Sünnət anlamı Şiə və Sünni məzhəblərində

 

Allahın adı ilə!

Allah tərəfindən Peyğəmbərə (s) nazil olan İslam elmləri, dini maarif, din üsulları, əxlaq, şəriət hökümləri və digər elm və əsərlər o Həzrətin (s) vasitəsi ilə cəmiyyətə iki yolla gəlib çatıb: 1) Kitab 2)Sünnət

 

1. Kitab (Quran)

Həm sözləri və həm də mənası Allah tərəfindən nazil olmuşdur. Peyğəmbərin əsas möcüzəsidir. Nazil olunduğu gündən qiyamətə qədər bütün hökmləri qüvvədədir. Onun "Kitab", "Quran", "Fürqan" və s... kimi adları vardır.

"Şübhəsiz ki, bu (Qur’an) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail (Ruhuləmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilinə". (Şüəra surəsi, 192-195-ci ayələr).

 

 

2. Sünnət (Peyğəmbərin kəlamı, əməli və təsdiqi):

 

Sünnət iki hissəyə bölünür:

 

1- "Hədisul-qüdsi" ya "Müqədəs hədis".

 

Bəzən bunlara merac hədisləri də deyilir.

Bu hədislərin mənası Allah-taala tərifindən Peyğəmbərə nazil olunmuş və O həzrət bu mənanı öz sözləri ilə bəyan etmişdir. Başqa sözlə desək, Peyğəmbər burada ravidir (rəvayətçi). Yəni Allah-taalanın ona nazil etdiyi mənanı insanlara nəql edir. "Hədisi-qüdsi" əvvəlki peyğəmbərlərə də nazil olmuşdur.

 

 

2- Sünnət (hədis, xəbər, əsər):

 

Sünnət bu mənada üç şeyə tətbiq olunur:

 

 

1) Peyğəmbərin buyurduqları;

2) Peyğəmbərin etdikləri (əməl);

3) O həzrətin təsdiq etdikləri. Yəni əgər müsəlmanlar O həzrətin gözləri önündə hər hansısa bir iş görmüşdürlərsə və peyğəmbər onları bu işdən çəkindirməmişdirsə, bu o deməkdir ki, peyğəmbər həmin əməli bəyənmiş və təsdiq etmişdir.

"Hədisi-qüdsi"dən fərqli olaraq, peyğəmbər burada müfəssir sayılır. Yəni əslinə baxsaq sünnətin də mənası Allah tərəfindəndir. Çünki Peyğəmbərin əsas vəzifəsi Quranda gələn ümumi hökmləri xırdalıqları ilə açıqlamaqdır ki, bu da sünnət şəkilində təzahür tapmışdır.

Kitab və sünnət peyğəmbər tərəfindən cəmiyyətə çatdırılmalıdır ki, onlara əməl olunsun. Nəsillər boyunca "Kitabın" (Quran) bu günə qədər insanlara çatmasında heç bir problem olmayıb. Allaha şükür olsun ki, Onun kitabı nazil olduğu kimi və heç bir təhrif və dəyişiklik olmadan bizə çatmışdır.

 

 

Amma yazımızın mövzusu olan "sünnət" və "hədis" barəsində bir neçə məqam var:

 

Birinci: İslamın əvvəlindən bu günə qədər Peyğəmbərin sünnəti İslam ümmətinə hansı keyfiyyətdə çatıb?

 

İkinci: Şiə və süüni məzhəbləri arasında "sünnət"in ələ gətirilməsi qaydalarında hansı fərqlər var?

 

 

Bu barədə bir neçə nöqtəyə işarə olunur:

 

 

1-Şiələrin əqidəsinə əsasən sünnət və hədis sünnilərin inandığı sünnət və hədisdir. Hər iki məzhəbin sünnətdən məqsədi peyğəmbərin (s) dediyi sözlər və ilahi maariflərin bəyanıdır. Amma sünnilərdən fərqli olaraq, şiələr "on iki məsum imam"ında söz, əməl və təsdiqlərini sünnət sayırlar. Buna sübut olaraq "Səqəleyn" hədisini və digər hədisləri göstərmək olar.

