"Təəssüf ki, burda Azərbaycanı ərəb ölkələri ilə müqayisə edirlər” (Fotolar)

Toronto Universitetinin azərbaycanlı professoru Nazilə İsgəndərova danışır: "Kanada başqa ölkələrin təhsilinə etibar etmir, hətta Avropadan, Almaniyadan gələnlər də orda imtahan verir”

 

Xaricdə yaşayan həmyerlilərimizin həyat şərtləri, nail olduqları uğurlar, adaptasiya problemləri hər zaman oxucuların maraq dairəsində olub. Xüsusilə də yad ölkələrdə uğur pilləkənlərini sürətlə addımlayan azərbaycanlıların yaşadıqları "Yeni Müsavat”ın səhifələrində, eləcə də Musavat.com-da zaman-zaman yer alır.

Bu dəfə Kanadanın Toronto Universiteti, habelə Emmanuel kollecinin professoru, psixopotologiya, mental sağlamlıq üzrə mütəxəssis Nazilə İsgəndərova redaksiyamızın qonağı olub. Qısa müddət üçün Bakıya səfər edən professorla həm Kanada həyatı, həm ölkələrimiz arasındakı paralel, habelə mütəxəssisi olduğu sahə ilə bağlı söhbətləşdik. Müsahibimiz öncə Kanadaya köç səbəbi ilə bağlı danışdı.

-1997-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Ondan sonra Türkiyə, İngiltərə və Kanadada yaşamışıq. Kanadaya gedəndə ilk başda tərcüməçi kimi işləmişəm. Sonra gördüm ki, tarix sahəsində müəllim kimi işləmək o qədər də uyğun deyil. Ona görə də araşdırdım ki, hansı sahədə işləyə bilərəm. Sonda qərar verdim ki, mental sağlıq sahəsində çalışım. Əvvəl magistr, sonra ailə məsləhətçisi kimi çalışdım. Sonda Toronto Universitetində İslam psixoterapiyası üzrə dərs verməyə başladım. Bu il də yeni dərs əlavə olundu. Uzun müddət Şimali Amerikanın ən böyük xəstəxanalarından birində psixopotologiya üzərində işlədim, həm də dərs dedim. Eyni zamanda 2014-cü ildən psixoterapiya mərkəzim var. 2016-cı ildə də başqa bir şirkət qurduq. Orda da psixoterapiya üzərinə xidmət veririk. Sistem fərqli olduğu üçün iş sistemini Azərbaycanda olduğu kimi başa düşmək olmaz. Biz sağlıq üzərinə sığorta şirkətləri ilə işləyirik. İnsanların psixoloji problemləri, depressiyası, təlaşlanma xəstəlikləri var.

-İşinizin spesifikası barədə danışacağıq. Amma mən bilmək istərdim ki, Kanadada qeyri-millətin nümayəndəsinin karyera qurması nə dərəcədə asandır? Məhz gəlmə olduğu üçün qarşısına hansısa baryerlər qoyulurmu?

-Kanada çoxmillətli bir ölkədir. Orada hər kəs gəlmə sayılır. Ona görə də immiqrantların özünə karyera qurması, irəli getməsi üçün münbit şərait var. Amma baxır o münbit şəraitə hansı toxum düşür. Elə toxum var ki, orda cücərmir. Amma elə toxum var ki, rahatlıqla cücərir. Kanada Avropaya, Amerikaya baxanda miqrantlar baxımdan yaxşıların yaxşısını alır. Birincisi, okeanın o biri tərəfidir. Gedib ora düşmək çox çətindir. Miqrasiya sistemi yolu ilə getmək istəyənlər isə ya ingilis, ya da fransız dilini yüksək səviyyədə bilməlidir. Onu bilmədən gedib Kanadaya düşmək insana çətinlik yaradır. Həyatından ən azı 5-6 il alacaq ki, o, bu dillərdən birini ən azı orta səviyyədə mənimsəyə bilsin, öz sahəsi üzrə işə başlasın. Biz 2000-ci illərdə ora gedəndə vəziyyət bundan daha çətin idi. Facebook bu qədər geniş yayılmamışdı, votsap yox idi. Barmaqla sayılacaq qədər əlaqə vasitələri var idi. Güney Azərbaycanlılar orda çoxdur. Amma onlarda kimlik problemi var. Bəziləri özlərini azərbaycanlı hesab etmir və ya İran rejimindən çəkindikləri üçün bunu gizlədirlər. Onlar bizə baxanda daha şanslı olublar. Çünkli onların çoxu İrandan ora gedəndə bəlli sahələr üzərinə gediblər.

