"Həcc ziyarəti təxirə salınsa, o vəsaiti xeyriyyə işlərinə xərcləmək məqbul olar” -Partiya sədri

 

Qafqaz Müsəlmanları İdarəsi(QMİ) koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bir məktub almayıb. İdarəyə Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət etmişdi. Hazırda isə karantin rejimi tətbiq olunduğuna və eyni zamanda rayonlardan Bakıya gəlişin məhdudlaşdırılmasına görə müraciət edənlər yoxdur. Bu günə qədər Həcc ziyarətlərinin təxirə salınıb-salınmayacağı barədə bir söz demək çətindir. Bundan əvvəl koronavirus təhlükəsini nəzərə alınaraq Ümrə ziyarətlərinin müvəqqəti olaraq dayandırılmasını qərarlaşdırılmışdı. Bu qərarın zəvvarların sağlamlığını nəzərə alınaraq verildiyi bəyan olunmuşdu. Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib. Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrlə birlikdə keçirilən iclasda koronavirusun bilavasitə təmaslar vasitəsilə yoluxaraq insan həyatına ciddi təhlükə yaratmasını, Azərbaycan ərazisində bütün kütləvi tədbirlərin qadağan olunmasını nəzərə alaraq, onun qarşısını almaq məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa və burada ibadətlərin icra olunmasına qadağa qoyulub.

Dindarlardan bu qərara əməl etmələri xahiş olunub.

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbuluna 2020-ci il yanvarın 27-də başlanıb. 2019-cu ildə Azərbaycanda Həcc ziyarətinə səfər xərci 4150 ABŞ dolları olub, ümumilikdə isə 1440 nəfər ziyarət edib.

Bu il ziyarətin qiyməti 4490 dollar olacaq. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır. Koronavirus pandemiyası bu ili yayına qədər səngiməsə, digər kütlivi tədbirlər, səfərlərlə yanaşı Həcc ziyarəti də təxirə düşsə, hacı adayları bu ziyarətə xərclədikləri pulu neynəməlidlər? İmkansızlara, tələbələrə və s. kateqoriyada olanlara sərf edə bilərlərmi?

 

Ağ Partiya başqanı Tural Abbaslı "Yeni Müsavat”a deyib ki, Həcc İslamın 5 əsas şərtindən biridir:"Yaşlı insanlar var ki, ibadət məqsədi ilə uzun müddət maliyyə toplayıb, İslam dininin əsas şərtlərindən birinə əməl etməyə hazırlaşıblar. İnsan pulu məhz ziyarət niyyəti ilə yığıbsa, könül istər ki, həmin insanlar illərlə topladıqları məbləğləri məhz Həcc ziyarətinə yollanmağa xərcləsinlər”.

Tural Abbaslı deyib ki, əgər pandemiya səngiməsə, zəvvarlara ziyarətə getmək qismət olmasa, digər məqsədlər üçün səfər üçün toplanmış vəsaiti xərcləmək olar:"Əgər şəxs cavandırsa, Həcc ziyarətinə getməyi planlayıbsa və vəziyyətə görə səfəri baş tutmursa, bu halda topladığı məbləği koronavirusdan əziyyət çəkən ailələrə xərcləməsini məqbul hesab etmək olar. Azərbaycan cəmiyyətində belə bir rəy var ki, Həcc ziyarətinə getməkdənsə, digər xeyir işlər görmək lazımdır. Xeyriyəçilik məsələsini ibadətlə qarışdırmaq düzgün deyil”.

Bu arada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri Əjdər Tağıoğlunun Həcc ziyarəti üçün nəzərdə tutulan məbləğin bu müddətdə ehtiyacı olan şəxslərə yardım edilməsi ilə bağlı ünvanladığı müraciəti cavablandırıb. Dövlət Komitəsi sədri müraciətə cavabında hər il minlərlə dindarın xarici ölkələrdəki müqəddəs məkanları ziyarət etdiyini diqqətə çatdırıb.O bildirib ki, bu il də həmin ziyarətlərə getmək niyyətində olan çoxsaylı insanlar var:"Amma əvvəlki illərdən fərqli olaraq, bu il ziyarətlər üçün nəzərdə tutulan vəsaiti həmin şəxslərin ehtiyacı olan insanlara kömək məqsədi ilə sərf etmək imkanı yaranıb. Əminəm ki, inanclı, dindar insanlarımız İslam peyğəmbəri Həzrəti Məhəmmədin: "Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” – buyruğuna əməl etməklə, yaranmış bu imkanı savab qazanmaq naminə Vətənimiz və insanlarımız üçün xeyirxah əmələ çevirəcəklər”.

Qeyd edək ki, "Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri Əjdər Tağıoğluna (İsmayılov) Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya məktubla müraciət edib. O müraciətində Həcc ziyarətinə ayrılmış məbləğin belə ağır bir zamanda Vətəndə olan kimsəsiz, aztəminatlı, xəstə olub müalicəyə vəsaiti olmayanlara, ödənişə ehtiyacı olan tələbələrə, bir sözlə ehtiyacı olan insanlara tərəddüd etmədən belə ödədiklərini, əslində bu hərəkətlə Azərbaycan möminləri nəinki İslam dünyasına, eyni zamanda bütün bəşəriyyətə dədə kökümüzə xas olan örnək göstərmiş olacaqlarını qeyd etmişdi.

Elşən MƏMMƏDƏLİYEV, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300