 

 

Hişam bin Salim, Hamid və başqaları deyirlər:

"İmam Cəfər Sadiq (ə) buyurdu: Mənim hədisim atamın hədisi, onun hədisi babamın hədisi, babamın hədisi imam Hüseynin hədisi, imam Hüseynin hədisi imam Həsənin hədisi, imam Həsənin hədisi Möminlərin əmiri Əlinin hədisi, onun hədisi Peyğəmbərin hədisi və peyğəmbərin hədisi də Allah-taalanın sözüdür.

 

 

Cabir Ənsari deyir:

"İmam Baqirə (ə) dedim ki, sizdən hədis nəql etdikdə onun ravilərini də deyim? O həzrət buyurdu: Əgər məndən bir hədis söyləsən onu mənə mənsub et. Çünki mənim hədisim atamın, onun hədisi babamın və babamın (İmam Hüseyn) hədisi Peyğəmbərin və onun da hədisi Cəbrailin və onun da hədisi Allahdandır. Bizim sizə dediklərimizin hamısının sənədi belədir".

 

 

2- Bizimlə sünnilər arasında olan başqa fərq, sünnət və hədisin sənədindədir. Bizə çatan "Peyğəmbərin (s) sünnəti" Allah tərəfindən təyin olunan 12 xəlifənin (məsum imamların) vasitəsilədir. Bütün müsəlmanların əqidəsinə əsasən onlar möhtərəm və pak insanlardır. İmamiyyə şiələrinin əqidəsinə əsasən onlar hər bir səhv və günahdan uzaqdırlar.

 

 

Şiənin əqidəsincə məsum imamların yaşadıqları müddət 260-cı hicri ilinə (axırıncı imamın qeybətinədək) qədərdir. Peyğəmbərin (s) hədisləri və sünnəti qeyd olunan ilə qədər hər bir səhv və xətadan amandadır. Əgər düşmənlər tərəfində hansısa təhriflərə can atılsa da, bu hücum imamlar tərəfindən susdurulmuşdur. Bizim hədislərin sənədində olan qeyri-məsum ravilər axırıncı imamla bizim zaman arasındakı fasiləyə adiddir.

Lakin sünni hədis toplularındakı qeyri-məsum ravilərin silsiləsi peyğəmbərin (s) vəfatından sonra başlayır. Başqa sözlə şəriətin bəyanı, ilahi hökümlərin, İslami maarifinin və şəriətin səhv və xətadan amanda olması sünnilərin fikirincə peyğəmbərin (s) besətindən vəfatına qədərdir. Şiənin fikirincə isə bu müddət 270-ildən çox, yəni peyğəmbərin (s) besətindən 12-ci imamın böyük qeybət dövrünə qədərdir. Nəticədə İslami maarifi və məsumdan çatan elmlər şiənin baxışı ilə kəmiyyət baxımından daha çox, keyfiyyət baxımından isə məsum dövürünə yaxındır. Sünni mənbələrində nəql olunan bütün hədislər fasiləli və məsum dövründən daha uzaq olaraq 23-ilə məhdudlaşır. Eyni halda şiə inanır ki, Peyğəmbər cəmiyyətə lazım olan hər şeyi öz məsum xəlifələrinə öyrədib və onlara nəql edib. Bizə çatan hədislərə və o cümlədən peyğəmbərin (s) "həccətül-vida" xütbəsində dediyi sözlərə əsasən peyğəmbər (s) dəfələrlə bu mövzuya işarə edib:

"Ey camaat! Sizi cənnətə yaxınlaşdıran və cəhənnəmdən uzaqlaşdıran bütün şeylərə əməl etməyi və sizi cənnətdən uzaqlaşdıran və cəhənnəmə yaxınlaşdıran hər şeydən çəkinməyi sizə əmr etmişəm".

