Türk millətinin yeni dönəmə qədəm basmasında, özəlliklə sosioloji anlamda yenidən formalaşmasında Ziya Gökalp mühüm rol oynamışdır.Əslində Türk millətinin Osmanlı İmperiyasından Türkiyə Cümhuriyyətinə mənəvi-psixoloji keçidi imperiyanın süqutundan öncə başlamışdır. Xüsusilə, 1910-1920-ci illərdə Türk millətinin həyatında baş verən sosial-fəlsəfi, siyasi-iqtisadi dəyişikliklər yeni bir mərhələyə keçmək üçün çox mühüm olmuşdur. İttihad və Tərəqqi cəmiyyətinin yaranması və ona qarşı olan təşkilatların meydana çıxması Türk millətinin sosial fəlsəfi həyatında əsaslı dəyişiklikləri özü ilə bərabər gətimişdir. Türk milləti öz dəyərlərindən çox uzaqlaşdığı üçün çıxış, qurtuluş yolu kimi daha çox türkçülük üzərində dayanırdı. Görünür, islamlaşmaq və qərbləşmək kimi ideyalar Türk millətinin yeni bir dönəmə qədəm qoyması üçün yetərli olmadığı üçün türkçülük daha çox özünü göstərməyə başlamışdır. Belə bir dövrdə Türkçülüyün mənəvi və praktiki liderləri də önə çıxmağa başladılar. Doğrudur, onlardan bir çoxları bu yolda uğurlu ola bilmədilər. Əlbəttə, burada həmin dönəmin obyektiv şərtləri də mühüm rol oynamışdır. Ancaq Türk milləti heç bir dönəmdə mənəvi və siyasi-praktiki lider yetişdirməkdə çətinlik çəkməmişdir. Bu anlamda 1910-1920-ci illərdə Türk millətinin həyatını geniş ölçüdə dəyişəcək əsas aydınlardan biri Ziya Gökalp olmuşdur. Özəlliklə, Z.Gökalpın Türkçülük düşüncələri və Turan ülküsü Türk xalqları arasında geniş yayılımış, günümüzədək öz aktuallığını qoruyub saxlamışdır.

Ziya Gökalp da Türkçülük düşüncələrinin yaranmasında Əli Suavi, Yusif Akçura, Əli bəy Hüseynzadə və başqa Türk aydınları mühüm rol oynamışlar. Hər halda Ziya Gökalpdan öncə bir çox Türk aydınları Türk millətinin yeni bir dönəmə qədəm qoymasını ümumilikdə İslam dininə, Qərb mədəniyyətinə üz tutmaqda, ya da Türklüyü mənimsəməkdə gördüyü açıq şəkildə özünü büruzə verirdi. Türkçülük, Qərbləşmək məsələsində də Ə.Suavi, Y.Akçura və Ə.Hüseynzadənin ən ugurlu davamçısı Z.Gökalp olmuşdur. Ziya Gökalp bir tərəfdən onlardan türkçülük (turançılıq), islamlaşmaq, qərbləşmək (müasirləşmək) ideyalarını mənimsəmiş, digər tərəfdən isə onları formulə etməyə çalışmışdır. Özəlliklə, Ə.Hüseynzadənin "İslam imanlı, Türk qanlı və Avropa qiyafəli" düsturunu mənimsəməsinin sonucu olaraq Gökalp "Türk millətindənəm, İslam ümmətindənəm və Qərb mədəniyyətindənəm” ideyalarını daha da zənginləşdirmişdir.

