Azərbaycan Türk aydını Faiq Ələkbərli Qazaxıstanda dini
ayrı seçkilikdən uzaq Türkçülük məfkurəsinin yeni prinsiplərini açıqlayıb.
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının
(BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 26-28 aprel 2017-ci il tarixlərində
Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax
Universitetinin düzənlədiyi Uluslararası Sosial Elmlər Konqresi: Türküstan Forumu
III - "Küreselleşme Sürecinde Türk Dünyasının Geleceği, Fırsatlar ve
Tehditler" adlı elmi konfransda iştirak etmişdir. Beynəlxalq konfransda
Türksoylu ölkələrin (Şimali Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan,
Qazaxıstan, Tatarıstan və b.) alimləri ilə yanaşı, digər dövlətlərin nümayəndələri
də qatılıblar.
Azərbaycan Türk aydını Faiq Ələkbərli məruzəsində bildirdi ki, artıq türkçülük
ya da Türk birliyi məfkurəsini yenidən gözdən keçirməyin zamanıdır. Onun sözlərinə
görə, bunun üçün ilk növbədə, Türk tarixi yenidən dəyərləndirilməli, Türk-Turan
irqinin ortaq tarixi yazılmalı, zorunlu olaraq orta və ali təhsildə yer
almalıdır. Ortaq Türk tarixi qələmə alınarkən də Avropa, ABŞ, Rusiya və digər
xalqlara aid araşdırmaçıların əsərlərinin təsirindən uzaq durulması bir şərt
olmalı, əsasən Türk-Turan qaynaqlarına istinad edilməlidir. Özəlliklə, son iki
yüz ildə Türk tarixinin yadelli araşdırmaçılar tərəfindən saxtalaşdırıl¬ması nəzərə
alınmalıdır. Bu anlamda Türklərin Anadoluya, Suriyaya, İraqa, Azərbaycana gəlmə
olması məsələsi Türk tarix kitablarından qaldırılmalıdır. Çünki türklər bu
torpaqların yerli xalqıdır.
Azərbaycan alimi onu da bildirdi ki, tarixdə Hind, Yunan, Roma, Çin, Alman,
İngilis, Fransız, Ərəb və bşaqa xalqların fəlsəfələri ilə yanaşı, onlardan heç
də az dəyərə malik olmayan Türk fəlsəfəsi də olmuşdur: "Çox yazıqlar olsun ki,
Türk kültürü və Türk sivilizasiyası kimi Türk fəlsəfəsini bu günədək sistemli
hala gətirməyi bacara bilməmişik. Əslində bir ulusun tarixi, kültürü, fəlsəfəsi
bir bütündür, biri o birini tamamlar. Necə ki, yunanlar, çinlililər, hindlilər,
fransızlar, almanlar və başqaları belə etmişlər. Hesab edirik ki, Türk fəlsəfəsinin
ana xəttini Türklük, Tanrıçılıq və İnsanlıq dəyərlərinin vəhdəti, bütünlüyü təşkil
edir. Yəni Türkün fəlsəfəsi Tanrıçılıq və İnsanlıq fəlsəfəsinin vəhdətidir”.
Faiq Ələkbərliyə görə, Türk-Turan sivilizasiyası açısından Türk düşüncəsi olan
Tanrıçılıqla İslamlığın oxşar və fərqli cəhətlərinin dəyərləndirlməsinə də
ciddi ehtiyac vardır: "Çünki bu gün də Türklük və İslamlığın biri-birinə zidd
olması, İslam dininin Türklüyün inkişafında əngəl olması kimi fikirlər
mövcuddur. Bir məqama diqqət yetirək ki, doğrudan da son əsrlərdə Türk mədəniyyəti
daha çox İslam mədəniyyətinin tərkib hissəsi kimi verilmişdir. Biz, bunu heç də
çox doğru görmürük. Hesab edirik ki, Türk mədəniyyətini Buddizm, İudaizm,
Xristianlıq, İslam mədəniyyətləri kölgəsində vermək yanlışdır. Bizim məqsədimiz
Türk fəlsəfəsinin, Türk mədəniyyətinin özünəməxsusluğunu ortaya qoymaq
olmalıdır”.
Azərbaycan türk aydını çıxışında onu da vurğuladı ki, Türk-İslam birliyi adı
altında müsəlman olmayan digər türklərin, yəni xristian türklərin, buddist
türklərin, şamanist türklərin Türk Birliyindən kənarda tutulması da qətiyyən
doğru deyildir. Onun sözlərinə görə, bu anlamda Türk Birliyini yalnız bu və ya
digər formada Avropa, Rusiya, Çin, Ərəb və digər birliklərin yanında görmək
çıxış yolu ola bilməz. Türk birliyi heç bir dini ayrı-seçklik qoyulmadan yalnız
Türk xalqları, Türk dövlətləri arasında gerçəkləşməlidir. F.Ələkbərli dedi ki,
20-ci əsrin sonlarında yeni müstəqil Türk dövlətləri ortaya çıxdıqdan sonra
Türk birliyi ideyasının başında gələn Türkiyə bununn gerçəkləşməsi yolunda
ümidləri doğrultmadı. Buna səbəb də bir tərəfdən Türkiyənin ümmətçilik duyğularından
qopa bilməməsi, digər tərəfdən Qərb mədəniyyətini düzgün dəyərləndirə bilməməsidir.
Azərbaycan aliminə görə, bu anlamda Türk birliyinin gerçəkləşməsi yolunda yeni
missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir: "Bu yolda isə
Əhmət Yəsəvinin dediyi kimi, Türkçülük qədərimiz, din seçimimiz, insanlıq isə vəzifəmizdir.
Mən zərrə qədər şübhə etmirəm ki, yaxın zamanlarda Türk milləti yenindən
dünyada ədalətin, əxlaqın, xoşgörünün bir sözlə insanlığın carçısı olacaqdır!”.(Karabakhmedia.az)
Вернуться назад
|