Danışmaq, yoxsa sükut: hansı daha bəyənilən?

 

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə bu mübarək ayda - Rəcəb ayında yaşamaq səadətini nəsib edib!

Allaha həmd olsun ki, bu ayda olan nemətləri dərk etmək, bu ayın fəzilətlərini duymaq tofiqatını bizlərə inayət edib!

Uca Allahdan istəyimiz budur ki, bizim bu aylara olan mərifətimizi daha da artırsın!

İki ay müddətində fürsət

İlk öncə bilməliyik ki, hansı aylardayıq, hansı fürsətlərin içərisindəyik, burada hansı imkanlar var, burada nələri əldə edə bilərik. Əgər bunları başa düşə bilsək, doğru yaşaya bilərik.

Rəcəb ayını sadə və qısa şəkildə izah etmək istəsək, deyə bilərik ki, bu, sözün əsl mənasında insan olmaq üçün, mənəvi təkamülü başlatmaq üçün ən münasib fürsətlərdən biridir. Rəcəb ayının artıq yarısından çoxunu əldən vermişik. Beləcə, bu son günlər keçəcək, bir ay Şəban ayını adlayacağıq və artıq mübarək Ramazan ayına yetişəcəyik...

Mübarək Ramazan ayında elə gecələr var ki, onlarda min ayın təkamülünü yerinə yetirə bilərik. Amma bunu edə bilmək üçün biz gərək indidən hazırlaşaq. Sanki, bizə bir fürsət, imkan veriblər ki, əldən verdiklərimizi qaytaraq, itirdiklərimizi bərpa edək. Min ayı bir gecədə keçmək fürsəti var Ramazan ayında. Təbii ki, bu barədə həmin gecəyə yetişəndə düşünməyə başlasaq, çox çətin olar. Hətta mübarək Ramazan ayının özündən belə başlayanda, insan toparlanana qədər, bərpa olunana qədər, qaydaya düşənə qədər artıq gec olur.

Buna görə də mehriban Rəbbimiz, bu təkamülü keçməni məşq etmək üçün bizə iki aylıq bir fürsət verib. Bu iki ay ərzində tövbə etməyi, zikr deməyi, namaz qılmağı, oruc tutmağı, Quranla təması artırmağı, Allahın hüzurunda olmağı məşq edəcəyik.

İnsan adi halda özünə hesabat vermədən, başdan-ayağa qədər gündəlik qayğılar bataqlığının içərisində olur. Bütün günü iş-güc, təhsil, karyera, çalışma dalınca olur insan. Bir qədər arada fasilə edir ki, yenidən güc toparlasın və yenə də bunların ardınca getsin. Özünü tanıyan insan bu qaçaqaçı dayandıra, ayın təqdim etdiyi fürsətlərdən istifadə edərək, düşünə bilər. Düşünə bilər ki, Allah Təala onu bu bataqlıqda məhv olmaq üçün yaratmayıb. Düşünə bilər ki, o, tamamilə başqa məqsədlər üçün xəlq edilib.

Rəcəb ayında əsas işimiz

Əllamə Cavad Amuli cənablarından soruşurlar ki, biz Rəcəb ayında ilk mühüm iş olaraq nə edə bilərik? Onun bu xüsusda bir buyuruşu var. Alim buyurur ki, biz Rəcəb ayında ilk növbədə Allahdan tutumumuzun, qabımızın, qabiliyyətimizin böyüməsini istəməliyik.

Bu, nə deməkdir? Müasir texnika bunu başa düşmək üçün insanın köməyinə çatır. Bizim telefonlarımızın proqram təminatı yenilənəndə, bir də görürsən bildiriş gəlir ki, müəyyən proqramlar üçün yerimiz çatmır. Hətta bizə tövsiyə edir ki, yaddaşda qalan nələrisə silək.

