Ukraynalı tanınmış jurnalist və bloger Azərbaycanın işğaldan azad olunan ərazilərindən geniş reportaj hazırlayıb

 

Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib.

Ukraynalı tanınmış yazıçı, jurnalist və bloger Stanislav Aseevin müəllifi olduğu "Qarabağ Donbasda olmayacaq bir tarixdir" adlı məqalədə onun Bakı, Cəbrayıl, Ağdam, Şuşa, və Füzuli şəhərləri ilə bağlı təəssüratları yer alıb.

Uluyol.info AZƏRTAC-a istinadən məqaləni təqdim edir.


"Qarabağ Azərbaycandır!"

Azərbaycan bir il əvvəl - 2020-ci ilin payızında otuz ildən çox müddətdə işğal altında olan ərazilərə nəzarəti tez bir zamanda bərpa etməsi ilə dünyanı heyrətləndirdi. Bunun necə mümkün olduğu, əslində, Ukraynanın Donbas təcrübəsi üçün vacib amildir. Qarabağ müharibəsi mövzusunu daha dərindən araşdırmaqla bu münaqişənin Ukrayna münaqişəsindən qat-qat mürəkkəb olduğu aydın olur. Azərbaycanın işğaldan azad etdiyi Qarabağı öz məkanına nə qədər tez inteqrasiya etməsi Ukrayna üçün əla bir nümunədir. Ukraynanın bir qrup jurnalist heyəti ilə müharibənin ildönümü əlaqədar Bakıya uçuruq. Keçmiş Azərbaycan SSR-ni Azərbaycanın paytaxtında görəcəklərini ümid edənlər ciddi şəkildə yanılırlar, çünki burada sovet dönəmi gözlərinizin önündə getdikcə daha çox yox olur. Azərbaycanlılar üçün əsas suala cavab budur - Qarabağ. Yeri gəlmişkən, sözün həqiqi mənasında indi hər yerdə, Bakının hər addımda "Qarabağ Azərbaycandır!" yazısını görmək olar. Bu, hava limanında sizin görəcəyiniz ilk şüardır.

Uşaqlar eyni ifadəni qışqırır, ermənilərin yanmış texnikası fonunda milli bayraqlarla şəkillər çəkdirir və ya Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən insanların Şəhidlər xiyabanında məzarları önündə səssizcə dayanırlar.

Müasir Bakının mənzərəsi

Məmurlardan biri ilə danışıram. Deyir ki, vaxtilə Bakının küçələrində qoyunlar kəsilir və zibillər pəncərələrdən yerə atılırdı. İndi şəhərin mərkəzi mərmərlə örtülmüşdür, dəniz sahili Əmirliklərdən birinə daha çox bənzəyir və zibilləri yalnız zibil qutularında görmək olar. Şəhərdə sovetin "Volqa” və "Jiquli”si deyil, müxtəlif xarici markalı avtomobillərin şütüdüyü yeni yollar salınıb, həmçinin sovet memarlığına məxsus tikililərin əvəzinə müasir saraylar və binalar inşa olunub. Köhnə binalar sökülərkən sakinlər müvəqqəti mənzillərlə təmin olunurlar. Yeni bina tikildikdən sonra, onların hər biri dövlət vəsaiti hesabına tam təmirli yeni mənzillərlə təmin edilirlər.

Son on ildə Azərbaycanın iqtisadi inkişafı ona hərbi cəhətdən formalaşmağa, ordunu yenidən təchiz etməyə və Qarabağ uğrunda müharibəyə hazır olmağa imkan verdi.

Qarabağ birlik rəmzidir

Ancaq daha vacib olan başqa bir məsələ - mənəvi və psixoloji amil idi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dağıdılmış ərazilərdə nəzarəti bərpa etdi. Ağdam, Cəbrayıl şəhərlərində və onların ətrafında bir ev belə qalmayıb. Buralar infrastrukturu məhv edilən boş səhra və dağlardır. Hətta burada demək olar ki, bitki yoxdur, üzüm bağları, çiçək açan bağlar məhv edilib, yalnız kilometrlərlə minalanmış ərazilər.

