Aldanmamaq üçün necə düşünməliyik?
İnformasiya alarkən tənqidi təfəkkür niyə vacibdir.
Statista” şirkətinin keçirdiyi sorğuya görə, İnternet istifadəçilərinin 10 faizi saxta xəbərləri paylaşdığını bilir, 49 faizi bundan sonradan xəbər tutur. Necə edək ki, "fake news”lara aldanmayaq və tənqidi təfəkkürümüzü gücləndirək?
Tənqidi təfəkkür nədir
Tənqidi təfəkkür qəbul etdiyimiz informasiyadan və öz düşüncələrimizdən şübhələnməkdir.
Bu qabiliyyət aydın və rasional düşünməyə, faktlar arasında məntiqi əlaqə
axtarmağa və güclü arqumentlər formalaşdırmağa kömək edir. Tənqidi təfəkkürün əsasında
düşüncə qabiliyyəti dayanır.
Tənqidi düşünənlər suallar verir, ideya və
mühakimələri həqiqət kimi qəbul etməyərək, şübhə altına alırlar.
Tənqidçi təfəkkürə malik olmaq üçün passiv informasiya alıcısı
yox, fəal araşdırıcı olmalısan.
Tənqidi təfəkkürü inkişaf etməyən insan düşünmədən, hiss və intuisiyalarına əsaslanaraq,
tez qərar qəbul edir. İnformasiyaya gözucu baxır, arqumentlər üzərində fikirləşmir,
dəlillər axtarmır.
Tənqidi təfəkkürü inkişaf etmiş insan qərar qəbul etməzdən qabaq öz reaksiyası
üzərində düşünür. Dəlillər tapmayana qədər daxil olan informasiyaya və qənaətlərinə
şübhə ilə yanaşır.
Tənqidi təfəkkürə altı mühüm qabiliyyət daxildir:problemlərin həlli, analiz, yaradıcı düşüncə,
interpretasiya, dəyərləndirmə və mühakimə yürütmə.
Amerika və Avropa məktəblərində tənqidi təfəkkürü 1930-cu ildən tədris etməyə
başlayıblar. "Cambridge Assessment” təhsil saytının apardığı araşdırmaların nəticələrinə
görə, 2001-2009-cu illər ərzində tənqidi təfəkkür dərsləri keçilən Britaniya məktəblərinin
sayı 130-dan 1000-ə yüksəlib. Eyni zamanda şagirdlərin dərsə davamiyyəti də
artıb. "The Foundation for Critical Thinking” fondunun araşdırmalarına görə, tənqidi
təfəkkür təhsilin intensivliyini və effektivliyini artırır.
Tənqidi təfəkkür haqqında hələ qədim Yunanıstanda düşünüblər. Platon və Sokrat
müəyyən olunmuş faktları şübhə altına alıblar və həqiqəti aşkar etmək üçün
suallar veriblər. Müasir dünyada bu qabiliyyətə daha çox ehtiyac var. Tənqidi təfəkkür
informasiyanı təhlil etməyə, saxta xəbərlərin təsiri altına düşməməyə və düzgün
qərarlar qəbul etməyə imkan verir.
İnformasiyanı tənqidi qəbul etmək niyə
vacibdir?
Müasir informasiya axını – yeniliklərin, reklamların, faydalı kontentlərin, təbliğatın
bir-birinə qarışdığı daimi xəbər lentidir. Əgər yazılanların və deyilənlərin
hamısına inansaq, aldana bilərik. Bizimlə manipulyasiya edər, beynimizə yad
fikirləri yeridərlər.
2018-ci ildə Kanadanın "The Toronto Star” qəzeti Donald Trampın prezidentlik
dövründə onun 1,3 milyon fikrini yoxlayıb. Qəzetin əməkdaşları 1972 yalan ifadə,
68928 həqiqətə uyğun olmayan söz aşkara çıxarıblar. 2017-ci ildə Donald Tramp
gün ərzində təxminən üç yalan açıqlama verib. Bu açıqlamalar Trampa seçicilərin
səsini qazanmağa imkan verirdi, ancaq onların seçimləri şüurlu və əsaslı
deyildi. Əgər seçiciləri nəsə qane etmirsə, gərək seçkinin nəticələri ilə özləri
məşğul olsunlar.
