Xeyir qapılarının açarını tanıyaq  

 

Bismilləhir-Rahmənir-Rahim!

 

Mübarək İslam dininin nəzərində ən fundamental, əsaslı, köklü əxlaqi mövulardan biri də həyadır. Bu bəhsimizdə İslamın əsaslı əxlaqi mövzularından olan həya barədə danışmaq istərdik.

Dövrümüzdə diqqətdən kənarda qalan əxlaqi keyfiyyət

Günümüzdə həya mövzusu - çox aktual və zəruridir. Deyə bilərik bir dünyaya doğru gedirik ki, bir çox əxlaqi kateqoriyalar sual altına aparılır və diqqət olunmur, insanların həyatında unudulur, yaşanmır. Həya da belə mövzulardan biri, bəlkə də birincilərindəndir.

Biz bunu da deyə bilərik ki, tarixin önəmli mərhələlərində həya mövzusu insanların hansı cinahda, yer almasını müəyyən edən əsas amillərdən olub.

Misal üçün, Kərbəla vaqiəsində Haqq cəbhəsində olanların məhz bu cəbhədə olmasının ciddi səbəblərindən biri odur ki, orada olan insanlar Allah hüzurunda həya edən insanlar idi. Yezidin (lən) qoşununda olanların isə bu mənfur güruha gedib çıxmasının, orada olmasının və törədilən cinayətlərdə iştirak etməsinin mühüm səbəblərindən biri də budur ki, onlar həya çatışmazlığı yaşayırdılar.

Utancaqlıq, yoxsa həya?

Həya - insanda olan bir mənəvi haldır. Bu mənəvi halın bərəkətinə insanda vüqarlılıq və mətanətlilik mövcud olur. İnsan bu keyfiyyətlərə malik olduğuna görə pis iş görməkdən çəkinir.

Yeri gəlmişkən qeyd edək ki, həya və utancaqlıq - tamamilə ayrı-ayrı mövzulardır. Onu da qeyd edək ki, müqəddəs dinimi yersiz, əqlə zidd utancaqlığı hətta tənqid də edir. Utanmaq ayrı şeydir, həya - ayrı şey. Bəzən bu iki anlayışlar bir-birinə qarışdırılır.

Həya anlayışı ilə bağlı daha dərin təsəvvürümüzün yaranması üçün buyuruşlara diqqət etmək yerinə düşər. İmam Sadiq (ə) buyurur: "O kəsin ki, həyası yoxdur - onun imanı da yoxdur”. Həya sadə bir məsələ, elə-belə bir mövzu deyil. Elə ki, bizim həyatımızda, davranışlarımızda, danışıqlarımızda, oturub-durmamızda, baxdıqlarımızda, eşitdiklərimizdə, sosial həyatda, real həyatda həya aradan gedir, labüddür ki, iman da aradan gedəcək. Çünki, Həzrət İmam Cəfər Sadiq (ə) xəbərdarlıq edir ki, o kəsin ki, həyası yoxdur - onun imanı yoxdur. Ola bilər ki, adamın təhsili olsun, amma həyası olmasın. Mümkündür ki, insan savadsız olsun, amma həyası yerində olsun.

İman əxlaqi bir keyfiyyətdir. Həya - təqvanın bir bölməsi, şöbəsidir. Təqva budur ki, insanın içində, Allahın razı olduqlarının əksinə getməkdən bir sabit çəkinməsi, xofu olsun. O, günah etməkdən çəkinsin. Əgər yaxşı durumdadırsa, bu halını əldən verməkdən xofu, çəkinməsi olsun. Əgər günah onu özünə cəlb edirsə, İlahi xofu onu çəkindirir ki, aqibətini zay etməsin.

Həya da təqvanın bir qoludur. Həya həlledici məsələdir. Nə qədər buyuruşlarda gəlir ki, insan həya pərdəsinin aradan getməsinə imkan verməməlidir. Həya olmayan yerdə iman da yoxdur.

Həyanı yaradan amil nədir?

