Главная > Islam > Quran və möminin gündəliyi
Quran və möminin gündəliyi11-03-2019, 08:57. |
Quran və möminin gündəliyi(1-ci hissə) Mərhəmətli, rəhmli Allahın adı ilə! Qurani-Kərim bir insanın ömür boyu ehtiyac duyduğu bütün sahələri təmin etmiş, həyat tərzindəki bütün problemləri ən mükəmməl şəkildə aradan qaldırmış İlahi kitabdır. Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. (Bəqərə-2) Hidayət üçün hər sahəni işıqlandıran bu kitab "uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!" (Yusuf-111) "Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!" (Nəhl-89) Mömin olan hər kəs öz həyat tərzini Quranın təlimatına əsasən tənzimləməlidir. Səhər oyandığı vaxtdan, axşam yatana qədər bütün düşüncəsini, danışığını və etdiyi hər işi Quranla yaraşdırmalıdır: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (Ənam-162) Bəzi şəxslər Dini ayinlərin yerinə yetirilməsi üçün xüsusi vaxt ayırarlar. Belə olduqda onların həyatı ikiyə bölünər: İbadət vaxtı və qeyri ibadət vaxtı. Belə şəxslər Allahı və axirəti məhz namaz qıldıqda, oruc tutduqda və digər ibadətləri yerinə yetirərkən xatırlayar və günün digər vaxlarını isə dünyəvi işlərə sərf edərlər. Belə insanlar Quran əxlaqından uzaq olduqlarını bilməlidirlər. Quran əxlaqını özləri üçün qanun sayanlar fərqli bir həyat sürər. Müqəddəratın Allah əlində olduğuna inanıb Ona təslim olar, Ona güvənər və heç vaxt qərarsızlıq yaşamaz. Hər hansı bir çətinliklə qarşılaşdıqda ümidsiz olmaz, Ona təvəkkül edər və çətinlikdən qurtarmaq üçün Allahın tövsiyə etdiyi və bəyəndiyi yollarla əlindən gələni edər. Evdə, bayırda, məktəbdə, iş yerində, idman edərkən, söhbət edərkən, ticarətlə məşğul olduqda, televiziya izləyərkən və gündəlik həyatında etdiyi hər işdə məsuliyyət daşıdığını dərk etməli, Allahın razı olacağı şəkildə addım atmalı və bir sözlə diqqətli olmalıdır ki, ən gözəl biçimli həyat yaşasın. "Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)" (Nəhl-97) Quran əxlaqına müvafiq yaşamaq insana mükəmməl dünyagörüşü, haqqı batildən ayırd etmək qabiliyyəti qazandırar. Bu qabiliyyətə sahib olunca insan nəinki çətinliklər qarşısında sarsılmaz, həm də digər insanlardan fərqlənər və onlar üçün örnəyə çevrilər. Bu məqalədə insanların gündəlik qarşılaşdığı hadisələrə və etdiyi işlərə Quran təlimlərinə əsasən həyat tərzi tənzimləyən insanların gözündən baxılacaq. Belə bir yaşam tərzi reallaşarsa elə bu dünyada cənnəti yaşamış olarıq (cənnəti dadmış olarıq) və cənnətin nə olduğunu dərk etmiş olarıq. Bəli, Quran təlimlərini yaşamaq və yaşatmaqla bu dünyanı cənnətə çevirmək (bənzətmək) mümkündür. Səhər oyanarkən Mömin səhər oyandığı ilk andan etibarən gün ərzində qarşılaşdığı və yaşadığı hər olayda Allahın Quranda ifadə etdiyi "Aəyələr-Əlamətlər" olduğunu bilir. Əlamətlər, Quranda Allahın varlığının, birliyinin və sifətlərinin dəlilləri olan olaylar və varlıqlar anlamında işlənir. "İman vəsilələri" də bu anlamdadır. Yəni iman gətirməyə və imanın artmasını vəsilə (vasitə) olan olaylar. "Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir- birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır." (Ali-İmran-190) Iman sahibi və Quran əxlaqını mənimsəmiş hər kəs üçün hər yeni gün Allahın varlığının dəlilləri ilə doludur. Allahın insanlara bəxş etdiyi nemətlər və üzərində düşünüləsi lazım olan ayələrdən biri də hər gün gözləri açaraq yeni günə başlıamaqdır. Belə ki, insan bütün gecə boyunca yatar və yuxuda keçirdiyi uzun saatlardan təkcə 4-5 saniyəlik röyaları xatırlayar. Bədəni və ruhu bir-birindən ayrılmış və yatdığını düşünən şəxs əslində bir növ ölüdür. "Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!" (Zumər-42) "Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss- həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin..." (Ənam-60) Hər dəfə yeni gün üçün oyanmaq, ötən gündəki kimi qüsursuz görmə və eşitmə qabiliyyətinə malik olmaq fərqinə varılası və düşünülməsi vacib olan möcüzəvi əlamətlərdəndir."