Firdovsiyyə Əhmədova:"Onda vəziyyət elə idi ki, Azərbaycan kimsəyə güvənə bilməzdi”

 

Tarixçi Firdovsiyyə Əhmədova 101 il öncə bu günlərdə baş verənlərdən danışdı: "Atatürkün başladığı azadlıq hərəkatında sovet Rusiyası ilə əməkdaşlığa getməsi Türkiyənin Azərbaycana hər hansı yardım göndərməsini mümkünsüz edirdi”

101 il öncə, 1920-ci il aprelin 28-də sovet Rusiyasının XI Qızıl Ordusu Bakıya daxil oldu və müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınan Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdı. Həmin dövrdə nələr baş verdi, 2 ilə yaxın müddətdə möhtəşəm bir tarixi fəaliyyəti olan hökumət 2 günün içində necə ölkəni bolşeviklərə təhvil verdi? Bu və digər sualları "Yeni Müsavat”a müsahibə verən tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova cavablandırıb.

- Firdovsiyyə xanım, 101 il öncə bu günlər Azərbaycanın ən ağır günləri idi, hansı ki, sonrakı XX əsrin sonuna qədər davam edən bir dövrün başlanğıcı oldu. Böyük ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin qurucusu olduğu cümhuriyyətin süqutu necə baş verdi? İki illik bir dövlətin bir gündə təslim olmasının səbəbləri nə idi?

- Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il yanvarın 10-da Antanta Ali Şurası tərəfindən tanındı. Həmin yanvar ayının 2-də artıq Sovet Rusiyası tərəfindən Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə nota verilmişdi. Rusiya Xarici İşlər Xalq Komissarı Çeçerin tərəfindən bir neçə dəfə Azərbaycan hökumətinə verilən notaların məğzi Denikinə qarşı birgə mübarizə aparmaq idi. Əslində bu notaların məzmunu de-fakto müstəqil olan, tanınan bir dövlətin daxili işlərinə amiranə bir şəkildə qarışmaq, hətta onun xarici siyasətini diqtə etmək istiqamətində idi. Faktiki olaraq Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyəti yarandığı vaxtdan etibarən nəinki onu tanımadı, hətta hər zaman bu ərazilərə özünün bir parçası kimi baxdı. Ancaq Denikin üzərində qələbə çaldıqdan sonra Şimali Qafqazı ələ keçirib Cənubi Qafqaz istiqamətində irəliləyən zaman aktiv şəkildə öz siyasətini gerçəkləşdirməyə başladı. Bu siyasət isə diplomatik təzyiqlə məhdudlaşmırdı. Bu birbaşa olaraq hərbi qüvvələrlə Cənubi Qafqazı fəth etməyə yönəlmiş bir siyasət idi. Bir nömrəli məsələ Bakıya, Bakı neftinə, Xəzər hövzəsinə sahib olmaq idi. Neftə sahib olmaq həm də Rusiya sənayesi üçün vacib amil idi. Bakı eyni zamanda Asiya ilə Avropa arasında çox strateji yollara sahib olmaq demək idi. Sovet Rusiyasının bolşevik elitası bunu heç də gizlətmirdi. Birmənalı şəkildə bildirilirdi ki, Antanta ilə Rusiya arasında gedən mübarizə faktiki olaraq Avropa ilə Asiyanı birləşdirən yollara sahiblik uğrundadır. Kim o yollara sahib olsa, qalib də o olacaq. Bu baxımdan Azərbaycan Cümhuriyyətinin, sonradan isə bütövlükdə Cənubi Qafqazın Rusiya tərəfindən ələ keçirilməsi bir neçə amillə şərtlənirdisə, burada həm təbii sərvətlər amili var idi, həm də geostrateji mövqe məsələsi.

- Belə bir rəqabətin mövcudluğunu nəzərə alsaq, Antanta nə üçün Sovet Rusiyasına qarşı müqavimət göstərməkdə Azərbaycana, ümumilikdə Cənubi Qafqazın gənc dövlətlərinə yardım əli uzatmadı?

