Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi (V YAZI)

Cümhuriyyətimizin 100 illiyinə

 

Tanınmış mühacir Azərbaycan Türk aydınlarımızdan Mirzə Bala Məmmədzadə (1898-1959) 1924-cü ildə Şimali Azərbaycanı tərk edərək öncə Qacarlar dövlətinə pənah aparmış, bir neçə il burada yaşadıqdan sonra 1927-ci ildən Türkiyədə məskunlaşmışdır. Türkiyədə məskunlaşdıqdan sonra M.Ə.Rəsulzadə ilə birlikdə çiyin-çiyinə mücadilə verən M.B.Məmmədzadənin ictimai-siyasi və fəlsəfi irsinin əsasında Azərbaycanın milli istiqlal davası və bu yolda gördüyü milli əməllər, yəni Azərbaycan türk tarixi, Azərbaycan türk ədəbiyyatı, Azərbaycan türk mədəniyyəti və digər sahələrə həsr etdiyi əsərləri dayanır. M.B.Məmmədzadənin mühacirət dövründə nəşr olunmuş başlıca əsərləri isə «Azərbaycan misaqi millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili» (1927, İstanbul), «Ermənilər və İran» (1927, İstanbul), «Milli Azərbaycan hərəkatı» (1938, Berlin), «Azərbaycan tarixində türk Albaniya» (1951, Ankara) və başqalarıdır.

Qeyd etdiyimiz kimi, yaradıcılığında Azərbaycan milli istiqlal davası xüsusi yer tutan M.B.Məmmədzadə 1927-ci ildə Türkiyədə nəşr olunan «Azərbaycan misaqi millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili» əsərində 28 May İstiqlal Bəyannaməsini geniş şəkildə təhlil etmişdir. M.B.Məmmədzadə öncə, İstiqlal Bəyananməsinin qəbul edilməsi şəraitini və bu Bəyannamədən sonra Azərbaycanda baş verən hadislərə nəzər yetirmişdir. Eyni zamanda müəllif Azərbaycan Misaki Millisini, yəni Milli Andını maddələrlə izah etməyə çalışmışdır. M.B.Məmmədzadə 1931-ci ildə «Odlu Yurd»da nəşr olunan «Azərbaycan dövləti» məqaləsində yazır: «Bir millət ya yetişmişdir, öz haqqına müdrikdir, müştərək milli bir şüura malikdir və yaxud əksinə olaraq ölgündür, ictimai bir üzviyyət halına gəlməmişdir».

Şübhəsiz, Azərbaycanın istiqlal davası və onun tarixi, Azərbaycan milli ideologiyasının yaranması və inkişafı, azərbaycançılıq ideologiyasının mahiyyətinin öyrənilməsi baxımdan M.B.Məmmədzadənin ən qiymətli əsəri, 1938-ci ildə Berlində nəşr olunan «Milli Azərbaycan hərəkatı»dır.

M.B.Məmmədzadə Azərbaycanda milli ideologiyanın ilk rüşeymlərinin XIX əsrdə yeni ziyalı zümrəsinin yaranması ilə meydana çıxdığını irəli sürür. Onun fikrincə, M.F.Axundzadə, H.Zərdabi və başqalarının öncüllüyü ilə bu zümrə millətin oyanması, birləşməsi və yüksəlməsi üçün savaşa başlamışdır. O yazır: «Yeni ziyalı zümrə millətin yüksəlməsinə və milli varlığını qorumasına yarayacaq yeni həyat və yeni ictimai münasibətlər tərzini qorumaq üçün əski ictimai münasibətləri yıxmaq istəyən millətçi idealist kadrlar idi. XIX əsrin ortalarından etibarən savaşa atılaraq qısa müddət sonra bizə müasirləşmiş bir ədəbiyyat, mətbuat, sənət, teatr, müasir məktəb və maarif verən mədəni-milətçi idealist kadrlar orta əsrlərin sxolastik, çürük və milli varlığı təhdid edən köhnə ictimai təsisatların cahil və mütəəssib nümayəndələrinin din pərdəsi altında kəskin müqavimətlərinə məruz qalmışdı. Bu cahil və mühafizəkar qeyri-milli zümrəni Rusiya bütün vasitə və imkanlarla himayə edir, qüvvətləndirirdi». O qeyd edir ki, yeni mədəni-millətçi idealistlər qara, mühafizəkar qüvvələrin birləşmiş müqavimətlərini qıraraq, yeni həyat tərzi yaradır, bu da ziyalı zümrənin taktikasının siyasiləşməsinə səbəb olurdu. M.B.Məmmədzadə yazır: «İdealistlər milli varlığı qoruyub yaşatmaq üçün müasir mədəniyyətə qovuşmağı, milli dil, ədəbiyyat, sənət, mətbuat və s. yüksəltəməyi irəli sürürdülər. Onlar gözəl bilirdilər ki, milli mədəniyyət və milli xüsusiyyətlərini qorumağa müvəffəq olmayan millət məhvə məhkumdur».

