Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası”möhtəşəm dil abidəsidir

 

Görkəmli şərqşünas-alim, filoloq, filosof, tarixçi, Sankt-Peterburq universitetinin Şərq Dilləri fakultəsinin ilk dekanı Mirzə Kazımbəyin Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası”möhtəşəm dil abidəsi hesab edilir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutununNəzəri Dilçilik kafedrasının müdiri, filologiya elmlər doktoru İdris Abbasovun tərcüməsi Azərbaycan dilçiliyində böyük nailiyyətdir. İ.Abbasov tərcümə ilə yanaşı kitaba öz araşdırma və şərhlərini də əlavə edib. ATAlar.Ru saytına müsahibəsində İ.Abbasov gördüyü iş və əməyinə münasibətdən danışıb.

 

– Dünya şöhrətli azərbaycanlı dilçi-alim Mirzə Kazımbəyin məşhur "Türk-tatar dilinin ümumi qrammatikası” əsərini 178 ildən sonra əhatəli tədqiq və şərhlərlə Azərbaycan dilinə tərcümə etmisiniz. Bu ideya necə yarandı?

– Dahi Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası” kitabının tərcüməsi ideyası mərhum akademik Tofiq Hacıyevə məxsusdur. O, 2014-cü ilin noyabrında məni AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna dəvət edərək M. Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası”nın Azərbaycan dilinə tərcümə edilməsi işini mənə tapşırdı. Düzü, təklif mənim üçün gözlənilməz oldu. Əslində mənim başqa planım var idi, yəni ərəb dilçisi Süyutinin məşhur "Mizhər” əsərinin tərcümə və şərhi haqqında düşünürdüm. Amma belə bir təklifdən imtina etmək mümkün deyildi. Dünya elminə böyük töhfələr vermiş, ümumbəşəri ideallara sadiq bir şəxsiyyətin elmi irsini araşdırmaq hər bir azərbaycanlı üçün şərəf işidir. Beləliklə, işi yerinə yetirməyi üzərimə götürdüm.

– Tərcümə zamanı hansı çətinliklərlə üzləşdiniz?

