Yadigar Sadıqov

1917-ci il Oktyabr çevrilişinin ertəsi günü Sovetlərin II Ümumrusiya qurultayı Sülh haqqında dekreti qəbul etdi. Müharibə aparmaq üçün qüvvəsi olmayan bolşevik hökuməti Birinci cahan savaşında iştirak edən bütün dövlətlərə hərbi əməliyyatları dayandırmaq barədə müraciət etdi. Antanta dövlətlərinin imtinasından sonra Rusiya mərkəz dövlətləri (Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə) separat danışıqlara başladı. 

 

Cənubi Qafqazdakı hadisələrə ciddi təsir edəcək "Ərzincan barışığı” (Türkiyə ilə) 1917-ci ilin dekabrın 18-də imzalandı. Bundan sonra Anadolu və İranın şimalındakı rus qoşunları geri dönməyə başladılar.

 

1917/18-ci ilin qışında Cənubi Qafqazda olduqca mürəkkəb vəziyyət yaranmışdı. Oktyabr çevrilişini və bolşevik hökumətini legitim hesab etməyən siyasi qüvvələr noyabrın 28-də regionun müstəqil hökumətini – Cənubi Qafqaz komissarlığını formalaşdırdılar. Gürcü menşevik Gegeçkorinin rəhbərlik etdiyi hökumətdə azərbaycanlıları Fətəli xan Xoyski, Xudadat bəy Məlik-Aslanov, Məmməd Yusif Cəfərov və Xəlil bəy Xasməmmədov təmsil edirdilər.

 

Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərin nəticələri əsasında isə 1918-ci il fevralın 23-də Cənubi Qafqaz parlamenti – Seym yaradıldı. Burada azərbaycanlıları 44 nəfər təmsil edirdi ki, onların da 30-u Müsavat Partiyasının üzvləri idilər. Lakin Cənubi Qafqaz komissarlığının hakimiyyəti bütün regiona yayılmamışdı. Bakı və ətrafı bolşevik Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin nəzarətində idi. Əslində, Bakı Sovetində bolşeviklər azlıqda idilər. Şaumyanın sədr seçilməsində milli mənsubiyyəti önəmli rol oynamışdı. Sovetdə təmsil olunan ermənilər də onun namizədliyini dəstəkləmişdilər.

 

Bu dövrdə barıt çəlləyini xatırladan Cənubi Qafqazda müsəlman əhali ən əlverişsiz şəraitdə idi: bir tərəfdən zəif təşkilatlanmışdılar, Müsavat Partiyası istisna olmaqla, güclü və nüfuzlu siyasi, ictimai təşkilatlara malik deyildilər, digər tərəfdən də Çar Rusiyasında müsəlmanlar hərbi xidmətə çağırılmırdılar. Onlar yalnız könüllülük əsasında xidmət edə bilərdilər. Bu da indi - hərbi qüvvənin olduqca vacib olduğu məqamda, müsəlmanların hərbi potensialına mənfi təsir göstərirdi.

 

Qafqazın xristian xalqları isə daha əlverişli vəziyyətdə idilər. Rus ordusunda, o cümlədən Qafqaz cəbhəsindəki qoşunlarda xeyli gürcü və erməni xidmət edirdi. "Ərzincan barışığı” imzalandıqdan sonra onlar Cənubi Qafqaza qayıdır, öz milli təşkilatlarının ətrafında toplaşırdılar. Bundan əlavə, Türkiyəyə qarşı üsyanlarda iştirak etmiş xeyli əlisilahlı Osmanlı ermənisi də rusların himayəsindən məhrum olduqlarından Cənubi Qafqaza yönəldilər.

