Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR
Mənim ölümümdə isə bilavasitə günahkar ARÇİKO MMC-nin rəhbərliyi
və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.
Bakı şəhəri Nəsimi rayonu Liteyni döngə, ev 5 ünvanında yaşayan I qrup əlil Bəşirova
Nişanə Faiq qızı BakuNews.az-a üzləşdiyi problemlə bağlı məlumat verib. Məlumatda
bildirilir ki, ARÇİKO MMC əlilin yaşadığı mənzildə ciddi qəza vəziyyətinin
yaranmasına səbəb olub. Məsələnin araşdırılması üçün yuxarıda göstərilən
ünvanda olan BakuNews.az-ın əməkdaşı mənzildəki vəziyyətin olduqca ağır
olduğunun şahidi olub. Belə ki, ARÇİKO MMC-nin ərazidə inşa etməkdə olduğu
binanın qazılmış katlavanının yaratdığı fəsadlar nəticəsində mənzilin divarında
yaranmış çatdan evin hər an üçmaq təhlükəsi yaranıb. Hətta mənzilin katlavan
qazılan istiqamətində yaranmış çatdan bayır hissəsi aydın görsənir. Xatırladaq
ki, gözdən əlil və ağır şəkər xəstəsi olan Bəşirova Nişanə Faiq qızı kənar şəxsin
köməyi olmadan hərəkət məhdudiyyətli insandır. Belə olan halda hər an ciddi
problem yaranacağı təqdirdə bu xanımın evi tərk etmək imkanı mümkünsüzdür. Onu
da qeyd edək ki, ARÇİKO MMC əsasən paytaxt və paytaxtətrafı rayonların icra
hakimiyyətləri ilə iş birliyində olduğu üçün bu şirkət insanların həyatını önəmə
almır. Oxucuların diqqətinə çatdıraq ki, Nəsimi rayon icra hakimiyətinin
başçısı Asif Əsgərovun oğlunun adı avtomobil qəzası nəticəsində insan ölümü
faktı ilə mətbuatın gündəm mövzusuna çevrilib. Baş verən cinayət hadisəsindən nəticə
çıxarmayan icra başçısı bu dəfə bir ailənin ölümünə sərəncam imzalayıb. Şikayətçinin
bildirdiyinə görə özünü ARÇİKO MMC-nin rəhbəri kimi təqdim edən Məhəmməd
Musayev Nişanə Bəşirovanın mənzilinin sökülməsi müqabilində ona iki ədəd 2
otaqlı mənzil və əlavə olaraq 50 min manat pul təklif edib. Hətta əlil xanıma mənzilindəki
əşyaların qablaşdırılmasını da deyən MMC rəhbəri N.Bəşirovanın evinin
qarşısındakı yardımçı binanın dam örtüyünü də sökdürüb. I qrup əlil olan şikayətçinin
bildirdiyinə görə mənzilində yaranan qəzadan sonra əksər hallarda evdə gecələmirlər.
- Evimiz hər an üça bilər. Məsələ ilə bağlı rayon icra hakimiyyətinin
başçısının və müavinin qəbulunda olduğum zaman İHB-nin müavini şirkət rəhbəri
ilə telefon əlaqəsi yaratdıqdan sonra, xəstəliyimə məhəl qoymamaqla yanaşı,
şikayətimi dinləmədən məni otaqdan qovdu. Mən mətbuat vasitəsilə ölkə
Prezidentinə, I vitse-prezidentə müraciət edirəm. Xəstəliyim məhz bu məsələyə
görə daha da şiddətlənib. Hər an ölə bilərəm. Mənim ölümümdə isə bilavasitə
günahkar ARÇİKO MMC-nin rəhbərliyi və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı
Asif Əsgərovdur. Xahiş edirəm ölkə vətəndaşını Prezidentdən narazı salan şirkət
rəhbəri və icra başçısı barəsində ölçü götürəsiniz.
Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə
hazırdır.
BakuNews.az