Beləcə də biz - bu bir il ərzində qəlblərimizi kiçiltmişik, daraltmışıq, genişqəlbi durumdan çıxıb, dar qəlbli bir duruma düşmüşük. Qəlbimizin qalan hissələri də lazımsız məsələlərlə dolub. Mənəviyyatımız üçün, Allah bəndəsi kimi yaşamaq üçün yer qalmayıb.

İnsan namazda qəlb hüzurunun olmamasından şikayətlənir. Təbii ki, insan qəlbində namaz üçün yer saxlamayanda, hüzuru da olmayacaq. Kinlərdə, küdurətlərdə, zarafatlarda, məsxərələrdə, intriqalarda, yersiz dedi-qodularda bulunan qəlb, artıq mübarək durum üçün yer təqdim etmək iqtidarında olmur.

Biz qəlblərimizi lazımsız və zərərli nəsnələrlə məşğul etmişik. Bu səbəbdən, nəhayət etibarilə namazda halımız olmur. Belə olanda din insan üçün aksesuarlaşır, dini məsələlər aksesuarlaşır, oruc tutmaq yalnız ac qalmaq olur, namaz qılmaz ancaq əyilib-qalxmaq olur.

Amma axı insan dinə gəlir ki, bütün bütləri qırsın, Allaha bağlansın, hürr olsun, azad olsun. Bəzənisə əks vəziyyətə salmış olur özünü. Mühüm odur ki, insan bu vəziyyətini dərk edə və Allahdan istəyə ki, onun tutumunu artırsın. Əgər tutumumuz artsa, qəlbimiz genişlənsə - ona uyğun bir şeylər istəyə bilərik.

Bundan sonra isə təmizləmək lazımdır. Tövbə etməklə qəlbimizi tam şəkildə təmizləyə bilərik. Bir xırda nöqtə də saxlamamalıyıq. Əziz Peyğəmbərimiz (s) bəyan edir ki, Rəcəb ayı - ümmətimin istiğfar ayıdır. Biz Rəcəb ayında özümüzün tam təmizlənməsi, paklanması ilə məşğul ola bilərik. Bir zərrə belə qoymayaq ki, qalsın. Bir zərrə belə sonrakı fəsadlar üçün böyük yol aça bilər.

Hazırkı dönəm elədir ki, günah insanın bir saniyəliyindədir. Əvvəllər günah dalınca getmək böyük vaxt, enerji tələb edirdi. İndi günah bir addımlığa qədər gəlib.

Bu ayda sükut etməni öyrənək

Bu ayda başqa nə edə bilərik?

Bizlər bir ömür danışmağı öyrənirik. Uşaq dünyaya göz açır, dünyaya göz açandan uşağın reaksiyalarına baxırıq. Uşaq danışmağa başlayanda hamı sevinir. Sözlər deyir, cümlə qurur, zaman keçdikcə mücərrəd təfəkkürü inkişaf edir, fikir yürütməyə başlayır, sonra özünü ifadə edə bilir.

Bir ömür danışmağı öyrənirik. Düzgün, doğru, məzmunlu danışmağı öyrənirik. Amma bunun yanında bir mövzunu da - susmağı da öyrənməliyik. Bu mövzunu eşitməmişik. Nə bağçada, nə məktəbdə, nə universitetdə susmaq öyrədilmir. Hamı danışmağa can atır. Hamı özünün ifadəsini bu yolda görür - danışmaqda. Danışmaq tək səslə danışmaqla deyil. Bu gün status yazmağın özü də danışmaqdır.

İslamın nəzərində danışmaq, yoxsa susmaq üstündür?