(Ya Rəsulum!) De: "Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər." (Ənam-46) Yatmaq üçün yatağına uzanan şəxs, sabah yenə bu nemətlərə sahib olacağına əmin ola bilməz. Günə yeni başlayan mömin bunları düşünər və bu üzdən əllərini Allah dərgahına uzadıb səmimi bir dua (Allaha həmd-səna edər) ilə yeni günə başlayar. Gün ərzində hər an Allahın nəzarətində olduğunun fərqinə varar və Onun razılığını əldə etməyə çalışar. Allaha bağlılığına görə Onun qanunlarını icra edər və dini-çərçivəli həyat tərzi qurar. Şübhəsiz yuxunu istirahət vasitəsi qərar verən Odur. Bu gerçəkləri qavraya bilənlər günə başladıqları andan etibarən Allahın insana yaxınlığını hiss edər və bu bənzərsiz nemətlərə sahib olmanın sevincini yaşayarlar. Dindən uzaq yaşayan və sözü gedən gerçəyi düşünməyən insanlar isə sahib olduğu nem'ətlərin heç bir zaman fərqinə varmaz və möminlərin yaşadığı sevinci yaşamazlar. Onlar hər gün eyni işləri görməyin üzüntüsünü yaşayarlar. Yaşadıqları günün bəlkə də Allahın onlara verdiyi son gün olduğunun fərqinə varmayanlar, sadəcə daha çox pul qazanmaq, daha yaxşı yaşamaq, məhz insanlar tərəfindən tərifə və təltifə layiqlik qazanmaq (bəyənilmək) arzusu ilə günə daha həris və tələskən şəkildə başlayarlar. "İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)." (Ənbiya-1) Təmizlik edərkən Gün ərzində təmizlik edən mömin Allahın ona bəxş etdiyi təmizlik vəsaitinə görə şükür edər. Bnu da qeyd etmək lazımdır ki, nemətlərin yaradılışında olan sirrləri dərk etmək və ondan dolayı nemət sahibinə şükür etmək qabiliyyətinə malik olmaq möminlərə verilmiş bir məxsusiyyətdir. Allahın təmizliyi və təmizkarı sevdiyini bildiyi üçün etdiyi təmizlikləri ibadət hesab edir və Allahın bu əmrlərini yerinə yetirmiş olur: "Libasını təmizlə! Pis şeylərdən uzaqlaş!" (Muddəssir-4-5) "O vaxt Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı." (Ənfal-11). Su insan bədəninin və əşyalarının təmizlənməsi üçün ən təməl maddədir. Su səbəbindən bədəndə və ruhda rahatlıq hissi yaşanır və yağışdan sonrakı təravət və sərinlik də suyun havanı təmizləməsindən qaynaqlanır. Daim təmiz olmağı Allah bəyənir və Cənnətdəki insanların əlamətlərindəndir. (Tur-24; Bəqərə-25; Ali-İmran-15; Nisa-57 ) Möminlər təmizliyi baxımından da dünyanı Cənnətə bənzədər və Allahın cənnətdəki insanlara vəd etdiyi hər şeyi dünyada da mümkün olduğu qədər yaşamağa çalışarlar. Bəzi insanlar məhz ictimaiyyətdə olduğu vaxt təmiz və səliqəli olar. Evdə olduqları (yaxud tək olduqları) müddətdə təmizliyə qarşı diqqətsizlik edərlər. Onlar bilməlidirlər ki, təmizlik Allahın bəndədən istədiyi keyfiyyətdir. Harada və necə olmasına baxmayaraq bu kieyfiyyət qorunub saxlanmalıdır. Allah insanları ən gözəl və ən təmiz olmalarını əmr etmişdir. Yemək, paltar, ev və ətrafında olan hər şeyin təmiz və səliqəli olmasına təşviq etmişdir. "Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin..." (Bəqərə-168), "(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: "Bütün pak nemətlər sizə halal buyurulmuşdur..." (Miadə-4), (Əraf- 157; Bəqərə-125; Kəhf-19; Məryəm-13) Cahiliyyət dövründəki insanlar öz istəkləri ilə yaratdıqları yaşam tərzi onları rahatsız və xəstə edərkən, müsəlmanlar Quranın göstərişlərinə əsasən axirətdən öncə dünyada da çox gözəl bir həyat yaşayarlar. Qısaca olaraq mömin, Quran əxlaqına əsasən başqaları üçün deyil, Allahın bəyəndiyi və əmr etdiyi üçün təmizkar və səliqəli olar, olduğu hər yeri təmiz saxlamaqla başqalarının rahatlığına zəmin yaradar həm də bundan zövq alar. Libas geyinərkən Mömin gün ərzində geyəcəyi paltarları müəyyənləşdirər. Bütün insanlara geyim bəxş olunur. Amma məhz möminlər bunu Allahın lütfü olaraq görər və buna görə Allaha şükür edərlər. Yun, pambuq və ipəyin qaynağı canlılardır. Gündəlik geyindiyimiz paltarların çoxu bitki və heyvanlardan əldə edilməkdədir. Başqa sözlə desək, insanın geyimi üçün yaradılış aləmində onlarla canlı çalışmaqdadır. Bəzi insanlar belə məsələlərə fikir verməzlər. Qəflət içində olduqlarından dəyərini və əhəmiyyətini anlamazlar. İnsan bədəninin soyuqdan və istidən qorunması, habelə digər şəraitdə digər qorunmalar olduqca önəmlidir. Eyni zamanda insan bədəninin örtülməsi də geyimlə mümkündür. "Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız." (Əraf-26) Məlum məsələdir ki, insanın vazkeçilməz ehtiyaclarından sayılan geyim də Allahın ona verdiyi nemətlərdəndir. Ona görə də mömin paltar geyinərkən diqqətlidir və bu qiqqət Alahın nemətini necə qiymətləndirəcəyinin göstəricisidir. Paltar alarkən nə isrfçılıq nə də xəsislik edərlər. (Furqan-67). Paltarı təmiz (və pak), səliqəli saxlamaq da diqqət yetiriləsi məsələlərdəndir. (Muddəssir-4-5) Əraf surəsinin 26-cə ayəsindəki "bəzəkli libas" ifadəsi diqqət çəkməkdədir. Bəzək dedikdə, (möminin paltarları içərisində) ən yaxşı paltar nəzərdə tutula bilər. Libasa aid ayələrdən, Həcc-23, Duxan-53, İnsan- 21, Kəhf-30-31 və... bunları misal çəkmək olar. Qeyd olunan ayələr əsasən cənnət əhlinin paltarlarıdır və ipək paltar dünyada kişi üçün haram sayılır. geyimlərin xarici