Eyvazov Vasif
 Xəstəlik səbəbi ilə təxris olmuş baş-leytenant Vasif Eyvazov problemlərin "Bastainfo.com"a yazıb.Uluyol.info xəbər portalı olaraq Vətənimizin bütövlüyündə xidmət keçmiş şəxsin taleyinə biganə qalmayıb məktubu oxucularımıza təqdim edirik:

"Yüksək dağlıq şəraitində zabit kimi xidmət edərkən gələcək haqqında çox fikirləşirdim. Xəyallarımda şəhid ola biləcəyimi, yaralana biləcəyimi və ya əksinə torpaqlarımızı azad edib ordudan təxris olunub mülki həyat quracağımı, böyük ailə sahibi olacağımı istisna etmirdim. Lakin ən pis yuxuda, ən dəhşətli xəyalda belə, real həyatda başıma gələnləri təsəvvür edə bilməzdim.
 
2012-ci ldə 28 yaşımda 6 illik zabit kimi qulluqdan sonra baş-leytenant rütbəsində II qrup əlil kimi təxris olundum. Sevdiyim peşədən ayrılmağım, döyüş yoldaşlarımdan, zabit dostlarımdan ayrı düşməyim hədsiz ağrılar mənə mənəvi və fiziki əzablar versələr də, "həyat davam edir" deyib həyatımın yeni, mülki həyat səhifəsini açdım. Düzü hərbi qulluqda olarkən istefaya çıxmış və təxris edilmiş hərbçilərin imtiyazlarıyla maraqlanmırdım, elə bilirdim onlar hələ uzun müddət mənə lazım olmayacaq. Həmin qanunlarla tanış olduqda isə sevincimin həddi-hüdudu olmadı, qanunlardan göründü ki, Vətən, Dövlət, Ali Baş Komandan oğullarına silah verib orduya göndərəndə onların gələcəyi barədə böyük qayğılar göstərib. Elə göturək Azərbaycan Respublikası Hərbi Qulluqçuların Statusu haqqında qanunu və qanun icrası barədə Nazirlər kabinetinin №174 qərarını. Qərarda təxris olunmuş zabitlər üçün bir sıra imtiyazlar nəzərdə tutulub, mən onların hamısını saymaq istəmirəm, ancaq özümə aid olan bir maddədən danışacam.
 
Həmin qanunun 12-ci maddəsində nəzərdə tutulub ki, sadə dildə desək, xəstəliyə görə təxris olunmuş zabitlər yaşadığı yerin icra hakimiyyətinin başcısı tərəfindən 6 ay müddətində mənzillə təmin olunmalıdır və ya fərdi yaşayş evinin tikilməsi üçün bələdiyyələrdən  yerli bölgəyə uyğun pulsuz torpaq sahəsi ayrılmalıdır, dövlət isə mənzil tikintisi üçün maliyyə vəsaiti ayırmalıdır. Bundan başqa həmin qanun nəzərdə tutur ki, təxris olunmuş zabit mənzillə və ya torpaq sahəsiylə təmin olunanadək ail üzvlərinin sayından asılı olaraq aybaay kompensasiya almalıdır.
 
Oxuduqlarımdan ürəklənib lazımi ərizələrlə 2012-ci ilin avqustunda Ağdam RİH-nə müraciət etdim. 4 aydan sonra mənim aylıq kompensasiya almaq üçün sənədlərimin  Maliyyə Nazirliyinə göndərildiyi haqda Ağdam RİH-dən məktub aldım. Ağdam RİH-də mənzil fondu olmadığı üçün mənə ərizə ilə Xındırıstan bələdiyyəsinə müraciət etmək tövsiyyə olundu. Daha 11 aydan sonra kompensasiya verilməsi haqqında sərəncam verildiyi barədə məlumat aldım. Diqqət edin-qanun və o qanunu imza edən Prezident mənzillə təmin edilmək üçün cəmi 6 ay vaxt ayırıb, Ağdam RİH isə 14 aydan sonra mənə xəbər verir ki, mənzillə təmin olunmadığı üçün kompensasiya verilməsi haqda sərəncam imzalanıb. Bir daha diqqət edin-kompensasiya 2012-ci ilin avqustundan deyil 2013-cü ilin noyabırından təyin olunub, yəni 14 ayın kompensasiyası Ağdam RİH-də it-bata düşür. Başı bəlalı kompensasiya haqqında az sonra ətraflı məlumat verəcəm, indi isə mənzil probleminə qayıdıram.
 
04.02.2013-cü il tarixdə Xındırıstan bələdiyyəsinin sədri Nazim Quliyev № 77 məktubunda bildirirdi ki,  "Biz İcra Hakimiyyəti ilə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdam rayon şöbəsi ilə əlaqə yaradaraq sizin təminatınız nöqteyi nəzərindən yer ayrılmış, Maliyyə Nazirliyinə tikinti aparılması məqsədilə müraciət olunmuşdur". 2013-14-cü illərdə mən dəfələrlə bələdiyyədə oldum məsələnin nə vaxt həll olunacağıyla maraqlandım. Hər dəfə bir bəhanə gətirərək, gah kadastr planını, gah xəritəni bəhanə gətirərək məni arxayın edirdilər. Ona görə də 16.08.2014-cü ildə Xındırıstan bələdiyyəsinin sədri Nazim Quliyevin imzasıilə № 415 məktubu alanda çox təcübləndim. Həmin məktubda deyilirdi "Xındırıstan bələdiyyəsi sizin  müraciətinizə baxaraq müəyyən etdi ki, "Hərbi Qulluqçuların Statusu haqqında" Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndində göstərilir ki, yaşa, xəstəliyə, ştatın ixtisarına, ailə vəziyyətinə görə ehtiyyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların o, şərtlə pulsuz həyətyani torpaq sahəsiylə təmin edilirlər ki, 15 təqvim ili xidmət etmiş olsunlar. Sizin xidmət müddətiniz 15 təqvim ilindən az olduğuna görə, ümumi qaydaqlarla torpaq sahəsi ala bilərsiz".
 
