Главная > Sosial > Hökümət “Heykəl məhbusu” Bayram Məmmədovu fiziki olaraq məhv etmək üçün təzyiqləri artırıb

Hökümət “Heykəl məhbusu” Bayram Məmmədovu fiziki olaraq məhv etmək üçün təzyiqləri artırıb


3-05-2017, 10:12.

Bayram Məmmədov müəssisə rəhbərliyinin pis münasibətinin nəticəsində ağır xəstədir.
Meydan TV-nin verdiyi xəbərə istinadən, hazırda Bayram Məmmədov müəssisə rəhbərliyinin pis münasibətinin nəticəsində ağır xəstədir. O, aprelin 24-də ağır qızdırmalı xəstə olduğunu dəstə rəhbərinə və başqa nəzarətçilərə desə də, buna heç bir reaksiya verilməyib.

Vəkili ilə görüşdə Bayram Məmmədov deyib ki, cəzaçəkmə müəssisəsi rəhbərliyinin ona münasibəti olduqca pisdir. Ona deyilib ki, ulu öndərin heykəlinə qarşı hörmətsizlik etdiyinə görə, burada sənə daim əziyyət verəcəyik. Bayram Məmmədov CÇM-ə yerləşirildiyi gündən ona yatmaq üçün tualetin yanından və daim soyuq havanın oynadığı yerdən veriblər ki, bu da onun dərhal xəstələnməsinə gətirib çıxarıb. Gənc fəal müəssisəsinin rəhbərliyinə dəfələrlə müraciət etsə də, onlar buna heç bir əhəmiyyət verməyiblər. Müvafiq müalicəsiz və dərmansız qalan Bayram Məmmədova deyiblər ki, biz sənə ancaq "Çitramon" və "Aspirin" adlı dərmanlar verə bilərik.

İlkin Rüstəmzadə Bayram Məmmədovun xəstə olduğuna görə, sıra baxşınıa çıxa bilməyəcəyini müəssisə rəhbərliyinə çatdırsa da, Bayramı xəstə vəziyyətdə gəzinti yerinə aparıb əllərini arxadan qandalla bağlayıblar. Bundan sonra onu orada 5-6 saat gözlədiblər. Daha sonra müəssisə əməkdaşları gənc fəalı işləməyə məcbur ediblər. O bildirib ki, bura cəzaçəkmə müəssisəsidir, islah əmək koloniyası deyil, əgər məcburi əməyə cəlb edilirsə, yazılı qərar verilsin ona. Bu sözündən sonra da paltarlarını məcburi soyundurub, onu "karsın" (cərimə kamerası) darısqal, üstü açıq, dörd divardan ibarət gəzinti yerinə salıblar və saatlarla orada saxlayıblar.

Bayram Məmmədov bildirir ki, bu qanunsuz hərəkətlər onun fiziki məhv edilməsinə yönəlib.

Bayram Məmmədovla Qiyas İbrahimov ötən il mayın 10-da həbs olunublar. Onlar Gül bayramı günü Heydər Əliyevin heykəlinə "Qul bayramı” yazıldıqdan sonra saxlanılıblar.

Rüzgar Mövsüm 


Вернуться назад