İslamın nəzərində bir insan danışsa yaxşıdır, ya sussa yaxşıdır? Həzrət İmam Səccada (ə) sual edirlər ki, danışmaq və ya susmaq - hansı daha üstündür? İmam Səccad (ə) buyurur: "Hər ikisi üçün - həm danışmaq, həm də sükut üçün təhlükələr var. Əgər hər ikisi çatışmazlıqlardan pak olsa, ikisi də ideal halda olsa - danışmaq sükutdan daha üstündür. Belə ki, Allah Təala peyğəmbərləri (s) və onların vəsilərini sükutla məbus etməyib. Əslində onları danışmaq üçün məbus edib. Cənnət sükutla əldə edilmir. Allahın məhəbbəti və vilayəti sükutla əldə edilmir. Sükutla cəhənnəm atəşindən xilas olmaq olmur. Sükutla İlahi qəzəbdən qurtulmaq, amanda qalmaq olmur. Əslində bunlar hamısı danışmaqla əldə edilir”.

Biz danışmaq və sükutun təbiətlərinə bir nəzər salaq. Danışmaq - bir qayda olaraq, həvayi-nəfsin mühərriki ilə işə düşür, sükut - hikmət mühərriki ilə işə düşür. Ona görə də hər danışmaq gözəl deyil. İnsanın danışması - etməyə aiddir. Etmə - istəmə müstəvisindədir. İstəmə bəzən, hətta bir çox hallarda həvayi-nəfs müstəvisindədir.

Danışmaq öz-özlüyündə olsa, düşünmə olmadan, əql olmadan işə düşsə, insan ancaq istəmə ilə hərəkət etsə, insanın danışığı bunlardan qaynaqlansa - insanı fəlakətə aparar. Əxlaq ustadları susmanı öyrənmək deyəndə, əslində bunu nəzərdə tuturlar. Bir insan haqqı deyir, doğrunu deyir, vəzifəsidirsə - bu, tam ayrı bir mövzudur. O yerdə danışmaq hətta vacibdir. Amma biz adi bir durumdan bəhs edirik.

Sükuta insan nələrə nail ola bilər?

Biz bir ömür danışmağı öyrənirik, amma susmağı məşq etmirik. Rəcəb ayı nəfsani danışmağı deyil, şüurla, dərklə susmağı məşq etmək ayıdır. Sükut - hikmətin əlamətidir. Sükut - təfəkkür və düşünmənin nəticəsidir. Sükut vaxtı insan daha çox təkamül edə bilir. Sükutun insanın şəxsiyyətinin formalaşmasında fövqəladə böyük rolu var. Həzrət Rəsulallah (s) cənab Əbazərə (r.ə) buyurur: "Dörd şey var ki, mömindən başqa heç kəs onu əldə edə bilməz. Biri - sükutdur ki bəndəliyin ilk addımıdır”.

İradəvi, Allaha xatir sükut - bəndəliyin ilk addımıdır. Bu mövzu insanı "mənəm-mənəmlik”dən çıxarmış olar. İnsan bunu bacarmasa, çox çətindir.

Başqa bir yerdə Həzrət Peyğəmbər (s) buyurur: "Sənin üzərinə olsun çoxlu sükut etmək. Belə ki, o, şeytanın (lən) qovulmasına səbəb olar”. Şeytan (lən) dedi-qodularda olur, intriqalarda olur, səs-küylərdə olur. Aramlıq vaxtı, sükut vaxtı şeytan (lən) özünü darıxmış hiss edir.

Şeytan (lən) o yerlərdə olur ki, orada həvayi-nəfsdən irəli gələn söz-söhbətlər, danışmalar olsun. İradəvi sükut - şeytanı (lən) qovmağın effektiv vasitələrindən biridir.

Sükut - hikmət qapısının açarıdır

İmam Rza (ə) buyurur: "Sükut - hikmətin qapılarından biridir”. Çox təbiidir ki, sükut insanın üzünə hikmət qapıları açar. İnsan bir şeyləri başa düşmək, dərk etmək üçün ilk növbədə sükut etməlidir. Sükut olmayan, səs-küy olan yerdə təmərküzləşmə olmur, diqqəti cəlb etmə olmur. İnsan aramlı vəziyyətində anlamalıdır ki, mövzu nədir, sonra o barədə düşünməlidir.

