İftar süfrələrini xeyriyyə aksiyaları ilə əvəzləmək mümkündürmü?

 

Əhməd Qəşəmoğlu: "İftar sovqatlarını əsasən kasıb ailələrə yönləndirmək daha gözəl olardı”

Emil Rahiloğlu: "Bunun savabı daha böyükdür”

Məlum olduğu kimi, bu gündən Azərbaycanda Ramazan ayı başlayır. Beləliklə, bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. Həmin gün Fitr (Ramazan) bayramıdır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

Ramazan ayının başlanması ilə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının yaydığı fətvaya görə, xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsi tövsiyə edilir. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərti ilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırılıb.

Bildirilib ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.

Beləliklə bu il pandemiya ilə əlaqədar olaraq iftar süfrələri yalnız ailə üzvləri tərəfindən açılacaq. Bəs iftar süfrələrini xeyriyyə aksiyaları ilə əvəzləmək, bu məclislərə çəkiləcək xərvi imkansız ailələrə yönləndirmək mümkündürmü?

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı Musavat.com-a danışıb: "Bu barədə fikir aydınlığı olması çox yaxşıdır. Və nə yaxş ki, mətbuat nümayəndələri də bu məsələni diqqətdən kənarda qoymur.Əslində iftar süfrəsinin mənası odur ki, oruc tutan insanlar bir yerə toplaşıb, iftar açırlar. Və təbii ki, indiki karantin rejiminə əsasən insanları evə dəvət etmək imkanı olmadığından, oruc tutan ailələrə iftar sovqatı paylamaq olar. Hökmən deyil ki, oruc tutuan ailələr mütləq kasıb və ya imkanlı olsun. İstənilən oruc tutan ailəyə sovqat paylamaq yerində olar. Elə şəxslər olacaq ki, iftar sovqatlarını əsasən kasıb ailələrə yönəldəcək ki, bu da çox gözəldir”.

Əhməd Qəşəmoğlu qeyd etdi ki, istənilən halda təhükəsizlik qaydalarını unutmaq olmaz: "İftar süfrəsi üçün nəzərdə tutduğumuz sovqat məhsullarının mağaza və bazardan alanda diqqətli olmalı, təhlükəsizlik qaydalarına əməl etməliyik.
Beləliklə, Ramazan günlərində yaxınlarımıza, doğmalarımıza və kənar adamlara "iftar süfrəsi üçündür” deyib, sovqatlar göndərməyimiz çox gözəl olardı”.

İlahiyyatçı Emil Rahiloğlu da mövzu ilə bağlı öz fikirlərini bildirib: "Bildiyiniz kimi, hər il Azərbaycanda çox geniş şəkildə iftar süfrələri açılırdı. Amma bu il pandemiya ilə əlaqədar olaraq bir yerə toplaşmaq mümkün deyil. Qeyd edim ki, iftar süfrələrinin mütləq şəkildə olması vacib deyil. Yəni, "yox, bu şəriətin qanunudur, onu mütləq icra etməliyik” deyə bilmərik. Amma bunu əvəz etməyin müxtəlif yolları var. O yollardan biri də iftar niyyəti ilə imkansız ailələrə qida məhsulları vermək olar.

Xüsusən də iftar süfrəsi üçün lazım olan məhsulların olması daha gözəl olardı. Məsələn, bu məhsullar əsasən Ramazan ayında daha çox istifadə edilən, xurma, ət, düyü məhsulları ola bilər. Deyərdim ki, bu şəkildə icra etməyin savabı daha çoxdur.

Qeyd edim ki, hələ pandemiyadan əvvəl də biz bu təşəbbüslə iştirak edirdik. Çünki, iftar süfrəsi açanların heç də hamısının ehtiyacı olmur. Məsələn, biz adətən iftar süfərsinə ətrafımızda olan dostları, yaxınları dəvət edirdik, onlar da fəqir sayılmaz. Amma imkansız ailələrə iftar sovqatı paylamaq daha gözəl olardı, hal-hazırda buna zərurət var. Zərurət budur ki, biz iftar sovqatını imkansız ailələrə çatdıraq.

Burada şərt deyil ki, ailədə oruc tutan var, yoxsa yox. Elə o niyyətlə verək, inşallah ki, Allah-təala da qəbul edər”.

Xalidə Gəray, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300