– İlk növbədə qeyd edim ki, birinci nəşri 1839-cu, ikinci nəşri 1846-cı ildə baş tutan kitabın dili və terminologiyası mürəkkəb, bəzən anlaşılmazdır. Digər tərəfdən, əsərin kiril əlifbası ilə qələmə alınması, nümunələrin isə ərəb, monqol və latın qrafikası ilə təqdim edilməsi, kompüterdə yığılmasının texniki əngəllər törətməsi əlavə zəhmət və diqqət tələb edirdi. Digər çətinlik işlədiyim institutda normal iş şəraitinin olmaması idi. Yaşadığımız mənzilin darısqallığına baxmayaraq, ailə üzvləri, nə qədər çətin olsa da, mənim üçün iş şəraiti yaratmağa çalışırdılar. Məhz belə bir şəraitdə ciddi və məsuliyyətli işin altına girdim. Əsəri altı aya tərcümə edib qurtardım. Amma tərcüməni yenidən nəzərdən keçirdikdə səhvlərin, yanlış terminoloji çevirmələrin şahidi oldum. M.Kazımbəyin istifadə etdiyi terminlərə azərbaycanca, hətta rusca dilçiliyə dair tərtib olunmuş müasir terminoloji lüğətlərdə və ensiklopediyalarda rast gəlinmirdi. Görünür, mən də öz növbəmdə tələskənliyə yol vermişdim. Belə ki, müxtəlif dillərdə olan müvafiq mənbələri araşdırıb dərinliyə baş vurmamış, bununla da, son illərdə dilçiliyə aid əsərlərin Azərbaycan dilinə tərcüməsi ənənəsinə sadiq qalmışdım. Nəticədə, sanballı bir tərcümə işindən danışmaq çətin idi. Məsələn, çox vaxt hər hansı fikir kontekstdən aydın olmurdu. Tərcüməyə yenidən qayıtmağın zəruriliyini hiss etdim. İntensiv çalışmalardan sonra M.Kazımbəyi təkcə öz əsəri müstəvisində tərcümə etməyin mümkünsüzlüyünü dərk etdim.
Bütün bunları nəzərə alıb ərəb, latın, fransız, rus, türk, italyan, ingilis və digər dillərdə olan klassiklərin əsərlərinə müraciət etdim. Latın dilində H.Miqiza (1612), F.Meninski (1680), fransız dilində J.Holderman (1730), J.Prendl (1789), M.Viqye (1790), A.Jober (1833), Jan-Şarl dö Bess (1829), V.Lötelye (1838), A.Fayzmayer (1847), L.Dübö (1856), Şarl Vyot (1856), M.Nassif (1862), ingilis dilində A.Davids (1832), italyan dilində K.Komidas (1794) və digərlərinin Türk-Azərbaycan dilinin qrammatikasına dair əsərlərini müqayisəli təhlilə cəlb etdim. Bir çox hallarda fransız alimlər – A.Arno və K.Lanslo, N.Boze, şərqşünas Silvestr dö Sasinin fikir və müddəalarına, Babil, Çin-yapon və ərəb ənənəvi qrammatikalarına, qədim hind, Roma dilçiliyinə, modistlərin, humanistlərin, fransız ensiklopedistlərinin təlimlərinə, qədim yunan və latın dillərinin qrammatikalarına üz tutdum, bildiyim dillər vasitəsilə sanskrit və anqlo-sakson dillərindən lazım olan dil faktlarını əxz etdim. Təkmilləşdirməyə ehtiyac duyduğum məqamlar üzərində dönə-dönə dayandım. M.Kazımbəyin türk dili və dialektləri ilə bağlı işlətdiyi bir neçə istilahın izahını M.V.Lomonosovun "Rossiyskaya qrammatika” (1755) əsərində tapdım. Bu qəbildən olan digər terminoloji problemləri həll etmək məqsədilə A.A.Bobrovnikovun "Qrammatika monqolsko-kalmıtskoqo yazıka” (1855) əsərini və Rusiya ərazisində yaşayan digər türkdilli xalqların dilinə aid rus dilində yazılmış bir sıra dissertasiya, avtoreferat və monoqrafiyaları nəzərdən keçirdim. Şübhəsiz ki, bütün bunlar M.Kazımbəyin öz Qrammatikasında bəhs etdiyi türk ləhcələrində spesifik qrammatik hadisələrin anlaşılması üçün böyük önəm kəsb etdi. Beləliklə, M.Kazımbəyin Ümumi qrammatikasının aydın mənzərəsini yaratmaq məqsədilə 2 il 9 ay intensiv (sutkada 10-14 saat) işləməklə tərcümə, tədqiq və şərh işini mümkün qədər uğurla başa vurmağa çalışdım.

– M.Kazımbəyin Rusiya şərqşünaslıq elmində yeri barədə nə deyə bilərsiniz?

– Şəxsiyyəti ilə qürur duyduğumuz M. Kazımbəy Kazan Universitetində Şərq dilləri kafedrasının müdiri, Sank-Peterburq Universitetində Şərq dilləri fakültəsinin ilk dekanı, səkkiz dil bilən azərbaycanlı mütəfəkkirdir. O, rus şərqşünaslığının banilərindən biri sayılır. Dünya şöhrətli türkoloq, iranşünas, ərəbşünas və islamşünas, ensiklopedik biliyə malik böyük alim M. Kazımbəy Rusiyanın, Avropanın və Şərqin elmi dairələrində tanınmış, dünya şərqşünaslığında silinməz izlər buraxmış unudulmaz şəxsiyyətdir. Kazanda və Peterburqda universitet şərqşünaslığının mənbələri və inkişafı Mirzə Kazımbəy fenomeni ilə bağlıdır. Onun müsəlman Şərqinin dili, tarixi, fəlsəfəsi, ədəbiyyatı və s. sahəsindəki əsərləri Rusiyada və Avropada şərqşünaslığın ən mükəmməl nümunələrini təqdim edir. Bu böyük alimin çoxşaxəli elmi fəaliyyəti barəsində bir çox əsərlər işıq üzü görmüşdür. Eyni zamanda, onun həyat və yaradıcılığı barəsində məlumatlara Qustav Düqonun, İ.Yu.Kraçkovskinin, M.S.İvanovun, V.V.Bartoldun, A.Rzayevin və onlarla başqalarının tədqiqatları, həmçinin indiyə qədər olan digər araşdırmalarda da rast gəlinir. Böyük alimin bütün bioqrafları qeyd edirlər ki, hörmətəlayiq türkoloq Avropa ilə Şərqin dil və qrammatik ənənələrini özündə birləşdirir. Elmi ənənələrin və tədqiqat üsulları-nın bu mürəkkəb şəbəkəsi daha çox onun "Ümumi qrammatika”sında öz əksini tapır. A.Joberin "Qrammatika”sına məxsus latın və ənənəvi ərəb dili qrammatikası sxemləri və terminologiyasını özündə birləşdirən "Ümumi qrammatika”da M.V. Lomonosovun dilçilik ideyalarının da təsirini görmək mümkündür. M.Kazımbəy rus türkologiyasına ərəb dilinin qrammatikasına məxsus "izafə”, "izafət” terminlərini gətirmişdir.