görünüşü möminləri düşündürən digər önəmli məsələdir. Mömin insanları Qurana dəvət edərkən üst-başına daha çox önəm verməli, mümkün olduğu qədər gözəl və təmiz olmalıdır. Səhər yeməyi yeyərkən Səhər çağı, səhər yeməyi yemək məqsədilə mətbəxə gedib yemək hazırlamaq üçün od yandıran mömin "od"-un da nemət olduğunu unutmaz. "Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!" (Casiyə-13) Cəhənnəmdə yaşanacaq şiddətli odu təsəvvürü mömin üçün elə səhər çağı hasil olur. (Zariat-13; Muminun- 104; Fəth-13) Beləliklə, onun imanı çoxalar və cəhənnəm xofu onu gün ərzində günah etməkdən çəkindirər. Səhər yeməyi süfrəsindəki nemətlər (Çorək, bal, süd, zeytun, yumurta və...) də həmişə möminin diqqət mərkəzindədir. (Nəhl-68-69) "Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. (Bəzilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tükündən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz!" (Muminun-21) "Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr)." (Nəhl- 66) "Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin..." (Ənam-141) İnsanın adətən səhər çağı yediyi heyvanlardan və bitkilərdən qaynaqlanan hər bir nemətin faydaları haqqında ətraflı yazmaq istəmirik. Məhz bunu qeyd edirik ki, yediyinə görə şükür etsə Allah nemətləri verməkdə davam edəcək. "Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam..." (İbrahim- 7) İnsanın yemək yeyə bilməsi üçün (ağızı, dili, dişləri, çənə sümüyü və həzm sistemi və ... eləcə də hər üzvün fəailiyyət dairəsi-funksiyası) lazım olan bədən üzvləri də unudulmamalıdır. Bütün bunlar Allahın nemətidir. "O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir." (Furqan-2) "Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz (pak) nemətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır." (Mumin-64) "Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər? " (Yasın-33-35) "Məgər Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?! Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də. Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi?" (Yasın-71-73) Mömin bəndə bunların (nemətlərin) Allahın əmanəti olduğunu dərk etməklə yanaşı daim şükür edər və onlardan düzgün şəkildə istifadə edər. Yol gedərkən Səhər yeməyindən sonra insanlar adətən evdən çıxıb iş yerlərinə, məktəbə (və sair) getmək məcburiyyətində qalırlar. İnsanların çoxu gündüz uzun-uzadı davam edən (dünyəvi) işləri vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur). (Muzz'mmil-7) "Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan ötrü) həyat (iş, fəaliyyət vaxtı) yaradan Odur." (Furqan-47) Çoxunun "dünyəvi" adlandırdığı işlər adətən gündüz yerinə yetirilir. Mömin qarşıdakı hər günü, Allahın razılığıni və cənnətini qazanmaq üçün yeni bir fürsət sayır. İşləri nə qədər çox olursa olsun, əsla Allahı unutmur. "..."Ey Rəbbim! Mənə mənim özümə və ata- anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!” (Nəml-19) Hz. Süleyman peyğəmbərin bu duasından yararlanar. Üzərində rahatca yeridiyi yeri və yuxarı baxdıqda göyü və yerlə göy arasında olanların hamısını Allahın əlamətlərindən sayar. Hikmət gözüylə baxan möminlər ətrafdakı gözəlliklərə qarşı laqeyd və etinasız olmurlar. Evdən çıxarkən İlahi əlamətlərə qarşı etinasız davranmırlar və təkəbbür və riyakarlıqla addım atmırlar. "Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get)..." (Loğman-19) Təvazökar möminlər bütün nemətlərin Allah tərəfindən olduğunu dərk etdikləri üçün daha diqqətli olmağa çalışarlar. Amma Quran ədəbiyyatından xəbərsizlər qeyd etdiyimiz nemətlərin qaynağını bilmədən özlərinin malik olduqlarını düşünərək addım atarlar. Bu üzdən bəzən təkəbbürlə bəzən də riyakarca davranarlar. Daim insanlara yuxarıdan aşağı baxanlar, bu düşüncələrini yerişlərində də əks etdirərlər. "Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!" (Loğman-18) "Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən" (İsra-37) Quran əxlaqına uyğun şəkildə yaşayanlar ətrafda olan insanları və digər yaradılmışları Qurana əsasən dəyərləndirər. Gün ərzində qısa məsafələri qət etmək üçün yerimək mümkündür. Amma uzaq məsafələri yeriməklə qət etmək mümkünsüzdür (yaxud çox çətindir). Allah bəndələrin bu problemlərini də nəzərə alıb onlar üçün müxtəlif nəqliyyat vasitəsi yaratmışdır. "Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır." (Nəhl-7-8) "Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı." (Zuxruf-12) "(Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!" (Həcc-65) İnsanlar da Allahın yardımı