 

Cənubi Qafqaz komissarlığının 1917-ci ilin dekabrında qəbul etdiyi qərarda müsəlman korpusunun yaradılması nəzərdə tutulurdu. Korpusun komandiri məşhur general Əliağa Şıxlinski təyin olunmuşdu. Əhalini hərbi xidmətə cəlb etmək üçün general Talışinski başda olmaqla 1-ci piyada diviziyasının qərargahı fevralın 24-də Bakıya gəldi. Lakin onlar elə dəmiryolu vağzalında bolşeviklər tərəfindən həbs olundular.

 

Bakının azərbaycanlı əhalisi ilə Bakı Soveti arasında ilk insident də məhz bu hadisə ilə bağlı oldu.

 

Azərbaycanlıların ciddi etirazları nəticəsində Sovet hökuməti Talışinskini və digər zabitləri azad etməli oldu. Lakin onlara Bakıda normal fəaliyyət göstərmək imkanı verilmədiyindən Şıxlinskinin əmri ilə qərargah Şamaxıya köçürüldü.

 

Bakı soveti "Ərzincan barışığı”ndan sonra Anadolu və İrandan dönən rus qoşunlarından özlərinin həm canlı qüvvəsini, həm də cəbbəxanalarını artırmaq üçün yararlanırdılar. Azərbaycanlılar isə həm peşəkar hərbçi, həm də silah-sursat cəhətdən çətinlik çəkirdilər.

 

Yaradılmaqda olan müsəlman korpusunda zabitlərin 2/3 hissəsini rusdilli kadrlar təşkil edirdi. Nəticədə hərbi xidmətə cəlb olunan əsgərlərin onlarla ünsiyyətinə, hərbi təlimlərin keçirilməsinə ciddi əngəl yaranırdı.

 

Silah sahəsində vəziyyət də acınacaqlı idi. Tələbatı ödəmək üçün Şamxor (Şəmkir) stansiyasında cəbhədən qayıdan rus əsgərlərinin önü kəsildi və silahlarının təhvil verilməsi istənildi. Ruslar imtina etdikdə baş verən qısamüddətli döyüşdən sonra müəyyən miqdarda silah və sursat əldə etmək mümkün oldu. Lakin həlledici məqam yetişənə qədər az-çox nəzərəçarpacaq hərbi qüvvə yaratmaq mümkün olmadı. Bu da Mart hadisələri zamanı öz sözünü dedi.

 

Bu dövrdə Bakıda siyasi vəziyyət olduqca gərgin idi. Bakı Sovetinin hakimiyyəti möhkəm sayıla bilməzdi. Yerli azərbaycanlı əhali arasında narazılıq artırdı. Şaumyan onların arasında Müsavat Partiyasının nüfuzunun artmasını əndişə ilə müşahidə edirdi. O, hətta Müsavatın qısa müddət ərzində "Cənubi Qafqazın ən nüfuzlu partiyasına çevrilməsi”ni hiddətlə qeyd edirdi.

 

General Talışinskinin həbsi zamanı baş verən etirazlar və digər olaylar azərbaycanlıların Bakı Sovetini qəbul etmədiklərinin aydın göstəricisi idi. Belə olan halda isə Şaumyan bolşeviklərə məxsus metoda – terrora əl atmağı planlaşdırdı. Bu məqsədi həyata keçirmək üçün isə bəhanə lazım idi.

 

Mart ayının sonlarında məşhur azərbaycanlı milyonçu Hacı Zeynalabidin Tağıyevin oğlu Məhəmməd Lənkəranda hərbi xidmətdə ikən faciəvi şəkildə həlak oldu. Bakıda mərhumun dəfnində iştirak edən 48 zabit yoldaşı "Evelina” gəmisində Lənkərana qayıtmaq istərkən sovet qüvvələri tərəfindən saxlanıldılar. Bəhanə olaraq onların guya Muğandakı rus (molokan) kəndlərinin talan edilməsini planlaşdırdıqları göstərildi.

 

General Talışinskinin həbsi zaman olduğu kimi Bakının azərbaycanlı əhalisi yenə etiraz aksiyaları keçirməyə başladılar. Etirazçılar azərbaycanlı hərbçilərin silahlarının qaytarılmasını, ya da digər millətlərin də silahlarının alınmasını tələb edirdilər.

