Dünyanın ən çox pul xərcləyən milyarderi...

 

O, öz əyin-başına almır, kasıb ölkələrə, fondlara ianə verir

Əslində söhbət kiminsə bahalı şərab içməsində, lüks avtomobildə ötüşərək faciəvi qəza törətməsində, qoluna fantastik qiymətə alınan saatlar taxmasında, qızıl saplarla işlənmiş, düymələrinə alıcının inisialı həkk olunmuş 15 min dollarlıq köynəklər geyməsində, 3 min manatlıq təzə xəz paltonu bahalı avtomobilinin kapotuna sürtüb ayaq altına atmasında, barda 100 min dollarlıq şampan qonaqlığı verməsində və sair və ilaxır harınlıqlar, qudurğanlıqlar sərgiləməsində deyil. Məsələ bu kimi qudurğanlıqların oğurluq pullarla edilməsindədir.

Məsələ həm də həmin oğurluq pulların naməlum birindən çırpışdırılmasında deyil, qarət hədəfinin bəlli olmasında, bunun dövlət büdcəsi, xalqın cibi olmasındadır. Yoxsa kriminal avtoritetlərin hansısa oğru milyonçunun evini qarət etdirməsi xalqı o qədər də əndişələndirmir.

Xalqı narahat edən dövlətdən, millətdən qarət edilmiş pulların fantastik məbləği və bu məbləğdə özünün də payı olduğunu dərk etməsidir.

Belə vaqiələrdə ajiotaj məhz buna görə şiddətli olur və kollektivlərdə, xeyir-şər məclislərində, hər yerdə geniş ictimai müzakirənin predmetinə çevrilir.

Yoxsa Amerikada da, Avropada da bahalı maşınlar sürməyi, qiyməti bir neçə yüz min dolları aşan aksessuarlar taxmağı sevən adamlar var və bu, sadəcə, şou-biznes sayt və dərgilərinin diqqətində olan şeylərdir, daha ölkənin ciddi mediası, ictimai-siyasi səciyyəli xəbərlər, şərhlər yayan qəzet və saytları o barədə yazmır.

Məsələn, futbolçu Ronaldonun, Messinin sürdüyü bahalı maşınlar barədə ciddi media heç nə yazmaz, bundan yalnız sarı mətbuat bəhs edər və heç kəs adı çəkilən məşhurları qınamaz. Çünki onların hansı bahalıqda avtomobil sürmələrinin xalqa, vergi verənlərə dəxli yoxdur. Hamı bilir ki, bu adamlar ildə 30-40 milyon dollar pul qazanırlar və dövlət büdcəsinə kifayət qədər vergi ödəyirlər, sürdükləri bahalı maşınlar, aldıqları bahalı villalar onların halal qazanclarının məhsuludur.

Tez-tez bu cür adamların barəsində vergidənyayınma cinayəti ilə bağlı işlər açılır, qalmaqallar yaranır. Bəzən iddialar haqlı, bəzən haqsız olur. Ortaya çıxır ki, adamların fantastik pullar qazanması vergi orqanlarının o qədər şirnikləndirib ki, onlar həmin məşhurlardan lazım olduğundan da artıq vergi qoparmaq istəyirlər.

Hər halda, bu təcrübə onu göstərir ki, hüququn aliliyinin təmin olunduğu ölkələrdə qazanılan, toplanılan, xərclənən pulların hamısına nəzarət olunur. Kimsə "çirkli pul” yumaq istəyəndə, həddindən artıq bahalı əmtəə, mülk, inventar alanda sərf etdiyi vəsaitin qaynağını göstərməlidir, onun cinayət yoluyla əldə edilmədiyini sübut etməlidir.

Belə mexanizmlər olan yerdə bir çoxları istəsələr belə harınlıq, qudurğanlıq edə bilməzlər, edən kimi dİlə-dişə düşərlər, vergi orqanlarının, auditorların təftişinə məruz qalarlar, medianın ağzında saqqıza dönərlər və çox şey itirərlər.

Ümumiyyətlə, Avropa ölkələrinin varlıları artıq çoxdan varidat nümayişindən vaz keçiblər, malik olduqları bahalı əşyalarla hər kəsin önündə lovğalanmaqdan imtina ediblər. Çoxu sadə həyat tərzi keçirdiyini, dünya malında gözü olmadığını göstərməyə çalışır. İndi "kim daha çox xeyriyyəçilik edir, xeyriyyə fondlarına, kasıb ölkələrə ianələr verir” yarışması gedir.

İllərdir dünya üzrə xeyriyyəçilik hərəkatının başında amerikalı milyarder Bill Qeyts gəlir. Təxminən 90 milyard dollarlıq varidatın sahibi olan biznesmen hər il kasıb ölkələrə, xeyriyyə fondlarına, eləcə də elm və texnikanın, təhsil və səhiyyənin inkişafına çalışan elmi mərkəzlərə, institutlara bir neçə milyard dollar həcmində pul vəsaitləri köçürür. Özü isə cəmi-cümlətanı 10 dollarlıq saat taxır.

Əlbəttə, o istəsə qoluna 1 milyard dollarlıq saat taxar, amma adam belə şeylərlə lovğalanacaq qədər cılız deyil. Elə dünyanın ən bahalı malikanəsinin, dünyanın ən bahalı yaxtasının, dünyanın ən bahalı təyyarəsinin sahibi də Bill Qeyts yox, başqalarıdır. Amma Bill Qeyts dünyanın ən çox ianə verən, ən çox məmnuniyyət yaradan və ən çox alqış qazanan adamıdır.

Keşkə dünyanın bütün varlıları cənab Qeyts kimi olaydı - onun qədər varlı, onun qədər gözütox və onun qədər səxavətli. Elə olsa, dünyada kasıblar və varlılar arasında bunca dərin uçurum olmazdı.

 

 
Xalid KAZIMLI, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300