XX əsrin əvvəllərində isə mədəni millətçiliyin, mədəni türkçülüyün davamı siyasi-ideoloji şəkil almış (türkçülük) və müstəqil Azərbaycan ideyasını (azərbaycançılıq) hədəfləmişdir. M.B.Məmmədzadə də qeyd edir ki, mədəni millətçiliyin sonrakı forması Ə.Hüseynzadə tərəfindən «türkləşmək, islamlaşmaq və avropalaşmaq» kimi bir prinsip halına gətirilmiş, daha sonra «Müsavat»ın başlıca şüarı və milli Azərbaycan bayrağının əsasını təşkil etmişdir: «Beləliklə, türk milli hərəkatı gərək geniş mənası ilə, gərksə də Azərbaycan ölçüsündə XX əsrin əvvəllərinə doğru şəkillənməyə başlamışdır. XX əsrin əvvəlləri türklüyün milliyyət dövründən millət dövrünə kediyi bir dövrdür».

M.B.Məmmədzadə Azərbaycan türklərinin milliyyətdən millətə keçməsini isə cəmiyyətin ayrı-ayrı üzvləri arasında milli iradənin, milli düşüncənin, milli müqavimətin və s. yaranması ilə izah edir. Onun fikrincə, artıq XX əsrin əvvəllərində mütərəqqi Azərbaycan ziyalıları özlərini Xanlıqlar dövründə saraylara toplaşaraq xanların zövqünə uyğun olaraq özünü aparan şair və mütəfəkkirlər deyildir: «Bu kollektiv bir hərəkat idi. Bu kollektiv hərəkatdan həqiqətən kollektiv bir vicdan, kollektiv bir şüur və iradə doğacaqdı. Bu şüur və iradə büllurlaşdıqca mahiyyəti və hədəfi artıq büllurlaşmış olan milli hərəkat öz zahiri simasını ad taparaq islami etiketdən çıxır, milli türk simasını alırdı. Çünki kollektiv vicdan islami mahiyyətini çoxdan tərk etmiş, ictimai münasibətlərdə dinin bağlıyıcılıq yerini dil almış olurdu». Onun fikrincə, beləliklə bu şüurlu və kollektiv hərəkat türkçülük doğurdu və mədəni millətçiliyə yeni bir yön verdi.

XIX əsrin ortalarından etibarən yaranmağa başlayan mədəni millətçiliyin, mədəni türkçülüyün 20-ci əsrin əvvəllərində siyasi-ideoloji şəkil almasını çox doğru müəyyənləşdirən M.B.Məmmədzadə qeyd edir ki, bu dövr Azərbaycan-türk ziyalıları iki dilemma: 1) daxili mühafizəkarlarla; 2) çar Rusyası ilə mübarizə qarşısında qalmışdı. Məhz bu dilemma Azərbaycan idealist millətçilərini XX əsrin əvvəllərində iki qrupa ayırmışdı: «Nəticədə rus liberalları ilə həmfikir olan tərəqqipərvər zümrə və rus inqilabçıları ilə həmfikir olan inqilabi gənclik kimi iki ictimai hizb (qüvvə) meydana gəlmişdi. Xatırladılan hər iki hizb (qüvvə) XIX əsrin idealistləri tərəfindən elan edilmiş millətçilik prinsiplərinə sədaqətdə ortaq idi».

