Dünən – 1 sentyabr Azərbaycan mətbuatın özünəməxsus imzası olan, Arqument.Az saytının baş redaktoru, yazar Şəmşad Ağanının doğum günü idi. Bir xeyli Şəmşad bəyi hansı formada təbrik edəcəyimi düşündüm: sosial şəbəkədənmi, yoxsa telefonla? Sonra düşündüm, görüşüb bir çay içək. Belə də oldu. Bir dostumuzun dediyi kimi, iki jurnalist görüşürsə, oradan mütləq bir xəbər çıxmalıdır. Geriyə əliboş qayıtmaq olmaz. Mən də bu deyimə sadiq qaldım. Həm ziyarət, həm ticarət deyib, başladıq atüstü müsahibəyə.

– Bəy, 34 yaşınız tamam oldu. Bu illər hansı hisslərlə yada qaldı, ümumiyyətlə 33-34 yaş necə hissdir? 

– Əslində, 34 çox da böyük rəqəm deyil, amma az da demək olmaz. 33-34 rəqəmlərinə mistik yanaşsaq, müqəddəs hesab etmək olar. İsa peyğəmbər cismən 33 yaşında çarmıxa çəkildi. Çarmıxa çəkilən yaşımız arxada qalsa da, yaşadığımız mühitə baxsaq, biz elə ruhən çarmıxa çəkilmiş haldayıq.  Bu illər çox sıxıntılı, ağrılı keçdi. Bəzən sevincin ömrü o qədər qısa olur ki, onu yaşamaq, dadını çıxarmaq olmur. Həyatı dərk edəndən taleyin bizə biçdiyi ömür nə qədərdirsə, o ömrü ləyaqətlə yaşamağı çalışdım. Ümid edirəm ki, bu qədər çətin dövrdə çətin şərtlər altında yaşaya biliriksə, bunun özü də qeyri-adi bir hissidir.

– Bu illər ərzində yaddaşınızda unudulmaz xatirəyə çevrilən bir doğum günü varmı? 

– Doğum günümü təntənəli keçirməyin tərəfdarı olmamışam. Heç buna imkan da olmayıb. Yadda qalan gün "bilik gün”ləri idi. Amma ali məktəbə daxil olub ad günümdə universitetə getmişəm. Bu da qeyri-adi hiss idi. Sonra onu da əlimizdən aldılar.

– Gözlədiyiniz doğum günü təbriki olubmu?

– Xaraktercə bir az fərqliyəm. Heç kəsi özümə borclu hesab etmirəm, heç vaxt təbrikə, tərifə də meyilli olmamışam. Heç kəsdən incikliyim də olmayıb ki, niyə təbrik etmədi. Amma dostların təbriklərinin böyük mənəvi təsirləri olur və dostlardan həmişə bunu görmüşəm. Amma layiq olmadığım təbrikə qaçmamışam.

– Doğum günündə sizi ən çox nə sevindirə bilər?

– Doğum günümü azad, ədalətli bir ölkədə qeyd etmək. Söhbət vətənizmizdən gedir. Bütün ömrümü bu dəyərlər üçün verməyə hazıram ki, heç olmasa, bizdən sonrakı nəsil daha yüksək və ali dəyərlərə sahib olan bir cəmiyyətdə yaşasın.

– Kifayət qədər mətbuatda təcrübəniz var. Amma sizdən sonra mətbuata gələnlər nədənsə daha çox imkan qazandılar. Dostlar redaksiyanızın bir planşetdən ibarət olduğu deyirlər. Sizcə, səbəb nədir?

– Kifayət qədər təcrübəli deməzdim, çünki bizdən də təcrübəli jurnalistlər var ki, ağır durumda yaşayırlar. Mən hələ öyrənirəm. Amma nəyi qəsd etdiyinizi bilirəm. Dostumuz Erkin Qədirlinin yaxşı bir sözü var: "İndiki dövrdə başı qorumaq asandır, adı qorumaq çətin”. Mən adı qoruduğumdan bir planşetin ümidinə qalmışam. Bu taleyi də özüm seçmişəm və doğru etmişəm.

– Bir az keçmişə çəkilib, gələcəyə baxanda nə görürsünüz?

– Bəzən bədbin hisslər olur, amma sabaha həmişə ümidlə baxmışam. Keçmişə görə peşman deyiləm. Keçmişi olmayanların sabahı olmaz. Bizim ağır dövrdə özümüzə aid bir keçmişimiz olub, gələcəyimiz bu ağrıların üstündə qurulsa belə. Amma nikbinəm, ümid edirəm ki, gözlədiyimiz gələcək mütləq gələcək…

– Tez-tez belə fikirlər səslənir ki, jurnalist tərəfsiz olmalıdır. Heç bir siyasi mövqeyi olmamalıdır. Sizcə, indiki durumda Azərbaycan tərəfsiz jurnalist ola bilərmi?

