…Bu günlərdə Facebook səhifəmdə jurnalistikamızın başı üzərində dolaşan bir problem barədə status yazmışdım. Olduqca ciddi rezonans doğurdu, çoxsaylı jurnalistlər, tanınmış yazarlar bu statusda qoyulan məsələyə birmənalı olaraq münasibət bildirmişdilər…
Bu gün isə tanınmış jurnalistlərdən biri, uzun illərdir peşəkar fəaliyyətlə məşğul
olan dostum başına gələn bir məsələdən ürək ağrısı ilə danışdı və məndən
aşağıda bəhs edəcəyim həmin problemin ciddiliyini nəzərə alıb, yenidən gündəmə
gətirməyi xahiş etdi.
Beləliklə, bu yaxınlarda iş adamlarından biri redaksiyaya zəng vuraraq
dedi: "İstəyirəm ki, qəzetinizin bir babat jurnalistini göndərəsiniz, gəlsin
Mingəçevirə, bir nəfər mənim 3 milyon manat nəğd pulumu ələ keçirib, qaytarmır…
Hüquq-mühafizə orqanları da tədbir görmür…
Vəkilim də məşğuldur, amma nəticəsizdir. Qarşı tərəfin qorxusu yalnız mətbuatdandır,
dələduzluğunun ictimailəşməsini istəmir…”.
Dedim ki, vəkillə müqavilə bağlamısınızmı? Dedi, ki, bəli, əlbəttə, hətta 3 min
manat da pul vermişəm, əlavə 2 min də istəyir, amma ortaya bir şey çıxara bilməyib…
Zəng edən bir az da ərk edərək «İmkan varsa, jurnalisti tez göndərin,
fotoaparatla, videokamera ilə gəlsin haaa! Bu yaxınlarda sizdə bir MTK ilə
bağlı araşdırmanı oxumuşdum, yazıdan sonra 12 nəfərin pulu özünə qaytarılmışdı.
Eşq olsun, sizin kimi jurnalistlərə, nə yaxşı ki, sizlər varsınız» –
deyib, məndən cavab gözlədi. Dedim ki, problem yoxdur, yəqinki sizin
hüquqlarınızı müdafiə edəcək, sonra geniş araşdırma aparacaq, aidiyyəti
qurumlara sorğu verəcək jurnalistlə də müqavilə bağlayacaqsınız, eləmi?
Soruşdu ki, nə müqavilə? Dedim ki, hüquqlarınızı müdafiə etməli olan və 3 min
manat pul alıb hələ bir 2 min də istəyən və heç bir iş görməyən hüquqi nümayəndənizlə
bağladığınız müqavilədən…
Üç milyon manat pulu gedər-gəlməzə yola salınmış iş adamı təəccüblə soruşur:
– Müqavilədə nə yazılacaq?
– Yazılacaq ki, jurnalist qanunun bütün gücü ilə sizin hüquqlarınızı müdafiə edəcək,
araşdırma aparıb tərəfləri dindirəcək, şahidlərin mövqeyini öyrənəcək, aidiyyəti
dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına sorğular göndərəcək, sifarişli
poçt xidmətindən istifadə etməklə məktublar yazacaq, nəhayət, geniş araşdırma
yazıları yazıb dərc etdirəcək, həmin yazını tədbir görülməsi üçün yenə də aidiyyəti dövlət
qurumlarına göndərəcək, qarşı tərəf sonradan həmin yazıya görə jurnalisti məhkəməyə
verəndə isə redaksiya həmin jurnalisti məhkəmədə müdafiə edəcək, işdir, cərimə
kəsilərsə (təəssüflər olsun ki, hazırda məhkəmələrimizdə bundan heç bir
jurnalist sığortalanmayıb), redaksiya həmin cəriməni ödəməyə də borculudur. Bir
sözlə, jurnalist sizin haqqınınızın bərpası üçün peşəkar səviyyədə məqalə
hazırlayıb dərc etməyi öhdəsinə götürəcək…
– Bəs mənim öhdəliyim?
– Siz isə jurnalistin Mingəçevirdə olan müddətdə qalmaq, yemək, yol xərcini ödəməyi
öhdənizə götürürsünüz… Biz sizə əvəzində qaimə də yazıb verəcəyik…
Zəng edəni elə bil tok vurdu:
– Booooy, jurnalistlər də pul istəyir?