-Kanada hansı immiqrantları qəbul edir? Hansı sahələr üzrə mütəxəssisləri daha çox cəlb edir?

-Sosial, humanitar sahələr üzrə miqrantları qəbul etmir. Amma dəqiq elmlər üsrə mütəxəssisləri qəbul edir. Sən yaxşı mühəndissənsə, arxitektor, ya da mühasibsənsə, iqtisadçı və ya həkim, tibb bacısısansa, Kanadada yaxşı iş şəraiti var. Ora gedib düşürsənsə, bəzi problemlərlə qarşılaşırsan. Sənin ölkənin verdiyi təhsil orda yetərli deyil. Kanada başqa ölkələrin təhsilinə etibar etmir. Hətta Avropadan, məsələn, Almaniyadan gələnlər də orda imtahanlar verir. İstər təhsil, istərsə iş sistemində Kanada təcrübəsi keçmək mütləqdir. Canadian experience, yəni, Kanada təcrübəsi çox vacibdir. O təcrübənin əldə edilməsi üçün vaxt gedir. Həkimlər də burdan gedəndə mütləq ingilis dili səviyyələri yüksək olmalıdır. Çünki ən azı 5 imtahan verməlidilər. Bu imtahanlar bahalıdır. Dövlət sənə yardım etmir ki, sən bu imtahanları verəsən. Sən öz cibindən bu imtahanların pulunu ödəməlisən. Bu imtahanların qiymətləri fərqlidir və 3000 dollara qədər də ola bilir. Mühasiblərin işi rahatdır. Burdan ora gedən həkimlərimiz çoxdur. Amma onların nə qədəri həkim ola bilib, bu barədə mənim məlumatım yoxdur. Onların bəziləri tibb bacısı işləyə bilirlər. Tibb bacısı deyib keçmək olmaz. Mən 90-cı illərdə Azərbaycanda olanda tibb bacısının o qədər də böyük nüfuzu yox idi. Amma Kanadada tibb bacısı olmaq çox şərəfl işdir.

-Kanada tez-tez xarici ölkələrdən işçi qəbul edir, bununla bağlı elanlar verilir. Bu, gələcəkdə Kanadaya əmək miqrantları axınına səbəb ola bilərmi?

-Kanada işçi qəbul edir, doğrudur. Amma onların yerləşməsi çox çətindir. Qaçqın kimi gedənlərin böyük bir qismi qalır. Amma qala bilməyənlər də olur. Çünki Kanada şərtləri sərtləşdirib. Siyasi, dini səbəblərdən gələnlərin çoxunun hekayəsinə inanmırlar. Bu insan gerçək miqrant olduğunu sübut etmək üçün çox əziyyət çəkməlidir. Bizim tanıdığımız insanlar var ki, onlarda Kanada ilə bağlı yanlış təsəvvür formalaşdırılıb. Onlar elə düşünürlər ki, Kanadaya gedən kimi hər cür şərait yaradılacaq, problemlərin həll olunacaq. Çünki Kanadanın insan resurslarına ehtiyacı var. Amma ora gedəndə başqa bir reallıqla qarşılaşırlar. Bütün problemlər mərhələ-mərhələ adladılmalıdır. Professional ingilis dilini mənimsəmək üçün ən azı 2 il lazımdır. Həmin o müddətdə bir çox azərbaycanlılar ya təmizlikçi, ya dayə, ya da taksiçi kimi işləyirlər. İngiliscəsi normal səviyyədə olanlar isə öz sahələri üzrə iş tapa bilirlər.

-Siz Azərbaycanda tələbəlik həyatı yaşamısız. İndi isə Kanadada müəllim kimi çalışırsız. Azərbaycan və Kanada tələbələri, təhsil sistemləri arasındakı fərq barədə danışaq?