 

 

3-Peyğəmbərin hədislərini bizə nəql edənlərin möhkəmliyi və onlara olan etimad şiə əqidəsinə əsasən 260-cı hicri ilinə qədər sabitdir. Sünnilər isə bunu qəbul etmirlər. Məsələni aydınlaşdırmaq üçün deyilməlidir ki, peyğəmbərin əhli-beytindən olan 12 nəfəri imam kimi qəbul etməsəkdə, onlar peyğəmbərin əhli-beyti olaraq ən doğru və pak insanlardırlar. "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"(Əhzab/33).

 

 

Peyğəmbəır (s) buyurur: "Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm: Allahın kitabı və əhli-beytim".

Peyğəmbər burada əhli-beytini Quranla bir sırada qərar vermişdir. Buda onların Quran kimi doğru, yenilməz və hidayətçi olduqlarını göstərir. Deməli kitab (Quran) və sünnət əhli-beytin (ə) sözlərinin doğruluğuna zəmanət vermiş və hökmləri almaq üçün onlara müraciət etməyin lüzumunu izah etmişdir.

 

Əgər Peyğəmbər səhabələrinin və Tabeinlərin arasında tədqiqat aparsanız, onların arasında nə qədər iyrənc, yalançı və hoqqabazların olduqlarını görəcəksiniz. Sünni kitabların müraciət etdikdə isə bu kitabların belə adamların hədisləri ilə dolu olduğnun şahidi oluruq. Və görürük ki, bu cür insanlar Peyğəmbərin sünnətini necə təhrif etmiş və tanınmaz hala salmışdırlar. Bu bulanıq sudan ən çox balıq tutan isə islamın düşmənləridir. Siz qərb şərqşünaslarının ərəb dilindən qərb dillərinə tərcümə etdikləri kitablara baxsanız, bu barədə heç bir şübhəniz qalmayacaqdır. Onlar İslamı gözdən salmaq üçün sünni qardaşlarımızın məhz belə kitablarını müxtəlif dillərə tərcümə edir və qərb cavanlarını əsl İslam mədəniyyətindən uzaqlaşdırırlar. Siz şərqşünaslar tərəfindən xarici dillərə tərcümə olunmuş bir ədəd də olsa belə şiə kitabı tapa bilməzsiniz.

 

 

4- Hər bir şəxs peyğəmbərdən (s) bizə çatan hədislərə diqqət etsə aydın olar ki, "sünnət" tarix boyunca hədisin deyildiyi vaxtdan bu günə qədər sünnilərdə rastlaşdığı problemlərlə, şiə aləmində üzləşməmişdir. Çünki, sünnilərin vasitəsilə nəql olan sünnətin yazılması uzun müddət (100 il) qadağan edildi. Sünnət həmin vaxtlarda məhz dil vasitəsilə keçmişdən gələcəyə ötürüldü. İkinci xəlifə peyğəmbərin vəfatından sonra hədislərin yazılmasını qəti qadağan etdi. Hətta hədis yazdıqlarına görə bəzilərinə şallaq vurdu. Bu da Əməvi xəlifəsi Əmr bin Əbdül-Əzizin dövrünədək davam etdi. Əlbəttə aydındır ki, bir zehindən digər zehinə köçürülmüş məsələlər müxtəlif insanların vasitəsilə hansı söz və məna təhrifinə və dəyişikliyinə məruz qalacaq. Amma "sünnət"in tarixi şiə arasında başqa şəkildə olub. Peyğəmbərin buyurduğuna əsasən- "Elmi yazmaqla zəncirləyin" onun bütün dediklərini həzrət Əli (ə) yazırdı. Buna görə də Əhli-beytdə (ə) bir kitab olub ki, bəzi hallarda onu yaxın səhabələrinə göstəriblər. O, peyğəmbərin (s) imlası və həzrət Əlinin (ə) yazdığıdır.

 

 

Həzrət Zəhranın (s) imlası və həzrət Əlinin yazdığı başqa bir kitab da var ki, həzrət Zəhranın (s) peyğəmbərdən (s) öyrəndiyi və Allahın ilhamı ilə qəlbində olan elmləri əhli-beytin yanında idi.