Mediadakı yalan məlumatlar maliyyə durumuna, peşəyə, yaxud şəxsi həyata mənfi təsir
göstərə bilər. Ona görə də,yalanı müəyyən etməyi,
faktları və rəyləri bir-birindən ayırmağı öyrənmək lazımdır. Aldanmamaq üçün
informasiyanı yoxlamaq vacibdir.Bu həm də yalan məlumatı
yaymamaq üçün lazımdır. Aldanmış adam panika yaymaqla, inamı sarsıtmaqla,
qanunsuzluğa təhrik etməklə real zərər vura bilər. Əlbəttə, heç kəs yalanı
şüurlu olaraq qəbul edən insanı informasiyanı yoxlamağa məcbur edə bilməz. Bu hər
kəsin şəxsi seçimidir. Ancaq bir şeyi anlamaq lazımdır ki, bu zaman həm də feyk
və manipulyasiya mənbəyinə çevrilirsən.Aldanaraq
yaşamaq bir məsuliyyətdir, yalanın mənbəyi olmaq isə tamamilə başqa.
İnformasiya qıtlığı nəzəriyyəsinə əsasən,böyük
informasiya axını cəmiyyətin müxtəlif təbəqələri arasındakı çatı böyüdür.Təhsilli
insanlar lazımi informasiyanı harada axtarmağı bilir, tez öyrənir, feyk və təbliğatı
sücgəcdən keçirə bilirlər. Azsavadlılar informasiya axınında özlərini itirir.
Onlar faydalı informasiyanı müəyyən edə və tapa bilmirlər. Onların fikri ilə
manipulyasiya etmək olur. Bu da inkişafı ləngidir.
Belə çıxır ki, cəmiyyətin yalnız kiçik bir hissəsi düzgün və mühüm informasiya əldə
edir. Məsələn, insanlar elmi kəşflərdən uzaq dururlar, çünki onları başa düşmək
çətindir. Bu səbəbdən avtomatlaşdırma, yaxud qlobal istiləşmə məsələlərindən
baş çıxarmaya, dəyişikliklərə hazır olmaya və işlərini itirə bilərlər. Bu cür
insanların fikrini jurnalistlər, korporasiyalar və ya dövlət formalaşdıra bilər.
Tənqidi təfəkkürdən həyatda necə istifadə etməli
Tənqidi təfəkkürü tez öyrənmək mümkün deyil. Bu, xarici dil öyrənmək kimidir.
Əvvəlcə hər şey mürəkkəb və anlaşılmaz görünür, ancaq məntiqi qavrayandan sonra
asanlaşır. Adətən inandığınız şeylər üzərində düşünməyə başlayın. Məsələn,
sosial şəbəkələrdəki tövsiyələri nəzərdən keçirəndə düşünün: niyə sizə məhz bu
kontenti bu şəkildə göstərirlər. Həmin məqalənin tezis və arqumentlərinə şübhəylə
yanaşın, araşdırmanın mənbələrini, yaxud ekspertlərin mötəbərliyini yoxlayın.
Qabiliyyətinizi konkret keyslərdə, məsələn, xəbərlərdə sınayın. Bunun üçün
"5W+H”, AMVAIN, leksik analiz və həqiqiliyi yoxlamaq servisləri kimi üsullar
kara gələ bilər.
"5W+H” üsulu
"5W+H” daxil olan informasiyaya verə biləcəyiniz suallar sistemidir. W və H
xüsusi sualların ingilis dilində ilk hərfləridir.
What?- nə baş verib?
Why?- niyə baş verib?
Who?- bu haqda kim xəbər
verib?
Where?- hadisə harada baş
verib?
When?– nə vaxt baş verib?
