Orucun sirləri (və batini şərtləri)

Mərhəmətli, rəhmli Allahın adı ilə! Oruc müsəlmanlara Peyğəmbərin (s)

Mədinəyə hicrətindən iki il sonra vacib buyuruldu. Ayə nazil oldu ki, "Ey iman

gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də

vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə-183)

Bildirildi ki, oruc mübarək ramazan ayında və Allaha minnətdarlıq üçün tutulur,

çünki, Quran bu ayda nazil edilmişdir. Bu ayda xəstələrdən, səfərdə olanlardan

başqa yetkinlik yaşına çatmış bütün müsəlmanlar oruc tutmalıdırlar, xəstələr və

səfərdə olanlar isə onları oruc tutmaqdan saxlayan səbəb aradan qalxdıqdan sonra

başqa günlərdə oruclarının qəzasını tutmalıdırlar. (Oruc tutmaq) sayı müəyyən olan

(bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı

günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə

(hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs

könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha

yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru

yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran

(Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu

ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər

başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə

gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona

("Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. (Bəqərə-184-185).

Məkkədən Mədinəyə hicrətdən sonra iki il müsəlmanlar özlərindən "əvvəlki

ümmətlər kimi” ayda üç gün oruc tuturdular. Mədinədə Quran orucu ramazan ayı

ilə əlaqələndirdi. Orucun vacibliyi barədə ayə nazil olandan sonra ilk vaxtlar

müsəlmanlar gecə yarıdan keçənədək oruc tutur, sonra oruclarını açır, yeyir-içir və

yatırdılar. Bəzi rəvayətlərə görə, ilk vaxtlar oruc gecə namazına qədər davam

edirdi. Hər halda, gecə yeyib-içmək, qadınla yaxınlıq etmək orucu pozmaq kimi

qiymətləndirilirdi. İftar etmədən yatanlar səhəri gün gecəyədək nə yeyir, nə də içə

bilərdilər. Bəzi yaşlı müsəlmanlar uzun müddət aclığa-susuzluğa dözə bilməyib

huşlarını itirir, iş görmür, taqətsiz gəzərdilər, cavanlar isə arvadlarına gecələr

yaxınlıq etməkdən özlərini saxlaya bilmirdilər. Ayə nazil oldu ki: "Oruc gecəsi

qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız.

(Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət)

etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul

edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini

onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için;

sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda)

 

olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər)

Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki,

bəlkə, müttəqi olsunlar!” (Bəqərə-187) Beləliklə, bildirildi ki, orucun vaxtı sübh

açılandan gecəyə qədər, yəni gün batanadəkdir.

Oruc insanın niyyət edərək özünü orucu pozan şeylərdən (muftirat) saxlamasını

(imsak) nəzərdə tutur. Oruc tutmaq istəyən adam "Vacib, qürbətən iləllah” (vacib

dir, Allaha yaxınlaşmaq üçündür) deyə niyyət edir və sübh açılandan gün

batanadək (sübh azanından məğrib azanınadək) yemir, içmir, ciyərinə tüstü almır,

qadına yaxınlıq etmir, şəhvət doğuran şeylər etmir, sübh açılanadək cənabət

halından təmizlənir, Allaha, Peyğəmbərə, İmamlara yalan deməkdən,

əməlisalehlikdən yayındıran əməllərdən (yalandan, iftiradan , söyüşdən və sair)

çəkinir.

Müsəlman alimləri belə hesab edirlər ki, hamilə və uşaq əmizdirən qadınlar, əldən

düşmüş qocalar, ağılları başlarında olmadığına görə öz əməlləri üçün məsuliyyət

daşımaq iqtidarında olmayan adamlar da orucdan azad sayılırlar, çünki, oruc

tutmaq onların səhhətləri üçün zərərli ola bilər. Aybaşı halında təmiz olmayan,

təmizlənməyənə və təharətlərini almayana qədər oruc tuta bilməzlər. Müvəqqəti

olaraq orucdan azad edilənlər, yaxud oruclarını təsadüfən pozanlar sonra

buraxdıqları günlərin sayı qədər oruc tutmaqla yanaşı tövbə də etməli və kəffarə

verməlidirlər.

