Yadigar Sadıqov

Azərbaycanda 2004-cü ildən bəri 3 "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı" qəbul edilib. Sonuncu 2014-cü ildən icra edilir. Ondan əvvəlki 2 proqramlara isə 50,7 milyard manat vəsait xərclənib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin 2014-cü il fevralın 4-də keçirilən konfransda söylədiyinə görə, ilk proqramın icrasına 16 milyard, ikincisinə isə 34,7 milyard yönəldilmişdir.

Bu vəsaitlərin nə qədər səmərəli xərclənməsi zaman-zaman diskussiya mövzusu olub. Subyektiv müşahidələrimə görə, çoxluq o fikirdədir ki, milyardlarla manatın əsas hissəsi iqtisadiyyatın dirçəlməsinə xərclənməyib, "abadlıq işləri" adı altında parklara, muzeylərə, heykəllərə, palma ağaclarına sərf olunub, əhəmiyyətli hissəsi də məmurlar tərəfindən mənimsənilib.

Təsadüfi deyil ki, bu qədər böyük məbləğin müqabilində müstəqil iqtisadçılar və siyasi müxalifətin nümayəndələri regionlarda iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığını söyləyirlər. Bu zaman onlar əsasən 2 fakta istinad edirlər: regionlardan büdcəyə daxilolmaların azlığına və rayonların hələ də dotasiya hesabına yaşamasına.

Doğrudan da, iqtidar nümayəndələri regionların sosial-iqtisadi inkişafı, yeni müəssisələrin və iş yerlərinin açılması haqqında çox bəlağətli nitqlər söyləyə, yoxlanılması müşkül olan rəqəmlər səsləndirə bilərlər. Amma danılmaz fakt ondan ibarətdir ki, 2015-ci ildə regionlardan büdcəyə daxilolmalar bütün gəlirlərin cəmi 4,1%-ni təşkil edib. Aydın məsələdir ki, dövlət proqramları olmasaydı belə, regionlardan az-çox vəsait daxil olacaqdı. Bunun topdan və parakəndə satışı var, çayxanası, restoranı, şadlıq evləri və s. var. Hansılar ki, dövlət proqramları icra edilmədən öncə də olub və olacaqdı. O zaman bu xərclənən 50 milyardın effekti nədən ibarətdir?

Dotasiyalara gəldikdə isə, regionların böyük əksəriyyəti öz xərclərini qapatmaq üçün gəlirlərindən əlavə bugünə qədər mərkəzdən maliyyə vəsaiti alırdılar. Yalnız Abşeron və İmişli rayonları, Sumqayıt, Mingəçevir, Naftalan və Şirvan şəhərləri son illər öz xərclərini ödəyirdilər. O zaman da haqlı sual yaranırdı ki, bu qədər sərmayə yatırılan regionlar niyə dotasiya ilə yaşayırlar.

Yeni ildən isə vəziyyət dəyişəcək. Belə ki, 2017-ci ilin büdcə layihəsinə görə yuxarıda sadalananlardan əlavə daha 27 şəhər və rayonlar (Gəncə, Lənkəran, Şəki və Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları) öz gəlirləri hesabına yaşayacaqlar. Digər rayonlara da mərkəzdən dotasiyalar xeyli azalacaq.

Nəticədə belə bir vəziyyət yaranır: əgər 2016-cı ilin büdcəsində əyalətlərə 775 milyon manata yaxın dotasiyanın ayrılması nəzərdə tutulmuşdusa, 2017-ci ildə bu rəqəm 11 dəfədən çox azalaraq 68,4 milyon manata bərabər olacaq.

İlk baxışda bu hal pozitiv təəssürat oyada bilər. Yoxsa yatırılan sərmayə artıq nəticə verməyə başlayır və mərkəzdən asılılıq azalır? Təəssüf ki, gerçəklik belə ürəkaçan deyil. Regionlarda heç bir iqtisadi sıçrayış müşahidə olunmayacaq.

Əgər bu ilin büdcəsində regionlardan 586,9 milyon manat məbləğındə gəlirlərin toplanması nəzərdə tutulurdusa, gələn il bu məbləğin 596,6 milyon manat olaağı proqnozlaşdırılır. Yəni 1,65% həcmində artım gözlənilir. Manatın dəyər itkisi faizinin daha yüksək olduğunu nəzərə alsaq, real gəlirlərin artacağını deyil, azalacağını söyləmək olar.
Onu da qeyd edək, büdcə layihəsində Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri ayrıca göstərilir. Burada isə yerli gəlir və mərkəzdən dotasiya nisbətində ciddi dəyişiklik yoxdur. 2016-cı ilin büdcəsində muxtar respublikanın büdcəsinin 19,6%-ni (69 milyon manat) yerli gəlirlər, 80,4%-ni (282,4 milyon manat) dotasiya təşkil edirdi. Gələn ilin büdcəsində bu göstəricilər 19,9% (69,5 milyon) və 80,1% (278,9 milyon) olması planlaşdırılır. Yəni digər əyalətlərə nisbətdə müşahidə etdiyimiz nəhəng qənaət Naxçıvanda yalnız 3,5 milyon manatlıq azalma ilə əks olunur.

Bu rəqəmlər ortaya maraqlı situasiya qoyur. 444 min əhalisi olan Naxçıvan Muxtar Respublikasının büdcəsi 348,4 milyon manata bərabər olur. Adambaşına düşən gəlir 785 manat təşkil edir ki, bu göstərici də yalnız paytaxtdakından azdır. Ən aşağı göstərici isə Lənkəranda proqnozlşdırılır. 231 min əhalisi olan rayonda 16,88 milyon gəlir gözlənilir ki, bu zaman da adambaşına 73 manat düşür. Naxçıvanda qeydiyyatda olan əhalinin gerçəklikdə nə qədərinin muxtar respublikada yaşaması da başqa mövzudur.

Yeni büdcə layihəsi regionlar üçün çox çətin bir dövrün başlanmasından xəbər verir. Öncəki illərdə ayrılan vəsaitlər nə qədər səmərəsiz xərclənsələr belə, hər halda əhalinin dolanışığına müsbət təsir göstərirdi. Abadlıq işlərində çalışanlar maaş alırdılar, dövlət tərəfindən xırda-para satınalmalar (daha əhəmiyyətli satınalmalar monopoliyada olur adətən) həyata keçirilirdi. İndi isə bütün bunlar olmayacaq və regionlarda pul kütləsi 2 dəfədən çox azalacaq.

Digər tərəfdən, bu tendensiya neft qiymətlərinin baha olduğu vaxtlarda israflıqla şişirdilmiş idarəetmə aparatında ixtisarların anonsu hesab oluna bilər. Nəticədə, işsizlərin sayı artacaq.

Beləcə, mərkəzi hakimiyyətin regionları taleyin ümidinə buraxmasının şahidi oluruq. Bir müddət öncə "icra başçıları xaricdən investor cəlb etsinlər" şəklində səsləndirilən siyasətin davamı olaraq suda boğulanın xilası öz öhdəsinə buraxılır. Bu isə ciddi sosial sarsıntılarla müşayiət oluna bilər.//meydan.tv//

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300