Qurani-Kərimdə Ramazan ayı çatdırışı

 

Çətinliyi aradan aparan şirinlik

 

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək ayın orucu ilə bağlı Qurani-Kərimin "Bəqərə” surəsinin 183-cü ayəsində Yaradanımız bizə müraciətlə buyurur: "Ey iman gətirənlər! Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, bəlkə təqvalı olasınız”.

Alimlərimiz bildirirlər ki, "ey iman gətirənlər”, "ey iman daşıyıcıları” müraciəti çox şirin, çox məhrəmyanədir. Rəbbin bəndəyə yaxın olmasını göstərən bu müraciətin özündə olan təbərrüklük və şirinlik, orucun zahiri çətinliklərindən qat-qat artıqdır və oruc tutan üçün böyük dayaq və dəstəkdir.

Bu şirinliklə yanaşı, burada məsuliyyət də vardır. Burada iman gətirmək kimi konseptual bir kateqoriyanın nəzərdə tutulduğunu görürük. İman gətirmək, mömin olmaq qətiyyən sözlə, zahiri şəkillə kifayətlənən bir məsələ deyil. Bu mövzuda İmam Əlidən (ə) belə nəql edilir: "Əgər iman təkcə söz olsaydı, oruc, namaz, halal və haram nazil olmazdı”.

Mübarək hədisdə imanın bəzi göstəricilərinə işarə edilir. İnsan dinin vacibatlarına əməl etməli, qırmızı xətlərini keçməməlidir. Allahın vacib buyurduqlarına riayət etməli, qadağalarından çəkinməlidir.

Uca Allah xitab edir: "Ey iman əhli” - "ey mənim əziz iman gətirənlərim”. Hər birimizə aiddir. Hədislərimizdə buyurulur ki, "Ey iman gətirənlər!” buyuruşunda o qədər şirinlik var, ərk var, o qədər məhrəmyanə münasibət var ki, insanın bütün vücudunu silkələməlidir. Bütün bundan sonra deyilən hər nə var - öz çətinliyini, öz ağırlığını itirməlidir. O qədər məhəbbətlə, o qədər sevgi ilə Rəbbimiz bizə bunu ünvanlayır - "Ey möminlər, ey iman əhli, ey müsəlmanlar, ey mənim əzizlərim, ey dəyərli iman gətirmişlər, oruc sizin üçün vacib qərar verildi. Mübarək Ramazan ayının orucu sizlər üçün vacib qərar verildi, necə ki, sizdən öncə olanlar üçün vacib qərar verilmişdi”.

Allah Təala öz xüsusi inayəti ilə hər birimizə ünvanlayır bu buyuruşunu. Hazırıqmı? Bu İlahi buyuruşu cavablandırmağa hazırıqmı? Bu buyuruşu qəbul etməyə, bu məhrəm, ərkyanə, sevgi ilə dolu çağırışı cavablandırmağa içimizdə hazırlıq nə qədərdir? Və Rəbbimiz bizlərə bu dəvətinin, bu buyuruşunun hədəfini və məqsədini açıqlayır - "İnşəallah ki, təqvalı olarsınız”, "bu İlahi ziyafətdə Mənim vacib buyurduğum dəvəti qarşılayanlardan, bu dəvəti qəbul etmişlərdən olsanız - nəticədə İlahi təqvaya çatmışlardan olarsınız”.

Mübarək ayədə bir sıra əlamətdar təfsiri çalarlar var. Bunlardan birinci və belə demək olarsa, ən vəzifə müəyyənedəni odur ki, müsəlmanlara mübarək Ramazan ayında oruc vacib buyurulur. Yəni, müsəlman olan şəxsə, İslam imanında olan şəxsə mübarək Ramazan ayında sübh azanından şam azanınadək orucu pozan işlərdən çəkinmək vacibdir. Vacibi əməl odur ki, insan onu mütləq yerinə yetirməlidir. Vacib əməli tərk etmək olmaz - o hallar istisnadır ki, bunlar müqəddəs inancımız tərəfindən dəqiq surətdə açıqlanıb. Vacib əməlin insanın ruhiyyəsinə o dərəcədə təsiri vardır ki, bunu tərk etmək İlahi cəzaya səbəb olur.

İkinci təfsiri çalar da son dərəcədə əhəmiyyətli mövzunu özündə cəmləşdirir. Bəlli edilir ki, iman - orucun zəruri şərtlərindəndir. Orucun vacibliyi iman sahibi olmaqla şərtlənib. Bir kəs ki, İslamın iman dairəsinə daxil olur - onun mübarək Ramazan ayı boyunca oruc tutması vacibdir. Bu insan üçün oruc - vaciblər kateqoriyasına aid olan bir ayin kimi müəyyən edilib.

