ruhu verəcək. Əlbəttə ki, bu bir faktdır ki, milli geyimlərimiz çox zəngin və ağır geyimlərdir. Müasir dövrdə nəqliyyatda, ictimaiyyətdə bu geyimlə gəzmək çətindir. Ona görə də mən hər zaman Milli Geyim Günü olsun deyə təkliflə çıxış edərkən bunu daha rahat şəkildə, düşünülmüş geyim formalarında təqdim edirik. Mənim kolleksiyamda mili geyimlərdən tutmuş müasir, klassik, daha rahat geyimlərin üzərinə milli geyimlərimizin hansısa element, aksesuar, naxış, arxalıq və ya arxalığa bənzər əlavə olunur. Bəli, ən azından bir araqçın qoyub və ya kəlağayı örtməklə, arxalığın müasir təqdimatda işləyib hansısa geyimin üzərində istifadə etməklə milli geyimimizi yaşatmış olaraq. Hər zaman qeyd edirəm ki, mütləqdir ki, hər ailədə milli geyim olsun. Çünki o ailədə doğulan uşaq mütləq buna can atacaq, milli geyimə meyl edəcək.

Milli Geyim Gününü təsis edilməsi isə geyimlərimizin tarixini qoruyub saxlayacaq. Həmçinin bu, ölkədə turizm sənayesinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verə bilər”.

Xalidə Gəray,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300