- İndiki şəraiti deyə builmərəm. Çünki prosesin içində deyiləm. Amma 90-cı illərə baxsaq, o zaman bizə öncə mühazirə keçilirdi, sonra seminar mərhələsi gəlirdi. Amma orda sistem fərqlidir. Dərs cədvəli var, orda psixopotologiya dərsi verirəm. Birinci dərsdən sonuncuya qədər, hansı bölümləri oxuyacağıq, imtahanlar nə zaman olacaq – bunların hamısı öncədən elan edilir. Tələbə internet üzərindən dərsi seçir – mənim dərslərim vacib və məcburi dərslər siyahısındadır. Tələbə mənim dərsimə gələndə tam hazır gəlməlidir ki, hansı bölümdən hansı dərs oxunub. Mən özümü və fənnimi təqdim edirəm, interaktiv müzakirə gedir.

-Maraqlıdır ki, Kanada, Norveç kimi firavanlığın yüksək olduğu ölkələrdə insanların psixoloji yardıma daha çox ehtiyacı var. Bu, nə ilə bağlıdır?

-Azərbaycan kimi ölkələrdə psixoloji yardımla bağlı insanlarda bir stiqma, ön yarğı var. Onlar narahat olurlar ki, bu barədə problemlərini desələr, kimsə onlara dəli damğası vura bilər. Heç kim istəmir ki, problemlərini kənar şəxslə müzakirə etsin. İnsanlar öz problemlərini daxildə, ailə arasında müzakirə edirlər. Amma orda hökumətdə, insanlarda bizdəki qədər ön yarğı yoxdur. Ön yarğının aşılması üçün bəlli proqramlar var. İnsanları təşviq edirlər ki, öz dərdlərini danışsınlar. Ən azı məktəbləri götürək. Məktəblərdə mental sağlıqla bağlı insanlara məlumat verilir. Ön yarğının olmasının ən böyük səbəbi odur ki, insanlar "belə bir problemim yoxdur” yanaşması içərisindədir. Çünki bilmirlər ki, o simptomlar nədən ibarətdir. Özünü tanımaq problemi insanlarda olur. "Mən nəyə görə belə davranıram” kimi şeylər var. Amma orda uşaq yaşlarından insanları təşviq edirlər ki, özünü, xarakterini tanısın. Orda depressiya adi sözlərdən biridir. Lev Tolstoyu oxusaq, 1800-cü illərdə qrip sözü cəmiyyət tərəfindən ön yarğı ilə qarşılanırdı. Amma indi qrip çox adi söz kimi işlənir. Depressiya da onun kimidir. "Mən depressiyadayam” sözü ondan xəbər verir ki, insanın bəlli bir problemləri var. Amma bizim danışdığımız depressiya patoloji depressiyadır. Bunun dərəcələri var. Sən onu xəfif, orta səviyyədə də keçirə bilərsən, ağır səviyyədə də. Depressiyanın çeşidləri var. Qışda, doğumdan sonra, yalnızlıqdan, xəstəlikdən, yaşdan irəli gələn depressiyalar var.

-Kanadalılar daha çox hansı növ depressiyadan əziyyət çəkirlər?

-Kanadada statistikada da, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi hesabatda da göstərilir ki, dünyada hər 4 nəfərdən biri mental xəstəliklərlə yaşaya, ömründə heç olmasa bir dəfə depressiyaya düşə bilir. Azərbaycanda şizofreniya xəstələrini küçədə çox görə bilmirik. Bu damğa vurulan xəstələr ya ev şəraitində saxlanılır, ya da onu dispanserə qoyurlar. Amma Kanadada onu müalicə etdikdən sonra sərbəst şəkildə ictimaiyyətə, cəmiyyətə inteqrasiya edirlər. Ölkəmizdən ora gələn insanlar hər zaman deyirlər ki, biz Bakının küçələrdə şizofreniyadan əziyyət çəkən insanları görmürük, amma Kanadada belə insanlar çoxdur. Bizdə belə bir yanlış inanc var ki, şizofrenik insanlar digərlərinə hücum edə, onlara zərər verə bilər. Ona görə də zərərsizləşdirmək lazımdır. Amma Kanadada araşdırmalar göstərir ki, şizofrenik xəstələr durduqları yerdə başqalarına ziyan vurmaz. Sən ona nəsə deməlisən ki, ondakı xəstəliyi üzə çıxarasan. Ona görə də insanlar onlara daha mərhəmətli şəkildə yanaşırlar. Bizdə Azərbaycanda isə ön yarğı daha çox olduğu üçün həmin insanlara qəribə baxa bilirlər. Kanadada xəstə bir insanı avtobusda, ya da küçədə görürlərsə, ona mərhəmətlə yanaşırlar. Mən 2000-ci illərdən sonrakı Azərbaycanın vəziyyəti ilə çox tanış deyiləm. Amma qohum-əqrəbadan eşidib bilirəm ki, Azərbaycan cəmiyyətində insanlar bir qədər zalımlaşıb. Ya da insanlarda mərhəmət duyğusu yoxdur, yardımlaşma duyğuları azalıb. Buna səbəb buradakı insanlarda həyatda sağ qala bilmə instinktlərinin daha güclü olmasıdır. Kanadada isə bunu artıq aşmışıq.