Yusif Akçuraya görə, Ə.Hüseynzadə «Bizə hansı elmlər lazımdır?» mövzusu ətrafında gedən mübahisələr əsasında ilk dəfə, islamçılığın və türkçülüyün əsasını təşkil edən «üçlü» (türkləşmək, islam­laş­maq və avropalaşmaq) düstura üz tutmuşdur; bu «üçlü» düstur da çox keçmədən Türk-İslam aləminin hər tərəfinə yayılmış, xüsusilə Osmanlı Türkiyəsində Z.Gökalp tərəfindən dəstəklən­mişdir. Bir sözlə, Y.Akçuraya görə bu üçlü ideyanın "asıl babası” Hüseynzadə olsa da, ancaq onu yaşadan, türkçülərə yaxşıdan yaxşıya mənimsədən Gökalp olmuşdur: "Hüseynzadə Əli bəy də bəsit və hədsi bir ifadədən ibarət qalan bu əsaslı fikirlər, Ziya bəy tərəfindən çox işlənmiş, məhz onun yazıları və şifahi danışmaları sayəsində bugünkü qiymət və əhəmiyyətini qazanmışdır”. Hilmi Ziya Ülken də təsdiq edir ki, bu üçlü görüş (türkləşmək, islam­laş­maq və avropalılaşmaq) daha öncə bir az bəlirsiz olaraq Ali Suavi tərəfindən irəli sürülüb müdafiə olunsa da, onun əsas ideyavericisi Hüseynzadə, tamamlayıcısı isə Gökalpdır: "Fəqət Ali Suavi, hənüz Türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı-İslam görüşünün hakim olduğu bir dövürdə yaşadığı üçün fikirləri unudulmuşdu. Hüseynzadənin təklifi tam zamanındaydı... Sonralar bu fikir hərarətli tərəfdar buldu. Gökalp türkləşmək, islam­laş­maq və avropalılaşmaq adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını yayınladı”.

Doğrudanda 1910-cu illərdə Ziya Gökalp"Türkləşmək, müasirləmək və islamlaşmaq” ideyasının qızğın tərəfdarlarından biri kimi ortaya çıxmış, bununla bağlı "Türk yurdu”nda silsilə məqalələr yazmağa başlamışdır.Ə.Hüseynzadənin "İslam əqidəli, Türk qanlı və Avropa qiyafəli” düsturundan çıxış edən Türk millətindənəm, İslam ümmətindənəm devizləri ilə yanaşı, "qərb mədəniyyətin­dənəm” də deyirdi. Bu məsələylə bağlı Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd ƏminRə­sulzadənin Azərbaycan bayrağının mənasını izah edərkən dediyi fikirlər çox önəmlidir. Rəsulzadə yazırdı ki, ilk qaynağı Hüseynzadə olan Azərbaycan bayrağındakı üç simvolun formalaşmasında Gökalpın da rolu az olmamışdır: «Azərbaycan bayrağındakı mavi rəng – türklüyü, yaşıl rəng – müsəlmanlığı, al rəng də – təcəddüd (yeniləşmə – F.Ə.) və inqilab rəmzi olmaq həsbilə əsrliyi tərmiz edər ki, möhtərəm Ziya Gökalp bəyin «türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm» – düsturunu ifadə etmiş olur».

Amma o zaman "qərb mədəniyyətin­dənəm” devizini önə çəkməklə türklük və islamlıq ideyaları arasında ahəng yaratmaq heç də asan deyildi. Bu, uzun müddət sxolastikanın təzyiqi altında qalan və yeniləşməkdən uzaq düşən türk aydınlarının başqa çıxış yolu tapa bilməməsinin nəticəsi idi. Doğrudur, Türk aydınlarımız, o cümlədən Gökalp "Avropa qiyafəli”, "Qərb mədəniyyətindənəm” yanaşı "müasirləşmək”, "çağdaşlaşmaq”, "yeniləşmək” anlayışlarını istifadə etmişlər. "Müasirləşmək”, "çağdaşlaşmaq”, "yeniləşmək” dedikdə isə, çağdaş ruhlu İslamlığı və Türklüyü nəzərdə tutduqlarını bəyan etmişlər. Hər halda 1912-1913-cü illərdə «Türk yurdu» jurnalında dərc etdirdiyi «Türkləşmək, islamlaşmaq və müasirləşmək» başlıqlı silsilə məqalələrində Z.Gökalp yazırdı: «Türkləşmək və islamlaşmaq ülküləri arasında bir çatışma olmadığı kimi, bunlarla çağdaşlaşmaq ehtiyacı arasında da çatışma mövcud deyildir… Sonucda, hər birinin təsir çərçivələrini bəlirləyərək bu üç amacın üçünü də qəbul etməliyiz; yaxud, daha doğrusu, bunların bir ehtiyacın üç müxtəlif nöqtədən görülmüş çevrələr olduğunu anlayaraq «çağdaş bir İslam Türklüyü» yaratmalıyız».