– Bu, normal ölkələrdə belədir. Belə fikirlər də məhz azad cəmiyyətlərdə keçərlidir. Azərbaycanda jurnalistikanı seçim qarşısında qoyublar, yəni ya bu tərəfdə olmalısan, ya da o tərəfdə. Amma hesab edirəm, biz elə tərəfsiz və obyektiv jurnalistlərik. Biz rüşvətxorluğun həyat tərzinə çevrilməsindən, korrupsiyadan, məmur özbaşınalığından, ədalətsizlikdən, söz və ifadə azadlığının boğulmasından, insan hüquqlarının tapdanmasından, respublikaçılıq dəyərlərinin məhv edilməsindən, insanların siyasi baxışlarına görə günahsız olaraq həbs edilməsindən yazırıqsa və bunlar kimlərinsə maraqlarına zidd olduğundan bizi tərəfli sayırlarsa, bu, özü də ədalətsizlidir. Hətta bu məsələdə bizim fikirlərimiz siyasi partiyaların, siyasətçilərin mövqeyi ilə üsr-üstə düşürsə, bu da normaldır. İkincisi də, belə bir qanun yoxdur ki, jurnalist partiya təəssübkeşi, üzvü olmamalıdır. Prinsiplər var və bu da bayaq dediyim kimi, normal, azad ölkələrdə keçərlidir. Biz kimisə ləkələmirik, təhqir etmirik, şərəf və ləyaqətini alçatmırıq. Həqiqəti yazırıq, doğrunun yanındayıq. Əgər doğrunun yanında olmaq tərəfdirsə, mən bu tərəfi sevirəm. Baxın, nə qədər dostumuz siyasi kimliyinə görə həbsdədir. Belə bir dövrdə vicdanlı insan hadisələrə, proseslərə öz vicdani baxışı ilə baxırsa, bu, obyektivlikdir. Çünki insan üçün vicdanlı olmaq ən böyük şərtdir.

– Azərbaycanda jurnalist olmaq nə deməkdir? 

– Azərbaycanda jurnalist olmaq – döyülməyə, həbsə atılmağa, qorxu altında yaşamağa, kimlərinsə təzyiqi ilə üzləşməyə hazır olmaq deməkdir. Maddi sıxıntılarla yaşamaqdır. Çünki Azərbaycanda normal rəqabət mühiti yoxdur.  Reklam bazarı monopoliyadadır. Mətbuat asılı vəziyyətə salınıb, "ələbaxımlı” jurnalist nəsli yetişdirilib. İndiki şəraitdə vicdanlı insan üçün Azərbaycanda jurnalistika ilə məşğul olmaq çox çətindir, amma həm də şərəfli bir işdir.

– Tərifləmək kimi olmasın, yaxşı qələminiz, yazı duymaq bacarığınız var. Nə üçün yeni kitab yazmırsınız? 

– İki kitabım çıxıb. Hərəsinin içindən 2-3 yaxşı şeir tapmaq olar. Gənclik hissləridir əsasən də. Yeni bir kitab haqqında da düşünürəm. Bəzən bədii yaradıcılıqla jurnalistika bir yerdə tutuşmur. Jurnalistika ilə daha çox məşğul olduğumdan bədii yaradıcılığa vaxt ayıra bilmirəm. Ancaq Azərbaycanda yazıçı olaraq da yaşamaq çox çətindir. Kitab bazarı ölüb, kitabı çıxarıb satmaq olmur. Baxın, bu gün Bakıda normal kitab satışı ilə məşğul olan 2-3 kitab mağazası var. Bütün bunlara baxmayaraq, çalışıram ki, kitab aləmindən uzaq düşməyim.

– Bildiyim qədər ixtisasca da jurnalist deyilsiz. 

– İxtisasca filoloqam, üç il təyinatla müəllim işləmişəm. Rayondan Bakıya qayıdandan sonra jurnalistikanı seçdim. Həm də fikirlərimi, mübarizəmi ifadə etmək üçün doğru yol bu idi. Əvvəlcədən də bu peşəyə  sevgim var idi. Bizdən əvvəlki mübariz jurnalistlərin yazıları da az təsir etməmişdi, hələ bəziləri örnək oldu.

– Məhşur ifadə var: İnsan imtinaları ilə böyüyür…

– İnsanın böyüklüyünün və cəsarətli olmasının ilkin şərti onun imtina etməyi bacarmasıdır. İnsan etiraf və imtina edə bilirsə, vicdanlı olduğu qədər də  cəsarətlidir. Əgər neqativlərdən, cəmiyyətə fayda verməyən şeylərdən imtina edə bilməsəydim, doğrunun yanında olmasaydım, Şəmşad Ağa olmazdım, elə sadəcə, Lerik rayon sakini Şəmşad olardım.

– Remark yazır ki, arzular və xəyallar insana ona görə lazımdır ki, insan onsuz yaşaya bilməz. Şəmşad Ağanın arzu və xəyalları nədir?

– Arzu və istəklər çoxdur. Bunlar abstrak anlayışlar olsa da, hər insanda bu hisslər var. Mənim də arzu və istəklərim özümüzün, gələcək nəsillərin demokratik və ədalətli bir ölkədə yaşamasıdır. Amma arzuları əmələ çevirmək üçün cəhd etmək lazımdır. Ümid edirəm, arzu və istəklərimizə çatacağıq. Elkin, Remarkdan misal çəkdin, bilirsən, əslində, hər birimiz bir bədii əsərin qəhrəmanıyıq. Sən, mən, eyni taleyi yaşayanların hər biri…

Elkin Xəlilov

Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300