Həzrət Əli (ə) buyurur: "Dini olmayan kəsin həyası yoxdur”. Anlaşılan budur ki, həyanı yaradan amil - etiqaddır, dindir. Din olmayanda insanlar topluma görə, toplumun baxışlarına uyğun surətdə davranılar. Əgər toplumda bir şeylər normal qarşılanarsa, qəbul edilərsə, insan da ona uyğun davranışlarını tənzimləyər. Əgər bir şey anormal qarşılanarsa, insanlar da ona anormal yanaşarlar. Deməli, hansısa toplumda rüşvət, kələkbazlıq, haqq basma normal qarşılanırsa, etiqadı olmayan insanların çoxu buna uyğun davranış sərgiləyəcəklər.

Bəs o nədir ki, toplumun mənəvi aşınmasına rəğmən, toplumun aşağı standartlarına rəğmən insanın həyasını qoruyub saxlayır? Bu, insanın etiqadı, məsləkidir. Bu, dindir.

Danışmaq ilə həya arasında əlaqə

Həyanı aradan aparan ciddi mövzulardan da biri insanının dilini idarə etməməsidir. Bəzən insan çox danışanda nəticədə çoxlu səhvlər edir. Qeybət, yalan, yersiz danışma, böhtan, şər, ələ salma, lağ-lağ, yersiz zarafatlar - məhz dildən qaynaqlanır. Bunlar hamısı həyanın aradan getməsinə gətirib çıxardır. Həzrət Əli (ə) buyurur: "Hər kim çox danışar - o, çox xəta edər. Nəticədə həyası azalar. Hər kimin həyası azalar - onun təqvası alar. Hər kimin təqvası azalar - onunqəlbi ölər”.

Biz gərək diqqət edək ki, çox zaman məhz çox danışmaq aləmi bir-birinə qatır. İki dost əyləşirlər, ünsiyyət saxlayırlar. Onlar danışıqlarını nəzarətə almayanda xətalar gəlir, qeybət, yalan, zarafat, böhtan, məzələnmələr gəlir.

Ailədə də bu cürdür. Kişi çox danışar - aləmi bir-birinə qatar. Ailədə xanım yoldaşı ilə bağlı nə gəldi danışar - aləm qarışar. Hər kim çox danışar, çox özünü göstərər, çox gözə girmək istəyər, yerli-yersiz çox məsələlərə müdaxilələr etmək istəyər - onun xətaları çoxalar və belə olan halda həyası azalar. Hər kimin həyası azalarsa, onun qorunması azalar, təqvası azalar. Hər kimin ki, təqvası azalar - onun qəlbi ölər.

Belə baxanda başa düşülmür ki, qəlbin ölməsi ilə çox danışmağın nə əlaqəsi ola bilər. Buyuruşu indiki vəziyyətə, zamanımıza transfer etsək, buraya insanların sosial şəbəkələrdə özlərini ifadə etməyə can atmalarını da əlavə edə bilərik. Dövrümüzdə nə qədər insanlar yerli-yersiz özünü ifadə etməyə çalışır. Bütün bunlar məhz sözügedən böhranları yaradır.

Həya o cümlədən budur ki, bir insan qarşı cinslə həm real, həm virtual kontaktlarına xüsusi diqqət etsin. Çox təəssüflər olsun ki, real həyatda rahatlıqla gözlənilən sərhədlər, sosial şəbəkələrdə, virtual dünyada çox zaman gözlənilmir.

Həya həm də budur ki, insan özünü reklam etməsin, təvazökar olsun. Özünü toplumun yersiz olaraq təqdim etməsin.

Ailədə ocaq o zamana qədər diridir ki, həya diridir. Əgər həya diri olmasa, vəziyyət çox pis olar. O adamlar ki, danışmaq üçün, özünü göstərmək üçün, bəyənmə yığmaq üçün, müzakirə olunmaq üçün fəalllıq edir - onların xətaları da çox olar. Xətası çox olanın özünü qoruması azalar, özünü qoruması azalanın isə qəlbi ölər.