– M.Kazımbəyin Qərb şərqşünaslığında xüsusi yeri olduğu deyilir. Bir qədər aydınlıq gətirərdinizmi?

– M.Kazımbəyin adı, demək olar ki, ABŞ-ın və Qərbi Avropanın, xüsusən, Fransanın, İngiltərənin və Almaniyanın ensiklopediyalarında, elmi-sorğu kitabçalarında və məcmuələrinə layiqli yer tutur. Adıçəkilən ölkələrin jurnallarında M.Kazımbəyin əsərləri dərc olunurdu. Parisdə "Journal Asia-tique”də onun bir sıra məqalələri fransız dilində çap olunmuşdur. O dövrdəki fransız şərqşünaslarından Qarsen Dö Tassi M.Kazımbəyə onun əsərinə tənqidi yanaşıb səhvləri təshih etdiyinə görə təşəkkürünü bildirmişdir. Kazımbəyin elmi fəaliyyəti ingilis mətbuatında geniş işıqlandırılırdı. 1841-ci ildə ingilis alimi və səyahətçisi E.Turnarelli "Kazan və onun sakinləri” adlı kitabında M.Kazımbəyin şəxsiyyətinə, fitri zəkasına, çoxlu dil bilməsinə heyranlığını gizlədə bilmirdi. Məşhur fin alimi Kastren Kazımbəyin pedaqoji fəaliyyətini yüksək qiymətləndirirdi. Tanınmış fransız şərqşünası Qustav Düqa tərəfindən çap olunan "XII-XIX əsr Avropa şərqşünaslarının tarixi” kitabında müəllif təkcə XIX əsrdə fəaliyyət göstərmiş on beş şərqşünasdan bəhs edərək M. Kazımbəyə 18 səhifəlik yazı həsr etmişdir. Müəllif, M.Kazımbəyin keçdiyi həyat yolu, onun əsərləri, Avropa şərqşünaslığında tutduğu yeri haqqında yığcam məlumatlar verir, onun çap olunmuş və əlyazma şəklində olan əsərlərinin adını sadalayır. Fransız şərqşünası Qustav Düqa yazırdı ki, şərqşünaslıq elmi sahəsində Rusiya M.Kazımbəy kimi elmi irəli aparan alimləri ilə fəxr etməlidir. M. Kazımbəy Amerikada və Avropada bir çox elmi cəmiyyətlərin üzvü olmuşdur. O, Kazan Universitetində Şərq filologiyası elmləri üzrə ordinar professor, Sankt-Peterburq İmperator Elmlər Akademiyasının müxbir üzvü, Londondakı Böyük Britaniya Kral Cəmiyyəti və İrlandiya Cəmiyyətinin, Kopenhagendəki Şimali Antikvarlar Kral cəmiyyətinin və s. üzvü seçilmişdir. Virginia Universitetinin professoru doktor Robert Gerasi "Şərqə pəncərə” adlı kitabında M.Kazımbəyi türk mənşəli ilk Avropa türkoloqu adlandırmışdır.

– "Qrammatika”nın hələ XIX əsrdə alman dilinə tərcümə edilərək Qərb ali məktəblərində uzun müddət dərs vəsaiti kimi tədris olunduğu deyilir. Bu möhtəşəm əsərin iki əsrə yaxın müddətdə dilimizə çevrilməməsi nə ilə bağlıdır?