İşğalın davam etdiyi otuz il ərzində azərbaycanlıların milli şüurda Qarabağın unudulacağını və ondan imtina ediləcəyini düşünənlər yanıldılar. Azərbaycanlılar Qarabağı bir an belə unutmadılar. Qarabağı həmin illərdə boya-başa çatmış gənc nəsil işğaldan azad etdi. Qarabağ indi birlik rəmzinə çevrilib.

Şəhidlər xiyabanı

Azərbaycanda ilk dəfə olanlar üçün Qarabağ Şəhidlər xiyabanından başlayır - Bakıda ikisi var. İndi bu xiyabanlar təkcə müharibə haqqında deyil, həm də Qələbə rəmzi haqqında bir hekayədir. Şəhid hərbçilərin portretləri təkcə xiyabanların məzar daşlarına deyil, həm də bütün Azərbaycandakı reklam lövhələrinə və avtobus dayanacaqlarına yerləşdirilib. Bu qəhrəmanlar müqəddəslərdir, onların xatirəsi əhalinin bütün təbəqələri – uşaqdan böyüyə qədər hər kəs tərəfindən sevgi və hörmətlə anılır.

Azərbaycanda şəhidlərin xatirəsinə sonsuz hörmət və ehtiramın daha bir nümunəsi: Ər-arvad olan İlham və Fərizə Şəhidlər xiyabanındakı qoşa məzarda uyuyurlar. Hər ikisi 1990-cı ilin Qanlı Yanvarında sovet tanklarının Bakıda dinc əhalinin üzərinə yeridildiyi zaman həlak olublar. İlham küçədə öldürülüb, Fərizə ilə ərinin ölümünə dözə bilməyib intihar edib. Onların evləndikləri gün indi Azərbaycanda Sevgililər Günü kimi qeyd edilir.

Bakıda Şəhidlər xiyabanı, sadəcə, qəbiristanlıq deyil. Hakimiyyət orqanları oranı şəhər məkanına uyğunlaşdırıblar, yerli sakinlər və turistlərin axşam gəzintiləri olan ərazilərlə birləşdirilib.

Qənimətlər Parkı

İkinci Qarabağ müharibədəki Zəfərin milli həyata uyğunlaşdırılmasının başqa bir nümunəsi şəhərin mərkəzi hissələrindən birində - göydələnlərin düz yanında, sahilin yaxınlığında yerləşən Qənimətlər Parkıdır. Burada başqa bir iş mərkəzi və ya otel tikmək əvəzinə, Prezident İlham Əliyevin göstərişi ilə həmin ərazidə Qənimətlər Parkı salınıb. Parkda Ermənistan tərəfindən atılan və Şuşa yaxınlığında tapılan "İskəndər” raketlərinin qalıqları da daxil olmaqla, məhv edilmiş erməni texnikası açıq havada nümayiş olunur.

Biz orada olan gün parka gələnlərin 80 faizi uşaqlar idi. Onlar yandırılmış tankların qarşısından keçmədən öncə "Qarabağ Azərbaycandır!" deyə qışqırırdılar. Bakıda Şəhidlər xiyabanları ilə bərabər, bu park da müharibə və qələbə haqqında böyük bir hekayəyə çevrilib.

Diqqət, minalar!

Qarabağa səyahət İranla sərhəddən çox uzaq olmayan bir keçid məntəqəsindən başlayır: ANAMA Agentliyi tərəfindən ilk minatəmizləmə zonası.

Agentliyin nümayəndələri Ukraynanın nə ilə üzləşəcəyini izah edirlər: Qarabağın böyük hissəsi Ermənistanın təqdim etdiyi xəritələrə uyğun gəlməyən minalarla örtülmüşdür. Ona görə də Azərbaycan tərəfinin buradakı minaların sayı və onların təmizlənməsi üçün nə qədər vaxt lazım olduğu barədə dəqiq məlumatı yoxdur. Agentlik nümayəndələri bu il artıq zərərsizləşdirilmiş erməni mina və sursatlarını nümayiş etdirirlər. Lakin minalardan təmizlənmə üzərində davamlı işlərə və geri qaytarılmış ərazilərdə vətəndaşların məskunlaşmamasına baxmayaraq, təkcə son bir ildə təqribən 50 nəfər mina partlayışlarının qurbanı olub.

