İran azərbaycanlıları üçün "Türk dilində mədrəsə...” olacaqmı?

 

Zəlimxan Məmmədli: "İndiki qərarda isə müəyyən pillələrdə türk dilində tədris nəzərdə tutulur ki, bu da bizi qane edə bilməz”

Rüfət Muradlı: "Burada söhbət Güney Azərbaycanda, özəlliklə Təbrizdəki bəzi orta məktəblərdə pilot layihə olaraq Ana dilimizdə təşkil edilən bir neçə kursdan gedir”

Yayılan məlumatlara görə, bu ilin sentyabr ayından etibarən İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq.Bu barədə Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai bildirib.

Onun sözlərinə görə, İran Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb.Paşai bildirib ki, dərslər 23 sentyabrdan etibarən həftədə 3 saat olmaqla tədris olunacaq.

Milyonlarla soydaşımızın yaşadığı İranda Azərbaycan türkcəsində tədrisin aparılması uzun illərdir ki, müzakirə mövzusudur.Konstitusiyada bununla bağlı müvafiq maddə olsa da, islam inqilabının qələbə qazandığı dövrdən başlayaraq 39 illik qadağadan sonra İranda Azərbaycan dilinin tədrisinin başlaması müəyyən ümidlər yaradıb. Hesab olunur ki, qan qardaşlarımızın on illərdir "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” çağırışına nəhayət, Tehrandan ciddi reaksiya verilib və addımlar atılacaq. Lakin bir sıra ekspertlər hesab edir ki, sevinmək üçün hələ tezdir.

Ümid Partiyasının sədr müavini Rüfət Muradlı "Yeni Müsavat”a açıqlamasında bunları bildirdi:"Burada söhbət Güney Azərbaycanda, özəlliklə Təbrizdəki bəzi orta məktəblərdə pilot layihə olaraq Ana dilimizdə təşkil edilən bir neçə kursdan gedir. Hələ ki, orada nəyin tədris edilməsi haqda məlumat yoxdur. İranda yeni təhsil ili mehr ayının 1-dən, yəni sentyabrın 22-dən başladığı üçün yəqin ki, ondan sonra durumu daha dəqiq dəyərləndirmək imkanımız olacaq. Onu da qeyd edim ki, Azərbaycan türkcəsində təhsil formal da olsa, Azərbaycan ostanlarının bəzi ali məktəblərdə neçə illərdir mövcud idi və bu hal haqlı olaraq soydaşlarımızın narazılığına səbəb olurdu. Çünki ölkə əhalisinin yarısını təşkil edən bir toplumun dili xarici dil kimi bəzi universitetlərdə deyil, ibtidai sinifdən yuxarı siniflərədək tədris olunmalıdır. Özü də sistemli, təkmilləşdirilmiş səviyyədə, ədəbi dil meyarları çərçivəsində, nəinki yerli ləhcələrdə, primitiv şəkildə”. R.Muradlı qeyd etdi ki, dil faktoru vətənimizin güneyində millətimiz üçün gerçəkdən taleyüklü məsələdir: "Pəhləvilər dönəmindən tətbiq edilən və bu gün də səngiməyən, əslində şuubiyyə düşüncəsindən qaynaqlanan assimilyasiya siyasəti ilk öncə türk dilini hədəf aldığından rəsmi Tehran bu məsələdə hər zaman xüsusi mühafizəkarlıq nümayiş etdirib və bu proses hələ də davam etməkdədir. Dilimizin yalnız rəsmi dövlət statusu alması bu prosesi əngəlləyə bilər”.

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə bunları söylədi:"İranın bu qərarın qəbul olunmasında mümkündür ki, beynəlxalq basqılar və soydaşlarımızın ardıcıl tələbləri rol oynamış olsun. Amma bu qərar kifayət qədər natamamdir. Sanki hər-hansı az saylı etnik qrupa haqq tanıyırlar. Ümumilikdə soydaşlarımız məktəbin birinci sinfindən son sinfə kimi, bütün fənləri Türk dilində keçməlidirlər. Milli Türk məktəbləri təsis edilməli, bu problem köklü həll olunmalıdır. 35 milyon insan öz ana dildə məktəb oxumalıdır. İndiki qərarda isə müəyyən pillələrdə türk dilində tədris nəzərdə tutulur ki, bu da bizi qane edə bilməz”.

GAMOH-un mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı isə bildirdi ki, yayılan məlumatlar reallığı əks etdirmir:"Hələ ki, qadağa götürülməyib”.