Bəzən şeytan (lən) insanın öz səsini özünə sevdirir, insan öz səsindən məst olur, öz danışmasından məmnun olur.

Sükut insanlararası münasibətlərdə məhəbbət yaradır. Sükut insanı bütün xeyirlərə yönəldir. Sükut insanı bərəkətlərə yönəldir. İmam Həsən (ə) buyurur: "Sükut edən insan çox heybətlidir”. Sükut insana heybət, aramlıq gətirər.

Əgər bir insan əmin olsa ki, nəfsani danışmır...

Əgər bir insan əmin olsa ki, danışdığı nəfsani deyil - o halda danışması sükutdan daha üstündür. Təkamül üçün insan əmin olmalıdır ki, nəfsani iş görmür. Bunun üçün ilk növbədə sükutu öyrənməlidir. Artıq özünü tərbiyə edəndən sonra, ancaq Allah razı olduğu halda danışdığına əmin olduqdan sonra, o danışmanın sükutdan üstünlüyü var.

İmam Səccad (ə) da, ondan bu barədə soruşulduğundan, bəyan edir ki, həm danışmanın və həm də sükutun özünəməxsus çatışmazlıqları, naqislikləri ola bilər. Lakin, hər ikisi bu naqislik və çatışmazlıqlardan pak olsa, danışmaq sükutdan daha üstündür. Eyni zamanda İmam (ə) bəyan edir ki, Allah Təala peyğəmbərləri (s) və onların vəsilərini sükutla məbus etməyib. Əslində onları danışmaq üçün məbus edib.

Amma onlar nə danışıblar? Onlar yalnız haqqı, həqiqəti deyiblər. Onlar nəfsdən irəli gələrək danışmayıblar. Onlar məbus olublar ki, insanlara haqqı çatdırsınlar.

Həzrət İmam Səccad (ə) həm də çatdırır ki, Cənnət sükutla əldə edilmir. Görürük ki, bu, eyni zamanda yalançı tərki-dünyalığı darmadağın edən hədisdir. Yəni insan danışmalı olan yerdə, haqqı deməli yerdə sükut etsə - əksinə, xəyanət etmiş olur. Sükut - məqsəd deyil, ünvan deyil, hədəf deyil. Sükut - hikmət əldə etmək üçün bir vasitədir.

Sonda isə əziz İmam (ə) xatırladır ki, Allahın məhəbbəti və vilayəti sükutla əldə edilmir. Sükutla cəhənnəm atəşindən xilas olmaq olmur. Sükutla İlahi qəzəbdən qurtulmaq, amanda qalmaq olmur. Əslində bunlar hamısı danışmaqla əldə edilir. İnsan, Allah bəndəsinin üzərinə düşən danışmanı danışmalıdır. Doğru yola dəvət etmə, pis yoldan çəkindirmə - insanın üzərində olan, dinimizin vacib etdiyi məsələlərindəndir.

Bəzən olur ki, insan danışmalı olduğu bu yerlərdə təhrif edərək, özünü və digərləri aldadaraq deyir ki, dinimiz sükuta səsləyir. Bu, həmin yerlərə aid deyil. Yerində danışmaq - insan üçün vacibdir. Amma insan Allah bəyənəni deməyəcəksə, gərək heç olmasa sussun. Həm nəfsani danışmaq insan üçün bir qəbahət, eyibdir, həm də nəfsə tabe olaraq, danışmağın vacib olduğu yerdə susmaq - eyibdir. Allah Təala bizi hər iki eyibdən uzaq etsin!

Allah nəsib etsin ki, danışmağımızda da, susmağımızda da Onun razılığını axtaraq.

Allahım, bizlərə nəfsani danışmaqdan qurtulmağı, iradəvi sükutu öyrənməyi nəsib et!

Allahım, bizə Sənin razılığına uyğun yaşamağı nəsib et!

Allahım, bizlərə xeyirli aqibət nəsib et! Amin!

 

 
Hacı İlqar İBRAHİMOĞLU
(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300