Başqa bir problem də var: burada xüsusi qoruyucu geyimdə işləyən bir nəfər çox vaxt 40 dərəcə istidə, gündə orta hesabla 25 kvadratmetr sahəni təmizləyir. ANAMA-nın mina axtarışında istifadə etdiyi xüsusi itlər prosesi əhəmiyyətli dərəcədə sürətləndirir. İtlər 20 santimetr dərinlikdə minanın trotilinin qoxusuna reaksiya verməyə öyrədilib və gün ərzində təxminən bir kvadratkilometr ərazini yoxlayır ki, bu da insanlardan 40 dəfə daha səmərəli olur.

İnfrastruktur möcüzəsi. Füzuli hava limanı

Keçid məntəqəsindən sonra Qarabağın özü başlayır. Artıq burada bu torpaqların Azərbaycan üçün nə olduğu aydınlaşır: bir il ərzində kilometrlərlə mina və dağlıq ərazilərdən tutmuş dağılmış şəhərlərə qədər yeni elektrik xətləri çəkmək və onların bərpası işlərinə başlamaq mümkün olub. Bunun üçün ilk növbədə, logistika lazımdır, buna görə də yeni yollar gözümüzün önündə həyata keçirilən strateji bir layihədir. Cəbrayıla yeni yol çəkilir, Ermənistanın ona nəzarəti zamanı şəhər demək olar ki, tamamilə dağıdılıb. İndi şəhərin tamamilə yenidən bərpası üçün işlər aparılır.

Füzulidə səkkiz aya tikilən hava limanı Azərbaycanın Qarabağın infrastrukturunun bərpası sahəsində əldə etdiyi möhtəşəm nailiyyət sayıla bilər. Uçuş-enmə zolağı olan yeni postmodern üslub və yeni yol. Hava limanı 400 tona qədər çəkisi "Boeing 747” sinfinə aid təyyarələri qəbul edə biləcək. Hava limanının işçisi zarafatla deyir ki, Füzuli aeroportu Ukrayna istehsalı olan "Mriya” təyyarəsini qəbul edə bilməyəcək.

Şəhərin bərpası üçün xüsusi plan da var ki, bu da infrastruktur layihələrinə sərmayə qoymaq istəyən şirkətlər üçün 7 il vergi güzəştini təmin edir. Ancaq şəhərin bərpasından əvvəl yol və hava limanı tikildiyindən, əvvəlcə ətrafındakı logistika problemlərinin həll edilməsi planlaşdırılır.

"Zəfər Yolu”. Şuşa

Başqa bir əlamətdar hadisə isə Azərbaycan hərbçilərini Şuşa şəhərinə aparan "Zəfər Yolu"nun inşasıdır. Fakt budur ki, bu yolun 55 kilometri, minalar arasında dağlıq ərazinin son dərəcə çətin şəraitində sıfırdan tikilib və bir neçə kilometr yüksəklik fərqləri olan tamamilə yeni bir yoldur.

Bizi müşayiət edən şəxsin sözlərinə görə, bu yol Qarabağın tacı olan Şuşaya aparır. Şəhərin girişində Azərbaycanın keçid məntəqəsi var. Qala divarının digər tərəfində isə birgə Bəyanata görə 5 il ərzində burada dayanacaq rus sülhməramlıları var. Onlar erməni maşınlarının getdiyi yola nəzarət edirlər.

Şuşa dağlarda demək olar ki, alınmaz bir qaladır. Şəhər, əsasən buradakı infrastrukturu bərpa edən yerli əhali ilə birlikdə, müharibədən yenicə qurtarıb. Ancaq artıq Şuşada nümayəndə heyətləri üçün gözəl bir otel yaradılıb, məscid bərpa olunub. İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümü ilə bağlı şəhərdə parad keçirilib.

Azərbaycanda birbaşa döyüşlərin aparıldığı şəhərlərlə yanaşı, sırf "Ukrayna" tarixi də var: Gəncə şəhərindəki evlərin, mülki obyektlərin Ermənistan istiqamətindən atəşə tutulması. Azərbaycanlılar düşmənin müharibə cinayətlərini bütün dünyaya nümayiş etdirmək üçün o evləri, obyektləri əsaslı şəkildə bərpa etmirlər.