ilə özləri üçün avtomobil, avtobus, qatar, təyyarə, gəmi və s nəqliyyat vasitələri düzəldirlər. "Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: "Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı." (Zuxruf-13) Mömin üçün nəqliyyat vasitəsi Allaha şükr etmək üçün əsas səbələrdəndir. Dünyadakı yaşadığı hər anı Quran əxlaqı ilə bəzəyən mömin yol gedərkən belə mənasız düşüncələrin zehnini işğal etməsinə izin verməz. İş yerində Mömin digər insanlardan fərqli olaraq işinin ağır olmasına baxmayaraq əsla Allahın zikrindən yayınmaz. "Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: "Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Cumuə-11) Maddi qazanc əldə etmək mömini heç vaxt dini ayinləri yerinə yetirməkdən saxlamaz. "O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz..." (Nur-37) Adi insanlar ömürlərini daha çox pul qazanmaq, daha göclü olmaq və malik olduqlarını daha artıq qorumağa həsr etdikləri bir vaxtda mömin, əldə etdiyi nemətlərə (ruziyə) görə şükür edər və qazancı az olsa belə heç vaxt nankorluq etməz. Dünyaya gözəl həyatla başlaya bilmək, varlı olmaq, müxtəlif mənsəb və məqamlara ucalmaq, ictimaiyyətdə fərqli bir yerdə olmaq, ailə qurub öyünə biləcək (fəxr edəcək) uşaqlara sahib olmaq və sair istəklər (arzular) cahil insanların sonsuz axirət həyatına tərcih etdikləridir. Əlbəttə bütün bunlar Allahın razılığı üçün və amacı axirət olanlar üçün ibadət hesab olunur. Möminlər də eyni istəklərə nail olmaq istəyərlər. Amma onları cahillərdən ayıran bütün işlərini Allah xatirinə etdikləri və Allahın göstərişinə uygun xərcləmələridir. "(Ya Rəsulum!) De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!" (Tovbə-24) Bu üzdən möminlər ticarət edərkən daha diqqətlidirlər. "Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin (adamların mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə isə, onu da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin!" (Hud-85) "Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!" (İsra-35) "Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)" (Ərrəhman-9) Allah Quranda ticarətin keyfiyyətini izah etmişdir. "...Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir..." (Bəqərə-275) Öz ayıq-sayığlığı ilə fərqlənən mömin sələmi deyil, ticarəti üstün tütar və ticarətin qayda-qanunlarına diqqətlə əməl edərək daha faydalı və halal ruzi qazanmağa çalışar. Alver edərkən Günümüzdə bir çox insanlar üçün ticarət önəmli bir məşğuliyyət və qazanc mənbəyidir. Alver etmək eyni zamanda zövqlü bir işdir. Diqqət yetirilməsi vacib məsələ bundan ibarətdir ki, alver edərkən axirət unudulmamalı, dünyəvi hərisliklə həyata keçməməlidir. Bütün düşüncəsi, planları və vaxtını alverə xərcləməməlidir. Ehtiyacı təmin edəcək həddə ticarətlə məşğul olmalıdır. "Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!" (Kəhf-28) Mömin imkansız insanları nəzərə alaraq (maddi imkanı yetsə də) bəzi şeyləri almaz (məs: 5 manatlıq paltarla həyatını davam etdirə bilirsə 10 manatlıq paltar almaz). "Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!" (Zumər-52) Möminlər alveri Allaha xatir edər, daim şükür edər və bunun bir imtahan olduğunu dərk edərlər. Amma cahillər, "İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!”–deyər. Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər." (Fəcr-15-16) şükür etməz, istəklərini nizama salmaz, daim "ilin modası"-na əsasən geyinər, paltarının ölçüsünə və rənginə görə digər insanları cəzb etməyə çalışar, sahib olduqları nemətlərin şükrünü etməzlər. (Nəml-73). Möminlər Quran əxlaqından faydalanaraq israfdan da uzaq olarlar. "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (Əraf-31) "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar." (Furqan-67) İbadət edərkən Allah insanı Ona ibadət etməsi üçün yaratmışdır. "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (Zatiyat-56) Bu üzdən mömin ibadət etməyi hər şeydən üstün tutar. Gündəlik həyatında ibadət üçün xüsusi vaxtlar ayırar. Vaxtının çoxunu daha çox ibadət etmək və daha çox yaxşı işlər görməyə sərf edər. Ona verilən hər saniyəni Allahın razılığını qazanmaq üçün xərcləyər. "Elə ki azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)" (İnşirah-7) Allah da onları bu işlərində dəstəkləyər. "Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!" (Məryəm-76) Çünki, onlar "yalnız Ona ibadət edər və Onun ibadətinə səbirli olarlar" (Məryəm-65) Cahil insanlar isə bu barədə əsla düşünməz və axirətin varlığında şək-şübhə edərlər. "...Həqiqətən, onların gördükləri iş necə də pisdir!" (Tovbə-9) Möminlər gün ərzində daim Allahı yad edər və Ondan heç vaxt qafil olmaz. "Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar." (İsra-19) "...Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şəninə təriflər deyib şükür et!” (Ali-İmran-41) "Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!" (Əraf-205) Gününü Allahı yad etməklə keçirən möminlər özlərini daim dinc və xöşbəxt hiss edərlər. Çünki, "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!" (Rəd-28) Möminin yeganə məqsədi dünyada və axirətdə səadətə qovuşmaqdır. Ona gorə də "Camaat nə deyər?!" və buna bənzər suallar onu heç vaxt öz hədəfindən döndərməz. Allah da onlara kömək edər. "Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Tovbə-71) Gecə yatarkən Gecənin yaradılışında düşünən bütün insanlar üçün "Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar." (Yasın-37) Dəlillərdən biri günəşin yavaş-yavaş batmasıyla havanın qaralmasıdır. Tədricən həyata keçən gecə-gündüz can lıların yaşamasını asanlaşdırır. Quranın mətni üzərində düşünən möminlər bu üzdən Allahı, rəhm edələrin ən rəhmlisi kimi tanıyar və tanıtarlar. (Yusuf-92) "De: "Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, (haqq olan) Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər (öyüd-nəsihət) eşitmirsinizmi?” De: "Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, (haqq olan) Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər (gecə ilə gündüzün bir-birinin əvəz etməsinin Allahdan sizə bir lütf olmasını) görmürsünüzmü?” Allahın əlamətlərindən və nemətlərindən sayılan gecə-gündüz həmişə möminin diqqət mərkəzindədir. Bu nemətlərə görə daim şükür edərlər. "(Allah) öz mərhəmətindən dolayı sizi üçün gecəni (qaranlıq) və gündüzü (işıq) yaratdı ki, (gecəni) dincələsiniz, (gündüzü isə) Onun lütfündən ruzi diləyib axtarasınız. Bəlkə, (bu nemətə görə Allaha) şükür edəsiniz!" (Yusuf-73) Ona görə də Allah onları "ağıl sahibləri" sayır. (Ali-İmran-190; Yunus-6; Bəqərə- 164) Gecə ilə gündüzün bir-birini əvəz etməsi olduqca böyük nemətdir. "Gecəni dincəlməyiniz üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün) işıqlı edən Odur..." (Yunus-67) "Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi qazanmağınız, əlləşib vuruşmağınız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır, lakin insanların çoxu (Onun lütfünə) şükür etməz!" (Mumin- 61) Dinlənməkdən əlavə gecənin səssizliyini və durğunluğunu fürsət sayıb ibadət etmək üçün ən əlverişli zaman olduğunu da qeyd etmək olar. "Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir! Çünki gündüz sənin uzun- uzadı davam edən (dünyəvi) işlərin vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur)." (Muzzəmmil-6-7) Bu üzdən mömin bütün gecəni yatmaqla keçirməz. "Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər." (Furqan-64) "Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər." (Səcdə- 16) "Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (Zumər-9) Möminlər bu işdə Hz. Peyğəmbəri (s) nümunə sayırlar. (Muzzəmmil- 20) Bunu da qeyd etmək lazımdır ki, yuxu da ölüm kimi bir şeydir. (Yuxu və ölüm qardaşdırlar). Allah istəməzsə insan yuxudan oyanmaz. Bu üzdən, mömin yatmazdan öncə son dəqiqələrini yaşayırmış kimi davranar, tövbə, dua, istiğfar diləməklə yuxuya gedər. (Zumər-42) (2-ci hissə)Mərhəmətli, rəhmli Allahın adı ilə! Ailəsi və yaxınları ilə: Mömin hər bir mühitdə Quran əxlaqına əsasən rəftar edər. Dünyaya göz açdıqda ilk olaraq ana və atasını görər. Valideyn övladını böyütmək üçün çoxlu əziyyətlərə qatlaşar. Bununla belə övladını böyütməyi və onun tərbiyəsi ilə məşğul olmağı zövqlə həyata keçirərlər. Ana və atanı yaradan, onlara uşağa qarşı mərhəmət hissi verən Allahdır. "Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) "Mənə və ata-anana şükür et…" (Loğman-14). Mömin daima "ata-anaya yaxşılıq edin" (Ənam-151) əmrinə əməl etməkdədir. "Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et" (Əhqaf-15) "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (İsra-23). Bütün bunlar möminin Quran əxlaqına uygun baxışlarıdır. Əlbəttə valideyn övladı doğru yoldan sapdırmaq istərsə, belə bir məqamda ona itaət etmək vacib deyil. Amma yenə də onu acılamaq düzgün deyil. Xüsusi bir üslubla onları doğru yola dəvət etmək də olar. Bu sahədə Hz. İbrahimin (ə) əhvalatı örnək sayıla bilər: "Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir (sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur! Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə Şeytana yoldaş olasan!” (Məryəm-43-45) Digər tərəfdən bəzi insanlar valideynlərinin gücdən düşdüyü və yardıma ehtiyacı olan bir vaxtda onlardan üz çevirərlər. Bu üzdən maddi və mənəvi çətinliyi olan, tərk edilən və tək başına yaşayan çoxlu yaşlıları görürük. Bütün bunların səbəbi isə Quranın göstərişlərinə əməl olunmamasıdır. Quran əxlaqı ilə yaşam tərzi quran ailədə daim sevinc hissi hakim olar. Nemətlərlə üzləşərkən:Ətrafına hikmətlə baxan möminlər gördükləri hər şeyin bir nemət olduğunu anlayarlar. Aldıqları təmiz havadan tutmuş göydəki ulduzlara qədər hər nəyi onlara xidmət etmək üçün yaradılmasını dərk edərlər. Çox gözəl bilirlər ki, Allahın onlara bəxş etdiyi nemətləri nə saya nə də şükrünü əda edə bilməzlər. (Nəhl-18) Mömin şəriət qanunları çərçivəsində bütün nemətlərdən yararlanmağa çalışar. Madii durumu yaxşılaşdıqca şəriət qanunlarına daha diqqətli olar. Çünki, bu nemətlərin Allah tərəfindən verildiyini və O istədiyi vaxt verdiyi nemətləri ala biləcək iqtidariyyətində olduğunu bilir. Mömin dərk edir ki, nemətlərin içində nisbətən uzun ömürlü olan "ev" onunla yalnız 60-70 il yoldaşlıq edə bilər. Bu üzdən ev və digər nemətlər onun üçün yalnız Allah rızası üçün vasitə rolunu oynayır. "Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı qalacaqsan! Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Sənin şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə zülm etmə! Dilənçini də (qapıdan) qovma! Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!" (Zuha-5-11) "...Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!” (Əraf-69) Bəzi insanlar şükür etmək üçün onlara xüsusi və böyük nemət verilməsini gözləyər. Halbuki, azca diqqət etsələr, insan hər anını nemət içində keçirdiyini görərlər. Nemətə sahib olduqları vaxt şükür etməyənlər əllərindən çıxandan sonra onun qədrini (dəyərini) bilərlər. "...Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam..." (İbrahim-7) Möminlər bütün nemətlərin həm də imtahan üçün verildildiyini yaxşı bilirlər. Ona görə də infaq etməməkləri mümkünsüzdür. "Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır). Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni və (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı!) Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar." (Məaric-15-21) Bu ayədə "...(Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: "Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz." (Bəqərə-219) Allah infaq etməsini əmr edir. Var-dövlətini Allah yolunda və xeyirli işlərə xərcləmək möminin xüsusiyyətlərindəndir. Nemətləri Allah yolunda infaq etmək də bir növ şükür hesab olunur. Əslində Quran əxlaqı ilə yaşayan cəmiyyət arasında yoxsul fərd tapılmamalıdır. (Tovbə-111) Mənfi (xoşagəlməz) hadisələrlə qarşılaşarkən: Hər bir insan gün ərzində müxtəlif çətinliklərlə qarşılaşar. Möminlər qarşılaşdığı nə olursa olsun Allaha təslim olarlar. "Allah bizi imtahan edir" deyə düşünər və Ona təvəkkül edərlər. Belə olduğu təqdirdə çətinliklərə dözümlülükləri artar. "De: "Allahın bizim üçün (lövhi- məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!" (Tovbə-51) Qarşılaşdığı və yaşadığı hər hansı bir hadisənin mütləq dünya yaxud axirəti üçün xeyirli olduğunu düşünən mömin, daha diqqətli addım atar və sarsılmazlığı ilə fərqlənər. Başına gəldiyi (zahirən) xoşagəlməz hadisələrdən şikayətlənməz. Hər çətinlikdən sonra bir xeyir olduğuna inanan mömin işlərinin asanlaşması üçün Allaha xeyli yalvar-yaxar edər. Bunları düşünən kəs, nə ilə qarşılaşarsa qarşılaşsın, əsla ümidsiz olmaz. "...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz." (Bəqərə-216) "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər." (Bəqərə-155-156) Cahiliyyət əxlaqına sahib bir insan uşaqlıqdan etibarən sanki yaxşı bir iş sahibi olmaq üçün yetişdirilmişlər. Əllərindəki işi itirmək, onlara həyatlarının alt-üst olması kimi gələr. Mömin isə ona ruzi verənin yalnız Allah olduğunu bilir. Başqa sözlə, iş mömin üçün sadəcə bir vasitədir. Ona görə də işdən çıxarılma kimi xoşagəlməz hadisə möminin səbrinə və təvəkkülünə xələl gətirməz. "İş" sadəcə bir misaldır. Digər sahələrdə də eynilə işdə olduğu kimi hərəkət edər. Mal, əmlak, əşya, övlad, (yaxın qohumlar) və malik olduğu bütün nemətlərin bir anda əlindən çıxması və bunun üçün kədərlənməyən yeganə şəxs, mömindir. Qurana bağlı olmayan heç kimsə bunlara dözə bilməz. Mömin Allahın razı ola biləcəyi tərzdə davranmağa can atar, dua edər və səmimi bir şəkildə