How?– necə baş verib?
Xəbərin doğruluğunu yoxlamaq üçün bu altı suala cavab tapmağa çalışın. Qane
olsanız, deməli, jurnalist dürüst, informasiya isə doğrudur.
IMVAIN üsulu
Jurnalist nəyisə xəbər verərkən informasiyanın mənbəyinə istinad etməlidir.
IMVAIN metodu etibarlı mənbənin malik olmalı olduğu xüsusiyyətdir. Metod bu
xüsusiyyətlərin baş hərflərindən ibarət abbreviatura ilə adlandırılır:
İndependent– müstəqil. Məlumatın
mənbəyi kimdir? Mənbə xəbərin yayılmasından hansı faydanı götürür? Nə əldə edəcək
və nə üçün?
Multiple– çoxlu. Eyni
şeyi deyən başqa mənbələr varmı? Bu xəbəri təkzib edən mənbələr varmı? Mənbə
birdirsə, niyə belədir? Mənbə bir neçədirsə, onlar nə dərəcədə bir-birinə
bağlıdır və nə səbəbə?
Verify– yoxlanılmış. Mənbələr
öz sözlərilə bağlı sübutlar təklif edibmi, yaxud əvvəlki iddialarını təkzib
ediblərmi?
Authoritative– avtoritet.
Mənbəyə niyə inanmaq olar? O verdiyi xəbərin doğruluğunu haradan bilir? Əgər
hadisə yerində şəxsən olmayıbsa, informasiyanı haradan alıb?
Named– adlandırılmış. Mənbə
necə adlanır? Onu İnternetdə tapa bilərsinizmi? Əvvəllər ona rast gəlmisinizmi?
Əgər onu tapa bilmirsinizsə, bu xəbəri verən nəşrə olan inama nə dərəcədə təsir
edir?
IMVAIN suallarını xəbərə yox, yalnız mənbəyə vermək lazımdır. Əgər bütün
suallara cavab verdinizsə və onlar sizi qane edirsə, onda mənbəyə etibar etmək
olar. Əgər iki və daha artıq suala cavab verə bilmirsinizsə, bu informasiyaya
etibar etməyin.
Mətnlərin leksik analizi
Leksik analiz mətnin yoxlanmasının elmi üsuludur. Analiz müəllifin məlumat və
faktlarla manipulyasiyasını aşkara çıxarmağa kömək edir. Tam təhlil apara bilmək
üçün dərinliklərə baş vurmaq lazımdır, ancaq xəbərləri yoxlamağa mətnin bir neçə
əlamətini bilmək yetər.
Evfemizmlər.Xoşagəlməz və
yersiz nəsə olanda onlar mənaca neytral olan sözlərlə əvəz olunur. Evfemizmlər
xəbəri dəqiq anlamağa mane olur. Məsələn, "bombardman” sözü əvəzinə "havadan
müdaxilə” söz birləşməsindən istifadə olunur.
Ekspert rəyi.Ekspertlər
faktları təsdiq və ya təkzib edir, oxucunun başa düşməyə çətinlik çəkdiyi
mövzunu anlamağa kömək edir. Problem ondadır ki, ekspertin "çəkisi” onun
etibarlılığını əks etdirmir. Məsələn, ekspert Qorbaçov dövründən danışır, ancaq
ixtisası Birinci dünya müharibəsidir.
Sinonimlər.Mənaca yaxın
sözlər xəbərin qavranılmasını və oxucunun düşüncə məntiqini dəyişə bilərlər.
Qiymətləndirici leksika.Jurnalistin
vəzifəsi baş verən hadisə haqqında ona qiymət vermədən, rəy bildirmədən və
mühakimə yürütmədən maksimum obyektiv təsəvvür yaratmaqdır. Əgər xəbərdə qiymətləndirməyə
rast gəlsəniz, deməli, o, subyektivdir.
Üslubi baxımdan savadsız leksika.Xəbərlərdə
söyüş və təhqirlərə də rast gələ bilərsiniz. Bu cür xəbərlər qeyri-peşəkardır,
odur ki, yalan ola bilər.