– 1846-cı ildə Kazanda M.Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası”nın təkrar nəşri Qərbi Avropa ölkələrində türk dillərinin öyrənilməsi üçün böyük stimul oldu. İlk dəfə olaraq bu qrammatikaya alman şərqşünasları müraciət etdilər. 1848-ci ildə alman şərqşünası Y.Senker "Qrammatika”ya təfsilatlı müqəddimə yazaraq onu alman dilinə tərcümə edib nəşr etdirdi. Bəli, "Türk-tatar dilinin ümumi qrammatikası” 1921-ci ildə fransız Jan Deninin "Türk dilinin qrammatikası” əsərinin nəşrinə qədər Avropanın ali məktəblərində dərs vəsaiti kimi tədris edilmişdir. Əfsuslar olsun ki, ana dilimizin ilk elmi qrammatikasını özündə əks etdirən bu möhtəşəm dil abidəsi indiyədək Azərbaycan dilinə tərcümə olunmamış və müfəssəl tədqiqini tapmamışdır. Əsərin yüksək məziyyətlərə malik olması haqqında fikir və müddəalar səsləndirilsə də, ümumilikdə, heç bir konkret addım atılmamış, "Ümumi qrammatika”nın detallarına varılmamışdır. Görünür, kitabın spesifik elmi üslubda yazılması, onun elmi çoxcəhətliliyi, terminlərin mürəkkəbliyi və çox vaxt anlaşılmazlığı tədqiqatçıları bu yükün altına girməkdən çəkindirmişdir.

– Ana dilimizin ilk elmi qrammatikası olan bu möhtəşəm əsəri tərcümə və tədqiq etmək üçün alim-mütərcimdən hansı keyfiyyət və bacarıqlar tələb olunurdu?


– M.Kazımbəyin bu əsərini tərcümə, tədqiq və şərh etmək, əsərin dərin qatlarına nüfuz etmək üçün alim-tədqiqatçı rus, ərəb, fransız, ingilis dillərini bilməli, hətta latın, italyan və ispan dillərinin qrammatikasından baş çıxarmalı, ümumi dilçilik biliklərinə yiyələnməli, bundan əlavə, səbr, təmkin və iradə nümayiş etdirərək ağır zəhmətə qatlaşmalıdır. Sadaldığımız dillərin qrammati-kasından xəbərsiz tədqiqatçı M.Kazımbəyin "Ümumi qrammatikası”nın mahiyyətini dərk edə və mükəmməl nəticə əldə edə bilməz.

– Hazırda müqayisəli qrammatika dedikdə, bir qayda olaraq F.Boppun adı çəkilir. Bu, Mirzə Kazımbəyə qarşı haqsızlıq deyilmi?

– Qeyd etmək lazımdır ki, F.Boppun 1833-1849-cu illər arasında çapdan çıxmış Sanskrit, zend, yunan, latın, litva, qot və alman dillərinin müqayisəli qrammatikası əsəri elm tarixində sözügedən hind-avropa dillərinin müqayisəli təsvir və sözdəyişməsində ilk təcrübə hesab olunurdu. Əsərinin müqəddi-məsində bəyan etdiyi kimi, alimi daha çox ad və feillərin fleksiyasının mənşəyi maraqlandırırdı: "Bu əsərin başlığında göstərdiyim dillərin hamısının müqayisəli təsvirini, onların fiziki və mexaniki qanunlarının tədqiqini, qrammatik əlaqələri ifadə edən formaların mənşəyini vermək istəyirəm”. F.Boppun bu əsərində müxtəlif dillərdə morfem qarşılaşdırmasının yeganə qarantı olan fonetik korrespondensiyanın sərt üsulunun olmaması təəccüb doğurur. Bütün çatışmazlıqlarına rəğmən, F.Boppun mövqeyi və onun əsərinin müqayisəli qrammatikadakı yeri olduqca qabarıq şəkildə təsvir edilmişdir. E.Makayev dilçi-alim D.Meyeyə istinadən yazırdı: "Xristofor Kolumb Hindistana yol axtararkən Amerikanı kəşf etdiyi kimi, Bopp da hind-avropa dillərinin izahını arayarkən müqayisəli qrammatikanı kəşf etmişdir”.
Tərəddüd etmədən eyni yüksək qiyməti, hətta ondan bir qədər üstününü M.Kazımbəyə vermək daha ədalətli yanaşma olardı. M.Kazımbəy 1839-cu ildə məhz belə bir nəhəng missiyanı yerinə yetirmişdir. Əslində o, nəinki türkologiyada, həm də ümumi dilçilikdə faydalı və orijinal bir əsər ortaya qoy-muşdur.
M.Kazımbəy təkcə rus və müxtəlif türk dillərinin deyil, həmçinin monqol, ərəb, fars, fransız dili kimi müxtəlif sistemə malik bir sıra dünya dillərinin müqayisəli qrammatikasını tədqiqata cəlb etmiş, öz dərin intuisiyası hesabına komparativ və kontrastiv dilçiliyin klassik keyfiyyətlərinə xidmət edən bir sıra parlaq və inandırıcı tutuşdurmaları təqdim etməyi bacarmışdır. Dünya dilçiləri heç bir qısqanclıq etmədən bu sayğıdəyər şəxsiyyətin gerçək mövqeyini açıqlamaqdan çəkinməməli, bu dahi azərbaycanlı alimin dünya dilçilik elminə verdiyi töhfəni düzgün qiymətləndirməlidirlər.
Etiraf etmək lazımdır ki, bir çox dilçilik məsələlərinə yanaşmada M.Kazımbəy hətta F.Boppun fövqündə dayanır. M.Kazımbəyin linqvistik irsini ciddi tədqiqata cəlb etmək yolu ilə bu həqiqəti asanlıqla təsbit etmək mümkündür. Təəssüf ki, bu dahi şəxsiyyətin linqvistik irsi indiyədək ciddi tədqiqat obyekti olmamışdır.