Gökalp bu üçlü düsturunu əsaslandırmaq üçün dil məsələsinə xüsusi yer vermişdir. Onun fikrincə, Türk xalqları yabancı sözləri ruslar, çinlilər, fransızlardan alsalar birbirilərindən uzaqlaşar, ancaq məhz müsəlman olan ərəblər və farslardan aldıqları təqdirdə isə daha da yaxınlaşarlar: "Bununla birlikdə İslam dilləri, terminlərini Ərəbcə ya da Farscadan almaqla, ümmət birliyi ilə ilgili görəvlərini yapmış olmaz; bu terminlər, hər dildə başqa köklərdən törədərlərsə, istənlən birlik əldə edilməyəcəyi üçün, dilin ümmətçiliyi əksik qalır. Bundan dolayıdır ki, başqa İslam dillərinin qəbul etmiş olduğu ya qəbul ediləcəyi sözcüklər arayıb bularaq, termin yaratmamız gərəkir. Bu amacı gerçəkləşdirmək üçün İslam ümmətindən olan hər dildə termin törətməklə ilgilənən dərnəklər qurulmalıdır”.

Dil məsələsində Gökalp öncə İslamlaşma tərəfdarı kimi çıxış edərək, açıq şəkildə müsəlman xalqların ortaq terminlərdən istifadə etməsinin vacibliyindən danışarıdı. Ancaq bununla yanaşı Gökalp "İslam ümmətinin genəl dili”nin müəyyən bir sərhədlər çərçivəsində qalmasını da istəyir. Çünki "İslam ümmətinin genəl dili”nə həddən artıq aludəçiliyinin milli dillərə, o cümlədən Türk dilinə zərər verməsindən də ehtiyat edirdi. Z.Gökalp yazır: "Dilimizdə İslam ümmətinin genəl dili olan bu terminlər sözlüyü yazıldıqdan sonra ərəbcə və farscadan da qaçınmaq zorundayız. Çünki Türkcəyə girən Ərəbcə, Farsca sözcüklər terminlərlə sınırlı deyildir. Bir çox gərəksiz ərəbcə, əcəmcə sözcüklər də dilimizə girmişdir. Hətta bu iki dilin Türkcəyə təsiri yalnız sözcüklər vermə biçimində deyildir. Ərəbcə, Farsca tamamlamalar, ədatlar da Türkcəyə girmiş; Türk dilbilgisini, bu iki dilin dilbilgisi qurallarıyla bir qarışım durumuna gətirmişdir”. Gökalp hesab edirdi ki, dil məsələsində çağdaşlaşdırma anlamında İslamlaşma qədər də Türkləşdirmə də aparılmalıdır. Özəlliklə, müsəlmanlar arasında olmasa belə, bütün türklər arasında ortaq sözcüklər kimi terminlərin də olması, yəni bütün türklərin ortaq ədəbiyyatının və dilinin olmasına çalışmaq lazımdır. Gökalp yazırdı: "Dilimizi Türkcələşdirdikdən sonra dərəcə dərəcə bütün soydaşlarımızın genəl bir Türkcəyə doğru getmək gərəkdiyini də unutmamalıyız”.

Üçlü düsturun (Türkçülük, İslamçılıq və Müasirləşmək) mahiyyətinə varmaq anlamında Gökalp Türk cəmiyyətindəki mühafizəkarlıq və yeniləşmə məsələsinə də ciddi önəm vermişdir. Burada da Gökalpın məqsədi ənənə, gələnək və qaydaların mühafizəkarlıqla yeniləşmə arasında hansı şəkildə öz varlığını ifadə etrməsidir. Gökalp hesab edirdi ki, türklər ingilislərdən fərqli olaraq qanun-qaydaları sevsələr də gələnəkçi deyillər! O, yazırdı: "Türklük və İslamlıqla ilgili gələnəklərimizin birbiri ardına gələn tarixi dəyişmələrini aramadığımız kimi, yüz ilimizi başqa yüz illərdən ayıran irəliləmələrin qaynağını və gəlişməsini də incələməyə gərək görməyirik”.