Ona görə də diqqətli olmalıyıq. Nə gəldiyə baxmadığımız kimi, nə gəldi də danışmamalıyıq. Allah bizə iki qulaq, bir dil verib. İki qulaq verib ki, daha çox eşidək və qəbul edək.

Həya bütün xeyir qapılarını açır

Həzrət Əli (ə) buyurur: "Həya bütün xeyirlərin açarıdır”. O ki, kişi naməhrəmlə münasibətdə həya edər, ona baxmaz - onun qapıları bütün xeyirlərə tərəf açılır.

O ki, xanım həya edər, özünü özgə baxışlarında qoruyar - xeyirlər tapar.

O xanım ki, həyat yoldaşının gücü çatmadığı şeyi ondan tələb etməz, istəməz - bütün xeyirlərin qapısı açılar. Bütün xeyirlərin qapısının açarı - həyadadır.

Həzrət İmam Sadiq (ə) buyurur: "Həya bütün pis işlərin qarşısını alar”.

Başqa bir hədisdə Həzrət Əlidən (ə) nəql edilir: "Həyanın zirvəsi budur ki, insan özü özündən həya etsin”. Əgər özümüz özümüzdən həya etməsək, heç nə qarşısında həya etməyi öyrənməyəcəyik. Özümüzdən həya etməyi öyrənməliyik. Allah hüzurunda olan insan, gərək özü özündən həya etsin.

İmam Hüseynin (ə) həya dərsi

Həzrət İmam Hüseyn (ə) - həyanın zirvəsi idi. Fərdi əxlaqda, ictimai əxlaqda, ailə əxlaqında həyanın zirvəsində idi. Bir gün bir nəfər dilənçi İmam Hüseynə (ə) müraciət edir və İmam (ə) ona min dirhəm verir. Orada olanlar görürlər ki, həmin şəxs min dirhəmi sayır. Bir nəfər ondan soruşur ki, nəsə satmamısan ki, pulu niyə sayırsan?

Bir var ki, bir şeyi satırsan, onun müqabilində aldığını sayırsan. Burada isə satılan bir şey yoxdur. Həmin sail bir cavab verir, buradan həya müstəvisində mövzular çıxır. O adam cavab verir ki, abrımı satmışam. O ki, pul istəyib, dilənib, əslində abrını satıb. İmam Hüseyn (ə) onun min dirhəmini artırır, üç min dirhəm edir. İmam (ə) buyurur: "Min dirhəm - sənin dilənçi olduğuna görə, min dirhəm - abrından xərclədiyinə görə, min dirhəm də gədə-güdə qapısına getmədiyinə, bizim qapımıza gəldiyinə görə”. Həya sahibi, həya sahibini başa düşür...

Aşura günündə İmam Hüseynlə (ə) bağlı bir nümunəvi həya səhnəsi yaşanır. Artıq axır anlardır, bəllidir ki, şəhadət olacaq, düşmən çoxdur, Əba Əbdillahın (ə) karvanı azdır, onların qarət niyyəti ilə gəldiyi bəllidir... Əba Əbdillah (ə) həya əhlidir, bilir ki, onun şəhadətindən sonra düşmən onun geyimlərinə də göz dikəcək. Köhnə geyimlərindən geyinir ki, bəlkə düşmən onun köhnə geyimlərinə tamah salmasın. Həzrət (ə) şəhadətindən sonrakı vəziyyətini də düşünür...

Tarixin həya məktəbi

Aşura məktəbinin içərisində bir çox ibrətlər, dərslər var. Sözlə əməlin bir yerdə olduğu məktəbidir. Hər səhnəsində, hər hadisəsində çoxlu ibrətlər, dərslər var. Bu böyük məktəbdə də sözsüz ki, bəhs etdiyimiz mövzuya dair çoxsaylı dərslər var.

