Azərbaycanda tanınmış şəxslərin cinayət əməllərinə bulaşması son günlər ən çox müzakirə olunan mövzuya çevrilib. Ölkə miqyasında kifayət qədər tanınan və hörmət sahibi olan insanların adları əksər hallarda dələduzluq faktlarında hallanır. 

Tanınmış şoumen Kamran Həsənlinin müğənni Samir Piriyeva pul "atması” və barəsində cinayət işinin açılması bu həftənin ən çox danışılan xəbəri idi.

Belə ki, S.Piriyev şoumenin ondan 7 il öncə 80 min dollar pul aldığını və bu günə qədər qaytarmadığını deyib. 



K.Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Kamran Həsənli dələduzluq edən məşhurlar arasında birinci və sonuncu deyil. 




Teleaparıcı İlham Mirzəyev 2014-cü ilin aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu "İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. 

Hazırda həbsdə olan Mirzəyev ittihamı rədd edib və haqqında deyilənlərin yalan olduğunu bildirib. 

Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.



Televiziya verilişlərindən ekspert kimi tanıdığımız vəkil Rəna Həsənli dələduzluqda təqsirləndirilir.1960-cı il təvəllüdlü vəkiliə dələduzluq maddəsi ilə cinayət işi açılaraq barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilib.

Qeyd edək ki, R. Həsənli həbsdə olan teleaparıcı İlham Mirzəyevin hüquqlarını müdafiə edib. 



Meyxanaçı Vahid Qədim barəsində də eyni maddə ilə axtarış elan olunub. 

O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham edilib. 



Yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadə dələduzluq faktına görə həbs olunub. Daha əvvəl dələduzluqda təqsirləndirilən Ə.Kərimzadəyə qarşı yenə də eyni əməllərə görə ittiham irəli sürülüb.

Ə.Kərimzadə vətəndaşdan 30 min manat pulu dələduzluq yolu ilə almaqda ittiham edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.



Şou-biznesdə bir vaxtlar "at oynadan” prodüsser Nahid Emiloğlunun da adı dələduzluqda hallanır. Onu dələduzluqda ittiham edən şəxs Xalq artisti Aygün Kazımovdır. 

Xalq artisti mətbuata açıqlama verərək N.Emiloğlunun ona pul "atdığını” bildirib. Müğənni prodüsseri dələduzluqda ittiham edib.



Mətbuatda Röya Ayxanın dostu kimi tanınan gənc iş adamı Azad İsayev bir müddət öncə "İnterpol” xəttilə axtarışa verilib. Onun axtarışa verilməsinə səbəb kimi dələduzluq etməsi göstərilib.

Bir müddət əvvəl mətbuatda yayılan məlumatlara görə, onun barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb. Sonra cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə həvalə olunub. A.İsayevin 2 milyon manat məbləğində dələduzluq etdiyi bildirilir.



İlanla fala baxan Toma kimi ad çıxaran tanınmış ekstrasens Tamilla Salamova dələduzluq faktına görə tutulub. O, Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinib.



Veteran futbolçu Maşallah Əhmədov dələduzluq edən məşhurlardandır. Qeyd edək ki, ona qarşı ötən ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

M.Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. 

Dələduzluq faktlarına təkcə şou-biznes aləmində deyil, dövlət qurumlarında da rast gəlinir.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanovun adı 170 min dollarlıq cinayətdə hallanır.

S. İmanov Eynur Kərimov adlı vətəndaşdan icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb. 

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq icraata verilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə də dələduzluq əməlinə görə axtarışa verilib.

E.Nağızadə beş ildən çox TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb və bu ilin yanvarında vəzifəsindən azad edilib. 

Keçmiş mətbuat katibi barəsində qiyabi həbs qərarı verilib. Buna səbəb isə E.Nağızadənin Azərbaycanda olmaması göstərilib. 

E.Nağızadənin axtarılmasının səbəbi isə iki nəfər vətəndaşın ondan şikayət etməsidir. Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.



Hüquq-mühafizə orqanlarına E.Nağızadə ilə bağlı daxil olan şikayət əsasında Baş Prokuror yanında Korripsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.

Anar Kəlbiyev-AzVision.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300