Beləliklə, Gökalpa görə üçlü düstur açısından mühafizəkarlıq və yeniləşmə məsələlərinə yenidən baxılmalıdır. Belə ki, Türklüyün və İslamlığın ənənələrinə, gələnəklərinə tamamilə "mühafizəkarlıq” damğası vurub onlardan imtina etmək doğru deyildir. Özəlliklə, Türk tarixinə, Türk mifologiyasına, Türk ədəbiyyatına, Türk dilinə, Türk memarlığına, Türk musiqisinə yenidən baxılmalı, oradakı Türk ruhu ortaya qoyulmalıdır. Gökalp hesab edirdi ki, Türklük kimi İslamlıqla ilgili təşkilatların, təsisatların da gələnəklərini, tarhini eninə boyuna incələməli, xüsusilə kəlamın, təsəvvüfün, fiqhin tarixlərini bilməliyik. Onun fikrincə, türklük və islamlığın "mühafizəkarlığ”ını doğru şəkildə mənimsəyib yeniləşməklə bağlamaqla yeni bir "İslam-Türk” tarix fəlsəfəsi ortaya qoya bilərik. Bununla yanaşı, o, kültür və sivilizasiya məsələsində də ağılla bilimə əsaslanan "Türk İslam” kültürü yaratmaya çalışmalıyız, deyirdi.

Ümumiyyətlə, Gökalpın üçlü düsturunun əsil mahiyyəti çağdaş ruhlu "İslam türklüyü”, "Türk İslam” kültürü, "İslam-Türk” tarix fəlsəfəsində ifadə olunmuşdur. Bu fəlsəfəyə görə də, Türkçülük İslamlıq, İslamlıq isə elə Türklük deməkdir. Gökalpın belə bir fikrə gəlməsinə səbəb yanlış olaraq türk xalqlarının hamısını müsəlman hesab edərək, müsəlman olmayan türkləri nəzərə almaması idi: "Türklərin hamısı İslam olduğu üçün, Türkçülər heç bir zaman İslam ümmətçiliyinə qarşı bir duygu bəsləməyəcəkdir. Eyni zamanda Türkçülər çağdaşlaşmaq üçün, müsəlman olmayan qövmlər haqqında bu uyğarlıq yüz ilin gərəkdirdiyi sayğılı tutumu qoruyacaqlardır”.

Türkçülərin Türk birliyi və Turan ülküsü düşüncələrinə gəlincə, Gökalp hesab edirdi ki, hazırda dünyada Türk xalqlarının dil və mədəniyyət baxımından birbirindən uzqlaşdırılması siyasəti yürüdülməkdədir. Gökalpa görə, İsmayıl bəy Qaspıralının dildə birlik ideyasını bir kənara qoyub yerli türk ləhcələrini inkişaf etdirmək istəyənlər düşmənlərin çörəyinə yağ çəkənlərdir. Onun fikrincə, Türk aydınlarının tək məqsədi ortaq türkcəni qoruyub yaşatmaq olmalıdır. Türk xalqlarının ortaq mədəniyyəti məsələsi ilə bağlı olaraq isə Gökalp yazırdı ki, bu, türkçülüyün əsas amallarından biridir. Ona görə, Avropa sivilizasiyasının içində Türk xalqlarının ortaq kültürünün, mədəniyyətinin yaradılmasına çalışılmalıdır. Gökalp yazırdı: "Qısacası, İstanbul dilinin ulusal dil olaraq mənimsənməsi və Avropa uyğarlığı içində bir Türk kültürünün yaradılmasına çalışılması, bir Türk ulusun qurulmasına yardımçı olacaq və Osmanlı, Qıpçak, Özbək, Qırığız kimi adlar bölgə adları olaraq qalacaqdır”.

Gökalp ortaq Türk dilinin olması məsələsində doğru yol tutsa da, ancaq bu ortaq dili İstanbul ləhcəsi şəkilində görməsi yanlış olmuşdur. Çünki İstanbul ləhcəsi bütün Türk xalqlarının ortaq dildə danışmasına və yazmasına əngəl olmaqla bərabər, Türk dilinin mahiyyətindən də çox uzaq idi. Ona görə də, Gökalpın ortaq Türk dili kimi İstanbul ləhcəsini müdafiə etməsi çox da uğurlu deyildi!

