Sərhəddə baş verən "soyuq duş” - qanun və reallıqlar nə deyir... 


 

Bir neçə gün bundan öncə ictimai fəal Bəxtiyar Hacıyevin ölkədən çıxışına "stop” qoyulması, daha sonra bunun "texniki xəta” olduğu üzə çıxdı. Amma bu problem son illər Azərbaycanda çox aktualdır. Daha çox ictimai fəallar, jurnalistlər... üçün keçərli olan bir qadağadır. İnsanlar hansısa beynəlxalq konfransa, tədbirə qatılmaq üçün vizasını, biletini alır və... sərhədə yaxınlaşanda məlum olur ki, onun adı "qara siyahı”dadır və istəsə belə, ölkədən çıxa bilməz. 

Burada ən problem doğuran məqam heç şübhəsiz ki, həmin vaxta qədər vətəndaşa bu barədə məlumatın verilməməsidir. İnsan bundan xəbərsiz şəkildə sərhədə yaxınlaşır və ölkədən çıxışına qadağa qoyulduğu məlum olanda həm bileti, həm səfər planları "yanır”. Maddi itkilərə vətəndaşın xarici ölkədə bron etdiyi hotelin ödənişi də daxildir. Çünki bəzi hotellərdə ödəniş öncədən edilir və ləğvetmə variantı olmur. Bir sözlə, insanlar fərqli səbəblərdən zərərçəkən durumuna düşürlər.
 
"Yeni Müsavat” xəbər verir ki, rəsmi məlumatlara əsasən, vətəndaşlar ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə bilərlər. Bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkündür. Sözügedən xidmət "Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır. Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınıda olub-olmadığını öyrənə biləcəklər.

Elektron xidmət pulsuzdur. Xidmətdən istifadə etmək üçün

 http://85.132.96.196/WebForms/VVA_13.aspx linkinə daxil olmaq lazımdır.
Konstitusiyada vətəndaşların bu hüquqları barədə nə deyilir? 

Azərbaycan Konstitusiyasının 28-ci maddəsi sərbəst hərəkət azadlığı çərçivəsində hər kəsə sərbəst surətdə ölkə daxilində sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçə bilmək və Azərbaycan ərazisindən kənara gedə bilmək imkanları verib. Eyni zamanda insanın sərbəst hərəkət azadlığı Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan Avropa Konvensiyasının 2 saylı protokolunun "Hərəkət etmək azadlığı” adlanan 2-ci maddəsində təsbit edilərək üzv dövlətlərin üzərinə həmin azadlığın təmin edilməsi öhdəliyi qoyulub. İstər milli, istərsə də beynəlxalq qanunvericiliyin tələblərinə görə insan və vətəndaşın sərbəst hərəkət etmək azadlığı yalnız konstitusiya və qanunlarda nəzərdə tutulmuş əsaslarla məhdudlaşdırıla bilər, başqa hər hansı bir hal bu cür məhdudlaşdırma üçün əsas ola bilməz. 

Sözügedən məqam hazırda qüvvədə olan Miqrasiya Məcəlləsi ilə  tənzimlənib. Həmin Məcəllənin tələblərinə (9.3.1-9.3.4-cü maddələr) görə, cinayət prosesi zamanı şəxsin hərəkət azadlığının məhdudlaşdırılması yalnız şübhəli və ya təqsirləndirilən şəxslərin, məhkumların və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin barəsində tətbiq edilə bilər.

Bununla belə, təcrübədə ibtidai istintaq zamanı istintaq orqanları tərəfindən "şahid” statuslu şəxslərin də ölkədən getmək hüquqlarının məhdudlaşdırılması hallarına yol verilir. Bu zaman ibtidai istintaq orqanları öz mövqelərini həmin sahidlərin gələcəkdə istintaqın gedişi zamanı şübhəli və ya təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə əsaslandırmağa çalışırlar. 

Miqrasiya Məcəlləsində konkret hallar göstərilib və bu hallarda şəxsin Azərbaycanı tərk etməsinə STOP qoyula bilər. Buna məlumat-axtarış sistemi deyilir. Sistemdə şəxs barəsində məlumat yerləşdirilməklə ölkədən çıxışı yasaqlanır. Miqrasiya Məcəlləsinin 9-cu maddəsində vətəndaşların ölkədən getmək və ölkəyə gəlmək hüququ təsbit olunub.

9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

9.3.1. Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;

9.3.2. məhkum edildikdə -Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;

9.3.3. Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə - tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

9.3.4. Üzərinə Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə - müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;

9.3.5. Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;

9.3.6. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

9.3.6-1. Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

9.3.7. Beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək.

9.4. AR Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycandan gedə bilərlər.

9.5. Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

9.6. Ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.

9.7. Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir.

Siyasi və cinayət xarakterli məqamlarla məsələ aydındır. Bəs banklara kredit borcu olanların ölkədən çıxışına qadağa qoyula bilər?

Əgər problemli kredit sahibi müəyyən müddət ərzində banka borcunu ödəməyibsə, həmin şəxs həm bank, həm də hüquq-mühafizə orqanı tərəfindən axtarılır. Banka borcunu ödəməyən şəxs ölkədən çıxmaq istəyərsə, hüquq-mühafizə orqanlarının köməyi ilə məsuliyyətə cəlb olunur. Belə ki, bankın nümayəndəsi kredit borcunu ödəməyən şəxslə əlaqə saxlayır, əgər həmin şəxs axtarışa məhəl qoymursa, bu zaman məhkəməyə verilir.
Problemli kredit sahibi barəsində məhkəmə qərar çıxarır. Bank işçisi problemli kredit sahibini tapa bilməyəndə bu iş məhkəmə icraçısının üzərinə düşür. Bu zaman həmin şəxsin ölkəyə giriş-çıxışına nəzarət olunur. Dövlət Sərhəd Xidmətinin əməkdaşları problemli kredit sahibinin ölkəyə nə vaxt daxil olduğu və ya ölkəni tərk etdiyi barədə məhkəmə icraçısına məlumat verir. Təbii ki, məhkəmənin qərarına əsasən  həmin şəxsin sərhəddən buraxılmasına icazə verilmir.

Sevinc TELMANQIZI ,musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300