 

Martın 30-da Nəriman Nərimanovun evində Məhəmməd Əmin Rəsulzadə və Stepan Şaumyan arasında görüş oldu. Gərginliyi dinc yolla həll etmək üçün atılan bu addım zamanı Şamaxinka tərəfdə sovetin süvari patruluna atəş açılması xəbəri gəldi. Atəş açanın şəxsiyyəti müəyyən edilməsə də, olay Bakı Sovetinə danışıqları dayandırmaq və hərbi əməliyyatlara başlamaq üçün bəhanə oldu.

 

Şaumyan sonralar yazırdı: "Biz cavab verməli idik və ilk bəhanədən, atlı dəstəmizə silahlı hücum cəhdindən istifadə edərək bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərlik qoşunumuz vardı. Daşnaksütunun 3-4 minlik qüvvələri də ixtiyarımızda idi. Sonuncuların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi, lakin bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu şəkildə getdik”.

 

Əlavə etmək lazımdır ki, Bakı Sovetinin 6 minlik qüvvəsinin tərkibində, xüsusən də komandir heyətində xeyli erməni vardı.

 

Onu da qeyd edək ki, Daşnaksütun və Erməni Milli Şurası azərbaycanlıları onlarla Bakı Soveti arasındakı konfliktdə bitərəf mövqe tutacaqlarına inandırmışdı. Lakin silahlı toqquşmaların ilk saatlarından etibarən ermənilər azərbaycanlılara qarşı döyüşməyə başladılar. Bununla da yerli əhali olduqca ağır vəziyyətə düşdü. 

 

Bakıda azərbaycanlıların 400-ə qədər silahlı qüvəsi var idi. Bundan əlavə, bir də yerli qoçu dəstələrinə ümid etmək olardı. Təsadüfi deyil ki, Rəsulzadə döyüşlərin başlanmasında Müsavatı günahlandıranlara: "Hərb elanı üçün müəyyən silahlı qüvvəyə malik olmaq lazımdır. Hansı ki Müsavatda yox idi”, - deyə cavab vermişdi.

 

Martın 30-da axşam saatlarında başlayan atışmalar ertəsi gün geniş masştablı hərbi əməliyyatlar xarakteri aldı. Azərbaycanlıların guya xristianları qırdığına inandırılmış Xəzər donanmasının gəmiləri şəhərin müsəlman məhəllələrini artilleriya atəşinə tutdu. Azərbaycanlılara qarşı döyüşlərdə azsaylı olsa da, aviasiya belə iştirak edirdi. Günün sonlarına yaxın dənizçilər gerçək vəziyyəti öyrəndikdə atəşi dayandırdılar.

 

İlk olaraq Kərpicxana, Məhəmmədli, Poxludərə məhəllələri hücuma məruz qaldılar. Burada yaşayan müsəlmanlar demək olar ki, tamamilə məhv edildilər. Şaumyanın "vətəndaş müharibəsi” adlandırdığı əməliyyatlar dinc və silahsız insanların, qoca, qadın və uşaqların milli zəmində qətliamına çevrildi.

 

M.Ə.Rəsulzadə "Azərbaycan Cümhuriyyəti” əsərində yazırdı: "Mart hadisələri zamanı həyata keçirilən qətl, bir sinif mübarizəsinə qətiyyən bənzəmirdi. Bu, silahlı müdafiədən məhrum olan müsəlman əhalisinin amansız surətdə məhvindən başqa bir şey deyildi. Müsəlman məhəllələrinin başına od yağdırılır, cəhənnəm püskürdülürdü”.

 

Müqavimət üçün yetərli qüvvəsi olmayan Müsəlman İctimai Təşkilatları Komitəsi artıq martın 31-də axşam Bakı Sovetinin ultimatumunu qəbul etməyə hazır olduğunu bildirdi, lakin qarşı tərəf əməliyyatları dayandırmadı.