Ramazan orucundan başqa ramazanda buraxılmış günlərin sayı qədər tutulan

qəza orucu, müəyyən niyyətlə əhd edilmiş nəzir orucu, hansısa bir günahı yumaq

üçün kəffarə orucu, yaxud sadəcə olaraq əməlisalehliyə görə tutulan oruc növləri

məlumdur. Ramazan orucunu nəzir orucu ilə əvəz etmək, yəni nəzir orucunu

ramazana saxlamaq düzgün deyildir. Başqa orucları da Ramazan orucu ilə

qarışdırmaq olmaz.

Alimlər oruc üçün üç dərəcə izah edirlər.

1-Ümumi oruc-(صوم العموم): Ümumi orucun şərtləri adətən müctəhidlərin dini

ehkamı izah edən risalələrində müfəssəl şəkildə (təfərrüatı ilə) yazılıb. Ümumi

oruc dedikdə, adətən camaatın çoxunun tutduğu oruc nəzərdə tutulur və yeməli və

içməli şeylərdən, eləcə də şəhvətə aid məsələlərdən çəkinmək anlamına gəlir.

2-Xüsusi oruc-(صوم الخصوص): Xüsusi oruc dedikdə, əlin, qolun, dilin, gözün,

qulağın və sair üzvlərin günahdan çəkinməsi nəzərdə tutulur.

3-Daha xüsusi (dərəcəli) oruc- (صوم خصوص الخصوص): Dünyəvi arzuların və

fikirlərin qəlbə daxil olmamasıdır. Qəlbin (ürəyin) orucudur. Masəvanın (Allahdan

başqasının) qəlbə daxil olmasına izn verməməkdir. Belə bir oruc tutmağa nail olan

 

şəxs Allahdan başqa (dünyəvi işlər barədə) düşünərsə orucu batil olur. Əlbəttə dini

mənafeyi üçün düşünmək müstəsnadır. Çünki, dini düşüncə axirət azuqəsidir.

Üçüncü növ orucu məhz peyğəmbərlər tuta bilər. "(Ya Rəsulum!) Sən: "Allah!”

deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya

qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində

davam etsinlər).” (Ənam-91) Xüsusi oruc salehlərin tutduğu orucdur. Yəni bütün

bədən üzvlərini günahdan qorunmalıdır. Əbu Hamid Ğəzali bu oruc üçün altı şərt

izah edir:

 

Birinci şərt: İkrah doğuran (kərahətli) və məzəmmətli (töhmətli) şeylərə

baxmamaq. İnsanı Allahın zikrindən saxlayan heç bir şeylə məşğul olmamaq. Hz.

Peyğəmbər (s) buyurub: "(Naməhrəmə) baxmaq şeytanın zəhərli oxlarından biridir.

Onu Allahdan (əzabdan) qorxduğu üçün tərk edən şəxsə Allah elə bir iman verər

ki, qəlbində şirinliyini duyar.

النَّظِرَةُ سَهْمٌ‏ مَسْمُومٌ‏ مِنْ سِهَامِ إِبْلِيسَ فَمَنْ تَرَكَهَا خَوْفاً مِنَ اللَّهِ أَعْطَاهُ إِيمَاناً يَجِدُ حَلَاوَتَهُ فِي قَلْبِه‏

Peyğəmbər (s) buyurub: "Beş xüsusiyyət orucu və dəstəmazı batil edər: yalan,

qeybət, sözgəzdirənlik, şəhvani baxmaq (naməhrəmə ehtirasla baxmaq) və

yalandan and içmək”

خمس خصال يفطّرن الصّائم و ينقضن الوضوء: الكذب‏ و الغيبة و النّميمة و النّظر بشهوة و اليمين الكاذبة.

