Elçin Mirzəbəyli


Adamlar yorulublar...

 

26 illin müstəqilliyi şüurlarındakı "sovet adamı” pasını təmizləyə bilməyib. 26 il üçrəngli bayrağın kölgəsində mürgüləyib "sovet adamı” kimi oyanıblar. O bayrağın rənglərinin, o rənglərin ifadə etdiyi və müstəqil Azərbaycanın strateji hədəflərini nişan verən milli məfkurəmizin fərqinə belə varmayıblar... Onlara görə Azərbaycan hansısa təbii fəlakət nəticəsində materikdən ayrılan torpaq parçası olub. Və gözləyiblər ki, nə zamansa başqa bir təbii fəlakət baş verəcək və bu torpaq parçası geosiyasi dalğaların təsiri altında yenidən doğma materikinə doğru üzməyə başlayacaq. Bu səbəbdən də bir rus "çinovniki” görən kimi çiçəkləri çırtlayıb, damarları atıb, ekstaza gəliblər. Bir rus jurnalisti görən kimi "İsvestiya”, "Pravda” qəzetlərinin müxbirləri gəlib gözlərinin önünə... Ona görə də özününkülərin yanında özləri kimi danışmağa başlayıblar: Baxın a, biz onlardan deyilik, biz başqayıq... Biz çar imperiyasının, bolşevik Rusiyasının, Stalin konstitusiyasının "şinel”indən çıxmışıq.

Belələrini o qədər görmüşəm ki... Təəccüblənmirəm.

Bir tanışım var, sözünü kəsən olmasa saatlarla danışar...

Mənasız, məzmunsuz cümlələri ard-arda düzür, dünyanın xəritəsini yenidən cızır və bütün bu mənasız, məzmunsuz çıxışlarının sonunu "köpək oğlunun rusu, görürsən neylədi?” deyimi ilə bitirir... Təbii ki, tanışım siyasi terminalogiyasında yer alan "köpək oğlu” sözünü təhqir kimi dilə gətirmir. Bu, sadəcə onun ən sevimli sözüdü. Heyran qaldığı nə, yaxud kim varsa bu sözlə vəsf edir. Əllərinin ununu təmizləyirmiş kimi bir-birinə çırpıb "köpək oğlun filankəsi, bacarır da” deyir və elə içdən qəhqəhə çəkir ki, sanki ən yaxın adamının uğuruna sevinir. Yaxşı xatırlayıram, Rusiya Şimali Osetiya və Abxaziyaya əl qoyanda da, Krımı ilhaq edəndə də eyni qəhqəhəni çəkmişdi və təbii ki, əllərinin "ununu” təmizləməyi unutmadan...

Əziz oxucum, ola bilsin ki, belələri ilə siz də qarşılaşmısınız.

...Bu yazını oxuyanların arasında da belələri ola bilər. Bəlkə də oxuyub özlərini görəcəklər və əllərini bir-birinə çıxrpıb, "köpək oğlunun... bəhmankəsi gör nə yazır e” deyəcəklər. Amma bu "köpək oğlu” o "köpək oğlu”ndan olmayacaq. Buna əminəm...

Lənət şeytana, çox uzaqdan başladım. Əslində Arif Rəhimzadənin son günlər ciddi müzakirələrə səbəb olan açıqlaması haqqında yazmaq istəyirdim. Doğrusu bilmirəm Arif müəllim rus müxbirlə dərdləşəndə hər zaman olduğu kimi, "ki” bağlayıcısını "kın” kimi ifadə edib, ya yox. Hərçənd ki, rus dilində "ki” bağlayıcısı başqa cür səslənir. Məsələn, "potomu çto” əvəzində "potomu ki”, yaxud "potomu kın” demək münkün deyil. Bəlkə də deyib və rus müxbir də bunu inkaredici söz önü bağlayıcısı kimi başa düşüb və başa düşdüyü kimi də yazıb. Bu, şübhəsiz ki, mənim fərziyəmdi. Amma ortalıqda fərziyə deyil, real fakt var. Arif Rəhimzadə deyir ki, "biz türk deyilik, azərbaycanlıyıq”. Yəni qüzeyli-güneyli 50 milyonluq Azərbaycan türklərinin adından çıxış edir. Etiraz doğuran da elə budur. Əgər Arif müəllim "mən türk deyiləm, azərbaycanlıyam” desəydi ən azından mən bu yazını yazmayacağdım. Ola bilsin ki, Goranboyda, Neftçalada, yaxud Masallıda yaşayan Məmməd, Əli, Fatma, Gülxanım da Arif Rəhimzadə kimi düşünür.

Amma Təbrizdə, Urmiyədə, Zəncanda və bütövlükdə Azərbaycan adlanan coğrafi ərazinin 90-95 faizində yaşayan Azərbaycan türklərinin onun kimi düşünmədiyini bilirəm.