 

II YAZI

Türk xalqlarının yurdunun hansı coğrafi ərazilərin olması, yaxud da bütün Türklər üçün tək vətən adının nə cür adlanması məsələsinə isə, Gökalp belə aydınlıq gətirmişdir:

Vatan ne Tükiyedir Türklere, ne Türkistan;

Vatan büyük ve sonsuz ülkedir: Turan!

Şübhəsiz, bir çox Türk aydınları kimi Gökalp da Turan ülküsünü də daha çox Azərbaycan türk mütəfəkkiri Əli bəy Hüseynzadədən mənimsəmişdir. Hələ, XIX əsrin sonlarında qələm aldığı bir şeirində Hüseynzadə yazırdı:

Sizlərsiz ey qövmi-macar, bizlərə ixfvan,

Əcdadımızın müştərəkən mənşəyi Turan!

Bir dindəyiz biz, həpimiz haqpərəstan;

Mümkünmü bizi ayırsın İncil ilə Quran?.

Gökalp da Hüseynzadənin bu düşüncələrinin təsiri altında Turan vətənini, Türk xalqlarının hamısını içinə alan və Türk olmayanları dışda buraxan ülküsəl yurd kimi başa düşmüşdür: "Turan, Türklərin oturduğu, Türkcənin qonuşulduğu bütün ölkələrin toplamıdır”. Başqa sözlə, İslam yurdu müsəlman ulusların sevgili yurdu olduğu kimi, Turan da, türklərin ulusal yurdudur. Bu anlamda Osmanlı ya da Türkiyə də həm İslam yurdu, həm də Turan yurdudur: "Türklərin Türk yurdunu ya da Turanı özəl bir eşqlə mənimsəmələri nə kiçik İslam yurdu olan "Osmanlı ülküsü”nü, nə də İslam yurdunu unudmalarını gərəkdirməz. Çünkü ulus ülküsü, dövlət ülküsü, ümmət ülküsü başqa şeylərdir və hər üçü qutsaldır”.

Gördüyümüz kimi, Gökalp nə qədər termin olaraq "İslamçı Türklük” ya da "Qərbçi, modern Türklük”dən bəhs etsə də, əslində onun düşüncəsindəki əsil türkçülük daha çox Milli, özə əsaslanan bir Türkçülük idi. Yəni Gökalpın düşüncələrində iki cür türkçülük hiss olunurdu. Bunlardan birincisi, yalnız milli və özə əsaslanan, Gök Tanrı fəlsəfəsindən ruh alan, Turan ülküsünü hədəfləyən Türkçülük idi. Bu türkçülük daha çox romantik və utopik xarakter daşısa da, Gökalpın əsil varlığını ortaya qoyur, onun düşüncələrinin nüvəsini təşkil edirdi. Hesab edirik ki, məhz bu anlamda Gökalp Türkçülüyü yalnız qandan gələn, bir soya söykənən ideya kimi görməmiş, onu Turançılıq kimi daha geniş götürməklə düşüncəyə, milli şüura bağlamışdır. Bu, Gökalpın dar və məhdud düşüncələrdən çox uzaq olmasının, yəni böyük bir Türkçü, Turançı olmasının bariz nümunəsi idi.