77 saylı birinci məktubla, 415 saylı ikinci məktub arasında 516 gün vaxt keçib. Bu müddət ərzində adı çəkilən qanunda heç bir dəyişiklik baş verməyib. Görəsən, Nazim Quliyevin öz fikrini tam əksinə dəyişməyə nə vadar edib?
 
Mən bundan sonra Xındırıstan bələdiyyəsinə müraciət etdim. Nazim Quliyev bildirdi ki, guya ona Ədliyyə Nazirliyinin hansısa işçisi şifahi şəkildə deyib ki, bu qanun tam 15 il qulluq etməyən müddətdən artıq xidmət edənlərə şamil edilmir. Mən deyəndə ki, mən ali hərbi təhsilli baş-leytenant rütbəli zabitəm, müddətdən artıq xidmət edən deyiləm, Nazim Quliyev gülümsəyib soruşdu: "Qağa həqiqi hərbi xidmət neçə ildi? il yarım. Bəs sən nə qədər qulluq etmisən? 6 il. Bu muddətdən artıq xidmət deyil bəs nədi?"
 
Bələdiyyədən qayıdarkən yolda kəndin ağsaqqalarından birilə rastlaşdım, niyə kefim olmadığını soruşanda, başıma gələnləri danışdım. Ağsaqqal çox heyfisləndi: Dedi gərək sən ona vaxtında 500 manat hörmət edəydin, o pulsuz bir adama bir metr yer vermir. Mən deyəndə ki, axı il yarım əvvəl yer ayırmışdı, məktub da vermişdi. Ağsaqqal gülümsədi - "onda başcı Nizami Sadıqov idi, Nazim Quliyev ondan qorxurdu, çünki onun göstərişiylə 2 gün türməyə də salınmışdı. İndi isə başcı Raqub Məmmədovdu. Nazim heç onu saya da saymır". Baş verənlə heş bir məntiqi əsas tapa bilmədiyim üçün ağsaqqalın dediyi yadıma düşdü.
 
Məni mənzillə təmin etmək Ağdam RİH-nin başcısının vəzifəsi olduğu üçün onun qəbula getdim, olanları Milli Təhlükəsizlik Nazirliyinin polkovniki olmuş, çiyinlərində mənimlə eyni dövlət atributunu daşımış icra başçısı cənab Raqub Məmmədova çatdırdım, o, isə təmin olunacağıma söz verdi, lakin vədinə əməl etmədi.
 
Məmur özbaşınalığı, süründürməçiliyi məni o qədər cana yığdı ki, bu məsələyə son qoymaq üçün Gəncə İnzibati-İqtisad məhkəməsində iddia qaldırdım, xəstəliyimlə əlaqədar fiziki olaraq ev tikdirə bilməyəcəyimdən mənzillə təmin olunmağımı tələb etdim. Hakim Fikrət Hüseynovun sədrliyiylə 22.04.2015-ci il tarixdə mənzillə təmin olunmam bir vəzifə olaraq Ağdam RİH üzərinə qoyulması barədə qərar çıxarıldı. Onu da deyim ki, hakim Fikrət Hüseynov bu qərarıyla mənə, və məni tanıyan, bu işdən xəbəri olan bütün insanlara ümüd verdi ki, o əsl ədalət hakimidir, haqqın tərəfindədir, onun üçün vəzifəsindən asılı olmayaraq hər bir kəs qanun qarşısında bərabərdir. Həqiqətən hakim Fikrət Hüseynov verdiyi qısa bir qərarla İcra başçısı Raqub Məmmədovun yüksək kürsülərdən saatlarla dövlətçilikdən, ədalətdən, qanundan danışmağından çox iş görmüş oldu.
 
Agdam RİH-nin başçısı Raqub Məmmədov Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verdi. 30.07.2015-ci il tarixdə Gəncə Apelyasiya Məhkəməsinin hakimi cənab Rəhman Muradov cavabdehin iddiasını mümkunszuz sayaraq, Gəncə İnzibati-İqtisad Məhkəməsin qərarını qüvvədə saxladı. Amma məhkəmə qərarı bu günədək icra olunmayıb...
 
Hər bir korrupsionerin, hər bir özündən razı məmurun oddan qorxan kimi qorxduğu bir şey var ki, o da onların hərəkətlərinin ictimayiləşdirilməsidir. Bunu nəzərə alaraq, xahiş edirəm ki, bu faktları cəmiyyətə çatdırıb, problemi nəzarətə götürəsiniz.
 
Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm."
 
Eyvazov Vasif Əliabbas oğlu
 

ULUYOL.İNFO
 
ULUYOL

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300