Rusiya kriminalında yeni hesablaşma -

 

Yanvarın 16-da "Ded Xasan”ın qətlinin 3 ili tamam olur; "Vaqif Bakinski” ilə Rövşən Canıyev niyə düşmən olub? 

 

Bir neçə gündür ki, Rusiya kriminal aləminin "xaç atası” olmuş Aslan Usoyanın ("Ded Xasan”) yaxın qohumunun vəhşicəsinə döyülməsi  və kriminal aləmdə yeni savaşın başlaması barədə xəbərlər yayılıb. Rusiya mətbuatı yazır ki, hadisə "Bolşoy Teatr” yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verib. Buraya azərbaycanlı "qanuni oğru” Vaqif Süleymanovla ("Vaqif Bakinski”) gələn "Ded Xasan”ın qohumu Roman Rasoyev("Alik Krosnodarski”) təsadüfən Dağıstan klanının üzvü olan Əmirlə rastlaşıb. 

Əmir "Alik Krasnodarski”nin ona 50 milyon rubl borclu olduğunu bildirib. Dağıstanlı avtoritet dərhal ona təklif edib ki, yaxınlıqdakı bara gedib danışsınlar. Lakin söhbət alınmayıb. Rasoyevə qulaq asmaqdan yorulan Əmir əvvəlcə onu sifətindən endirdiyi zərbə ilə nokauta salıb. Daha sonra təpiklə şil-küt edib. Yaxınlıqda olan "Vaqif Bakinski” isə müdaxilə etməyib. Əmir mühafizəçiləri ilə birlikdə təcili ticarət mərkəzini tərk edib, Rasoyevi isə bir neçə sınıq xəsarəti, o cümlədən çənə sınığı diaqnozu ilə xəstəxanaya yerləşdiriblər. 


Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, Rasoyevin döyülməsi kriminal aləmdə vəziyyəti gərginləşdirməyəcək. Çünki "Ded Xasan”ın ölümündən sonra "Alik”in  mövqeləri xeyli zəifləyib. 

Qeyd edək ki, bir neçə gün əvvəl  Rusiya kriminal aləminin "Ded Xasan”dan sonrakı "xaç atası” olmağa iddialı "Şakro Molodoy”un (Zaxari Kalaşov) cangüdənləri güllələniblər. Baş verən hadisələr onu göstərir ki, Rusiya kriminalı yenidən iki böyük cəbhəyə-"Ded Xasan" klanına başçılıq edən "Şakro” və onlara ənənəvi müxalifət olanlara bölünür.  


"Şakro Molodoy”  2014-cü il oktyabrın 29-da İspaniya həbsxanasından azadlığa buraxılıb. "Ded Xasan”ın  yaxın qohumları olan yezidi kürdlər klanın əvvəlki nüfuzunu saxlamaq üçün onun ətrafında təşkilatlanıblar. Doğrudur, klan əvvəlki nüfuzunu qoruya bilməyib, üstəlik, yanvarın 16-da "Ded”in qətlinin 3 ili tamam olur ki, bu müddətdə qatillərin kimliyi hələ də məlum deyil. "Şakro” həbsdən çıxdıqdan sonra onun məzarı üstə and içib intiqamını alacağını desə də, bu baş verməyib. Belə ehtimal etmək olar ki, ildönümü ərəfəsi yenidən köhnə ədavət-"Ded"in qətlinin sifarişçiləri olduğu iddia edilənlərlə münasibətlərin gərginləşməsi başlayıb. Sifarişçilər sırasında isə nüfuzlu azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevin ("Rövşən Lənkəranski”)adı da var. Sifarişçilər sırasında  bu ilin əvvəllərində azadlığa buraxılacaq  "vor zakon” Merab Canqveladzeni ("Merab Suxumski”) və Tariel Oniani ilə ("Taro”) də var. "Suxumski”nin  İtaliya həbsxanasından yaxınlarda buraxılacağı deyilir.  O, reket, saxta sənədlərdən istifadə, çirkli pulların yuyulması ittihamları ilə 4 il həbs cəzası alıb və cəzasının yarısını çəkib. "Taro” isə Rusiyada həbsdədir. Bu qruplaşmanın faktiki lideri isə "Rövşən Lənkəranski” hesab olunur.  

"Vaqif Bakinski”yə gəlincə, o həmişə "Ded” klanına yaxın olub və "Lənkəranski” ilə münasibətləri düşmənçilik həddə pisdir.  O, 2013-cü ildə həbsdən buraxıldıqdan sonra "Rövşən Lənkəranski”nin  ən yaxın adamlarından biri olmuş gürcü əsilli "Cemo” ləqəbli Cemal Mikeladzenin "qanuni oğru” adından məhrum edilməsini təşkil edib. 


"Vaqif Bakinski”nin  həm "Cemo”, həm də "Rövşən Lənkəranski” ilə münaqişəsi hələ Aslan Usoyanın sağlığında başlayıb. Məlumatlara görə, Vaqif bir neçə il əvvəlki  həbsinə görə "Rövşən Lənkəranski”ni günahlandırırmış.  2010-cu ilin yazında həbsdə olan Vaqiflə "Lənkəranski” arasında bu mövzuda telefon söhbəti gərgin keçib və onlar bir-biri haqda xoşagəlməz ifadələr işlədiblər. V.Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərini aydınlaşdırmaq üçün "Cemo”nun böyük qardaşı Mamukonun elit kottecində "sxodka”ya toplaşıblar. "Rövşən Lənkəranski” tərəfdən söhbətdə Mikeladze qardaşlarından başqa digər "qanuni oğru”lar da iştirak edib. Vaqif Süleymanov isə görüşə "Ded Xasan”ı təmsil edən ən stajlı "qanuni oğru”lardan biri "Vasi Voskres”lə gəlib. "Sxodka” məhz "Cemo” söz alandan sonra davaya çevrilib. "Cemo” özündən həm yaşca, həm də cüssəcə böyük olan Vaqifi vurmaq istəyərkən (əl qaldırmaq "oğru qanunları”nda düzgün olmayan hərəkət sayılır) özü zərbə alıb. "Sxodka”nın sonunu gözləməyən V.Süleymanov oranı tərk edib. Bu "sxodka” "Lənkəranski” kastası və Vaqif arasında münasibətləri daha da pisləşdirib. "Vaqif Bakinski” 2011-ci ilin iyul ayının 6-da Miçurin prospekti 11 ünvanında polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzəndən 4.84 qram heroin aşkarlanaraq götürülüb. 2011-ci ildə Moskvanın Nikulsk Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. V.Süleymanov o zaman da həbsini "Lənkəranski”nin sifarişi kimi qiymətləndirmişdi. 

"Yeni Müsavat”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300