Arterial təzyiq haqqında yanlış fikirlər
İnsanların bir çox hissəsi arterial təzyiqin artmasını ciddi simptom kimi hesab etmirlər və bu səbəbdən özündə təziyiqin artmasını müşahidə etdikdə həkimlərə müraciət etməyə tələsmirlər.
Lakin bu çox səhv yanaşmadır. Məhz arterial təzyiqin
artması insult və infarkt kimi ağır pozulmaların ilk səbəbidir. Statistikaya əsasən,
100 infarktdan 68-i, 100 insultdan isə 75-i məhz təzyiqin yüksəlməsi fonunda
inkişaf edir.
İnsanlar arasında arterial təzyiq ilə bağlı bir çox həqiqətə uyğun olmayan əfsanələr
yayılmaqdadır. Məsələn,
- Yüksək təzyiqdən əziyyət çəkən insan özünü daim qorumalı, uzanmalı, yatmalı,
az hərəkət etməlidir ki, təzyiq qalxmasın. Bu tam yanlış fikirdir. Bəli, həddən
artıq fiziki yükləmələr hipertoniyadan (tibbi dildə - "arterial
hipertenziya") əziyyət çəkən insanlar üçün ziyanlıdır. Lakin belə yükləmələr
hətta tam sağlam insana da ziyan gətirə bilər.
Sağlamlığını qorumaq istəyən insan mütləq fiziki aktiv olmalıdır. Hətta infarkt
keçirmiş insanlara reabilitasiya (bərpa) dövründə həkimlər xüsusi fiziki məşğələlər
təyin edir.
Hərəkətsizlik isə əksinə mübadilə proseslərin pozulmasına, damarlarda xolesterin
yığınların əmələ gəlməsinə və artmasına, bədən çəkisinin artmasına, qanda
durğunluğun yaranmasına, ürəyin daha zəif işləməsinə səbəb olur.
Azhərəkətlilik hipertoniya xəstəliyin daha ağır keçməsinə gətirib çıxardır.
- Bir çox hipertoniyadan əziyyət çəkən insanlar fikirləşir ki, müəyyən həbi qəbul
etməklə arterial təzyiqi daim normada saxlamaq mümkündür. Lakin bu belə də asan
iş deyil. Effektli dərmanın seçimi uzun və çətin prosesdir. "Təzyiq dərmanları"
çoxdur və hər bir xəstəyə dərman fərdi şəkildə həkim tərəfindən seçilir. Bir
çox hallarda vaxt keçdikcə dərmanı, onun dozasını, qəbul rejimini dəyişmək
lazım olur. Bunu da yalnız həkim etməlidir. Heç bir halda qonşu, qohum və s. qəbul
etdiyi "təzyiq dərmanı"nı özbaşına qəbul etməyin! Bu lazım olan
effekt verməyəcək!
Bundan əlavə yalnız təzyiq dərmanının qəbulu hipertoniyanı müalicə etmir. İnsan
düzgün qidalanmalı, ziyanlı vərdişlərdən imtina etməli, dincəlməli, tez-tez
havada olmalıdır, bədən tərbiyəsi ilə məşğul olmalıdır.
- Bəzi insanlardan "təzyiqim hətta 180-200-ə qalxanda, özümü normal hiss
edirəm, bu mənim "raboçi" təzyiqimdir" kimi ifadələri eşitmək
olur. Bu insanlar fikirləşir ki, əgər hər şey normaldırsa, heç bir yer
ağrımırsa, müalicə etməyə də ehtiyac yoxdur! Bu çox təhlükəli yanılmadır. Tibbdə
"raboçi" təzyiq kimi termin yoxdur. Yüksək təzyiq özünün heç bir əlamətlə
bürüzə verməsə belə, xəstənin orqanizmində geriyədönməz patoloji dəyişikliklərə
səbəb olur ki, bunların nəticəsində insan əlilə çevrilə bilər. Bundan əlavə
yüksək arterial təzyiq infarkt və insultun əsas risk faktorudur.
- Hipertoniya yalnız 40 yaşından sonra inkişaf edə bilər. Bu da çox səhv
fikirdir. Bütün digər xəstəliklər kimi, hipertoniya da xeyli
"cavanlaşıb". Əgər hətta 30 yaşlı insan özündə təzyiqin tez-tez
artmasını müşahidə edirsə (139/89-dan yuxarı), o, mütləq kardioloqa müraciət
etməlidir və lazım olduqda müalicə almalıdır.
- Yüksək təzyiq özünü baş ağrısı ilə büruzə verir. Bu da səhvdir. Bəli, bir çox
hallarda yüksək təzyiq özünü başın ənsə hahiyəsində ağrılarla, ürəyin tez-tez
döyünməsi ilə, barmaqların keyiməsi ilə və s. əlamətlərlə büruzə verir. Lakin bəzən
arterial hipertenziya tam simptomsuz keçir. Məhz bu səbəbdən 1 ildə 2 dəfədən
az olmayaraq həkimin profilaktik müayinəsindən keçmək lazımdır. Belə
profilaktik müayinələr orqanizmdə mövcud olan pozulmaları vaxtında aşkar etməyə
imkan verir./saglamolun.az