- Bəli, Antanta dövlətləri müstəqilliyi defakto tanınan Azərbaycan və Gürcüstan cümhuriyyətlərinə hərbi dəstək vermədilər. Onlar Azərbaycanı defakto tanıdıqdan az müddət sonra, dünyanın ən böyük hərbi ekspertlərinin keçirdikləri müşavirədə qərara alınmışdı ki, Azərbaycanın və Gürcüstanın müstəqilliyini qorumaq üçün ordu göndərilməsə, heç bir qüvvə onları bolşevik işğalından xilas edə bilməz. Lakin Antanta siyasi gücləri qərar verdi ki, hərbi sursatla yardım edilsin, ancaq qoşun göndərilməsin. Faktiki olaraq, Azərbaycan heç bir xarici qüvvədən yardım almaq imkanına malik deyildi. Bu çox həlledici bir amil idi ki, Azərbaycan heç bir xarici qüvvəyə güvənə, ondan yardım istəyə bilməzdi, belə bir imkan yox idi. O zaman Antanta qüvvələri Sovet Rusiyasına qarşı idi, lakin onlar qoşun göndərməkdən imtina etdilər. 1918-ci ildə Azərbaycanın yardımına gələn Osmanlı dövləti də I Dünya müharibəsində məğlub olandan sonra artıq elə bir vəziyyətdə idi ki, kömək edə bilməzdi. Osmanlı torpaqlarını bölüşdürmək uğrunda mübarizə gedirdi.

- Digər tərəfdən, bu dövrdə artıq Türkiyə ilə Rusiya müttəfiqlik ərəfəsində idi. Bu amil işğal prosesinə necə təsir göstərdi?

- Mustafa Kamal Atatürkün başladığı azadlıq hərəkatında onun Sovet Rusiyası ilə əməkdaşlığa getməsi Türkiyənin Azərbaycana hər hansı yardım göndərməsi məsələsini mümkünsüz edirdi. Belə olduğu təqdirdə ermənilərin müxtəlif qüvvələrdə təmsilçiliyi yenə də öz sözünü dedi. Onlar sovet Rusiyasının rəhbərliyi ilə danışıqlara getdilər. Azərbaycan cümhuriyyətini devirməkdə onlar da öz "töhfələrini” verdilər. 1920-ci ilin mart ayında Qarabağda qiyam qaldırıldı. Bu, sadəcə, Qarabağ ermənilərinin qiyamı deyildi, faktiki olaraq Ararat Respublikasının nizami erməni qoşunlarını Qarabağa yeritməsi, Qarabağdakı erməniləri ayağa qaldırması, Gəncədə və ətraf rayonlardakı erməniləri də ayağa qaldırmaqla Azərbaycan hökumətini devirməyə yönəlmiş bir akt idi. AXC heç bir yardım olmadan öz hərbi qüvvələri ilə Qarabağdakı qiyamı yatıra bildi. Bu artıq aprelin əvvəlində, Cümhuriyyətin devrilməsinə sayılı günlər qaldığı ərəfədə baş verirdi. Gənc Azərbaycan dövləti bütün hərbi qüvvəsini Qarabağda qiyamı yatırtmağa, qərb sərhədlərinin təhlükəsizliyini təmin etməyə yönəltdiyi üçün şimal sərhədləri müdafiə baxımından zəif idi. Bu amil də Sovet Rusiyasının XI ordusunun asanlıqla Azərbaycan sərhədlərinə müdaxilə etməsini şərtləndirdi. Xarici amillərlə yanaşı daxili məsələlər də var idi, ölkə içində də Rusiyanın siyasətini gerçəkləşdirən bolşevik qüvvələr var idi. Bu, ölkə əhalisinin əksəriyyəti deyildi, hətta Bakının bir neçə rayonunu əhatə edəcək qədər az bir qrup idi. Amma bütün hallarda Azərbaycan milli hökumətinin devrilməsini şərtləndirən ən mühüm amil XI ordunun birbaşa hərbi müdaxiləsi oldu. Onlar direktivdə göstərildiyi kimi sürətli yürüşləri ilə Bakıya daxil oldular. Bir amil də var ki, onlar Bakının müsəlman əhalisinin müqavimət göstərməsinin qarşısını almaq, onlara psixoloji təsir göstərmək üçün Türkiyə Azadlıq Hərəkatına yardım göstərmək adı ilə Bakıya daxil oldular. Bu mənada Sovet Rusiyası Bakıda olan Türkiyənin yardım alayından, türk hərbçilərindən, zabitlərindən də öz maraqları yönündə istifadə edə bildi. Hətta deyirdilər ki, şərti azadlıq hərəkatının yürüşünə guya türk paşaları, Xəlil paşa rəhbərlik edəcək. Əslində bu aldadılmış bir siyasət idi. Həmin ordu heç Mustafa Kamalın yardımına getmədən Bakıya daxil oldu, bütün ölkə ərazisini istila etdilər. Əsas söz sahibi də XI ordunun siyasi idarəsi oldu, onun rəhbəri Pankratov oldu.