İstifadəçilərin rəyi.Oxucuların
rəylərindən xəbərin bir hissəsi kimi istifadə olunur və onlar xəbərin özü kimi
təqdim edilir. Bu yolla jurnalist oxucunun sözlərinə görə məsuliyyəti üzərinə
götürmür.
Mətndə bu əlamətlərə rast gəlsəniz, deməli, dayanmaq və düşünmək lazımdır.
Özünüzə suallar verin və onlara tənqidi cavablar tapmağa çalışın.
Həqiqiliyi müəyyən edən servislər
Fotoşəklin həqiqiliyini müəyyənləşdirməyə xüsusi proqram və servislər kömək
edir. Onlardan bəziləri ilə tanış olaq:
1. Detecting Fake News – saxta xəbərləri tapmaq üçün maşın texniologiyalı dərs
proqramı. Quraşdırmaq üçün təlimatına baxın.
2. Botometеr – Twitter-də akkauntların həqiqiliyini təsdiq edən İndiana
Universiteti servisi. Botometer istifadəçilərin, dostların, yaxud abunəçilərin
akkaunutunu yoxlayır və ona birdən (real istifadəçi) beş bala (bot) qədər qiymət
verir.
3. Politicfact – sayt siyasətçi və blogerlərin açıqlamalarının həqiqiliyini
yoxlayır. Saytı Poynter adına Media Araşdırmaları institunun redaktor və
jurnalistlərdən ibarət komandası idarə edir.
4. Assembler – servis əsl şəkli feykdən fərqləndirməyə kömək edir və redaktənin
izlərini göstərir.
5. Tineye – oxşar şəkilləri tapır (hətta onların üzərində işlənilsə və tərsinə
çevrilmiş olsalar belə).
Tənqidi təfəkkürü necə təkmilləşdirməli
Başqa qabiliyyətlər kimi, tənqidi təfəkkürü də inkişaf etdirmək üçün nəzəriyyəni
daha dərindən öyrənmək və praktika vərdişi qazanmaq lazımdır. Özümüzü daim
düşüncəyə dair altı tələbə uyğun yoxlamalıyıq:
- çevik düşüncə;
- məntiqli ifadə;
- əsaslandırılmış mühakimələr;
- qərəzsiz yanaşma;
- nizamlı fikirlər;
- müstəqil düşüncə.
İnformasiyanı yoxlamaq qabiliyyəti zəif inkişaf edibsə, şübhəli saytlara
inanmaq vərdişi varsa, qabiliyyəti inkişaf etdirməklə bağlı çətinlik olmayacaq.
Çünki bu zaman adam tənqidi təfəkkürünün zəif inkişaf etdiyini sadəcə dərk etməyəcək.
Odur ki, düşünmək lazımdır: informasiya ilə işləməyə nə dərəcədə tənqidi
yanaşırsınız.
Tənqidi düşüncə hər dərdə çarə də deyil. Hətta inkişaf etmiş bacarığı olan
insan üçün də çətinliklər yarana bilər. Məsələn, informasiya yetərli olmayanda,
gizlədiləndə və ya elmi cəhətdən sübut edilmiş faktlar, araşdırmalar yoxdursa.
Nəyə şübhə edəcəyinizi bilmirsinizsə, tənqidi düşünmək sizə kömək etməyəcək.
İnformasiya ilə işləyərkən mətnin üzəriylə sürünün, diqqətlə oxuyun, diqqətlə
qulaq asın, məntiqi uyğunsuzluqları axtarın, manipulyasiyaları tanımağı öyrənin.
Diqqətinizi qoruyun, tənqidi düşüncənizi məşq etdirin. Baş verənləri həqiqətən
anlamaq istəyirsinizsə, "mövzuya girmək" üçün sadəcə başlıqları
oxumaq düzgün yanaşma deyil.
Hazırladı:
Nadir Qocabəyli, azvision.az