Dövlət dilinin fars dili olduğu bir ölkədə fars-molla rejiminin xeyir-duası ilə parlamentdə təmsil olunan bir deputat kürsüyə çıxıb türk dilinin tədrisini, Azərbaycan türklərinin haqlarının tanınmasını tələb edir, dövlət dilinin Azərbaycan (türk) dili olduğu bir ölkənin deputatı isə "biz türk deyilik, azərbaycanlıyıq” deyir. Yer ayrılsa da Yerə girsək bundan yaxşıdır. O taydan 40 milyon Azərbaycan türkünün gözü bizdədir. Bayrağımızı öz bayraqları, dövlətimizi öz dövlətləri bilirlər. İndi bu 40 milyonluq bir toplum görəndə ki, biz milli kimliyimizi belə inkar edirik, nə düşünəcəklər haqqımızda? Dünyanın 4 bir yanına səpələnən Azərbaycan türkləri nə deyəcəklər bizə? Azərbaycan diasporunun 90 faizini

Güney Azərbaycandan olan soydaşlarımız təşkil edir. Onlar özlərinə "Azərbaycan türkü” deyirlər... İndi onlara nə deyək? Deyək ki, biz "türk deyilik, azərbaycanlıyıq...”

Bəs hər addımda Azərbaycanın və onun Qarabağ uğrunda verdiyi mücadiləsinin, milli davamızın yanında olan Türkiyə türklərinə nə cavab verək, Arif Rəhimzadə? Deyək ki, biz "bir millət iki dövlət” deyəndə sizin də azərbaycanlı olduğunuzu düşünürük?! İndi sizin "sovet adamı”na xas beyniniz strateji düşünməyi bacarmırsa, bu, sizə irad tutanların problemi deyil... Arqument bitəndə şantaja keçmək... Ayıbdır, vallah...

Sizə irad tutanlara "Xalq Cəbhəsinin tör-töküntüləri” deyirsiniz... Xatırladım ki, ünvanınıza səslənən iradları qismən də olsa yumşaltmağa, sizi bu vəziyyətdən çıxarmağa çalışan deputat həmkarınız və mənim çox böyük hörmət bəslədiyim Çingiz Qənizadə də Milli Azadlıq Hərəkatının və Xalq Cəbhəsinin aparıcı şəxslərindən biri olub...

Elə mən də milyonlarla Azərbaycan vətəndaşı kimi Milli Azadlıq Hərəkatının iştirakçısıyam. Amma Xalq Cəbhəsinin üzvü olmamışam, 1990-cı ilin yanvarından 1999-cu ilin sonunadək heç bir siyasi prosesdə iştirak etməmişəm. Vaxtilə Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan şəxslərdən bir çoxunun mövqeyini bölüşmürəm və Azərbaycanın inkişafı üçün ziyanlı hesab edirəm. Unutmayın ki, Xalq Cəbhəsi Milli Azadlıq Hərəkatının dalğasında yaranmışdı və hərəkata rəhbərlik edirdi. Həmin dövrdə Xalq Cəbhəsinə qoşulan insanlar Qarabağ və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdılar. Xalq Cəbhəsinin sıralarında təmsil olunan minlərlə insan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olub. Onlara da "tör-töküntü” deyirsiniz? Bu gün YAP da daxil olmaqla müxtəlif siyasi partiyalarda, elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində, dövlət qurumlarında və sizin də təmsil olunduğunuz parlamentdə vaxtilə Xalq Cəbhəsinin üzvü olmuş minlərlə insan fəaliyyət göstərir, Azərbaycanın rifahı və inkişafı uğrunda fədakarlıq nümayiş etdirirlər. Onlar da "tör-töküntü”dür? Sizə elə gəlmir ki, artıq konkret faktlarla danışmağın, proseslərə konkret zaman kəsiyindən, fərdi müstəvidə yanaşmağın zamanı çoxdan yetişib? Artıq kütləvi qaralama kampaniyaları effekt vermir, yaxud əks effekt verir. Sizə elə gəlmir ki, siz və sizinlə eyni təfəkkürü bölüşənlər müasir dövrün çağırışlarına cavab verə bilmirsiniz və öz davranışlarınızla bu ölkəyə daha çox ziyan vurursunuz?

Başa düşmürsünüz ki, indi birlik, həmrəylik vaxtıdır!

Son 1 il ərzində Sizin və bəzi həmkarlarınızın açıqlamalarını sıraya düzürəm və təəssüf ki, arzu etmədiyim bir mənzərə yaranır. Siz bu ölkədə aparılan və aparılması nəzərdə tutulan islahatların, keçid prosesi üçün qaçılmaz olan bəzi çətinliklərin izahını vermək iqtidarında deyilsiniz. Sadəcə qaşınmayan yerdən qan çıxarırsınız, vəssalam. Susun barı...

Susun ki, Vətən qazansın!

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300