Məhəmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür

 

Nəsiman Yaqublu: "Cümhuriyyət dövrü bizim üçün ona görə doğmadır ki...”

Bu gün tarixi şəxsiyyətlərimizdən biri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin ölümündən 66 il ötür.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman” məktəbinə qoyub. Buranı bitirdikdən sonra Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan Rəsulzadə "Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

Azərbaycan Xalq Cümhuriyyəti - Fotolarda - BBC News Azərbaycanca

 

1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu, o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətini qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış görkəmli siyasi xadimimiz 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib. Onu "Əsri” məzarıstanlığında dəfn ediblər.

Mammad Amin Rasulzade.jpg

Bəs Rəsulzadə ömrünün son günlərini necə, kimlərlə keçib? ADR dönəmində Cümhuriyyət rəhbərliyi Qarabağda erməni separatçılığının kökünü kəsə bilmişdimi?

Bu və digər suallarla bağlı tarix elmləri üzrə fəlsəfə doktoru, Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu "Yeni Müsavat”a danışıb:"Bu gün Rəsulzadənin dünyadan köçdüyü gündür. Əlbəttə ki, bu gün Rəsulzadəni böyük rəhmət və sayqılarla anırıq. Çünki Rəsulzadə dövlətçiliyimizin əsasını qoyan bir şəxsiyyət, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövrü bizim üçün ona görə doğmadır ki, Rəsulzadə və silahdaşları Azərbaycanın qarşısında duran bir çox problemləri həll ediblər. Həmin problemlərdən biri Bakı şəhərinin azad edilməsi idi ki, buna nail oldular. Həmçinin hüquqi dövlət yaratdılar, Azərbaycan parlamentinin əsasını qoydular.

Əsas problemlərdən biri də Qarabağ məsələsi idi ki, onu da həll etdilər. Belə ki, həmin dövrdə Zəngəzur mübahisəli məsələ olaraq qalmaqda davam edirdi. Yəni Zəngəzur məsələsi hələ tam həll edilməmişdi. O mənada ki, ərazi bütövlüyümüzün və Qarabağ probleminin həllində çox önəmli rol oynadı və Azərbaycan Milli Ordusu böyük zəfərlər qazandı. Həmin dövrdə hərbi parad da keçirildi və bu xüsusi olaraq qeyd olundu.

Sonrakı dövrlərdə Rəsulzadə öz həyatını mühacirətdə keçirdi. Türkiyədə, Polşada, Almaniyada, Fransada yaşamaq məcburiyyətində qaldı. Beləliklə, 1920-ci ildən sonrakı, 35 illik ömrünün elə bir məqamı olmayıb ki, Rəsulzadə Azərbaycan üçün nəsə etməsin, hansısa fəaliyyət göstərməsin.Həmin illərdə Rəsulzadə çoxlu sayda kitablar, məqalələr yazdı, jurnallar çap etdirdi. Eyni zamanda beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini və müstəqillik uğrunda mübarizəsini bütün dünya ictimaiyyətinə yaydı, təbliğ etdi. Bunun üçün də Rəsulzadənin irsini öyrənmək həm də Azərbaycanın tarixini öyrənmək deməkdir.


 

Mühacirətdə olarkən onun Əli Mərdan bəy Topçubaşovla, Ceyhun Hacıbəyovla, Məhəmməd Gəncəli, Məcud Musazadə, Süleyman Təkin Ərlə məktublaşmaları olub. Yəni Rəsulzadə mühacirətdə olan zaman bütün şəxsiyyətlərlə əlaqə qurub. Onların əksəriyyəti bir təşkilatda çalışırdı. Həm Qafqaz Konfederasiyasında, Prometey təşkilatında çalışır və həm də bir-birinə dayaq olur, bəzi mübahisəli məsələləri həll edirdilər".

Nəsiman Yaqublu kömək etməyə hazırdır

 

Nəsiman Yaqublu

Nəsiman Yaqublu qeyd edib ki, yaxın vaxtlarda Rəsulzadənin mühacirətdəki əsərləri 10 cilddə nəşr olunacaq:"Onun birinci cildi artıq çapdan çıxıb. İkinci cildi isə çapdan çıxmağa hazırlanır və gələcək dövrlər üçün üçüncü, dördüncü cildləri də çap etdirib, oxuculara çatdırmaq istəyirik. Rəsulzadə irsini öyrəndikcə biz Azərbaycan tarixini, vətənpərvərliyini, mədəniyyətini öyrəncəyik. Bu mənada Rəsulzadə çox böyük, öyrəniləsi şəxsiyyətdir və hər zaman Azərbaycan üçün dəyərli bir şəxsiyyət olaraq da qalmaqdadır”.

Xalidə GƏRAY, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300