- Sovet hökuməti dövründə yazılan tarixi ədəbiyyatlarda XI Qızıl Ordu Bakıda gül-çiçəklə qarşılandığı, o cümlədən ölkə sərhədlərini hərbi müqavimətlə üzləşmədən keçdiyi qeyd olunurdu. Əslində nələr baş verdi?

- Qızıl ordu ölkəyə daxil olarkən Yalama stansiyasında toqquşma olmuşdu. Lakin ölkə sərhədini qoruyan az qüvvə XI Qızıl Orduya qarşı savaşıb mübarizə aparıb və Azərbaycan əsgərləri orada həlak oldular. Lakin həmin qüvvə qəflətən gecə yarısı hücuma keçən qatarın qarşısında dayana bilmədi. Bu qatar gəldi Biləcəridə dayandı. Məsələ son dərəcə konspirativ şəkildə qurulmuşdu. Bu işğala, guya Azərbaycan zəhmətkeşləri Sovet Rusiyasından kömək istəyir kimi bir don geyindirdilər. Qeyd edirdilər ki, Azərbaycanın istilası dünyada Sovet Rusiyasının imperialist kimi tanınmasına səbəb ola bilər, ona görə də hər cür diplomatik örtü ilə bu hərbi müdaxiləni pərdələməyə çalışırdılar. Aprelin 27-də artıq qatar Biləcəri stansiyasında dayanıb Azərbaycan parlamentinə ultimatum verəndə, bunu beynəlxalq aləmdə özlərinin istilaçı siyasətini pərdələmək üçün edirdilər. Guya Azərbaycan parlamenti bu ultimatumu qəbul edir və zəhmətkeşlərin müraciəti əsasında ordu ölkəyə daxil olur. Ancaq bu məsələ əvvəldən ölçülüb-biçilmişdi. 1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyası yaradılanda, onun qəbul etdiyi sənəddə, proqramda Azərbaycan milli hökumətinin devrilməsi qeyd olunmuşdu. Lakin Azərbaycan bolşevikləri də etiraf edirdilər ki, onlar parlamentə ultimatumu təqdim edəndə, onlar heç də partiya mərkəzi komitəsindən olan yoldaşlara yox, XI ordunun süngülərinə arxalanırdılar.

Azsaylı qüvvə, 350 nəfər hərbçi aprelin 27-də o zirehli qatarla Azərbaycana daxil olmuşdu. Lakin 2 gün sonra piyada qüvvə, 72 min nəfərlik tərkib Azərbaycana daxil oldu, qısa müddətdə süngü gücünə hakimiyyət strukturlarını məhv edib, öz hakimiyyətlərini bərqərar etdilər. İran sərhədlərinə qədər bütün coğrafiyanı ələ keçirdilər. Az sonra isə Gürcüstanın və daşnak Ermənistanın sovetləşdirilməsi həyata keçirildi. Azərbaycan parlamenti isə hakimiyyəti kommunistlərə təhvil verərkən bunu əsas götürürdülər ki, qan tökülməsin, vətəndaş müharibəsi baş verməsin. Hərçənd ki, həmin vaxt parlametdə çıxış edən Məhəmməd Əmin Rəsulzadə bildirmişdi ki, bu gələn qüvvə istilaçı qüvvədir, Azərbaycanın suverenliyinə son qoyan bir qüvvədir.

- Sonralar istiqlalçı hökumət üzvlərinin taleyi necə oldu?

- Azərbaycan hakimiyyət strukturunda olan şəxslər, aparıcı Azərbaycan siyasi qüvvələri hesab edirdilər ki, mühacirətdə qısa müddətdə qüvvələri toplayıb yenidən Azərbaycan istiqlaliyyətini bərpa edə bilərlər. Bunun üçün də Tiflisə getmişdilər. Lakin orada aparılan mübarizə Sovet Rusiyasının istilaçı siyasətinin qarşısını ala bilmədi.

- Tarixdə qeyd olunur ki, xalq heç də sovet hökumətinin qurulması ilə asan barışmayıb...