Deməli, Gökalpın əsil Türkçülüyü milli və özə əsalanan türkçülük olmuşdur. O, heç bir zaman milli və özə əsaslanan Türkçülük və Turançılıqdan vaz keçməmişdir. Sadəcə, Gökalp nisbətən 1918-1920-ci illərdə və daha sonralar milli və öz əsaslanan Türkçülüyə, Turançılığa yeni Türkiyə Cümhuriyyətinin qurulması və yaşaması naminə, bir az fərqli təriflər verməyə məcbur olmuşdur. Özəlliklə, 1-ci Dünya müharibəsindən Osmanlının məğlub çıxmasının nəticəsi olaraq da, milli və özə əsaslanan Türkçülük, Turançılıq, artıq gerçəkçi və praqmatist bir formada Gökalp və digər Türk aydınlarımızda öz əksini tapmağa başlamışdır. Belə ki, özəlliklə 1920-ci illərdə Türk aydınlardan bir çoxu, o cümlədən Gökalp turançılıqdan, vahid Türk milləti düşüncəsindən uzaqlaşıb ayrı ayrı müstəqil Türk dövlətlərinin mövcudluğu ideyasını daha çox təbliğ etmişlər. Çünki Qərb sivilizasiyasının çiçəkləndiyi bir dövrdə Turançılıq ideyasının Rusiya əsarətində yaşayan bütün türklərin, o cümlədən Türkiyə türklərinin əsas hədəf­lərindən biri kimi qalması çox zor görünürdü. Özəlliklə, çar Rusiyasının yerini tutan Sovet Rusiyasının Türk dövlətlərini yenidən yağmalaması, vaxtilə Ziya Gökalpın ümid etdiyi Rusiyanın dağılıb viran, Türkiyənin böyüyüb Turan olması ideyasını xeyli dərəcədə zədələmişdi.

Bu səbəbdəndir ki, xüsusilə 1923-cü ildə yazdığı "Türkçülüyün əsasları” kitabında Gökalp Türkçülük (Türk Birliyi) və Turan ülküsünü yenidən dəyərləndirmişdir. Ziya Gökalp yazırdı ki, artıq Türkiyə üçün utopik türkçülük, turançılıq deyil, real olaraq Türkiyəçilik önəmlidir. Ona görə, Türkçülük-oğuzçuluq və Turancılıq isə bütün Türklərin gələcək idealları idi. Əslində bütün bunları Gökalpın Türk birliyi, Turançılıq ideyasından vaz keçməsi kimi anlaşılması qətiyyən doğru deyildir. Bütün ruhu və varlığıyla Turan ülküsünə bağlı olan Gökalp yuxarıda da yazdığımız kimi, Türkiyə Cümhuriyyətinin tək müstəqil bir dövlət olaraq mövcudluğu naminə türkçülük fikirlərində bəzi dəyişikliklər etmişdir. Ancaq onun belə bir dövrdə "Türkçülüyün əsasları” (1923) kitabını yazmaqda əsas məqsədi heç də Türk Birliyindən, Turan ülküsündən vaz keçməsini ortaya qoymaq deyil, tam əksinə bir gün dünyanın şərtlərinin dəyişəcəyi təqdirdə onun gerçəkliyə çevrilə bilməsini ifadə etmək idi. Ona görə də, Gökalp bu kitabını ancaq Türkiyə türkləri üçün deyil, bütün Türk xalqlarının (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Uyğurustan, Kərkük, Hələb, Krım vəb.) ortaq proqramı kimi yazmış, Türkçülüyə xidmət edən bütün Türk aydınlarını və onların gördüyü işləri bir bir ortaya qoymuşdur.

Hesab edirik ki, Gökalp və digər Türk aydınlarının romantik turançılıqdan uzaqlaşıb gerçək türkçülüyə əsaslanmalarına baxmayaraq, bəzi əcnəbi müəlliflərin - Hondkaryan, A.Kerenski, Zarevand, Mandelştam və başqalarının panturanizm, panturkizm təhlükəsindən bəhs edən əsərlər («Türkiyənin qulluğunda», «Rus milləti üzərində diktatura», «Türkiyə. Panturanizm») yazmağa davam etmələri də bundan qaynaqlanmışdır. Onların fikrincə, Sovetlər Birliyini dağıtmaq istəyən panturançılar Turan imperiyası yaratmaq niyyətindən əl çəkməyiblər. Məsələn, Zarevand ən çox türkçülü­yün ideoloqları Ə. Hüseynzadə, Z.Gökalp, Y.Akçura və Atatürkü tənqid hədəfi götürmüş və onları panutrançılıqda, pantürkizmdə ittiham etmişdir. Zarevanda görə guya, «panturanizm» ideyasını türkçülüyün ideoloqları Ə. Hüseynzadə, Z.Gökalp, Y.Akçura irəli sürmüşdür ki, çağımızın «panturanizm»ini isə Mustafa Kamal (Atatürk) həyata keçirir, çünki kamalçıların da əsas bayrağı pantürkizm, panturanizmdir.