Depressiyanın hər növünə rast gəlinir. Sadəcə qış uzun və soyuq keçdiyi üçün fəsillərlə bağlı depressiya bizimkilər arasında çoxdur. Mənə müraciət edən kanadalılar arasında major depressive disorder geniş yayılıb.

-Kanadada doğrudanmı gəlmə insanların geyiminə, ya da hansısa seçiminə görə hər hansı diskriminasiya yoxdur?

-Avropa ilə müqayisədə Kanadada diskriminasiya çox az səviyyədədir, gizlidir. Trampın Amerikaya gəlişindən sonra Ontario əyalətində konservativ düşüncələr gücləndi. Bu dəqiqə Ontarioda konservativlər hakimiyyətdədir. Və həmin mərhələdən sonra müsəlmanlara, yəhudilərə qarşı diskriminasiya artıb. Sinaqoqlarda svastika çəkilir, onların qəbirlərinə qarşı hörmətsizlik edilir. Rəsmi idarələrdə işləyəndə heç kim sənə qarşı diskriminasiya etmir. Amma mən eşitmişəm ki, bəzi hallarda qeyri-millətlərdən olan şəxslər milli kimliyi bəlli olmasın deyə adlarını amerikan adları ilə dəyişdirirlər. Özümə gəlincə, bu ayrı-seçkiliyə məruz qalmamışam, rahat şəkildə öncə xəstəxanada, sonra universitetdə işlə təmin olunmuşam, kimliyimi də hər yerdə ifadə edə bilmişəm. Mənə qarşı cüzi şəkildə bu sayaq diskriminasiyalar olur.

-Bir azərbaycanlının Kanadaya öyrəşməsi, ordakı həyat şərtlərinə alışması və tam da olmasa, bir "kanadalı” olması üçün çoxmu vaxt lazımdır? Bu proses çoxmu çətindir?

-Kanadada belə bir termin var: yeni gələnlər. Onların Kanada cəmiyyətinə adaptasiya prosesi 5 ildir. Bu 5 il içərisində onların hamısı "yeni gələnlər”dir. Bu müddət içində adaptasiya çox yavaş gedir. Amma 5 ildən sonra proses sürətli şəkildə gedir. Çox adama da bu proses ağır gəlir. Düşünür ki, mənim bu cür ali təhsilim var, niyə gedib taksi sürməliyəm, ya da qab yumalıyam, təmizliklə məşğul olmalıyam? Üstəgəl, depressiya, təlaşlanma problemləri olan insanlar olur. Bəzi ailə problemləri də ola bilir, övladlarla problem yaşayanlar da olur. Amma bizim Azərbaycan icmasının bu cür çox ciddi problemləri olmur. Azərbaycanlılar adaptasiyanı çox asan aşırlar.

-Azərbaycan diasporu Kanadada necədir? Dünyanın müxtəlif ölkələrində diasporun fəaliyyəti və gücü fərqlidir. Kanadada yaşayan azərbaycanlıları bir araya gətirən tədbir və səbəblər çoxdurmu?

-Çoxlu konsert və tədbirlər, siyasi tədbirlər olur. 2002-ci ildə biz ora gedəndə Azərbaycanı demək olar ki, tanımırdılar. Amma indi tanıyır və xəritədə də göstərirlər. Mən cəmiyyətin tam içindəyəm. Təəssüf ki, Azərbaycanı qeyri-demokratik ölkə kimi tanıyır, hətta onu ərəb ölkələri ilə müqayisə edirlər. Burda azərbaycanlılar bayram tədbirlərində, müxtəlif yığıncaqlarda bir araya gəlirlər. Güney Azərbaycandan gələnlərin sayı 50-70 mindir. Amma Şimali Azərbaycandan gələnlərin sayı 5-7 min ola bilər.

Sevinc TELMANQIZI, Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300