 

Aprelin 1-nə keçən gecə hərbi əməliyyatlar İçərişəhərin yaxınlığında cərəyan etməyə başladı. İndiki İstiqlaliyyət küçəsində yerləşən İsmailiyyə və müsəlmanlar üçün əhəmiyyətli bir çox binalar yandırıldı. Daha sonra isə İçərişəhərin daxilinə keçə bildilər.

 

O dövrdə Bakıda olmuş Kulner soyadlı alman yazıdı: "Müsəlman məhəllələrinə soxulan ermənilər ucdantutma hamını qırır, qılıncla doğrayır, süngü ilə deşirdilər. Qırğından bir neçə gün sonra çuxurdan çıxarılan 87 müsəlman cəsədinin burun və qulaqları, cinsi orqanları kəsilmişdi, qarınları yırtılmışdı”.

 

Kulner Kərpicxana məhəlləsində ayağından süngü yarası almış, lakin sağ qalmış körpənin ölmüş anasının döşünü əmməsinə rast gəldiyini bildirir: "Qadının başında güllə yarası, bədənində 5 süngü yarası vardı. Sağ çiyni qılıncla çarpılmışdı”.

 

Bolşevik və daşnak qüvvələri dinc əhalinin qətlini müxtəlif üsullarla həyata keçirirdilər. "Fantaziya” hamamında insanları qaynar suya atırdılar. Körpələrin başını divara çırparaq öldürürdülər. Qadınlar öldürülməmişdən öncə həqarətə məruz qalırdılar. Hamilə qadınlara qarşı xüsusi vəhşilik nümayiş etdirilirdi. Bir çox halda insanlar öldürüldükdən sonra və ya hələ diri ikən yaşadıqları evlə birlikdə yandırılırdı.

 

Durum o qədər dəhşətli idi ki, Bakının rus, yəhudi, gürcü, nadir hallarda hətta erməni sakinləri azərbaycanlıları öz evlərində gizlədir, xilas etməyə çalışırdılar. Məşhur azərbaycanlı milyonçular Şəmsi Əsədullayevin və Ağamusa Nağıyevin nəvəsi, Fransada yaşamış yazıçı Banin (Ümmülbanu Əsədullayeva) "Qafqaz günləri” adlı əsərində ailəsinin qonşu evdə gizlənməsini təsvir edir.

 

Aprelin 2-də 36-cı Türküstan polku və Xəzər donanmasının dənizçiləri şəhərdəki qırğının durdurulmasını tələb etdilər. Donanmanın "Ərdəhan” və "Krasnovodsk” gəmiləri sahilə yaxınlaşaraq atəş dayandırılmayacağı təqdirdə, Bakının erməni məhəllələrini atəşə tutacaqlarını bildirdilər. Yalnız bundan sonra Bakı soveti hərbi əməliyyatların dayandırılması barədə əmr verdi. Lakin azğınlaşmış qüvvələri dərhal sakitləşdirmək mümkün olmadı.

 

Bakı Sovetinin əsgərlərindən biri aprelin 3-də baş vermiş hadisə haqqında yazırdı: "4 dənizçi ilə ermənilərin müsəlman evlərini və dükanlarını hələ də qarət etdikləri və yandırdıqları, özlərini isə öldürdükləri Bazar (sonralar Hüsü Hacıyev, indi Azərbaycan – Y.S.) küçəsinə yollandıq. Üç erməni soyğunçunu güllələdik. Ermənilərdən birinin torbasında üzərində insan əti parçası olan sırğalar vardı”.

 

Belə hadisələr aprelin 5-nə qədər davam etdi.