Şübhəsiz, əcnəbi antitürk ideoloqların Türkiyəyə qarşı yönəlmiş ittihamların arxasında onu Sovetlər Birliyinə qarşı qoymaqla daha da təkləmək dayanırdı. Məhz bunun nəticəsi olaraq da Türkiyə Cumhuriyyətinin qurulmasından sonra geniş anlamdakı Türkçülük, Turançılıq fikri bir anlamda arxa plana geçirilməyə başladı və onun yerini türkiyəçilik, ulusçuluq, anadoluçuluq, ya da dövlətçilik-etatizm fikirləri tutmaya başladı. Beləcə, bir yandan Türk dili rəsmi dil elan edilmiş, tək Türk millətinin olduğuna dair hökmlər Ana Yasada yer bulsa da, digər yandan tək Türk milləti deyincə etnik deyil, siyasi millət ön görülürdü. Bu siyasi Türk millətinə isə Türk, Kürt, Laz, Çərkəz, Zaza və bütün etnoslar daxil edilirdi.

Bizcə, 1920-1930-cu illərdə türk aydınlarının və liderlərinin turan­çılığa belə bir mü­na­si­bət göstərməsinin əsas səbəblərdən biri həmin dövrdə türk ismiylə tanınan millətlərin, o cümlədən Türki­yə türklərinin dünya müstəvisində istənilən gücə sahib olmamaları idi. Belə ki, türklərin sahib olduğu iki böyük imperiya: 1) Osmanlı İmperiyası, 2) Qacarlar dağılmış, digər türk dövlətləri isə Sovet Rusiyası tərəfindən işğal olunmuşdur. Belə bir vəziyyətdə Z.Gökalpın, M.Ə.Rəsulzadənin, Ata­türk­ün və başqa türk böyüklərinin turançılığı daha çox mənəvi bir ülkü-məfkurə kimi qəbul edib, gerçək-praqmatist türkçülükdən çıxış etmələri təbii idi. Bu, onların turançılıqdan imtina etmələri deyil, Atatürkün də qeyd etdiyi kimi, zamanın tələb­lərinə və türk millətinin gücünə görə siyasət yürütmək idi. Bu baxımdan çağdaş Türkiyə alimi Ayvaz Gökdəmirin aşağı­dakı fikir­lərinə tamamilə qatılırıq ki, Z.Gökalp, Ə.Hüseyn­zadə, Ə.Ağa­­oğlu, Y.Akçura kimi türk milliyətçi­liyinə, turan­çı­lı­ğa öncüllük və xidmət verən aydınların Türkiyənin sərhəd­lə­rinin xaricində qalan Türk elləri ilə bağlı heç bir tələbdə bulu­n­ma­maları ağlabatan deyildir: «Burada əsəf ediləcək şey, ay­dın­lar­ın turançı olması deyil, Türkiyənin də, Türk dünyasının da ye­­tərli qədər güclü olmaması və qalib gələməməsidir».

Türkiyə Cumhuriyyətinin ilk dövrlərində Türkçülük və Turançılığa yeni baxışların ortaya çıxması, üstəlik qərbləşməyə meyillərin artması birmənalı qarşılanmamışdır.Xüsusilə, Qərb ziyalılarının 1923-cü ildən sonrakı Türkiyə haqqındakı fikirləri ilk baxışda Türk milləti üçün xoş təsir bağışlasa da, əslində onları zorla "Qərb”ə yönəltmə və "Qərb”i daima ideal görmə istəyi var idi. Çünki vaxtilə dünyaya meydan oxuyan türklər "Qərb”ə üz tutmaqdan başqa çarə görmürdülərsə, bu "qərblilər”cə böyük bir uğur idi. Bu anlamda hərb savaşlarında əsasən türklərə yenilən Xristian-Qərb dünyasının, amma düşüncə dünyasında Türkləri yenməsi onlar üçün böyük bir qələbə idi. Halbuku vaxtilə Əli bəy Hüseynzadə yazırdı ki, bir türkün avropalaşması artıq onun türklükdən uzaqlaşması, deməkdir:«Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtədlərin tərəq­qisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyil­dir!».Gökalp da "Türk mədəniyyəti tarixi” əsərində yazırdı ki, vaxtilə Çin mədəniyyətini mənimsəyən türklər bunun nəticəsində məhv olmaqla üzbəüz qalmış, bundan qurtulmaq üçün başqa torpaqlara köç etməli olmuşlar: "Türklər nə zaman milli kültürə önəm verməyərək yabançı kültürə önəm vermişlərsə və öz millətlərini bəyənməyib başqa millətlərin təqlidçisi və taparcasına sevəni olmuşlarsa, belə bir köç fəlakətinə uğramışlardır”.

