Dönər, hamburger kimi tez hazır olan yeməklər -  fastfudlar günlük qida menyumuzun əsas hissəsini təşkil etməkdədir. 

Əsasən vaxtı az olan, tələsən insanlar bu yeməklərə üstünlük verirlər. Həkimlər bu kimi qidaları məsləhət görməsələr də, insanlar fastfuddan o qədər tez əl çəkə bilməzlər. 

Fastfudçular əsasən tələbələr və şagirdlərdir. Dərsdən çıxan ac gənclər üçün cibinə və vaxtına uyğun yemək, fastfuddur. Ona görə də, dönərxanaların böyük hissəsi əsasən təhsil ocaqlarının, metro çıxışlarının yaxınlığında fəaliyyət göstərir. Bəs onlara nəzarət edilirmi? 

Misal üçün, avtomobil yolunun düz kənarında yerləşən dönərxanadakı ətin üzərinə toz-torpaq qonurmu? Məktəblərin, universitetlərin yaxınlığındakı dönərxanalara nəzarət edilirmi? Axı bu yerlərdən dönər alanlar əsasən bizim gələcəyimiz olan şagird və tələbələrdir. 

Ekspertlərin fikrincə, dönərxanalara nəzarət mütləq lazımdır. Çünki oradakı hər hansı bir antisanitar vəziyyət kütləvi zəhərlənməyə yol aça bilər. Bəzən elə olur ki, dönərçi hazırladığı əti tam sata bilmir. Buna görə də qalan əti sabaha kimi saxlayır və yenidən satmağa başlayır. Ətin dadında dəyişiklik olmasın deyə, ona xüsusi dadlandırıcı ədviyyatlar qatılır. Bəzən isə bol-bol duz vurulur. Bu isə ölümcül qida zəhərlənməsinə yol aça bilər. Ümumiyyətlə, dönərin bişirilmə qaydasına çox da əməl edilmir.

Misal üçün dönərin vətəni sayılan Türkiyədə dönərə mayonez vurulmur. Əgər mayonez istəyə görə əlavə edilərsə, o zaman çörəyi aparata qoyaraq, isitmirlər. Çünki mayonezin isinməsi də qida zəhərlənməsinə yol aça bilər.

Dönər bıçağının tez–tez itilənməsi də insan sağlamlığına zərər verən əsas şərtlərdən biridir. Dönər bıçaqları adətən poladdan olur. İtilənən zaman onun üstündə polad qırıntıları toz şəkilində qalır. Dönər ustaları çox vaxt əti kəsərkən bıçağı itiləyir və onu yumadan işə davam edirlər. Bu, çox böyük təhlükədir.

Bu gün bəhs edəcəyimiz məsələ bir daha sübut edir ki, dönərxanaların heç də hamısına nəzarət edilmir. Misal üçün Xırdalan şəhəri, 28-ci məhəllədə, 2 saylı tam orta məktəbin yaxınlığında yerləşən dönərxanada bişən ətin mənşəyi məlumdurmu? 

Şəhərin hər bir yerində dönərin 1 ədədinin qiyməti 1-2 manat arasında dəyişir. Burada isə dönər 50 qəpiyə satılır. Alıcılar isə əsasən məktəblilərdir. 

Nəzərə alsaq ki, bir dönərin hazırlanması üçün xüsusi alınan çörəkdən, pomidordan, tərəvəzdən və ətdən istifadə edilir, bunun qiyməti necə 50 qəpik ola bilər? 

Bu dönərxana haqqında məlumatı redaksiyamıza buradan dönər alan şagirdlərin valideynləri veriblər. Valideynlər dönərxanada satılan ətin tərkibindən narahatdırlar. Çünki uşaqlar oradan dönər aldıqdan sonra mədə ağrısı şikayəti ilə evə gəliblər. 

Məsələ ilə yaxından tanış olmaq üçün adıçəkilən ünvana getdik. Müşahidələrimiz də sübut etdi ki, buradan dönər alanlar əsasən məktəblilərdir. Hansı ki, onların vücudları yetişkin insanlara nisbətən daha zəifdir. Bu da o deməkdir ki, vaxtı keçən qida məhsulları onlara 2 qat pis təsir edə bilər. 

Adının çəkilməsini istəməyən valideyn deyir ki, oğluna buradan dönər almağı qadağan edib: "Ətin qiyməti hər kəsə məlumdur. Buna görə də, burada dönərin bu qədər ucuz olması diqqət çəkir. Bakıdakı dönərxanalarda bişirilən dönər ətlərinin bir çoxunun Hindistandan gətirildiyi deyilir. Bu ətin isə haradan gəldiyi bəlkə də bəlli deyil. 50 qəpiyə dönər olar? Oğlum öz sinif yoldaşı ilə buradan dönər almışdı. İkisi də mədə ağrısından şikayət edirdilər. O gündən etibarən buradan dönər almağa qoymuram".  

Məşhur bir deyim var, "Ucuz ətin şorbası olmaz". Amma deyəsən ucuz ətdən dönər olur. Bizim işimiz oxucularımızı məsələdən agah etməkdir. Bu ətin keyfiyyəti və iddiaların əsaslığını yoxlamaq isə Səhiyyə Nazirliyinin üzərinə düşür.


Məhəmməd Türkmən
Fotolar müəllifindir


 







Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300