Mən ona hələ demədim ki, jurnalstin ailəsinə aparacağı çörəyinin halal-haqqını
da verməlisiniz. Amma dedim:
– Hə, bax indi gəldiniz mətləbə: əlbəttə, jurnalist adam deyil, heç adam balası
da deyil, atdır, yük daşıyan eşşəkdir… Onun vəzifəsi kim hara çağırdısa,
cibinin pulu ilə, lap dünyanın o başına da olsa, getməkdir… Hələ birdən sizdən
pul alıb-eləsə, onu «reket» damğası da gözləyir…
Duruxur:
– Bəs deyirlər ki, jurnalistlər təmiz olur, pul almır…
– Qardaş, jurnalist səndən rüşvət almır ey, işini-gücünü, ailəsinin, özünün
qayğılarını özü ilə götürüb Mingəçevirə gedir, çəkdiyi xərcini istəyir… Yaxşı,
jurnalist səndən almasın, o birindən almasın, bəs neyləsin??? Bəs sizin
vicdanınız??? Heç bir iş görməyən «vəkil»inə 3 min verirsən – bu halal
haqqıdır, amma jurnalist burdan ora gedir, ona yol pulu, ezamiyyə xərcini vermək
haramdır? Rəhmətlik xalq artisti Səməndər Rzayevin sözü olmasın, "Əəəə, bu nətəhər
olur, əəəə???”.
İş adamı susur və dinmir…
***
FB-də bu yazıma çoxsaylı şərhlər var idi. Tanınmış jurnalist, professor Qulu Məhərrəmli
yazmışdı ki, «…gözəl məmləkətimiz bəlkə də dünyanın azsaylı ölkələrindəndir
ki, jurnalistikanın adı var, amma heç bir qayda və prinsipi işləmir… Məsələn,
bizdə medianın nisbi azadlığı var, amma iqtisadi bazası, maddi dayağı yoxdur.
Reklam bazarı monopoliyadadır, digər qaydalar da elə…».
***
Bəli, deməyim budur ki, niyə kimsə hüquqşünasla, vəkillə, təmir ustası ilə, dəlləklə,
başqırxanla, bələdiyyə ilə… müqavilə bağlayıb qayda-qanunla pul qazana bilər,
amma bu iş jurnalistlərə gələndə hər şey tərsinə olur, günah iş sayılır? Elə
bil jurnalistikamızda «Bermud üçbucağı» fırlanır və heç kim də problemin mövcud
kökünü «tapmaq» istəmir. Problemi tapılmayan sahədə isə heç kimi yerində tapa bilməzsən…
Daha vacib bir məsələ: inkişafdan, medianın azadlığından söz düşəndə özümüzü
özümüzə ən yaxın bildiyimiz Rusiya, Türkiyə və ya Gürcüstanla, sonra bəzi
Avropa ölkələri ilə müqayisə edirik. Olsun! Bəs niyə Türkiyədə, Rusiyada, hətta
sarsax və dilənçi Ermənistanda da "reket” qəzetlər və ya jurnalistlər, hətta
dilənçi mətbuat nümayəndələri məsələsinə rast gəlmirik??? Mən erməni mətbuatını
diqqətlə izləyirəm, maraqlıdır ki, dilənçi Ermənistanda dilənçi, ac-yalavac
jurnalist adına rast gəlmirəm. Amma bizdə jurnalistin adına minbir hoqqa
qoşurlar, harda dələduz, avara, fırıldaqçı… var, mediada axtarırlar, mətbuata
sırıyırlar… Bəs bu nə məqsədlə edilir, yaxud belələri mətbuata niyə soxulur?Bax bunları aydınlaşdırmaq və səbəbini araşdırıb tapmaq lazımdır…
Mən hələ onu demirəm ki, kimdən balaca bir tənqid yazılırsa, dərhal "əlini
cibinə atıb” məhkəməyə üz tutur, jurnalisti məhkəmə ilə hədələyir. Camaat məhkəmədə
haqq-ədalət axtaranda, bizdə isə məhkəmələrimiz hədə gəlib qorxutmaq aparatına
çevrilmişdir. Bax bu təhlükəli məsələdir (Milyonçu Gülağa Tənhanın 15 il iş kəsdirdiyi
şərikinin apellyasiya məhkəməsindən yazı verilib, "Gülağa Tənhanın həbs
etdirdiyi iş adamı İlham Qasımovun vəsatəti təmin olunmadı” ifadəsinə görə
"Azpolitika.info”, "Gununsesi.info”, "Moderator.az” və "Tezadlar.az” saytlarını
məhkəməyə verib ki, bu ifadələrdə onun şərəf və ləyaqətinə xələl gətirilib).