 

Ermənilər mart qırğınının nəticələrini böyük şadyanalıqla qeyd edirdilər. Onlar mahnı oxuyaraq, rəqs edərək Bakının küçələrini dolaşırdılar. Bakı Sovetinin rəhbərliyi də onlardan geri qalmırdı. Stepan Şaumyan: "Döyüşlərin nəticələri bizim üçün möhtəşəmdir. Düşmən tam darmadağın edildi”, - yazırdı.

 

Şaumyanın düşmən adlandırdığı isə günahsız insanlar idi. Müxtəlif qiymətlərə görə, 3 gün ərzində Bakıda 12 mindən 20 minə qədər insan öldürülmüşdü. Yüzlərlə bina, məscid, mehmanxana, ev, dükan və digər tikililər dağıdılmışdı. Əhalinin 400 milyon rubl dəyərində əmlakı talan olunmuşdu.

 

Bakının mənzərəsi dəhşətli idi. Hər yerdə dağıntılar gözə dəyirdi, yandırılmış evlərdən tüstü qalxırdı. Bir çox hallarda bu tüstüdən yanmış insan ətinin qoxusu duyulurdu. Küçələr insan cəsədləri ilə dolu idi. Yalnız aprelin ortalarından sonra cəsədləri yığışdırıb dəfn etmək mümkün oldu. Atası öldürülmüş bir gənc yazırdı: "Atam xoşbəxtlərdən sayıla bilərdi. Onun cəsədini tapmaq və tanımaq mümkün olmuşdu. Çoxlu insanlar öz əzizlərinin cəsədini tapa bilmirdi”.

 

Şahidlərdən biri qırğın dayanandan sonra Vladimir Sokolov adlı rusun azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərin şəklini çəkməsi haqqında danışır. Kərpicxana məhəlləsində baş verənləri lentə alan Sokolov cəmi 3 şəkil çəkə bilmişdi. Daha artığına isə əsəbləri dözməmişdi.

 

Sokolovu anlamaq çətin deyil. Üzərindən 1 əsr keçəndən sonra belə bu məqaləni yazarkən mənbələrdə qarşına çıxan hər təsviri yazmağa insanın əli gəlmir. Mənbələr isə xüsusən gənc qızlar və qadınlara qarşı çox dəhşətli, qeyri-insani işgəncə və təhqirlərdən bəhs edir.

 

Onu da qeyd etmək lazımdır ki, Bakının azərbaycanlı əhalisinə qarşı cinayətlər Mart hadisələri zamanı olduğu kimi kütləvi olmasa da, sonrakı dövrdə də davam etdi. Məsələn, avqust ayında Pirşağı kəndinin 20 sakini ermənilər tərəfindən əsir götürülərək Zabrat kəndinə aparılmış və orada güllələnmişdilər.

 

Elə həmin zaman ingilis general Denstervill gündəliyində yazırdı: "Qəzəbli ermənilər müsəlmanlara qarşı vəhşiliklərdən əl çəkmirlər. Keçən gecə də tatar evinə basqın ediblər, asayişi bərpa etməyə gələn ruslara atəş açıblar, bir nəfər öldürülüb”.

 

Yalnız sentyabrın 15-də Bakının Azərbaycan və türk qoşunları tərəfindən azad olunmasından sonra şəhərin azərbaycanlı əhalisi özlərini təhlükəsizlikdə hiss etdilər.

 

SSRİ zamanı isə Mart hadisələri "müsavatçıların əksinqilabi qiyamı” kimi təqdim edilirdi. Minlərlə insanın qatili olmuş şəxslər alovlu inqilabçı, xalqın işıqlı gələcəyi uğrunda mübarizlər adlandırılır, onların adları şəhər və kəndlərə, zavod və fabriklərə, küçə və məktəblərə verilirdi. Cəlladların şərəfinə Bakının mərkəzində möhtəşəm xatirə kompleksi yaradılmışdı. Yalnız 80-ci illərin sonlarında Mart hadisələrinin əsl mahiyyəti geniş ictimaiyyətə məlum olmağa başladı...

 

Meydan.tv 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300