Allaha üz tutar. "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər:) "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan)...” (Bəqərə-286) İmtahan üzündən itirdiklərinə görə ümidsizlik etməz, əksinə, daha böyük nemətlərə sahib olmaq üçün qaldıqları yerdən davam edərlər. "...Allah sizin qəminizin üstünə qəm gətirməklə cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəsüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!" (Ali-İmran-153) "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!" (Hədid-22-23) Mömin gün ərzində müsibətlə qarşılaşarsa və fəlakətə uğrayarsa imtahan olduğunu anlayar və belə bir məqamda Quranın təlimlərinə uyğun şəkildə addım atmaqla əsil bəndəlik (təslim olma) nümayiş etdirər. Xəstələnərkən:İmanlı şəxs xəstələnərkən (xəstəliyi də Allah taalanın bir imtahanı hesab etdiyi üçün) son dərəcədə səbirli olar və Allaha təvəkkül (və dua) edər. Allah Qurani Kərimdə onun səbrini bir "yaxşılıq" hesab edir: "Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal- dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!" (Bəqərə surəsi-177) Möminlər sağlığına qovuşmaq üçün tibb ocaqlarına da gedib lazım olan (məsləhət görülən) dərmanlardı da istifadə etməlidir. Dərmanlardan əlavə, sağalması üçün çoxlu və ixlasla dualar edər və həzrət Əyyubun (Qurandakı) əhvalatını xatırlayıb daha da ümidli olar. "(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!” (Ənbiya-83) Sağalması üçün istifadə etdiyi dərmanları yalnız vəsilə kimi dəyərləndirər. Bu da Qurani Kərimin göstərişidir: "Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir" (Şüəra-80). Möminlər, cahil insanlar kimi: "niyə mənim başıma belə bəlalar gəlir?!", "Niyə məhz mən xəstələnirəm?!" suallar verməzlər (şikayət etməzlər). Əksinə, Möminlər xəstəliyi Allaha yaxınlaşmaq üçün önəmli fürsət bilib hərəkətə keçərlər. Həmçinin sağlamlığın nə qədər böyük bir nemət olduğunu bir daha anlayarlar. Adi xəstəlik kimi sayılan qrip belə insanı yatağa sala bilər. Belə bir vəziyyətdə insan nə qədər güclü və maddi baxımdan imkanlı olursa olsun dava-dərman istifadə etməyə məcbur qalır. Bütün bunlar isə insanın zəif, olması və ölümün və axirətin xatırlanmasına səbəb olur. Çətinliklərdə göstərdiyi səbatlılıq: İnsanlar ömür boyu müxtəlif narahat edici mənzərələr görər və müxtəlif arzu olunmaz səhnələrlə rastlaşar. Belə bir vəziyyətdə mömin şəxs cəhənnəmi xatırlar: "Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!” (Furqan-66) (Vaqiə-41-44 və Furqan-13-14) Cəhənnəmi və cəhənnəm əzablarını xatırlayan mömin bila fasilə özünü və digər insanları cəhənnəm odundan qurtarmaq üçün doğru yol seçər və Rəbbinə dua edib ondan bağışlanmasını diləyər. Allahın Quranda bildirdiyinə əsasən cəhənnəm, murdar iy verən, dar, gurultulu, qaranlıq, hisli və tüstülü bir yerdir. Etibarsız mühiti və hüceyrələrə işləyən qovurucu bir istiliyi vardır. Ən iyrənc yemək və içkilər cəhənnəmdədir. Atəşdən paltarlar vardır və cəhənnəmdəki bütün əzablar kəsilməz sürəcək. Dərilərin atəşdə qovrulacağı, insanların çıxmaq üçün yalvaracaqları hətta ağrıdan ötəri ölmək istəyəcəkləri cəhənnəmi bəzi istiqamətləriylə nüvə döyüş sonrasındakı dünyanı təsvir edən filmlərdəki mühitlərə bənzədə bilər. Ancaq bu filmlərdəki qaranlıqı cəhənnəmdəki mühitlə müqayisə etmək mümkün deyil. Bu yalnız bir bənzətmədir. Cəhənnəm, bizim dünya həyatına baxaraq düşünə bildiyimiz ən pis mühitlərdən çox daha pis, çox daha qorxuducu bir yerdir. Şeytanın təlqinlərinə qarşı diqqət və oyanıqlıq: Qurani Kərimin də bildirdiyinə əsasən Şeytan daima insanı doğru yoldan sapdırmaq və Allahın dinindən və Quran əxlaqından uzaqlaşdırmağa çalışar. Şeytan günün 24 saatı öz fəaliyyətini davam etdirər. Hər insanı yoldan çıxarmaq onun amacıdır. O, insanlara qarşı çox kinlidir. Hətta peyğəmbərləri belə azdırmaq istəyər. Allah taala Hz. Adəmi yaratdıqdan sonra "Mələklərə və şeytana ona səcdə edin" əmrini verdi. Amma şeytan təkəbbüründən dolayı ona səcdə etməyib Allaha itaətsizlik etdi. Bu üzdən Allahın hüzurundan qovulmuşdur. (Əraf-11-18) Şeytanın arzusu budur ki, insanları özü ilə cəhənnəmə sürükləsin. Bu üzdən Allaha səmimi və qəlbən ibadət edənləri əngəlləməyə çalışar. Möminlər isə Şeytanın hər an iş başında olduğunu və öz məşun hiylələrini həyata keçirmək üçün müxtəlif vasitələrdən yararlana biləcəyini bilərlər: "Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir." (Bəqərə-268) Ona görə də daha diqqətli addım atar və Allaha təvəkkül edərlər. Ruzini verən Allahdır deyib Şeytani hisslərə