Görün jurnalistika nə günə qalıb ki, ağzını açan kimi məhkəməyə verirlər ki, səsini
kəs, cərimələtdirəcəyəm. Bunlar Rusiya, Türkiyə… mətbuatını oxumurlar görəsən?
Ya bizdə vəziyyət artıq bu səviyyəyə gəlib çatıb?!
***
Başqa bir məsələ: yəqin hər gün izləyirsiniz, telekanallarımızda itdən-pişikdən
tutmuş hər şeyin, hətta arağın, siqaretin, pampersin belə, reklamı var. Kimi də
müqavilə bağlayıb duzsuz, zəhlətökən-qatıq klipini reklam etdirir, kimi də
yarıq yubkası ilə özünü reklamlatdırıb toy üçün "kliyent” toplayır, kimi
arağını reklam etdirir və əvəzində dəqiqəsi 200 manatdan başlayaraq min, iki min… manata qədər pul ödəyib işini
qurur.
Yaxşı, niyə TV-lərə olar, amma çap mediasında olan jurnalistlərə olmaz? TV-nin
jurnalisti gedir «Göyçay qranat» şirkətinin arağını reklam edən sujet çəkir,
müqavilə bağlayıb filan qədər alıb gəlir, bu olur halal. Amma hansısa qəzetin
jurnalisti bir şikayəti araşdırmaq üçün rayona dəvət edilir, ona kimsə yolpulu
belə verməyə can çəkir.
Niyə belə olmalıdır?
Ən pisi odur ki, məsələn, öz nümunəmizdə şikayətçilər tanıyırıq (hökumətdən
qrant və ya yardım alan KİV-lərdə ciddi problem yazılmır, heç adi bir məmur tənqid
olunmur deyə, son vaxtlar, konkret olaraq bizə müraciət edənlərin sayı ikiqat
artıb), illərlədir tikinti şirkətlərinin dələduz sədrlərində verdiyi pulunu və
ya mənzilini ala bilmir. Amma qəzetdə bir-iki ciddi yazıdan sonra problem həll
edilir.
Üstündən bir ay keçir, özümüz zəng edirik ki, probleminiz nə yerdədir, deyir
ki, hə, yadımdan çıxmışdı, çox sağ olun, düzəldi. Halbuki vəkilləri aylarladır
məhkəmələrdə onu süründürüb filan qədər pulunu almışdı, 6-7 mötəbər ünvana
yazdığı şikayətinə fikir verən belə yox idi… Bizim də qazancımız «Çox sağ
olun!» oldu. Nə deyim, Allah bərəkət versin!
***
…Bu gün «Azərbaycan» nəşriyyatının 1-ci mərtəbəsindəki bufetə girmişdim, su
almağa. Vaxtilə adam əlindən tərpənmək çətin olan bufetdə məndən, bir də üzümə
bikef baxan satıcıdan başqa kimsə yox idi. Yeməkxanada isə əvvəlki qaynarlıqdan
əsər-əlamət yoxdur. Çünki jurnalistlərdə pul yoxdur, indi yeməkxanaya ancaq çay
içməyə, peraşki yeməyə gəlirlər. Bir çoxları isə Aqil Abbası gözləyir ki, bəlkə
təsadüfən gəldi və onların da cari və həftələrdir borc dəftərinə yazılmış borc
hesablarını ödədi. Hansı ki, 15-20 il əvvəl nəşriyyatın 9-cu və 4-cü mərtəbələrində
də kafelər var idi, jurnalistlərin əlindən tərpənmək olmurdu. Neçə il əvvəl
9-cu və 4-cü mərtəbələrdəki bufetlər-kafelər bağlandı, çünki müştəriləri
olmadı… İndi sonucu qalmış və 1-ci mərtəbədə yerləşən yeməkxana və bufetdə isə…
Allah eləməsin ki, onları da bağlasınlar. Amma bu qorxu artıq hiss olunur.