Açıqlanan növbəti təfsiri çalar orucun dərin və qədim bir tarixə malik olması ilə bağlıdır. Ayədən irəli gələn dərslərdən biri odur ki, İslamdan öncəki zaman kəsimlərində yaşayan ümmətlər üçün oruc bir əməl olaraq müəyyən edilmişdi. Həzrət Rəsuli-Əkrəmin (s) İlahi mesajı bəşəriyyətə çatdıraraq, peyğəmbərlik missyasını xətm etdiyi zamandan öncə yaşayan millətlər və qövmlər üçün də oruc kateqoriyalı bir məsələ var idi və insanların oruc tutması adında bir mövzu da mövcud idi.

Orucun statusu

Təqdim edilən digər təfsiri nöqtə - orucun statusu ilə bağlıdır. Belə ki, orucun istər İslam dinində, istərsə də İslamdan öncəki dövrlərdə yerinə yetirilməsi mühüm olan bir əməl olmasına vurğu edilir. Müəyyən olunur ki, oruc - dinin bazis elemetlərindəndir, rüknlarındandır. Oruc - dinin əsaslarındandır. Orucsuz din yoxdur, inanc yoxdur. İnsanda iman vardırsa, gərək onun orucu da olsun. İmana iddia vardırsa, gərək oruc tutmaq da olsun.

Mübarək ayədə "ey iman gətirənlər” ifadəsi işlənib və iman gətirənlər üçün orucun vacibliyi bildiriləndən sonra aydın olur ki, əgər insan buna sahib çıxsa, əgər insan ona vacib olaraq buyurulmuş bu əməli yerinə yetirsə, Allahın lütfü ilə təqvaya yetişmiş olar.

Beləliklə, növbəti təfsiri çalar orucun təqvaya yetişmədə oynadığı müstəsna rol barədədir. Əgər bir kəs istəyə ki, təqvalı olsun - Yaradanın bəyəndiyi işləri etsin və bəyənmədiyi işlərdən çəkinsin - onun vacibi şərtlərindən biri oruc tutmaqla bağlıdır.

Digər nöqtə təqvanın hədəf kimi seçilməsi ilə bağlıdır. Aydın olur ki, mübarək Ramazan ayında tutulan orucun təqvaya yetişdirməsi ikinci-üçüncü dərəcəli mövzu deyil. Təqvaya yiyələnməyin bütün iman daşıyıcıları üçün vəzifə olması bəlli edilir. Təqvalı olmaq - İslamda olan bütün insanların vəzifəsi kimi müəyyən edilir Uca Rəbb tərəfindən. Ayədə oruc tutmaq bütün iman əhlinə vacib buyurulur. Və bu oruc tutmada məqsəd olaraq, təqvaya yetişmək göstərilir. Beləliklə, təqvaya çatdıran orucun vacibliyi, təqvanın özünün də vacibliyini zəruri edir.

Allah Təala İslam ümmətini Ramazan ayı orucu ilə şərəfləndirib

"Oruc sizdən əvvəlki ümmətlərə olduğu kimi, sizlərə də vacib buyuruldu”. Burada da mühüm bir nöqtə var. Bu ayənin bir təfsiri çaları da bundan ibarətdir ki, bəzən bu cür təfsir olunur ki, bizlərdən öncəki ümmətlərə də oruc vacib idi. Amma burada bir başqa mühüm məsələ də var. Belə ki, biz Məsum İmamlarımızdan (ə) ayənin bu hissəsinin təfsiri ilə bağlı maraqlı bir çatdırış görürük. İmam Sadiqin (ə) səhabələrindən biri buyurur: "İmam Sadiqdən (ə) eşitdim ki, Ramazan ayının orucu öncəki heç bir ümmətə vacib buyurulmamışdı. O Həzrətə (ə) dedim ki, Allah Təala Quranda bildirir: ”Ey iman gətirənlər! Oruc tutmaq sizlərə yazıldı, necə ki, sizlərdən öncəkilərə də yazılmışdır". İmam (s) buyurdu: "Ramazan ayının orucu yalnız o ümmətlərin peyğəmbərlərinə (ə) vacib buyurulmuşdur, nəinki o ümmətlərin özünə. Və Allah Təala Ramazan ayının orucunu İslam ümmətinə vacib etməklə, onlara üstünlük vermişdir”.