Həmçinin əhli-beytdən nəql olan hədislərdə gəlib: "Bütün eşitdiklərinizi yazın! Çünki, tezliklə onlara ehtiyacınız olacaq" ya "Yazın! Çünki, yazmadan qoruya bilməyəcəksiniz".

Yunis bin Əbdür-Rəhim deyir: "Fəraiz" bölməsinə aid mənə həzrət Əlidən (ə) bir kitab çatmışdı. Onu səkkizinci imama Əli bin Musa Rizaya göstərdim. O buyurdu : Düzdür".

Həmçinin Ömər Mütəbbəb deyir: "Zərif bin Nasihin "Diyat" kitabını imam Sadiqə (ə) göstərdim. İmam onu təstiq etdi".

Həsən bin əl-Cəhm də nəql edir ki, həmin "Diyat" kitabını imam Rizaya (ə) göstərdim o da təstiq etdi.

Qeyd olan dəlillərdən əlavə peyğəmbərin (s) Xif məscidində söylədiyi xütbədir ki, buyurdu: "Allah-taala şad (nurani və xalis) etsin o şəxsi ki, məndən eşitdiklərini qoruyub saxlaya, hifz edə və başqalarına çatdıra".

Bu xütbə hədislərin yazlmasının lüzumuna açıq-aydın bir dəlildir. Çünki, qoruyub saxlamağın ən gözəl yolu yazmaqdır.

Deməli Şiə baxımından peyğəmbərin sünnəti (s) (az bir hissəsindən başqa) ilk dövürdən olduğu kimi qorunub saxlanılmışdır.

Sünnilərdə isə vəziyyət belə deyil. Buna görə də Şafei Malikdən, o, Nafidən o da ibni Ömərdən rəvayət etdiyi hədis silsiləsi "silsilətüz-zəhəb" (qızıl zincir) hədisi kimi məşhurdur. Lakin şiə alimlərinin məsumlardan rəvayət olunan (həzrət Əlidən imam zamana qədər) hər bir hədis silsiləsinə "silsilətüz-zəhəb" deyirlər. Bundan əlavə məsumlarla bizim alimlər arasında olan fasilədə Zürarə, Məhəmməd bin Müslim, Əban, ibni Əbi Üməyr, Yunis və başqaları kimi bəzi rəvayət edənlər də var ki, onların rəvayət etdikləri hədis silsiləsi də silsilətüz-zəhəbdir. Deməli "həqiqi sünnət əhli", "əhli sünnət" adı ilə məşhur olanlar deyil, 12 imamçı şiələr və Cəfəri məzhəbidir. Sünni alimləri həmişə hədis cəhətdən çatışmamazlıqlarla üzləşmiş və öz şəxsi fikirlərini Quran və sünnətlə yanaşı mənbə və dəlil kimi cilvələndirmişlər. Lakin insafla desək sünni alimləri hədis topluları yazmaqda və onların nizama salınmasında bizdən çox zəhmət çəkiblər. Əlbəttə onları buna da məcbur edən İslamın yaranmasının ilk günlərindən vəhy mənbəsini itirməkləri olub. Şiələr isə İmamlardan faydalandıqları üçün müxtəlif hədis toplularına ehtiyacları olmamışdır.

 

 

Bütün təmənnasız nemətlərinə görə, o cümlədən pak həyata istiqamətləndirən sünnətə və əhli-beyt vilayətinə qovuşmağımız üçün Allaha şükür edirik.

 

İstifadə olunmuş ədəbiyyat:

1. Uyunu əxbarur-Riza (ə), Şeyx Səduq (r).

2. Biharul-ənvar, Əllamə Məclisi (r).

3. Əl-Kafi, Kuleyni (r).

4. Vəsailuş-şiə, Şeyx Hürr Amili.

5. Əmali, Şeyx Müfid (r)

6. Əl-Müstədrək ələs-səhihəyn, Hakim Nişapuri (r)

7. Bəsairud-dərəcat, Məhəmməd Səffar.


İlahiyyatçı yazar-Şəhriyar ƏLİYEV

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300