İkinci şərt:Dilin mənasız sözlər, yalan, qeybət, sözgəzdirənlik (xəbərçilik), söyüş,

acı və xüsumətli danışıqdan qorumaq. Sükut etmək. dili Allahın zikri ilə məşğul

etmək; Quran tilavəti və dua və minacatları oxumaq. Bu dilin orucudur. Rəvayətdə

buyurulur ki, iki nəfər qadın oruc tutur. Peyğəmbər (s) onlara deyir: "Yediyinizi

qaytarın-qusun” onlar da laxta-laxta qan və ət qaytarırlar. Hamı təəccüblə baxırdı.

Peyğəmbər (s) buyurdu: Bu iki qadın Allahın halal etdiyini yeməyib oruc tutublar.

Lakin Allahın haram etdiyini yeyib oruclarını açıblar.” Qeyd edək ki, o iki qadın

qeybət etmişdilər.

…هاتان‏ صامتا عما احل اللّه لهما و افطرتا على ما حرم اللّه عليهما، قعدت احداهما الى الاخرى فجعلتا

تغتابان الناس فهذا ما اكلتا من لحومهم.

Əbi Bəsir İmam Sadiqdən (ə.s) nəql edir: "Oruc tutmaq təkcə yeməmək və

içməməkdən ibarət deyil. Məryəm: "…Mən Rəhman yolunda oruc (sükut orucu)

tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!”

(Məryəm-26) buyurdu.”

 

روى ابو بصير عن الصادق عليه السلام انه قال: ان الصيام ليس من الطعام و الشراب وحده، ان مريم عليها

السلام قالت: إِنِّي نَذَرْتُ لِلرَّحْمنِ صَوْماً

 

Üçüncü şərt:Qulağın günahdan qorunması. Ikrah doğuran heç bir şeyə qulaq

asmamaq. Haram şeyləri dinləməmək. "Onlar yalana qulaq asanlar və haram

yeyənlərdir…” (Maidə-42); "Kaş onların din alimləri və fəqihləri onlara günah

söyləməyi və haram yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə də

pisdir!” (Maidə-63). Qeybətə qulaq asmaq da qeybət etmək qədər günahdır.

(Haramdır). Qeybətə sükut etmək də haramdır. "…Çünki o vaxt siz də onların tayı

olarsınız…” (Nisa-140)

المغتاب‏ و المستمع‏ شريكان فى الكذب‏

Dördüncü şərt: Digər üzvlərin (məsələn: əl-ayaq) günaha mübtəla olmaması və

qarınqululuq etməmək. İftar vaxtı tərəddüdlü yeməklərdən çəkinmək. Oruc, gün

ərzində halal yeməklərdən, şam azanından etibarən haram yeməklərdən çəkinmək

anlamına gəlir. İftar vaxtı haram yeməklərlə qarnını doyuran şəxsin orucu da batil

olar. Haram yemək dini aradan aparan (dinsizliyə bais olan) zəhərdir. Halal yemək

isə dərmandır. Əlbəttə halal yemek belə çox yeyilərsə mütləq zərərli olacaqdır.

Yeməyin miqdarı azalsın deyə Allah orucu vacib etdi. İftardan sonra həddindən

artıq qarına qulluq edən insan orucun faydasını duymaz. Hz Peyğəmbər (s)

buyurub: "Nə çox oruc tutan vardır ki, oruc tutmağından ona yalnız aclıq və

susuzluq qalır” كم‏ من‏صائم‏ ليس‏له‏ من صومه الا الجوع و العطش‏ Hədis eynilə həzrət

Əlidən (ə.s) də Nəhcül-Bəlağənin 146-cı hikmətində nəql olunub: "Nə çox oruc

tutan vardır ki, oruc tutmağından ona aclıq və susuzluqdan başqa bir şey qalmır…”

Bəzi alimlər bunun səbəbini belə izah edirlər ki, oruc tutan şəxs haram yeməklə

iftar edərsə orucunun məhz aclıq və susuzluq kimi faydası olmuşdur. Bəziləri əsas

səbəb kimi "qeybət”-i görürlər. Çünki, "…bir-birinizin qeybətini qırmayın! Sizdən

biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?!…” (Hucurat-12) Bu ayədən də

məlum olduğu kimi qeybət etmək əslində ölmüş qardaşın ətini yemək deməkdir.