Bütöv Azərbaycan Birliyinin Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli isə hesab edir ki, prosesin necə həyata keçiriləcəyini gözləmək, ondan sonra qərarı dəyərləndirmək lazımdır.

Bu arada İranda, qeyri-dövlət sektorunda türk dili ilə bağlı bəzi addımların atılması təqdir olunur. İran Azərbaycanında ‘Kirpi’ şirkətinin prodüserliyi ilə bir qrup gənc cizgi filmini Azərbaycan türkcəsinə dublyaj ediblər. Təbrizdə heç bir dövlət orqanlarından dəstək alınmadan bir sıra gənclər tərəfindən dublyaj olan animasiya filmi Walt Disney şirkətinin məhsuludur. İranda uşaqlar üçün televiziyada yayımlanan cizgi filmləri adətən farsca olur. Bu animasiya filminin dublyaj işi təxminən bir il çəkib. Animasiya filmini Azərbaycan türkcəsinə Babək Meynəqi və Səba Səbbağ tərcümə ediblər.

Xoxanlar Kompanisi(ingiliscə Monsters, Inc) 2001-ci ildə hazırlanmış kompüter animasiya 3D filmidir. Onun yaradıcıları eyni zamandaOyuncaq Hekayəsicizgi filminin yaradıcı heyətidir. Xoxanlar Kompanisiadlı Azərbaycan türkcəsinə dublyaj olmuş bu animasiya filmi İran Azərbaycanının 5-ci dublyaj olmuş animasiya filmidir. Bundan öncəSuper Qəhrəmanlar 2, Balaca Rəis, Heyvanlar Şəhri və Oynatmalı Nağılı 3gənclər tərəfindən Azərbaycan türkcəsinə dublyaj olunublar. (Gunaz.TV) İranda uşaqlar üçün televiziyada yayımlanan animasiya filmlərinin hamısı bir qayda üzrə farsca hazırlanır. Keçmişdə ‘Kirpi’ şirkətinin nəşr etdiyi türkcə kitabların satışına dövlət tərəfindən maneə törədilib. ‘Kirpi’-nin 32-ci Tehran Beynəlxalq Kitab Sərgisində və 16-cı Təbriz Beynəlxalq Kitab Sərgisində stend qurmasına qadağa qoyulmuşdu. Son illərdə İran Azərbaycanında türkcə dilində teatr, qısa film və dublyaj kimi mədəniyyət məhsullarının daha çox istehsal olunması yerli əhali arasında rəğbətlə qarşılanır.

Sevindirici xəbərlərin yayıldığı bir dönəmdə repressiyalarla bağlı məlumatlar da gəlir. Belə ki, hüquq müdafiəçiləri Şərqi və Qərbi Azərbaycan vilayətlərində milli fəalların İslami İnqilab məhkəmələrinə çağırıldığına dair məlumat yayıblar. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, hazırda müvəqqəti azadlıqda olan milli fəalNəsim Sadıqiyə məhkəmə tərəfindən çağırış vərəqəsi göndərilib.

Hazırda müvəqqəti azadlıqda olan Nəsim Sadıqinin mühakimə prosesi "rejimə qarşı təbliğat” ittihamı ilə davam edir. HRA-nın surətini nəşr etdiyi sənədə görə, siyasi fəal sentyabrın 3-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir.

Nəsim Sadıqi keçən ilin oktyabr ayında təhlükəsizlik qurumu tərəfindən tutulduqdan sonra İnqilab Keşikçiləri Korpusunun (Sepah) təhlükəsizlik bölməsində nəzarət altında saxlanılmışdı. O, təqribən 40 gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldı. Sadıqi prokurorluq tərəfindən "internetdə yalan məlumat yayma”, "İran əleyhdarı olan cəmiyyətlərə üzvlük” və "rejimə qarşı təbliğat” fəaliyyəti göstərməkdə günahlandırılmışdı, amma məhkəmə daha sonra ilk iki ittihamla bağlı icraata xitam verilməsinə dair qərar qəbul etdi. Onun mühakimə prosesinin "rejimə qarşı təbliğat” ittihamı ilə davam edəcəyi bildirilir. Milli fəalQulam Quluzadəisə Urmiyə İnqilab Məhkəməsinə çağırılıb. Güney Azərbaycan Televiziyası (Günaz TV) bu haqda məlumat yayıb. Günaz TV-nin surətini nəşr etdiyi çağırış vərəqəsinə görə, Quluzadə avqust ayının 29-da məhkəmə müraciət etməlidir.

Cavid TURAN,musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300