Главная > Müsahibə > Mehman Cavadoğlu HARALARDADI…

Mehman Cavadoğlu HARALARDADI…


6-07-2022, 13:47.

            Mehman Cavadoğlu HARALARDADI…

Modern.az saytında "...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Əməkdaşımız bu dəfə tanınmış jurnalist, Müsavat başqanının keçmiş müavini Mehman Cavadoğlunun haralarda olduğunu öyrənməyə çalışıb.

Bir vaxtlar "Sovet kəndi", "Müxalifət", "Həyat”, "Azərbaycan”, "Rezonans” qəzetlərində rəhbər postlarda çalışmış gənc, enerjili Mehman Cavadoğlu artıq 67 yaşına çatıb. O, indi nə aktiv jurnalistika ilə, nə də fəal siyasətlə məşğuldur.

Mehman Cavadoğlu 1955-ci il dekabrın 11-də İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olub. Orta təhsili İsmayıllı şəhərindəki 1 saylı məktəbdə başa vurub. 1977-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Jurnalistikaya 1978-ci ildə "Sovet kəndi" qəzetindəmüxbirliklə başlayıb, 1988-ci ilə kimi burada çalışan M.Cavadoğlu şöbə müdiri vəzifəsinə yüksəlib.

1988-ci ildən Azərbaycan Xalq Hərəkatına qoşulub. 1989-cu ildən -Azərbaycan Xalq Cəbhəsi(AXC) yaranan vaxtdan onun üzvü olub. Həmin il AXC-nin xüsusi bülletenlərinin,1990-cı il 20 yanvar hadisələrindənsonra qeyri-leqal şəkildə nəşr olunan "FV-ÇP" qəzetinin yayılmasında iştirak edib.

1991–1992-ci illərdə"Müxalifət" qəzetininr edaktoru olub.

1991-ci ildə AXC Ali Məclisinin üzvü seçilib. 1992-ci ildə Ali Sovetin orqanı olan"Həyat" qəzetininbaş redaktoru təyin edilib. Həmin ilin sentyabrında "Həyat" qəzetinin bazasında 1918–1920-ci illərdəAzərbaycan Xalq Cümhuriyyətininrəsmi orqanı olmuş "Azərbaycan" qəzetininbərpa prosesinə rəhbərlik edib və 1993-cü ilin iyun ayına kimi həmin qəzetin baş redaktoru işləyib.

1993-cü ilin avqust ayında Müsavat Partiyasına üzv olub. Həmin ilin sentyabr ayında partiyanın Divan üzvü və Mətbuat və informasiya məsələləri üzrə katibi seçilib.

1996–1998-ci illərdə müstəqil "Rezonans" qəzetinin baş redaktoru işləyib.

2001-ci ildə Müsavat Partiyasının 6-cı qurultayında partiya idarəçiliyində həyata keçirilən struktur dəyişikliyindən sonra Müsavat başqanının müavini təyin olunub.

Jurnalist fəaliyyətinə görə "Qızıl qələm" və "Müstəqillik dövrünün jurnalisti" mükafatlarını alıb, rəhbərlik etdiyi "Rezonans" qəzeti və Müsavat Partiyasının mətbuat xidməti isə Yeni Nəsil Jurnalistlər Birliyinin "Media açarı" mükafatına layiq görülüb.

2015-ci ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatına üzv olsa da, sonra yenidən Müsavat Partiyasının sıralarına qayıdıb.

2019-un yanvarında Mehman Cavadogluna ağır itki üz verib. Vaxtilə bir yerdə işləyərkən sevib ailə qurduğu həyat yoldaşı Lətafət xanımı itirib.

Bəs uzun müddətdir ortalıqda görünməyən Mehman bəy hazırda nə işlə məşğuldur?

O, bu haqda qısaca olaraq Modern.az-a danışıb:

- Vətəndəyəm, Bakıda yaşayıram. Hazırda "Ədalət” qəzetilə əməkdaşlıq edirəm,məqalələr yazıram, arada tərcümələr də edirəm.


- Səhhətiniz necədir?


- Belə də, bu yaşda necə olar - bir gün belə, bir gün elə.


- Musavat Partiyasında hansısa statusla qalırsınızmı?


- Sıravi partiya üzvü kimi qalıram.

- İctimai-siyasi prosesləri izləyirsiz?


- İctimai-siyasi proseslərdə iştirak etmirəm. Ancaq izləyirəm.


- Köhnə dostlar sizi axtarıb-arayırmı?


- Tədbirdən-tədbirə, ad günündən-ad gününə daha çox zəngləşirik. Bəziləri ilə arada görüşüb çay içirik.


- Bu yaxınlarda pensiya yaşına çatmış keçmiş başqanınız İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Bu onun narazılığına səbəb olub və məhkəməyə müraciət edib. Siz də artıq 67 yaşındasınız. Sirr deyilsə, sizə hansı məbləğdə təqaüd kəsilib?


- Təxminən elə həmən müavinəti kəsiblər. Qocalığa görə pensiya alıram.

Mehman Cavadoğlunun sözlərinə görə, yaşlanmaqreallıqdır, bundan qaçmaq olmaz:

"İnsan buna daxilən hazır olanda normal qarşılayır. Daxilən hazır olmayan müəyyən adamlar ömrün getməsindən qorxur. Ömür getməlidir. Bəzi insanlar 60-65 yaşının olacağını fikirləşəndə vahiməyə düşürlər. Amma həmin yaşa çatanda görürsən ki, bu da həyatın normal bir hissəsidir və soyuqqanlı olursan”.

Qocaman jurnalist deyir ki, bugünkü jurnalistika 30 il öncə ilə müqayisədə yerlə göy qədər fərqlənir:

""Azərbaycan” qəzetinin baş redaktoru olduğum illərdə həmin qəzetdə hakimiyyətin yüksək eşalonunda təmsil olunan adamlar - prezident də, parlamentin sədri də, baş nazir də və digər nazirlər də tənqid olunurdu. Bugünkü jurnalistikada o cür tənqidi çıraqla da axtarsanız tapa bilməzsiniz. Biz eyni kursun adamları idik. Əlbəttə, nöqsanlar olanda tənqid edirdik. Rəsmi qəzet tənqidçi jurnalistika yolunda idi. Eyni zamanda hakimiyyətin tərəfdarı idi”.



A.Qorxmaz

Turqay Musayev

 


Вернуться назад