Ağdam - "Qafqazın Xirosiması"

Ağdam ayrıca hesabata layiq bir şəhərdir. Bura "Qafqazın Xirosiması" adlanır, çünki şəhər yerlə-yeksan edilib. Bir zamanlar 17 sənaye müəssisəsi, öz dram teatrı, güclü infrastrukturu var idi. Otuz il sonra şəhərdə yalnız yarıuçuq məscid qalıb. Amma bu, ermənilərin dini tolerantlığı üzündən baş verməyib. Əksinə, azad edilmiş ərazilərdəki Prezident nümayəndəsi bizə erməni işğalı dövründə məscidin mal-qara tövləsinə çevrildiyini əks etdirən fotonu göstərdi. Ermənilər məscidin divarlarına ədəbsiz sözlər yazmışdılar, indi azərbaycanlılar divarları ağ boya ilə rəngləyirlər. Ermənilər ərəbcə yazıları güllələrlə dağıdıblar. Buna görə də məscid yalnız taktiki əhəmiyyətinə görə dağıdılmayıb - minarələrindən bütün Ağdamın möhtəşəm mənzərəsi açılır.

Azərbaycanlılar etiraf edirlər ki, Ağdam döyüşmədən onlara verilməsəydi, şəhəri ələ keçirmək cəhdlərində itkiləri çox böyük olardı. Fakt budur ki, Ağdam Qarabağın ən çox minalanmış ərazisidir. Buradakı mina sahələri kilometrlərlə tikanlı məftillər və səngərlərlə kəsişdiyindən şəhər uğrunda döyüşlər həqiqətən də fəlakətli ola bilərdi. Burada yalnız mərkəzi yolda gəzə bilərsiniz, çünki ərazinin çox hissəsi hələ də sıx minalarla örtülüdür.

Sonda demək olar ki, yollar keçmiş şəhəri xatırladan yeganə əlamətdir: kəsişmələrində bu küçələrin bir vaxtlar ağaclarla, dükanlarla necə örtüldüyünü, burada həyatın necə çiçəkləndiyini təsəvvür etmək olar. Azərbaycanlılar deyirlər ki, ermənilər otuz il ərzində bu ərazilərdə heç bir evi belə bərpa etməyiblər. Bu, ilk növbədə, Ermənistanın işğalçı olduğunu göstərir.

Amma Azərbaycanın Ağdamı bərpa etmək üçün möhtəşəm bir planı var. Prezidentin nümayəndəsi deyir ki, yeni tikiləcək şəhərin təməlini dövlət başçısı İlham Əliyev şəxsən özü qoyub.

Xüsusilə, bu plan ən yaxşı vaxtlarda burada 37 min insanın yaşamasına baxmayaraq, yüz min əhalisi olan bir şəhərin tikilməsini nəzərdə tutur. Ağdamda 10 min tələbə üçün müasir universitet korpusu, sənaye parkı, bir neçə dairəvi yol və ətrafında genişmiqyaslı yaşıllıq zolağı salınmalıdır. Layihənin dəyəri 10 milyard dollardır. Ancaq ən böyük problem pul deyil, minalardır.

Səlahiyyətlilərin şəhərə insanları necə cəlb etməyi planlaşdırdıqlarını soruşduqda, Prezidentin nümayəndəsi dedi ki, indi əhali keçid məntəqəsinə gəlir və şəhərə buraxmalarını xahiş edirlər. Onlar hətta çadırlarda belə yaşamağa hazırdırlar. Əlbəttə ki, bunlar əsasən yaşlı nəslin nümayəndələridir. Amma minlərlə azərbaycanlı gənc də Ağdamda yaşayacağı günləri səbirsizliklə gözləyir.

Diqqətimi daha bir məqam çəkdi - tamamilə dağıdılmış Ağdamda, xarabalıqlar fonunda demək olar ki, hər addımda nar ağacları çiçək açmışdı. Azərbaycanlılar üçün bu, bir rəmzdir, illər sonra bütün Qarabağ da çiçəklənəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300