Əgər bu təfsiri çaları götürsək, buradan aydın olur ki, mübarək Ramazan ayı Allahın insanlara bir nemətidir, hansı ki, əvvəlki ümmətlərin özlərinə deyil, yalnız onların peyğəmbərlərinə (ə) vacib buyurulmuşdu. Amma elə həmin Ramazan ayının orucu İslam ümmətinin təkcə Peyğəmbərinə (s) deyil, bütün üzvlərinə də vacib buyurulmuşdur və bununla da Allah Təala müsəlman ümmətini şərəfləndirmişdir.

İnsan öz potensialını kəşf edə bilər

Mübarək Ramazan ayında külli miqdarda çalar var. Amma ayın mərkəzi rəngi - Ramazan ayının orucudur. Əgər bizə vacib buyurulan bu orucu doğru-dürüst tutsaq, ayın içərisində olan məsələlərə doğru-dürüst riayət etsək - İlahi təqvaya yiyələnmiş olarıq.

Bir önəmli məsələ də budur ki, Rəbbimiz bizə oruc tutmağı tövsiyə etməklə yanaşı, nəticədə təqvaya yetişmək imkanının olmasını, təqvaya çata biləcəyimizi bildirir. Buradan bu təfsiri çalar da çıxır ki, oruc - digər İlahi vacibatların yerinə yetirilməsinin dayağıdır, əsasıdır. Əgər oruc tutacağıqsa, təqvalı ola bilərik. Təqvalı olanda isə bütün dini vacibatları yerinə yetirmiş olarıq. Deməli, oruc bütün vacibatların həyata keçirilməsi üçün zəmin yaradır.

Rəbbimiz deyir: Mənim bəndəm, indi bir ay yaradıram ki, sən o ayın içərisində özünə gələsən, özünü düzəldəsən, gözlərini haramdan çəkəsən, dilini nəzarətə götürəsən, qulaqlarını nəzarət halına gətirəsən, düşüncələrini nəzarətə gətirəsən, yediyini nəzarətə gətirəsən.

Mübarək Ramazan ayında nə edirik? Sübh azanından iftar vaxtına qədər bizlərə ilin başqa aylarında halal olan məsələlərdən özümüz öz iradəmizlə, şüurlu surətdə imtina edirik. Allah Təala istəyir çatdıra ki, sən bir bəndəmsən ki, yayın isti, qızmar vaxtında, başqalarının haram işlətdiyi bir vaxtda, haram yediyi, içdiyi bir vaxtda, sən halal yeməkdən, halal içkidən də belə imtina etmək qüdrətindəsən. Allah Təala bunu istəyir bizə öyrədə ki, ey insan, sən çox şeylərə qadirsən, sənin içərində çox böyük imkanlar var, çox şeyi bacarırsan. Deməli, mübarək Ramazan ayının bir çaları da budur ki, Rəbbimiz bizlərin çox şeyə qadir olmağımızı öyrədir. Susuz qala bilirik, yeməksiz qala bilirksə, ilin başqa vaxtlarında haramlardan uzaq durmaq o qədər də çətin iş deyil.

Rəbbimiz deyir ki, oruc tutun ki, inşəallah, təqvalı olarsınız. Yəni, günah etməzsiniz, günaha doğru getməzsiniz. Fəsaddan uzaq olarsınız, özünüzü, öz durumunuzu daha çox kontrol edərsiniz. Necə? Oruc nə verir adama? Oruc tutmağın nə hikməti, nə özəlliyi var? Oruc tutmağın nə xüsusi bir cəhəti var ki, nəticədə insanı təqvalı edər, nəticədə insanın həyatında fəsadı azaldar və insanın təqvasını artırar?

Orucun bu kimi işlək bir mexanizm rolu oynaması, onun günahları mənbələndirən amillərin qarşısını almağı ilə bağlıdır. Oruc bunları nəzarətə götürür. Oruc - həm qəzəb hissini, həm də şəhvət hissini kontrola alır. Bunu, öz mahiyyəti ilə edir. Oruc tutan insan - həqiqi oruc tutan - bütün əzaları ilə pəhriz etməsilə yanaşı, qəlbini və düşüncələrini, zehnini, fikir axımını da öz nəzarətində saxlayır. O, bilir, fərqinə varır ki, bir anlıq öz fikir axımını özbaşına buraxsa, destruktiv və reqress düşüncələr üçün münbit zəmin yaratmış olar. Və bu əqlani nəzarət avtomatik olaraq oruc tutanın şəhvət və qəzəb hisslərinə də şamil olunur. Nəticə etibarilə, bu iki əsas amilin əhliləşdirilməsi də digər günahların və günah barədə fikirlərin də qarşısını alır. Bunun nəticəsində insanda fəsad azalar, insanda təqva artar. Allahın Peyğəmbəri (s) buyurur: "Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsər və lovğalığı aradan aparar”.