– "Əsl fədakarlıq nümunəsi” adlandırılan əsərinizin çapı ilə bağlı vəziyyət nə yerdədir? Kitabın tirajı Azərbaycan elm ictimaiyyətinin ehtiyacını ödəyəcəkmi?

–”Mirzə Kazımbəyin türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyasının çapı ilə bağlı vəziyyət, təbii ki, ürəkaçan deyil. Kitabı 2017-ci ilin sentyabr ayında "Zərdabi LTD MMC” nəşriyyatında çox çətinliklə şəxsi vəsaitim hesabına məhdud sayda (cəmi 100 ədəd. Xatırladım ki, kitabın bir ədədi 25 AZN-ə başa gəlmişdir) çap etdirə bildim. Kitabdan yalnız bir neçə quruma və şəxslərə hədiyyə etmək imkanım oldu. 100 tiraj nəinki Azərbaycan elm ictimaiyyətinin, hətta az kontingenti olan bir institutun tələbatını ödəmək iqtidarında deyil.
Əsər formal şəkildə 07.02.2018-ci ildə Humanitar Elmlər bölməsi üzrə mühüm elmi nəticə kimi AMEA-nın illik hesabatına daxil edilsə də, istər Humanitar Bölmə, istərsə də Dilçilik İnstitutu rəhbərliyi tərəfindən kitabın nəşrinə tam laqeydliklə yanaşıldı. Məsul şəxslər külli miqdarda dövlət vəsaiti hesabına plagiat əsərlərin çapına rəvac verdikləri halda, milli irsə faktiki olaraq ögey münasibətlərini ortaya qoydular və qoymaqdadırlar.
1007 səhifəlik dərin elmi-tədqiqat məzmunlu möhtəşəm dil abidəsinə nəinki Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda böyük tələbat vardır. Təkcə Bakıda kitab üçün mənim özümə çoxlu müraciətlər olur. Kitabı Türkiyədən, Rusiyadan, Qazaxıstandan, Tatarıstandan, Almaniyadan və digər ölkələrdən istəyənlər var. Kitaba ehtiyac duyanların, təəssüf ki, heç birinin arzusu yerinə yetirilə bilmir.
Bu arada piratçılar fürsəti qaçırmamış və müəlliflik hüququm ciddi şəkildə pozulmuşdur. Rusiya və Ukraynada böyük ofisləri olan, mərkəzi qərargahı ABŞ-ın Minneapolis şəhərində yerləşən İst Vyu İnformasiya Xidmətləri (East View Information Services) tərəfindən, görünür, qeyri-qanuni şəkildə hansısa formada çoxaldılan kitab yüksək qiymətlə (71$) satışa çıxarılmışdır. Bundan yalnız 2018-ci ilin iyul ayında xəbər tutdum. Təbii ki, piratçılara qarşı məhkəmə davası açmağa nə gücüm, nə də vaxtım oldu, yalnız qanunsuz satış reklamının saytdan çıxarılmasına nail oldum.

 

           

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300