Çünki jurnalistlərin qazanc yolları bağlandıqca, bu təhlükə də qaçılmaz olur…
Yeri gəlmişkən, eşitdiyimə görə, bir müddət əvvəl Mətbuat Şurası jurnalistləri
«reket» elan edəndən sonra nəşriyyat rəhbərliyi də məcbur olub bu tip
redaksiyaları nəşriyyatdan çıxarmaq istəyib… Sonra baxıblar ki, icarə pulu verən
yox, gecikmələr artıb, yeməkxanada adam qalmayıb, bundan sonra «reket»lərin
çıxarılmasına stop qoyulub. Bəli, öz işi ilə məşğul olan KİV jurnalistləri indi
pis güzərandadır.
Söz gəldi, deyim: bu reket məsələsi ortaya çıxanda məsələ qaldırdıq ki, Mətbuat
Şurasının bu cür mübarizəsi arzulanan və gözlənilən effekti verməyəcək. Çünki«ac qılınca çapar» məntiqi ilə desəm, ac olan istər «jurnalist» olsun, istər
jurnalist, yaxud adi bir vətəndaş, o, balalarını yedirtmək üçün ya oğurluq, dələduzluq
etməlidir, ya da özünü hamamdan asmalıdır. Cəmiyyətə, yaxud elə bizim Mətbuat Şurasına hansı
lazımdır??? Təbii ki, hər şey qanun çərçivəsində olmalıdır, amma problem həlledilməz
olaraq qalır hələ də….
Mən mübarizənin yolunu da həmin vaxt açıqlamışdım: birincisi, istər dırnaq
içində olsun, istərsə də dırnaqsız, MŞ «reket» adını jurnalistikamıza şamil etməklə
bütövlükdə jurnalistikamızın adına pis ad gətirmiş olur. Halbuki, reketçilik
Az. CM-də cinayət əməlidir və MŞ belə «jurnalist» varsa, onu reket elan etməsinə
ehtiyac yoxdur
(Təcrübədə var ki, reket elan edilmişlər sonradan lap geniş əl-qol atdılar),
sadəcə, hüquq-mühafizə orqanına müraciət etmək lazımdır ki, həmin şəxsin hərəkətinə
hüquqi qiymət verilsin. Yoxsa, hansısa bir dələduz saxta qəzetin və ya saytın
saxta vəsiqəsi ilə hansısa bir əfəl və qorxaq idarə müdirinin yanına gedib,
ondan pul istəyib, yaxud alıb, MŞ da onun adını reket elan edib jurnalistikamıza
yeni adlı siyahı tərtib edir… Mən o vaxt bunu da yazmış və təklif vermişdim ki,
məgər səhiyyədə, təhsildə, polisdə, prokurorluqda, əmlakda, məhkəmədə, vergidə,
gömrükdə… dələduz yoxdur? Onları məgər «reket» elan edib siyahı tuturlar? Belələrini
məhkəmə hökmü ilə qaralayıb atırlar içəri. Və heç vaxt da eşitməmişik ki, məsələn,Təhsil Nazirliyi elan etsin ki, dünən daha bir «reket direktor» qara siyahıya
salındı. Yəni, cinayətin motivi birdir – o, dələduzdur, qanun qarşısında cavab
verməlidir! Daha ona «dələduz direktor» demirlər, o, dələduz adamdır – cinayətkardır!
Amma biz küçədən keçib mətbuata gələrək hansısa bir adı olub özü olmayan qəzetdə
«işə girən» dələduzu jurnalist kimi qələmə verib adına da «reket jurnalist»deyirik. Axı o, jurnalist deyil, elə dələduzdur, niyə dələduzu sıramıza-adımıza
gətirib jurnalistikamız ətrafında reketçiliklə məşğul olmaq meydanı təsəvvürünü
yaradırıq???
***
…Son olaraq: əziz və istəkli peşəkar jurnalistlər – qəzetçilər, saytçılar, istərdim
ki, ətrafımıza bir daha nəzər salasınız ki, hanı o peşəkarlıq məktəbi, o
jurnalistlər ki, yazısını birnəfəsə oxuyardıq?
