Deputatdan televiziya kanallarına ETİRAZ: "Şou əhli əsas dəyər kimi təqdim olunur"

 

Qulu Məhərrəmli: "Televiziyalarda ciddi dönüş olmalıdır"

"Araşdırmalara görə, yerli televiziya kanallarına baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə ən azı 10 dəfə azalıb.Səbəblər dərin və çoxşaxəlidir".

Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

zahid esas.jpg (176 KB)

 

Deputatın sözlərinə görə, artıq 10 illərdir davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramların televiziya kanallarının əsas simasına çevrildiyi görünür:

"Onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olur. Artıq 3-cü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüşü, mədəniyyəti və dəyərləri ciddi deformasiyaya uğramaqdadır. Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə, düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin - müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilir. Bunun nəticəsində isə bir neçə aparıcı və televiziya kanalı reklam, sərvət toplayır. Telekanallarımızın siması Zəfərimizin parlaq tablosuna uyğun deyil. TV-lərdə nümunəvi Azərbaycan ailə modeli bu və ya digər şəkildə nəinki təbliğ edilir, əksinə, evlilik şoularında bu dəyərlərə ən böyük zərbə vurulur".

Qeyd edək ki, son zamanlar yenidən evlilik proqramlarının efirlərə "ayaq açması", bayağı şou verilişlərinin artması ilə bağlı cəmiyyətdə narazılıqlar var. Məsələnin parlamentdə müzakirəsi, səslənən tənqidlər vəziyyətin xeyli ciddi olmasından xəbər verir.

"Sosial Tədqiqatlar Mərkəzinin araşdırması, rəy sorğuları, gəlinən nəticələr və bununla bağlı millət vəkili Zahid Orucun verdiyi izahatlar çox ciddi mətləblərdən xəbər verir".

qulumeherremli59.jpg (209 KB)

Bu sözləri tanınmış teletənqidçi, professor Qulu Məhərrəmlimövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib.

 

Qulu Məhərrəmli pandemiyadan sonra bayağı verilişlərin daha da artdığını diqqətə çatdırıb:

"Televiziyalarımız həmişə tənqid hədəfində olur. Haqlı olaraq verilişlər, onların mövzuları, davranışlar, aparıcı yanaşmaları, televiziyaların ümumi səviyyəsi ilə bağlı narazılıqlar həmişə olub və indi də var. Hesab edirəm ki, pandemiya dövründə televiziyalar müəyyən həddə həmin problemləri aradan qaldırmağa çalışırdılar. Lakin son 2 ildə sanki geriyə qayıdış var. Həmin qayıdışın da mahiyyəti ondan ibarətdir ki, ümumi proqram siyasətində şou verilişlərinin xüsusi çəkisi artmağa başlayıb, ortaya evlilik kimi proqramlar çıxıb, əvvəlki kimi bayağı verilişlərin dövriyyəsi bir qədər də artıb. Bütün bunların hamısı ona gətirib çıxarır ki, televiziyalarda ümumi səviyyə xeyli aşağı düşüb. Millət vəkili Zahid Oruc məhz bunları nəzərdə tutub, öz haqlı tənqidlərini bildirib".

"Bəs vəziyyətdən çıxış yolu nədir?" sualına Qulu Məhərrəmli belə cavab verib:

"Vəziyyətdən çıxış yolu budur ki, biz yenidən geri qayıtmalıyıq, televiziyalarda istər format, mövzu, istərsə də kadr seçimi ilə bağlı məlum standartları gözləməyə çalışmalıyıq. Belə ki, rejissor işi ciddi şəkildə yaxşılaşdırılmalı, prodüserlər mövzu, aparıcı seçimində çox diqqətli olmalı, cəmiyyəti maraqlandıran mövzulara yer verilməlidir. Həmçinin televiziyalarda prorealizm artmalıdır. Bir fikir və hamının o fikir ətrafında gəzişməsi heç bir tamaşaçı üçün maraq doğurmur. Yəni sosial şəbəkələrdə qaldırılan problemləri televiziyalar daha ağıllı, daha ciddi, peşəkar səviyyədə ekranlara gətirməlidir.

Bu millətin, xalqın, cəmiyyətin ciddi problemləri var. Təhsil, səhiyyə, milli dəyərlərlə bağlı danışmaq və onları gündəmdə saxlamaq lazımdır. Yeni nəsil gəlir və bu nəslin maraqları cox ciddi mövzulara toxunmağı tələb edir. Bunlardan boyun qaçırmaq, yalnız şou proqramları üzərində siyasət qurmaq tamamilə yanlışdır.

Bir müddət əvvəl Milli Məclisdə gedən müzakirələrdən sonra televiziyalar öz proqram siyasətlərinə yenidən baxa bildilər və tamaşaçıların da narazılığı bir qədər səngimişdi. Lakin tənqidlərin artıq ciddi elmi səviyyədə deyilməsi, nöqsanların sistemli şəkildə göstərilməsi o deməkdir ki, artıq bu problemləri, nöqsanları gizlətmək olmur və televiziyalarda ciddi dönüş olmalıdır".

Xalidə Gəray
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300