Bədən üzvlərini günahdan qorumayan şəxs barəsində də bunu demək olar ki, o da

orucunu məhz aclıq və susuzluqla keçirənlərdən hesab olunur. İmam Baqir (ə.s)

buyurur: "Oruc tutduğun zaman, qulaq, göz, dəri və digər üzvlərin də oruc

olmalıdır. Oruc tutduğun gün oruc tutmadığın gün kimi olmamalıdır.”

اذا صمت فليصم سمعك و بصرك و شعرك و جلدك، و عدد اشياء غير هذا و قال: لا يكون يوم صومك كيوم

فطرك‏

 

Beşinci şərt: Bu şərt bundan ibarətdir ki, iftar vaxtı yeməyin halal olmasına

diqqətlə yanaşı kəmiyyətcə (miqdarca) az yeməlidir. Yəni qarını yeməklə

doldurmamalıdır. Allah yanında ən pis qab dolu qarındır. Ramazan ayının

faydalarından biri də budur ki, insan bu ayda qarınqululuqdan (yeyimcil olmaqdan)

yaxasını qurtarır. Əgər iftardan sonra həddindən artıq yeyərsə (hətta gündüz

yemədiyinə görə axşam çox yeməklə əvəzini çıxarsa) digər aylarda yediklərindən

də çox yemiş olur. Ac qalmaqla nəfsani istəkləri (şəhvani meyilləri) söndürmək

dərəcəsinə çatdıran oruc, iftardan sonra çox yeməklə o istəkləri yenidən artırmağa

başlayır. Bu isə onun orucunun mənasız olduğunu göstərir. Qarın və şəhvəti ram

etmək orucun başlıca səbəblərindən sayılır. Çox yemək isə şiddətli şəhvət hissi

doğurur. Digər önəmli məsələlərdən biri budur ki, gün ərzində oruc çox

yatmamalıdır. Oruc tutan çox yatarsa aclıq və susuzluğunu hiss etməz. Bu da

orucuna xələl gətirən əməllərdəndir. Deməli, beşinci şərt az yemək və az

yatmaqdan ibarətdir.

 

Altıncı şərt: İftardan sonra oruc tutanın qəlbi müztərib (sıxıntı və iztirab içində

olan, çox təşvişli və rahatsız) halda qalmalıdır. Qorxu və ümid arasında olmalıdır.

Çünki, orucu qəbul olduğundan Allaha yaxınlaşdığını yaxud qəbul olmadığına

görə qəzəbə düçar olmuşlardan sayıldığını bilmir. Belə bir hal əslində bütün

ibadətlərdən sonra yaşanmalıdır.

Belə bir sual ortaya çıxa bilər ki, sizin yazdığınız şərtlər Fəqihlərin (müctəhid: dini

qanunları təfsir və şərh etmək səlahiyyətinə malik baş ruhani) dini əhkamı izah

edən kitablarında qeyd olunmayıb. Fəqihlər dini ayinləri və onun ehkamını

yazarkən siz yazdıqlarınızı şərtlərdən hesab etməyiblər. Belə olduqda qeyd

etdiyiniz şərtlər olmadığı təqdirdə orucun batil olmasını necə iddia edə bilərsiz!?