Deməli, XIX əsr Azərbaycan türk ziyalıları H.Zərdabi və başqaları mədəni millətçiyliyin, mədəni türkçülüyün əsasını qoymuş, onların davamçıları-siyasi türkçülər isə XX əsrin əvvəllərində bu ideyanı bir qədər də inkişaf etdirərək, eyni hədəfə istiqamətlənməsinə baxmayaraq, iki fərqli qüvvə 1) rus liberalları ilə həmfikir olan milli liberallar-«ittifaqçılar» (Ə.Topçubaşov, İ.Qaspıralı və b.), 2) rus inqilabçıları ilə həmfikir olan milli inqilabçılar (M.Ə.Rəsulzadə, A.Kazımzadə, İ.Aşurbəyov və b.) şəklində meydana çıxmışdır. Bu iki qüvvənin əsas rəqibləri isə çar Rusiyası və onun siyasətini Azərbaycanda dəstəkləyən yerli mürtəce mühafizəkarlar idi.

Rus liberalları ilə həmfkir olan «ittifaqçılar», yəni Ə.Topçubaşov, İ.Qaspıralı və başqaları Rusiyanın tərkibində qalmaq və «qanun dairəsi»ndən kənara çıxmamaqla, dini müəssisə – ruhani idarəsi bayrağı altında və millətçi proqramla Rusiya müsəlamanlarının birliyinə çalışırdı. M.B.Məmmədzadənin fikrincə, «ittifaqçılar»ın bu taktikasını qəbul etməyən bir inqilabçı gənclik doğmuşdu: «Qara və mürtəce qüvvələrə himəyadarlığı davam etdirən və onların əli ilə oyanış hərkatını dayandırmaq istəyən, eyni zamanda polis və fitnəkarlıq vasitələrinə əl atan çarizm durduqca milli inkişafa imkan olmayacağını irəli sürən bu gənclik milli inkişafa əlverişli bir zəmin hazırlamaq üçün çarizm rejimini devirmək lüzumuna inanırdı. Bu yeni cərəyan rus inqilabçıları ilə əməkdaşlıq taktikasına üstünlük verir və rus kadetləri ilə həfikir olan ittifaqçıları, xüsusilə bu təşəkkülün lideri və ideoloqu İsmayıl bəyi tənqid edirdi». Milli inqilabçılar (M.Ə.Rəsulzadə və b.) hesab edirdilər ki, çarizmə qarşı mübarizədə hələlik, rus inqilabçıları ən sadiq olmasa da, ən münasib müttəfiqdirlər.

Çar Rusiyasına qarşı mübarizədə milli inqilabçıların doğru yol tutduğuna inanan M.B.Məmmədzadə qeyd edir ki, hadisələrin sonrakı gedişi də milli liberalların-«ittifaqçılar»ın deyil, milli inqilabçıların doğru yol tutduğunu ortaya qoydu: ««İttiifaqçılar»ın liberal millətçilik taktikası məğlubiyyət uğramışdı. Hadisələr inqilabçı millətçilərə haqq verirdi. Türklər milli haqlarını, milli varlıqlarını savaşda qazana biləcəklərdi. İnqilabi taktikanı seçən millətçilər ideoloji baxımdan ittifaqçıların milli məsələdəki ideologiyasından fərqli bir ideologiya izləmirdilər. Onlar inanırdılar ki, çarizm yıxılmadıqca, türklər digər əsir millətlərlə birlikdə siyasi haqq və hürriyyətə malik olmadıqca bu proqramın tətbiqi qeyri-mümkündür».

Azərbaycan türk ziyalısı yazır ki, hadisələr inkişaf etdikcə və bir sıra amillərin təsiri altında milli liberallar və milli inqilabçılar birləşərək eyni taktika yürütməyə başladılar. Ancaq bu qüvvələrin siyasi-ideoloji baxışlarında, ilk dövrlərdə «islam millətçiliyi», «müsəlmanların birliyi», «müsəlmanlıq» və «ümmətçilik» mühüm yer tutur. M.B.Məmmədzadəyə görə, həmin dövrdə «islam millətçiliyi»nin ideoloqu, «Difai»nin qurucusu Ə.Ağaoğlu yazılarında üstünlüyü «ümmətçiliyə», yəni «müsəlman qayğısı»na və «müsəlman qövmlərini tənəzzüldən qurtarmağa» verir. O qeyd edir ki, dövrünün hakim zehniyyəti altında «Müsavat»da yaranışının ilk illərində məhz belə bir xətt, yəni «islam millətçiliyi»ni seçmiş, ancaq «bu doktrinə qapanıb qalmamış, Azərbaycan cəmiyyəti ilə birgə dinamik təkamül yolu keçmiş və Azərbaycan cəmiyyətinin milli şüurunu tənzim və idarə etməklə onu özü ilə birlikdə millətçiliyə, türk milətçiliyinə və Azərbaycan istiqlalçılığına qovuşdurmuşdur».