- Bəli, yerlərdə xalqın müqaviməti davam edirdi, əhali XI Qızıl Ordunun istilası ilə barışmırdı. Gəncədə, Qarabağda, Azərbaycanın digər qəzalarında sovetin işğalçılıq siyasətinə qarşı böyük üsyanlar oldu. Bu üsyanlar da qan tökülərək yatırıldı. Aprelin 27-dən sonrakı birinci həftə tarixə "talan və qarət” həftəsi kimi düşdü. Evlərin qarət olunmasından, ölkənin tanınmış ictimai, siyasi, hərbi xadimlərinin qətlinə qədər hər bir cinayətə əl atıldı. Ona görə də uzun illər Azərbaycan siyasi mühacirəti 27 aprel tarixini milli matəm günü kimi qeyd edib. Əslində işğal aktı aprelin 28-də yox, 27-də baş verib.

1991-ci oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı qəbul edilərkən SSRİ-nin XI qızıl ordusu tərəfindən hərbi müdaxilənin olması və cümhuriyyətin devrilməsi həmin aktda əksini tapmışdı. Bu birmənalı şəkildə defakto müstəqil olan bir dövlətə qarşı həyata keçirilmiş bir təcavüz, hərbi müdaxilə idi. AXC-nin süqutu ilə nəticələnsə də, Azərbaycanın siyasi mühacirəti istiqlaliyyət uğrunda mübarizəsini xaricdə ardıcıl olaraq həyata keçirmişdi.

- Azərbaycan AXC-nin hüquqi varisi kimi, bu işğal faktına görə hazırkı Rusiyanı beynəlxalq məhkəməyə verib təzminat tələb edə bilərmi?

- Burada bir məsələ var ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi elan etmədi. Söhbət AXC-nin tarixi, siyasi varisliyindən gedir. Həm də AXC dövründə mövcud olan ərazilərin miqyası 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikasının ərazisi ilə müqayisədə çox geniş idi. Ümumiyyətlə, hüquqi varislikdən söhbət gedirsə, Azərbaycan 114 min kvadratkilometr əraziyə varislik məsələsini ortaya qoya bilər.

Ancaq hüquqi varis olmadığına görə nəinki bu iddianı irəli sürmədi, hətta 86,6 min kvadrat kilometr ərazilərin də 20 faizi işğal olundu. Ancaq əgər dünyanın aparıcı dövlətləri bir presedent kimi 100 əvvəlki tarixə müraciət edərək, bu və ya digər siyasi qiymət verirlərsə, Azərbaycan da bunu edə bilər. Necə ki, günümüzdə Co Bayden tərəfindən 1915-ci il hadisələrinə heç bir tarixi, hüquqi əsası olmadan, ədalətsiz siyasi qiymət verildi. Əgər belə bir siyasi presedentlər yaradılırsa, Azərbaycan da tarixi , siyasi anlamda varisi olduğu AXC dövründə mövcud olmuş əraziləri ilə bağlı eyni qaydada ən azından siyasi gündəmə gətirə bilər, siyasi qiymət verilməsini tələb edə bilər. Çünki bu ərazilər həmin dövrdə ölkəmizin defakto tanınan əraziləridir. Həmin dövrdə Antantada təmsil olunan aparıcı dövlətlər- Fransa, ABŞ, Britaniya və digər dövlətlər tanıyıb. İndiki müstəqil Azərbaycan Cümhuriyyət dövründə mövcud olmuş əraziləri ilə bağlı məsələni ən azından parlament səviyyəsində gündəmə gətirə bilər. Digər tərəfdən, əgər Azərbaycan, qardaş Türkiyə I Dünya müharibəsi ilə bağlı hansısa məsələlərdə ittiham olunursa, o zaman biz də 1918-ci il hadisələrini, azərbaycanlıların kütləvi şəkildə qırğına məruz qalmasını beynəlxalq səviyyədə qaldıra bilərik. Çünki 1918-ci il qırğınları birbaşa ermənilərin ərazi iddiaları və guya onların 1915-ci ildəki uydurma soyqırımın qisasını almaq üçün həyata keçirdikləri bir qanlı akt idi. Bu məsələləri beynəlxalq hüquqi müstəvidə gündəmə gətirmək mümkündür və tarixi-hüquqi əsası var.

Nərgiz LİFTİYEVA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300