Onların cavabinda deyirik ki, Fəqihlər ibadətlərin zahiri şəraitini izah edir və adi

insanların (camaatın əksəriyyətinin) başa düşdüyü tərzdə əhkamı onlar üçün

isbatlayırlar. Amma camaatın başa düşə bilməyəcəyi şəraiti izah etmək onların

vəzifəsi deyil. Bu iş "axirət alimləri”-nin öhdəliklərindən sayılır. Fəqihlər ibadətin

şəraitini ibadətin səhihliyi üçün izah edirlər. Axirət alimləri isə ibadətin qəbul

olub-olmamasında rolu olan batini şərtləri izah edirlər. Onlar deyirlər ki, oruc

tutmaqda əsas məqsəd ilahi əxlaqa yiyələnmək və nəfsani və şəhvəti hisslərə qalib

gəlməklə mələyə bənzəməkdir (mələkmənzər olmaqdır). İnsan Allaha məkanla

deyil, sifətcə (keyfiyyətləri ilə) yaxınlaşır. Yəni şəhvəti hissləri azaldıqca bir o

qədər Allaha müqərrəb (məhrəm, dost, çox yaxın, səmimi) olur. Amma təkcə

yeməmək və içməməklə oruc tutanlar onlar qədər Allaha yaxın ola bilməz. Bu

üzdən bəzi alimlər deyiblər: "Bəzi oruc tutanlar ("muftir”-dir) əslində oruc

tutmayıblar. Bəzi "muftir-lər” (zahirən oruc tutmayanlar) əslində həqiqi oruc

tutanlardır.

 

لذلك قال بعض العلماء: كم من صائم مفطر و كم من مفطر صائم! و المفطر الصائم هو الّذي يحفظ جوارحه

عن الآثام و يأكل و يشرب، و الصائم المفطر هو الّذي يجوع و يعطش و يرسل جوارحه.‏

Zahirən oruc tutmayıb, amma oruc olanlar bütün bədən üzvlərini günahdan

qoruyan və yeyib-içən şəxslərdir. Amma zahirən oruc sayılan, amma həqiqətdə

orucları batil olanlar yemək və içməkdən çəkinən amma bütün varlığı ilə günahkar

olanlardır.”

Ən yaxşı (fəzilətli) oruc (və digər ibadətlər) budur ki, həm zahiri qanunlara

(şərtlərə) riayət olunsun, həm də batini şərtlərə əməl olunsun. Başqa sözlə desək,

oruc tutan şəxs orucu batil edən şeylərdən çəkindiyi kimi orucun qəbul olmasını

əngəlləyən şeylərdən də çəkinməlidir. Hz. Peyğəmbər (s) buyurur: "Oruc

əmanətdir. Sizlərdən biriniz əmanəti qorusun!” "Allah sizə əmanətləri öz

sahiblərinə qaytarmanızı… əmr edir….” (Nisa-58). Oruc tutan şəxs bilməlidir ki,

göz, qulaq, dil və sair üzvlərin hamısı əmanətdir və əmanəti qorumaqda əllərindən

gələni etməlidir.

Yazıda istifadə olunan əsas mənbə "Ehyau ulumid-din” kitabıdır. Əbu Hamid

Ğəzali (vəfatı: 505 hicri-qəməri təqvimi ilə) احیاء علوم الدین kitabının birinci cildində

(səh: 324-335) "Orucun sirləri kitabı” ünvanlı, üç fəsildən ibarət oruc barədə

maraqlı məlumatlar (təlimlər) yazmışdır.

Molla Sədra (Sədruddin Şirazi) (vəfatı: 1050 hicri-qəməri təqvimi ilə) "Usuli-kafi”

kitabına yazdığı şərhdə (birinci cild səh: 491-495) Ğəzalinin yazdığı "orucun

sirləri”-ni nəql və şərh edir. Biz də hər iki dəyərli əsəri oxuduq, (qısa əlavələr və

müxtəsər dəyişikliklər etməklə) tərcümə etdik və oxuculara təqdim edirik. Allah

orucunuzu qəbul eləsin!

 
İlahiyyatçı yazar-Şəhriyar ƏLİYEV

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300