"Human Rights Watch”, UNESCO, Arif Babayevin ata-anasının məzarı hanı?!

 

Bu, bir faktdır ki, erməni yalanları bəzi güc mərkəzlərinin, təşkilatların əlində Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilməkdədir. "Human Rights Watch” təşkilatının riyakar mövqeyi buna bariz nümunədir. Özünü beynəlxalq səviyyədə hüquq və azadlıqların müdafiəçisi hesab edən bu təşkilat erməni terrorçularının müdafiəsinə qalxıb.

10 noyabr 2020-ci il anlaşmasından sonra Ermənistandan Azərbaycan ərazisinə keçərək, Qarabağda terror törədənləri müdafiə edən bu qurum azərbaycanlı günahsız qurbanlardan, Gəncə, Tərtər, Bərdənin, Naftalanın dinc əhalisinin qətliamından, hətta Mingəçevirin raket atəşinə tutulmasından bir kəlmə də bəhs etmədi. Ancaq budur, erməni terrorçuların müdafiəsinə qalxıb, "hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması” iddiasını dövriyyəyə buraxıblar. Beynəlxalq statusa sahib təşkilatın erməni yalanlarına alət olması ən azı ayıbdır, riyakarlıqdır. Hərbi əsirlərin mübadiləsi prosesində erməni və azərbaycanlı əsirlərə təyyarə trapından enərkən baxmaq kifayət edərdi ki, onlarla harada, necə rəftar edildikləri haqda qənaətə gələsən. Ancaq "Human Rights Watch” kimi qurumların "göz”ünün kor, "qulağı”nın kar olduğunu işğal dövründə çox gördük. Heç ədalət ummuruq da. Amma yetərdi ki, lal olaydılar, susaydılar.

Qarabağda daş-daş üstə qalmayıb. Bu vandalizmi törədən ermənilər niyə bir dəfə də olsun mühakimə olunmadı? 90-cı illərin müharibəsində 3890 azərbaycanlı itkin düşüb - 3171-i hərbçi, 719 mülki şəxs,o cümlədən 71 uşaq, 267 qadın, 326 yaşlı şəxs - əsir və girov götürülüb ermənilər tərəfindən.

Ancaq bir beynəlxalq təşkilat Ermənistandan azərbaycanlıların taleyinə aydınlıq gətirməyi tələb etməyib. 1949-cu il Cenevrə Konvensiyalarının tələbləri ancaq ermənilərə münasibətdə işləyir?!

Azərbaycan XİN detallı şəkildə "Human Rights Watch”a cavab verib. Lakin bu cavabdan sonra ayıblarına kor olacaqlarını düşünmürəm, çünki onlar "ağam mənə kor deyib” prinsipi ilə davranırlar Azərbaycana münasibətdə. Özü də təkcə bu qurum deyil ki, Avropa İttifaqı son zamanlar bütün iş-gücünü buraxıb, Azərbaycan həbsxanasında saxlanılan erməni terrorçuların xilası üçün hərəkətə keçib. Hansısa Avropa ölkəsində Qarabağda ermənilərin törətdiyi qədər terror hadisələri, qətliamlar, yeraltı, yerüstü sərvətlərin talanması, təbiətin, tarixi abidələrin məhvi həyata keçirilsəydi, həmin bu "erməni sevdalılar” dözərdilərmi?

"Human Rights Watch” tipli təşkilatlar heç şübhəsiz ki, 44 gün ərzində Azərbaycanı durdurmağı bacarmayan, zəfərimizin qarşısını ala bilməyən erməniyanlı paytaxtların sifarişini yerinə yetirir. Bəli, artıq makronlar susub, erməniləri açıq şəkildə müdafiə etmirlər, ancaq "parlamentarlar”, "senatorlar” adı altında erməni işğalını, terrorizmini müdafiə edənlər, Cenevrə Konvensiyasını bayraq edib terrorçu ermənilərin xilası üçün hərəkətə keçənlər iş başındadırlar.

Qarabağda saysız-hesabsız tarixi abidələrimiz dağıdılıb, ancaq bu vəhşiliklərə susan UNESCO "erməni kilsələri”ni müdafiəyə qalxmadımı? Heç olmasa Bakının mərkəzində qorunub-saxlanan erməni kilsəsini düşünüb, ayıblarına kor olmadılar. Azərbaycan öz tarixinin bir hissəsi olan, Qafqaz Albaniyasına məxsus kilsələri niyə dağıtmalı idi ki? Ancaq onlara məntiq yox, Azərbaycana təzyiq üçün erməni yalanlarını tirajlamaq gərəkdir.

Böyük sənətkarımız Arif Babayevin Ağdama səfərinə baxdınızmı? 30 ildən sonra baş tutan bu səfər-ziyarət ermənilərin ifşası üçün yetərli ola bilərdi, dünyada ədalət olsaydı! 84 yaşlı sənət adamı Ağdama – doğulduğu məkana gedir, ancaq qucağındakı qərənfil dəstəsini qoymaq üçün bir salamat məzar tapmır.

Ağdamdakı Qarağacı qəbristanlığı şəhər boyda olub vaxtilə, ermənilər sümükləri belə çıxarıb şumlayblar qəbiristanlığı! Adam o an hayqırmaq istəyir: harda ölmüsən, "Human Rights Watch”?!

Xalq artist ata-anasının məzarını tapa bilmədi ki, üzərinə gül qoysun, ruhlarına dua oxusun...

Qərənfilləri düzməyə bir salamat məzar daşı tapılmadı o boyda qəbiristanlıq yerində.

O yaşda olan insan üçün bundan dəhşətli nə ola bilər?

Arif Babayevin o halı bir film səhnəsiydi...

Həm də bəşəri cinayətlərə imza atmış erməni terrorizminin lənətlənməsi üçün bir ssenari. Təbii ki, Hollivud çəkməz, onlara başqa ssenari gərəkdir...

Erməni terrorçularına münasibətdə Cenevrə Konvensiyasına istinad edən "Human Rights Watch” bəlkə sən biləsən, hardadır Arif Babayevin ata-anasının məzarları? O insanlar nə günah sahibi olublar ki, erməni alçaqlar yatdıqları yerdə də onları rahat buraxmayıb?

Bəlkə, erməni kilsələrinin müdafiəsinə qalxan UNESCO-da bir məlumat var. Axı, Azərbaycan muğamı UNESCO-nun Qeyri-mədəni irsinin siyahısına daxil edilib və muğamımızı yaşadan sənətkarlardan biridir Arif Babayev. İnsanlığa səsi ilə xidmət edən insandan qisas alan erməniləri müdafiə etdiyinizə görə utanmırsınızmı?
Məzarların təhqir edilməsi, yer üzündən silinməsi barədə Cenevrə Konvensiyasına bəlkə əlavə müddəa əlavə olunub, xəbərimiz yoxdur...

"Human Rights Watch”, UNESCO, susmayın, cavab verin!

 

Elşad paşasoy, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300