Oruc insanın şəhvətini, təkəbbürünü, lovğalığını, qəzəbini nəzarətdə saxlayar. Oruc insanın daxilində bir mübarək ab-hava yaradar ki, burada əyintilərə, eybəcərliklərə yer qalmaz. Burada insanın vücudi inkişafı üçün gözəl şərait yaranar. Və həmin şəraitdə insan öz tüğyan etmək istəyən nəfsini ram edər, öz hisslərinə daha çox sahib olar, qəzəb və şəhvətinə nəzarət edər. Bunu edə bilsə, təqvalılıq üçün böyük zəmin yaranar. İnsanın müsbətlərə can atması və mənfiliklərdən çəkinməsi təbii bir prosesə çevrilər. O, eybəcərlikləri eybəcər, gözəllikləri isə gözəl görər.

Oruc - nəfsi istəkləri tənzimləməyi öyrədir. Oruc zamanı insan digər vaxtlarda ona halal olan şeylərdən - yeməkdən, içməkdən digər məsələlərdən çəkinməyi öyrənir. Bu, onda vərdiş halına gəlir. Vərdiş isə onda mələkə halına keçə bilir - şəxsiyyətinin ayrılmaz hissəsinə çevrilir.

Bəli, mübarək ayədə Ramazan ayının orucu vacib bir əməl olaraq buyurulur. Yəni arzu, istək, nəzir və s. məsələlərlə bağlı deyil - vacibdir. Fiziki imkanı çatan, iqtidarında olan hər bir insana oruc tutmaq vacib buyurulmuşdur.

Görürük ki, əməlin vacibliyini çatdırdıqdan dərhal sonra Rəbbimiz bizə bu əməlin fəlsəfəsini yığcam, lakin çox dərin bir şəkildə çatdırır. "Ola bilsin ki, təqvalı olasınız”.

Ramazan ayının orucu təqva ruhiyyəsinin formalaşdırlmasında ən təsirli amillərdən biridir. Təqva nədir? Təqva - insanda bir halətin formalaşmasıdır ki, onun günaha tərəf getməsini əngəlləyir.

Günahlarımızın kökündə dayanan iki amilin müalicəsi

İnsanın günahlarının kökündə əsasən iki şey dayanır. O iki şeyi insan nəzarətə alsa, hər şey düzələcək. Bu iki şeyin biri şəhvətdir, o biri isə qəzəb. Mübarək Ramazan ayında Allah Təala bizim bu iki qüvvəmizi, bu iki qərizəmizi o vəziyyətə saldırır ki, özümüzü düzəldək, təqva halına gələk. Bu ayda bir optimal vəziyyət yaranır ki, bu iki qüvvə insana mane olmasın. Şeytanın (lən) əl-ayağının zəncirlənməsi bu mənayadır. Yəni lənətlik iblisin iki ciddi müttəfiqi bizim içimizdə dondurulur. Müəyyən mənada o şiddətli imkanları zəiflədilir.

Yay mövsümündə oruc tutan insan günün 16-17 saatı ərzində yemir və içmir. Başqa vaxtlarda ona halal olan qida və içkilərdən də çəkinir. İnsanın ifrat fiziki enerjisi yoxdur. Artıq onu silkələyən, hərəkətə gətirən, özündən çıxaran ifrat fiziki gücü mövcud deyil. İnsan bu ayda ona başqa vaxtlarda halal olan şəhvət imkanlarından da özünü ayırıb. Elə bir vəziyyət yaranır ki, insan iki böyük qüvvəni öz nəzarəti altına götürə bilir. Əgər bir ayın hər gününün 16-17 saatında insan halal olanları da belə, qəbul etmirsə, başqa vaxtlarda ona halal olanlardan iradəvi olaraq çəkinmək imkanı əldə edirsə, başqa aylarda halal olmayanlarla da düzgün rəftar etmək gücünü qazanacaq.

Qəzəb qüvvəsi ilə rəftarı öyrənmə ayı

Həzrət Əmirəlmöminin (ə) bizlərə insanın ən pis düşmənini, ən yağı düşmənini tanıtdırır. Həzrət Əli (ə) buyurur: "İnsanların ən yağı düşməni - onun qəzəb və şəhvətidir. Kim bu ikisinə üstün gəlsə, məqamı yüksələr və öz məqsədinə çatar”.