əhəmiyyət verməzlər. "Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar". (Əraf-200-201) Şeytandan qurunmaq üçün ən önəmli iş Allaha sığınmaqdır. Unutmamaq lazımdır ki, şeytan da Allahın idarəsində və nəzarətindədir. O istəməsə şeytan heç bir şeyə gücü çatmaz. "Nas" surəsini oxumaqla Allaha sığınmaq mümkündür. Mömin Quran əxlaqına uyğun gələn düşüncələri Şeytanın təlqini nəticəsində yaranmış düşüncələrə tərcih edər. Etdiyi heç bir əmələ Şeytanın qarışmasına izin verməz. "Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!)" (Nəhl-99-100) Anlayışlı olmaq və əfv etməyi bacarmaq: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz! (Nisa-36)" Mömin bu ayəyə əsasən ətrafındakı insanlarla gözəl davranmalı və insanların səhvini bağışlaya bilməlidir. "Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir!" (Şura-43) "Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!" (Nur-22) Mömin gün ərzində qarşılaşdığı hər insana qarşı son dərəcədə anlayışlı və xoşüzlü davranmağa diqqət edər. Qarşılaşdığı hadisələr nə qədər ani olursa olsun, özünü itirməz, qızıb hirslənməz və ətrafındakı insanları qırmaz. Quran əxlaqına sahib olan insan ən gözəl insandır. Onun evdə, işdə, yolda və gün ərzində göstərdiyi davranışları sayəsində baş verə biləcək çoxlu gərginliklərin qarşısı alınır. Belə bir şəxs başqaları üçün də örnək sayıla bilər. Səbirli olmaq:"Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!" (Fussilət-34- 35) Mömin Quran əxlaqını yaşamaqda qərarlı və israrlı şəxsdir. Qarşılaşdığı insanların yanlış və ya xoşagəlməz sözlərinə və davranışlarına səbr etməklə qarşılıq verər. Hətta ona zərər verən insanlarla belə gözəl davranar. Belə şəxslər Quran əxlaqını mənimsəyənlərdir və gözəl davranışları ilə həmişə insanların diqqətini cəlb edərlər. Gözəl danışmaq:Allah gözəl sözün nə qədər bərəkətli olduğunu və hər zaman xeyir gətirəcəyini bu ayə ilə izah etmişdir: "Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır). Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!” (İbrahim-24-27) Bu ayədə də bildirildiyi kimi gözəl danışmaq həm dünya həm də axirətdə çox böyük nemətlərə sahib olmaq deməkdir. Amma pis sözlər söyləyənlərin yeri isə cəhənnəmdir. Gözəl danışıq və danışmaq üçün ən gözəl üslub seçməklə insanları cəzb edər və özü də nümunəvi insane çevrilər. (Ya Rəsulum!) Bəndələrimə de: "(Danışdıqları zaman "la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah” kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!)” Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra-53) Riqqətlilik:"(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız) görüb dedi: "Sizə nə olub (dərdiniz nədir)?” Onlar: "Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)”, - deyə cavab verdilər. (Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Qəsəs-23-24) Bu ayələr həzrət Musanın Mədyən şəhərindəki əhvalatını izah edir. O düşüncəli bir insan olaraq qarşılaşdığı ehtiyaclı insanlara yardım edir. Möminlər bu əhvalatı həmişə xatırlamalı və əməl etməlidir. Ətrafındakı insanların vəziyyəti çətindirsə Quranın bu ayələrini özünə örnək hesab edə bilər. Eyni halda, bir dəstə insana yardım edərkən başqa bir dəstə insanın narahatlığına səbəb olmamalıdır. İncə xasiyyətliliyin müxtəlif nümunələri vardır, məsələn danışıqda, yemək yeyərkən, yol gedərkən və s zərif hərəkətlər nümayiş etdirmək. Qonaqpərəstlik:Qonaqpərəstlik barədə ən dolğun əyələr hz İbrahimə (ə) aiddir. O qonaqlarını hörmətlə qəbul etdi: "(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı? Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): "Bunlar tanımadığım kimsələrdir!” –dedi. O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi. Onu qabaqlarına (qonaqların qabağına) qoyub: "Bəlkə, yeyəsiniz!” – dedi. (Zariyat-24-27) Hz. İbrahimi (ə) örnək sayan möminlər öncə gələn qonağı salamlamalı və hörmətlə qəbul etməlidir. Sonra qonağın ehtiyaclarını hiss edib onları razı salmaq üçün əlindən gələni etməlidir. Təbii ki, şəriətin hüdudlarını qoruyaraq qonağa ikram etməyə çalışarlar. Bu məsələdə möminlər kasıbla varlı arasında heç bir fərq görməzlər. Qonaqlar isə ev sahibinin səmimiyyəti və qonaqpərvərliyini gördükdə rahatlıq hissi duyarlar. Qarşılıqlı salam və sayğı: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır”. (Nisa-86) Möminlər bu ayəyə əsasən bir-biri ilə görüşərkən sölh və əmin-amanlıq ifadəsi sayılan "salam”laşarlar. "…Evlərə daxil olduğunuz zaman özünüzü (bir-birinizi, qohum-əqrəbanızı, dostlarınızı və Вернуться назад |