Amma, tarixdə həyanın zirvəsi, məktəbi olaraq qalmış şəxsiyyət - Həzrət Əbülfəzldir (ə). Həzrət Əbülfəzlin (ə) bütün başqa imtiyaz və keyfiyyətləri ilə yanaşı, onun Aşura günündə verdiyi ən böyük dərslərdən biri - həyadır.

Bir səhnəni təsəvvür edək ki, neçə müddətdir ki, susuzdurlar. Xeymədə böyüklü, kiçikli, körpəli hər kəs susuzdur. Həzrət Əbülfəzl (ə) su götürmək üçün Fərata yollanır və suyu götürməyə müvəffəq olur. Adi rəftar budur ki, özü də neçə müddətdir su içməyib, bir qədər sudan içsin, sirab olsun, həm də güc toparlasın və geri qayıtsın. Amma bu əzizlərin xüsusi fərqlilikləri budur ki, adi, sıradan bir reflekslər səviyyəsində, fizioloji tələbatlar üzərində davranmayıblar. Onlar hər addımlarına, yediklərinə, içdiklərinə, danışdıqlarına xüsusi diqqət ediblər. Onlar bütün əməllərinin hesab-kitabını aparıblar.

Həzrət Əbülfəzl (ə) ağa belə bir durumda həya edir, o sudan içmir. Əbülfəzl (ə) ağa adi insanların davranışı ilə deyil, xüsusi həya ilə davranır. O Həzrət (ə) Allah qatında həya edir, bir halda ki, uşaqlar susuz idilər - o da suyu içmir.

Allah Təala bizlərə həqiqi həya məktəbindən dərslər götürməyi, həyatımızı həya üzərində yaşamağı nəsib etsin!

Qardaşında bu 3 sifəti gördünsə...

Təbərrük üçün həya ilə bağlı buyuruşlara diqqət edək.

İmam Səccad (ə) buyurur: "Dörd sifət vardır ki, hər kimdə olarsa, imanı kamil və günahları bağışlanmış olar. Allahla elə halda görüşər ki, ondan razı olar:

İlahi təqva.

Düz danışmaq və insanlara qarşı sədaqətli olmaq.

Allah dərgahında və insanların qarşısında bütün çirkinliklərdən pak ətəkli və həyalı olmaq.

Xoş əxlaqlı və ailəsi ilə xoşrəftar olmaq".

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, qardaşında (bu) üç sifəti gördün, ona ümidvar ol: həya, əmanət və düzlük. Əgər bu sifətlər yoxdursa, ona ümid bəsləmə”.

Həzrət Peyğəmbər (s) buyurur: "İman - çılpaq bir bədəndir ki, libası - həyadır”.

Həzrət Peyğəmbər (s) yenə buyurur: "Agah olun ki, bu din - sabit böyüyən ağac kimidir. Kökləri - iman, budaqları - zəkat, suyu - namaz, damarları - oruc, yarpaqları - gözəl əxlaq, örtüyü - həya, meyvəsi - Allahın haramından çəkinməkdir. Necə ki, bir ağac pakizə meyvəsi ilə kamil olur, iman da Allahın haramlarından çəkinməklə kamil olur”.

İmam Baqir (ə) buyurur: "Həya və iman iki yoldaşdır - biri hərəkət etsə, o biri ardınca gedər”.

Həzrət Peyğəmbər (s) buyurdu: "Dörd şey möminlər üçün vacib məsələlərdəndir: gözəl minik, geniş ev, yaraşıqlı paltar və parlaq çıraq”.

Soruşdular: "Ey Allahın Rəsulu (s), bunlardan bizim yoxumuzdur. Sənin bu söylədiklərində məqsəd nədir?”.

Buyurdu: "Gözəl minik - əqldir. Geniş ev - səbirdir. Yaraşıqlı paltar - həyadır və nəhayət, işıqlı çıraq isə - elmdir”.

Allahım, bizlərə həyalı davranışı nəsib et!

Allahım, hər nə ki, bizi həyadan uzaqlaşdırır - bizləri onlardan uzaq et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

 

 Hacı İlqar İBRAHİMOĞLU
deyerler.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300