Bizim iki ciddi, amansız düşmənimiz var - nəzarətsiz qəzəb və idarə olunmayan şəhvət qüvvəsi. İnsanı bədbəxt edən bu iki amildir. Bunlardan biri insanı aqressiv hala gətirib çıxarır, digəri isə yumşaq halda da özündən çıxarır. Bunların hər ikisi həddini aşsa, həmin insanda insanlıqdan əsər-əlamət qalmaz.

Mübarək Ramazan ayı bizlər üçün böyük fürsətdir ki, iki böyük düşmənimizlə mübarizə aparaq, onlara qalib gələk və onları öz ixtiyarımızda saxlayaq. O yerdə ki, onlar lazımdır, həmin yerdə onlardan istifadə edək. Mübarək Ramazan ayı - qəlblərimizin hikmətini bərpa etmək ayıdır. Bu ay fitri ruhumuzun qayıdışı, əqlin önə çıxması üçün imkan yaradar. İmam Sadiq (ə) qəzəbimizin nəzarətdən çıxması təqdirində bizi gözləyən aqibət barədə xəbərdar edir. İmam (ə) buyurur: "Qəzəb, hikmət sahibinin qəlbini korlar. Öz qəzəbinə nəzarət edə bilməyən şəxs öz ağlına da nəzarət edə bilməz”.

O yerə qədər ki, insan qəzəbinə nəzarət edir - ağlı yerindədir. Qəzəbinə nəzarət edə bilməyən insanın ağlı da aradan getmiş olur. Qəzəb vaxtı işləməyən ağlın nə faydası?! İmam Sadiq (ə) digər bir incə buyuruşu ilə də bizi xəbərdar edir: "Qəzəb - pisliklərin açarıdır. Nə pisliklər var - hamısı qəzəbdəndir”. Mübarək Ramazan ayı bizlərə ağlımıza sahib çıxmaq üçün imkan verir.

Bu ayda həm enmə, həm də qalxma baş verir

Mübarək Ramazan ayında ikiistiqamətli bir proses baş verir. Mübarək Ramazan ayında biz bir tərəfdən enmənin baş verdiyini görürük. İlahi mətnlər bu ayda bir enmənin baş verməsindən xəbər verir. Bir tərəfdən də biz mübarək Ramazan ayında qalxmanın baş tutmasını müşahidə edirilk. Yəni sadələşdirilmiş formada ifadə etsək, mübarək Ramazan ayı - müqəddəs Qurani-Kərimin nazil olma, enmə ayıdır. Yaradan tərəfindən yaradılmışa doğru, Rəbb tərəfindən bəndəyə doğru, Xaliq tərəfindən məxluqa doğru İlahi kitabın enməsi bu ayda baş verib. Digər tərəfdən yaranmışın, yəni bizlərin heyvani müstəvidən insaniliyə və daha da aliliyə doğru qalxması bu ayda mümkündür.

Bu iki çalar Ramazan ayının çox önəmli nöqtələridir. Qurani-Kərimin nazil olması bu anlamadır ki, Allah Təala Öz bəndəsi ilə danışır. Quran - bir Allah kəlamıdır ki, Rəbbimiz öz bəndəsi ilə danışır. Ramazan ayının İlahi mətnlərdə, hədislərdə, dualarda gələn məqamlarını təhlil etsək, görərik ki, ən çox xatırlanan - bu ayın Quran nazil olan gecəsidir. Allah Təala Qurani-Kərimin özündə buyurur: "Ramazan ayı bir aydır ki, Quran onda nazil olub”. Bu ay Allah bizə müraciət edib və bizimlə danışıb. Rəbbimiz eyni zamanda bu ayda bütün fürsətləri yaradıb ki, Allah tərəfindən enmiş kəlamı, çatdırışı eşidək.

Məsələnin ikinci tərəfi bundan ibarətdir ki, biz həmin kəlamı eşidib cavablandıracağıqmı? İlahi kəlamlarda bizlərə müraciət olunur. Rəbbimiz Öz müraciətlərində hər birimizin qapısını döyür, hər birimizə ünvanlayır, hər birimizin qəlbində olan imkanlara yönəlik çatdırışlar edir. Bu çatdırışları qəbul etsək, müraciətlərə müsbət cavab versək - bu ay həm də yüksəliş ayımız olacaq. Bizim bu ayda bütün fürsətlərimiz var ki, vərdişlərimizi təftiş edək.

Allahım, bizləri həqiqi oruc tutanlardan qərar ver! Amin!

 

Hacı İlqar İBRAHİMOĞLU
(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300