Главная > Dünya > Əfsanəvi Məhəmməd Əlinin həyat yolu
Əfsanəvi Məhəmməd Əlinin həyat yolu5-06-2016, 15:13. |
Dünya şöhrətli boksçu, 74 yaşında vəfat edən Məhəmməd Əlinin həyat yolundan fraqmentləri Amerikanın səsi radousuna istinadla təqdim edirik. 1942 — Yanvar ayının 17-də Kassius Kley kimi ABŞ-ın Kentuki ştatının Luizvil şəhərində dünyaya göz açıb. 1954 — Velosipedi oğurlanandan sonra boks məşqlərinə başlayır. Növbəti 6 ildə Kley 6 dəfə Kentuki Qızıl Əlcək, 2 dəfə ABŞ Qızıl Əlcək çempionluğunu və 2 dəfə AAU (Həvəskar İdman Birliyi) kubokunu qazanır. 1964 — Fevralın 25-də Kley dövrünün favoriti olan Sonny Listona qarşı döyüşə çıxır. Döyüşdən əvvəl rəqibini "çirkin qoca ayı” adlandıran Kley 7-ci raundun sonunda Listonu nokautla məğlub edərək ağır çəkililər arasında dünya çempionu olur və bu döyüşdən sonra bütün diqqətlər Kleyə yönəlir. O, Listonla döyüşdən sonra özünü "The Greatest” – boks tarixinin ən möhtəşəmi adlandırır və bu ad bir daha unudulmur. Fevralın 26-da Kley İslam İcmasına qoşulur və martın 6-da adını rəsmi olaraq Məhəmməd Əliyə dəyişir. 1966 — Öz dini inancını əsas gətirərək o, hərbi xidmətdən imtina edir və Vyetnam Müharibəsində iştirak etmir. 1967 — ABŞ hökuməti onun statusunu rədd edir və Məhəmməd Əli fərariliyə görə 5 il müddətinə azadlıqdan məhrum edilməklə yanaşı, 10 000 dollar cərimə ödəməli olur. Nyu-York boks assosiasiyası isə onun titullarını əlindən alaraq Məhəmməd Əlinin döyüşlərdə iştirakına 3 illik qadağa tətbiq edir. 1970 — Nyu-York Ali Məhkəməsi onun boks lisenziyasını bərpa olunmasına dair qərar çıxarır. 1971 — Mart ayında Əli ağır çəkililər arasında çempion Frazier-ə qarşı döyüşə çıxır və 15-ci raundda məğlub olur. Həmin ildə Ali Məhkəmə 1967-ci ildə onun barəsində çıxarılan fərarilik ittihamını da Əlinin üzərində götürərək bildirir ki, dini inancına görə, onun ilkin döyüşlərdə iştirakına icazə verilməməli idi. 1974 — Yanvar ayında Əli Frazier-i məğlub edir. Həmin il o, Corc Forman üzərində də qələbə qazanaraq dünya çempionu titulunu bərpa edir. 1975 — Əli yenidən Frazier-lə döyüşür. "The Thrilla in Manila” adı ilə məşhurlaşan bu döyüşdə də Məhəmməd Əli güclü rəqibini məğlub etməyi bacarır. 1978 — Fevral ayında Əli tutilini Leon Spinksə təhvil versə də, 6 ay sonra onun üzərində qələbə qazanaraq dünya çempionu titulunu bərpa edir. 1981 — Trevor Berbikə məğlub olan Əli dekabr ayında 39 yaşında peşəkar boksçu karyerasına son qoyduğunu bəyan edir. Məhəmməd Əli keçirdiyi 56 peşəkar döyüşdən cəmi 5-də məğlub olaraq 37 döyüşü nokautla qazanmaqla tarixə düşür. 1984 — Ona Parkinson xəstəliyi diaqnozu qoyulur. 1996 — Əli Corciya ştatının Atlanta şəhərində keçirilən Yay Olimpiya Oyunlarının məşəlini daşıyır. 1997 — Sports Illustrated Məhəmməd Əlini "Əsrin idmançısı” adına layiq görür. 2005 — O zamanki prezident Corc Buş Məhəmməd Əlini ABŞ-ın ən ali mülki medalı olan Prezidentin Azadlıq Medalı ilə təltif edir. 2009 — Əli prezident Barak Obamanın inaqurasiya mərasiminə qatılır. 2016 — İyun ayının 3-də Arizona ştatının Feniks şəhərində vəfat edir. 3 dəfə evli olan Məhəmməd Əlinin 9 övladı olub. Вернуться назад |