İndi onların bir çoxu işsiz, kasıb, çarəsiz durumdadır. Şakir Yaqubov var idi,
bildiyim qədər xəstəlik onu ev dustağı vəziyyətinə salıb. Allah şəfa versin!
Kim ona əl tutur, mənəvi dayaq durur? Hanı mətbuatımızın Hidayət Elvüsalı, Məzahir
Süleymanzadəsi, Yusif Kərimovu, Rəhman Orxanı, Rafiq Hacıyevi, Asif Quliyevi,
Hikmət Sabiroğlusu, Fəxri Uğurlusu, Mədinə Həsənovası, Larisa Cavanşiri? Və
adını çəkmədiyim neçə-neçə qələm adamları, hardadırlar indi??? Qocaman
jurnalist var, Əliabbas Əlimədətoğlu, hərdən bizə yazır, neçə illərdir pensiya
davası çəkir. Allah kasıbçılığın üzünü qara eləsin… Elə bu qayğı və problemlər
üzündən jurnalistikanı atıb başqa sahələrə gedən qə qədərimiz var,
siyahılandırsam, çox vaxt aparar… Ayağı yer tutanlarımızın nə qədərinin xaricə
qaçıb getdiyini də bilirsiniz.
Qalmışıq beş-on nəfərlik, onların da yeri görünür, özü görünmür. Dünyasını dəyişmişMəmməd Nazimoğlunun, Elçin Səlcuqun, Adil Qaçayoğlunun və daha neçə-neçə adını
çəkmədiyim jurnalistlərin son maddi durumu yadınızdadır axı…
… Bəzilərimizin indi adı qalıb, özü yoxdur, yəni görünmürlər. Heç kimin xətrinə
dəyməsin, Elçin Şıxlının, Arif Əliyevin, Qulu Məhərrəmlinin… niyə özü görünmür?
Mən mətbuatda aktiv fəaliyyətlərini deyirəm… Bilmirəm, bəlkə ona görədir ki,
onlar adına «reket jurnalist»lər damğası vurulmuş bir jurnalistikada olmaq istəmirlər?!
Bilmirəm… Amma onu bilirəm ki, niyə hər bir sahədə xidmət göstərib pul alan
(rüşvəti, yəni haqqı hələ qoyaq bir kənara) olur haqq-halallı, amma jurnalist
xidmət göstərib müqavilə bağlayıb haqqını alanda olur pis, hətta ən pis halda
olur «reket», nə bilim daha kim…
Yadımda ikən, dünən əməkdaşlarımızdan biri adını çəkmək istəmədiyim bir özəl
klinikada həkimin qəbuluna gedib, qəbula düşmək üçün qəbz yazılıb, 30 manat ödəyib,
sonra həkimin məsələhətlərinə və aparatı ilə baxmasına 60 manatlıq qəbz yazılıb
(həkimin yazdığı reseptlər isə 130 manat tutub). İndi soruşuram: niyə həkimin qəbuluna
düşəndə qəbz yazılır, pul verilir, amma jurnalistin qəbuluna düşüb min bir məsləhət
alınır, problem araşdırılır, yazılır, çap olunur, bu olur «Çox sağ olun»luq? Və
həkim qulaq aparatı ilə qulağa baxır-qəbz yazıb 50 manat alır, amma jurnalist
diktofondan, videoaparatdan, kompüterdən, çap üçün printerdən… istifadə edir,
yenə də qazancı olur «Çox sağ ol!»luq!
Nəhayət, xəstə gedir həkimin yanına, həkim barmağına batmış tikanı çıxardır,
yerinə yod vurur və 20 manat alır – bu olur halal haqq! Amma jurnalist bir
duzlu-məzəli, yaxud ciddi araşdırma yazı yazır, minlərlə adamın ürəyindən tikan
çıxardır, kimsə 30 manat verir (əgər onu da verirsə) olur haram?! Gəlin
jurnalistikamızdakı bu "Bermud üçbucağı»nın dəqiq ünvanını tapaq ki, axtaranda
da özümüzü əsil, cəmiyyətimizin ayrılmaz hissəsi olan həmin jurnalistikamızda
tapa bilək… (azinforum.az)