Ümumiyyətlə, Gökalpın ömrünün son illərində yazdığı əsərlər ("Türkçülüyün əsasları”, "Türk törəsi”, "Türk mədəniyyət tarixi” vəb.) də, onun Türkçülük düşüncələrinin və Turan ülküsünün davamı kimi başa düşülməlidir.Çünki bu əsrlərin hər birində Türk millətinin fəlsəfəsi, tarixi, mədəniyyəti, törələri bir sözlə, Türkün ruhu və mahiyyəti öz əksini tapmışdır. Bu anlamda Gökalpın Türküçülk və Turançılıq fəlsəfəsi bir tamdır. İlk baxışda onun bu fəlsəfəsində müəyyən zidiyyətlər görünsə də, bütövlükdə biri o birini tamamlamaqdadır. Məsələn, Gökalp əski Türk mədəniyyətini Uzaq Şərq mədəniyyətinin tərkib hissəsi göstərib, daha sonra uzun müddət İslam mədəniyyəti çərçivəsində davam etməklə indi də Qərb mədəniyyətinə daxil olduğunu iddia etsə də, əslində bu mədəniyyət öz varlığını daima müstəqil şəkildə ifadə etmişdir. Yəni burada Gökalpın əsas yanlışı Türk mədəniyyətini digər mədəniyyətlərin çərçivəsində görməsidir. Halbuki özü də ayrıca bir Türk mədəniyyəti tarixindən bəhs edir. Belə olduğu təqdirdə, Türk mədəniyyətini Buddist, İslam və Xristian-Qərb mədəniyyətinin içində vermək qətiyyən doğru deyildir.

Bu anlamda Türkçülüyü də yalnız "İslamçı Türklük” ya da "Qərbçi Türklük” kimi ifadə etmək də bizə doğru yol göstərə bilməz. Zatən, Gökalpın düşüncələrinin əsasında da, heç də "İslamçı Türklük” ya da "Qərbçi Türklük” deyil, məhz milli və özə əsaslanan bir Türklük vardır. Bu o demək deyildir ki, bununla da biz Türklərin çoxunun müsəlman olmasını, yaxud da Qərb mədəniyyətinə bağlılığını inkar edirik. Sadəcə, Türkçülük düşüncələrimizi yeri gəldi-gəlmədi mütləq islamçılıqla qərbçiliklə bağlamağımızı doğru görmürük. Doğrudur, bu günün özündə də Türkçülük üzərində İslamçılıqla Qərbçiliyin böyük təsiri vardır. Amma bizim gedəcəyimiz yolda Türkçülüyümüz, Turan ülkümüz heç də İslamçılığın və Qərbçiliyin yedəyində olmamalıdır. Hesab edirik ki, əksinə Türkçülük yolumuzda bizlər istər İslam dinimizdən, istərsə də Qərb mədəniyyətindən faydalana bilərik. Yəni burada öncüllük Türkçülük məfkurəmiz və və Turan ülküsü olmalı, özəlliklə İslamçılıq da bizlərə bu yolda yürüməkdə əsas dayaq nöqtələrindən biri olmalıdır. Bizcə, Gökalpın da əsas hədəfi məhz bu yöndə olmuşdur. Yəni Gökalp nə qədər "İslamçı Türklük” ya da "Qərbçi Türklük”dən bəhs etsə də, əslində ortaya qoymaq istədiyi əsas ideal Türklüyün və Turan ülküsünün özü olmuşdur!!!

Dos., Dr. Faiq QƏZƏNFƏROĞLU

 

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300