M.B.Məmmədzadə yazır ki, Azərbaycanda «ümmətçilik»dən «millətçiliy»ə keçən, milli ideologiyanın təməl prinsiplərini işləyib hazırlayan ilk ziyalı M.Ə.Rəsulzadə olmuşdur. Belə ki, tanınmış Azərbaycan türkü, mütəfəkkir-filosofu Ş.C.Əfqanin yolunu davam etdirən M.Ə.Rəsulzadə «islam millətçiliyi»nin yerinə «türk millətçiliyi»ni irəli sürmüşdür. M.B.Məmmədzadə yazır: «Şeyx Cəmaləddin Əfqani kimi Məhəmməd Əmin bəy də islamiyyətin və müsəlmsanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qurmuşdur». Onun fikrincə, 1915-ci ildən işıq üzü görən «Açıq söz» qəzetində ilk dəfə olaraq «müsəlman», «tatar» əvəzinə «türk» sözünü işlədən, «Biz türkük!» deyən M.Ə.Rəsulzadə bu surətlə «ümmət» və «ümmətçilik» dövrünü rəsmən qapamış, «millət», «türk millətçiliyi» dövrünün başlandığını elan etmişdir.

M.B.Məmmədzadəyə görə milliyyəti, istiqlalı, demokratiyanı, cümhuriyyəti rədd edən və islam birliyini əsas götürən «İttihad», eləcə də sol cəbhədə dayanan marksistlər «Müsavat»a qarşı bir cəbhədə birləşmişdilər. O yazır: «Onlar üçün «Müsavat»ın müdafiə etdiyi milliyyət, türklük, demokratiya və cümhuriyyət prinsipləri yabançı, hətta zərərli şeylər idi. Ta ilk gündən etibarən «Müsavat»ın dilə gətirdiyi prinsiplərə müxalif olan bu firqələrin Azərbaycan bayrağına sədaqətləri müvəqqəti və keçici bir zaman üçün idi. İslami byenləmiləl şüarlarla proletar-marksist doktrinlərin azərbaycançılıq, milliyyətçilik və cümhuriyyətçilik prinsipləri ilə uzlaşmayacağı göz qabağındadır».

Mühacirət dövründə də yalnız «Müsavat»ın azərbaycançılıq, istiqlalçılıq, türkçülük və cümhuriyyətçilik prinsiplərinə sadiq qaldığını qeyd edən Mirzə Bala yazır ki, M.Ə.Rəsulzadə İstanbula gələnə qədər Azərbaycan istiqlal dövrünün keçici və təsadüfi bir hadisə olduğu qənaətinə hər yerdə təsadüf olunurdu. M.Ə.Rəsulzadənin açdığı milli dava, xüsusilə onun bu yöndə yazdığı «Azərbaycan Cümhuriyyəti» əsəri yenidən bütün dünyanı Azərbaycandan bəhs etməyə məcbur etmişdi. Onun fikrincə, bu milli davada azərbaycançılıq xüsusi bir yer tutur. Çünki azərbaycançılığın tarixi bir missiyası vardır: «Azərbaycan qədim zamanlardan bəri tarixin müxtəlif dövrlərində özünəməxsus siyasi varlıq göstərərəkmüstəqil dövlət halında yaşamışdır. Azərbaycan xalqı isə müasir millət olmaq üzrə zəngin bir kültür həyatına malik bulunmuş və bunun məntiqi nəticəsi olaraq siyasi bir ideal daşımışdır. Bu ideala tərcüman olan milli Azərbaycan «Müsavat» xalq firqəsi1918-ci ildə milli Azərbaycan Cümhuriyyəti istiqlalının elanındakı təşəbbüsü, bu təşəbbüsün fikirdən işə keçirilməsi yolundakı fəaliyyəti və nəhayət qızıl rus istilasına qarşı milli mücadilə işində göstərdiyi yolgöstərənliyi ilə bütün azərbaycanlıların biricik siyasi təşəkkülüdür».

 

Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300