Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

 

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il keçir.

 

Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

 

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.

 

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılıb: "Siz "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”

 

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.

 

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqlənib.

 

1992-ci ildən 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi bayram edilib.

 

2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.

 

2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.

 

Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi "Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

 

Müstəqillik Günü (28 May) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 Oktyabr) iş günü olan bayramdır.

 

Buna qədər Azərbaycanda 28 May - Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu (APA).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300