Ayının əmisi oğlu

 

 

Nazlı Ağayeva

 

...Məmmədhəsən əmi eşşəyin yükünü boşaldıb ev adamına səsləndi:

 

– Eşik dağılsa xəbəriniz olmaz! Haradasınız, a millət?

 

Böyük oğlu İsgəndər əlində kitab damdan hoppanıb həyətə düşdü. Əvvəl eşşəyin boynunu sığalladı, sonra atasının pencəyini çiynindən götürüb divardakı mıxdan asdı. Məmmədhəsən əmi ani fikrə getdi: "Eşşəyi dədəsindən çox istəyir zalım oğlu, ağzımı da açsam, heyvan haqları deyib duracaq. Nəsə, zəmanə uşağı olmadı bu”.

 

Kiçik qız uşağı pilləkəni qalxıb atasının gəldiyini anasına xəbər verdi.

 

Ana eyvandan donquldadı:

 

– İş-işdən keçəndən sonra neynirəm daha dədəni?

 

Atası yuxarı qalxan kimi kiçik qız düşüb həyətdə kitab oxuyan qardaşının yanındakı eşşəyi əzizləməyə başladı. İsgəndər əlindəki kitabı örtüb kiçik Nazlıdan soruşdu:

 

– Eşşəyi çox istəyirsən, yoxsa qağanı?

 

Nazlı sevincək qardaşına qısıldı:

 

– İkinizi də!

 

Analarının gözü, qulağı qəfildən onları tutdu:

 

– Gül kimi qardaşınızı aparıb salıblar polisə, siz burda az qalıb eşşəyin ağzına girəsiniz. Daş doğaydım sizi doğunca...

 

Sürahıya dirsəklənib qəlyanını tüstülədən Məmmədhəsən əmi arvadına tərs-tərs baxdı:

 

– Özünə əl qatma, Zeynəb. Sənin doğduğun daş şöbədədir. Biz də qalmışıq o daşın altında.

 

Zeynəb doluxsundu:

 

– İndi nə olacaq a kişi, getmirsənmi anası ölmüşümün dalınca?

 

Məmmədhəsən əmi Zeynəbin üstünə qışqırdı:

 

– Getmək asandırmı, a tünbətünün qızı, gedib hansı üznən deyim ki, stalovoyda yumruq oynadan qoçunun dədəsiyəm?

 

Zeynəb pilləkəndə oturub astadan zarımağa başladı: "İki oğul verdin bizə ay allah, biri dünyadan küsüb, əlindən kitab düşmür, o biri də yox yerdən qudurub tanrısına təpık atır.

 

*

 

Giriş qapısından Məmmədhəsən əmini böyük binaya sarı yönləndirdilər.

 

Məmmədhəsən əmi koridorla gedib nişan verilən kabinetə daxil oldu. Fırlanan stulda oturan şəxs Məmmədhəsən əmiyə yer göstərib özünü tanıtdı:

– Mən əslində rəisi əvəz eləyirəm, amma siz mənə də rəis deyə bilərsiniz.

 

Məmmədhəsən əmi stulun qırağına çöküb yavaşdan danışmağa başladı:

 

– Yoldaş rəis, bizim gədəni ağıl dərdindən gətirib bura salıblar. Bu gün stalovoyda dalaşan uşaqdı. O da, mən də buralara birinci dəfə gəlirik. Bilirəm, yekə bir qanmazlıq, cahillik olub. Versəydiniz, aparıb evdə tənbehini edərdik.

 

Rəis oturduğu yerdəcə fırlanmağa başladı:

 

– A kişi, uşaq heyvan-zaddı başını buraxaq, elə-belə aparıb gedəsən? Burda ictimai asayişi pozmaq var. Üstəgəl, təhqir zəminində hörmətli adamların adlarını çəkmək, üçüncüsü, səs-küy salıb rayonun turizm imicinə qəsdən ziyan vurmaq, dördüncüsü...

 

Məmmədhəsən əmi gördü, yox, belə getsə, rəisdə barmaq qalmayacaq, tezcənə ayağa durub təslim oldu:

 

– Bildim yoldaş rəis, bizim gədə başından yekə qələt eləyib, cəzasını da qoy çəksin, bundan sonra daha onu versən də aparmaram. Eşşəyi idarənizin qabağındakı dirəyə bağlamışam. Allah eləməsin, heyvan qanmayıb rayonun inkişafına-zadına xətər yetirər, bu da mənə ikinci xəcalət olar. İzin ver, daha mən gedim.

 

Məmmədhəsən əmi bir-iki addım atmışdı ki, rəis onu çağırdı:

 

– Hara getdin ağsaqqal, uşağı aparmırsan bəs?

 

Məmmədhəsən əmi ötkəm-ötkəm dilləndi:

 

– Aparmıram, basın qoduqluğa, ağlı başına gəlsin.

 

– Ay dayı, indiki zamanda heç nəyə görə polisdə uşaq qoyub gedərlər?

 

– A bala, ən etibarlı yer bura döyülmü, nəsi varmış ki, polisin?

 

– O mənada demirəm, yəni iş kimdədirsə mən də tapşırım, görüşüb razılaşın. Maşallah, mərifətli uşaqdı, özüm danışdırmışam. İndi bir qəzadı, olub. Evdən də ayrı qalmayıbmış birdən-ikiyə.

 

– Qalmayıb, qalsın da. Bu gün-sabah əsgərliyiə aparacaqlar, onda anası da getməyəcək ki, ona qoşulub.

 

– A kişi, nə əsgərlik-flan, adam var komissarlıqda, o vaxta kimi danışıb alarıq uşağın biletini.

 

Məmmədhəsən hövsələsini birtəhər toplayıb söz güləşinə davam etdi:

 

– Bacoğlu, sən bizim gədəni deyəsən bizdən çox istəyirsən axı?

 

– Əlbəttə, ağsaqqal, inanın, sizin oğlunuz mənim kiçik qardaşımdı.

 

– İnandım oğul, amma bircə şeyi qanmadım. Sən ayının əmisi oğlusan, yoxsa hökümətin nümayəndəsi?

 

P.S. Bu zəif, bəlkə də uğursuz həyat hekayəti ilə böyük ustadın ruhunu şad edə bilməsəm də, bildiyim bircə şey var: Allah bizə rəhmət eləsin...

 

(qaynarinfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300